Vaqif Aslan
(1950)
Şair, publisist, tərcüməçi. “Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül” və digər şeir kitablarının müəllifidir. 2009-cu ildə dördcildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Pol Verlenin “Gözəl nəğmələr” silsiləsini, Öjen Dabinin “Tətil”, Erve Bazenin “Rədd olsun şapkalar” əsərlərini fransız dilindən, Mustay Kərimin “Ay tutulan gecə”, Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyeslərini rus dilindən tərcümə edib.
Uzaqlara baxan insan
Uzaqlara baxan insan!
Uzaqlar yaxınmı sənə?
Şirin-acı xatirələr
Eyləyib axınmı sənə?
Uzaqlara baxan insan!
Baxışında gül açılıb.
Elə bil ki, gül üzündən
Elə bu gün tül açılıb.
Uzaqlara baxan insan!
Yadına nəsə düşdümü?
Püşk atmışdın bir zamanlar...
Dediyin kəsə düşdümü?
Uzaqlara baxan insan!
Baxışından qayıdarsan.
Uzaqlarda gördüyünü
Yəqin, bizə ayıdarsan.
Uzaqlara baxan insan!
Uzaqlara apar məni.
Bəlkə, elə o yerlərdə
İtirənlər tapar məni.
Uzaqlara baxan insan!
Uzaqlar yaxınmı sənə?
Mən də gedim uzaqlara,
Uzaqdan baxımmı sənə?
Gözlərinin işığında
Əriyim, axımmı sənə?
Ağla
Yaxının , uzağın gözündən qaçıb,
“Niyə ağlayırsan” sözündən qaçıb,
Xəlvətə çəkilib ağlayan gözəl!
Demirəm: – Ağlama! Demirəm: – Bəsdir!
Yeraltı çaylartək çağlayan gözəl!
Axı bu nə istək, bu nə həvəsdir?
Qəlbinmi başını ağrıdır belə?..
Başınmı qəlbini göynədir sənin?
Arada təklənən özünsən elə
Qalıb arasında iki düşmənin.
Qovrulan ürəyin, yanan canındır!
Qovrul, yan, oduna, közünə sağlıq!
Elə məqamındır, elə anındır...
Ağla, ağladıqca gözünə sağlıq!
Qəlbini, beynini yu incə-incə,
Asan olmasa da bu, qadan alım!
Başın da, qəlbin də yola gəlincə
Axsın gözlərindən su, qadan alım!
Məqam
Məqamdır... öz-özümdən
durum intiqam alım.
Əvvəlcə ürəyimi
ayağım alta salım.
Deyim: – Di öl, taptalan.
Səni yola gətirmək
ağ yalandır, ağ yalan!
Sonra da ikiəlli
qapaz salım başıma.
Qaldırım, çırpım onu
yolun-izin daşına.
Deyim: – Paralan, dağıl!
Məni nə günə qoydu
səndə olan bu ağıl!
Yuxarı
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Cumub tamahın dibinə,
Qalıb ivinə-ivinə.
Əlləri çatmır cibinə
Qarnı başından yuxarı.
Qarışıqdır ayı, ili,
Alaçiydir hələ gili.
Ağzına sığmayır dili,
Gözü qaşından yuxarı.
Quru bilmir, yaş tanımır,
Ayaq qanmır, baş tanımır.
Öldürsən də aş tanımır
Ehsan aşından yuxarı.
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Görüşəcəyik
Sən Günəş kimisən, mən Ay kimiyəm...
Açılan səhərlər səhərin olsun.
Mən sənə çatmayan haray kimiyəm...
Sadəcə olaraq, xəbərin olsun.
Gecəmiz gündüzə dönür beləcə...
Yerimiz fırlanır göyün içində.
And olsun, haçansa görüşəcəyik
Biz bu dünya boyda öyün içində.