Nigar Rəfibəyli
(1913-1981)
Xalq şairi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi. “Zəfər nəğməsi”, “Anaların səsi”, “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma” kitablarının müəllifidir. Evripidin “İfigeniya”, Şillerin “Məkr və məhəbbət”, A.P.Çexovun “Vanya dayı” və “Albalı bağı” pyeslərini, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, A.S.Puşkin, M.Y.Lermontov, Ş.Petefi, A.Mitskeviç, A.Sereteli və digər şairlərin əsərlərini dilimizə çevirib.
Neyləyim
Ala gözlüm, səndən ayn gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?
Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə, tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Ayrılıq
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə,
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
Dənizin səsi gəlir
Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir...
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kimi keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir...
Durna
Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.
Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad çalırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.
Sənsiz
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda –
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı,
bəlkə, əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şeirim olmasın sənsiz.