Zeynal Xəlil
(1914-1973)
Şair, dramaturq. Əməkdar incəsənət xadimi. “'Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və digər şeir kitablarının, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar”, “Ata yolu” pyeslərinin müəllifidir. P.Antokolski, R.Həmzətov, D.Quramişvili, Ş.Petefi və digər şair və yazıçıların əsərlərindən nümunələri dilimizə çevirib.
Bu gecə
Fikrimdə aylı, ulduzlu,
Asiman var, bu gecə!
Könlümdə körpə quzutək
Bir ümman var, bu gecə!
Həmdəmim - sıldırım dağlar,
Buludlardır, bu gecə!
Qonağım qırmızı güllər,
Göy otlardır bu gecə!
Şimşəyə çaxma desəm mən,
İnan çaxmaz, bu gecə!
Araza axma desəm mən,
Bil ki, axmaz, bu gecə!
Bircə sən yoxsan, əzizim,
Bilir aləm, bu gecə!
De, neçin olmadın, ey yar,
Mənə həmdəm, bu gecə!
Kimlər gəldi, kimlər getdi
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan.
Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar,
Hünər göstər, bir şey apar
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün köçər öz karvanı
Bu dünyadan, bu dünyadan...
Ay işığında
Mən səni gördüm
ay işığında,
Könlümü verdim
ay işığında.
Tez gəldi hicran,
Ayrıldıq haman
ay işığında.
Qov bu möhnəti,
Dağıt zülməti
ay işığında.
Yenə gəl bizə,
Duraq üz-üzə,
ay işığında.
Şair olmaq istədim mən...
Şair olmaq istədim mən...
Əynimdə boz, köhnə şinel.
Dörd yanımda ölüm və qan,
Məni əsgər etdi zaman!..
Şair deyil, əsgər oldum...
Tarixlərə əsgər kimi
Yazılacaq mənim adım,
Mən bu adı daşımaqdan
Yorulmadım, usanmadım.
Bu ad mənim şöhrətimdir!
Bu ad mənim qüdrətimdir!.
Şair deyil, əsgər oldum...
Ömrüm boyu səngərlərdə
Keçə-keçə od içindən:
Bu yaxşıdır! Dedim bəzən.
Əsgər oldum bu susmayan,
Qasırğalı və tufanlı,
Daim belə dəliqanlı
20-ci əsrimə mən!
Süngü - mənim qələmimdir!
Cəbhələrdə yağıların
Ordusunu poza-poza,
Öz şeirimi mən onların
Sinəsinə yaza-yaza
Yollar açdım səadətə,
Yollar açdım ilk bahara,
Əsarəti, fəlakəti
Boğazından çəkib dara!
Qulluq etdim mən əsrimə
Hər gün mahnı deyə-deyə;
Bəzən onun kürəyinə
Zopa ilə döyə-döyə!..
Şair deyil, əsgər oldum...
Əsgər oldum Vətənimə,
Əsgər oldum partiyama,
Əsgər oldum yaraşıqlı
Və möhtəşəm bu dünyama!
Qılınc vurub qorudum mən
Azadlığı, səadəti,
Ulduzdakı gözəlliyi,
İnsandakı məhəbbəti.
Mən qorudum səhərlərin
Döşündəki bu gümüşü,
Mən qorudum körpələrin
Üzündəki bu gülüşü;
Mən qorudum qardaşlığı,
Ülviyyəti qorudum mən;
Zamandakı bu sürəti,
Kamaldakı bu mənanı,
Bu vüsəti qorudum mən!..
Bu iş uzun çəkəcəkdir!..
Səngərdə də məzuniyyət,
İstirahət yoxdur mənə!..
Əgər ölsəm...
Dostlar, nə qəm,
Sabah qalxıb, bu dünyaya
Yenə əsgər gələcəyəm!..
Şair olmaq istədim mən...
Əynimdə boz, köhnə şinel,
Dörd yanımda ölüm və qan,
Məni əsgər etdi zaman!..