Elektron ədəbiyyat və sənət portalı

Təbrik teleqramı

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 09.07.2019

 

Hüseyn Abbaszadə
(1922-2007)

 

Xalq yazıçısı. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı. “Qızıl Ulduz”, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri ilə təltif edilib.

M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitu-tunu bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1966-1971), Azərbaycan Yazıçılar İttifa-qının katibi (1975-1991) vəzifələrində çalışıb. “Ləpədöyəndə”, “Qapı döyülür”, “Onu tanımadılar”, “Çəmbərəkənd balladası”, “Dünyadan gör necə insanlar gedib”, “Qayıdanlardan biri”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür” kimi nəsr kitablarının, “Burulğanlar”, “Tələ”, “General” romanlarının müəllifidir. Ssenariləri əsasında “Dənizə çıxmaq qorxuludur”, “Dörd bazar günü” filmləri çəkilib.

N.A.Nekrasovun “Mazay baba və dovşanlar”əsərini dilimizə çevirib.

 

Təbrik teleqramı

Cəbi çoxdan yatağa girsə də yuxulamamışdı. Sayını itirmişdi, axşamdan bəri neçənci dəfə idi ki, vurduğu teleqramın əzbərdən bildiyi sözlərini dönə-dönə ürəyində təkrar eləyirdi və özündən çox razı idi ki, bu bəlağətli sözləri seçib mirvari dənələri kimi yazmışdı təbrik teleqramına.

“Səhər-səhər Xəlfə Hatəmzadə evdən çıxmamış poçtalyon Nəcəf kişi teleqramı aparıb verəcək ona, oxuyub feyzyab olacaq... Bu onun aldığı ilk təbrik teleqramı olacaq, birinci teleqram yaddan çıxmır. Nə ağıllı iş görüb teleqramı raykoma yox, Xəlfə Hatəmzadənin evinə göndərmişəm. Raykomda məni istəməyən bir xəbisin əlinə düşərdi. Mənimkini basardı o biri teleqramların altına, elə təsiri olmazdı”.

Cəbi srağagün yoldaşlarından eşidəndə ki, birinci katib Xəlfə Hatəmzadə plenumqabağı Bakıda yerini bərkidib qayıdıb rayona, bu seçkidə də ona zaval yoxdu, ümidləri alt-üst oldu. Cəbi belə yəqin eləmişdi ki, Xəlfə Hatəmzadə rayonlarında çoxdan işləyir, bu dəfə onu başqa rayona apararlar, yerinə ayrısı gələr, təzə adamla dil tapıb işini düzəldər, təsəlli tapmışdı.

Ötən gün Xəlfə Hatəmzadə yerində qalacağını eşidən Cəbi məyus olub o gecəni də beləcə obaşdanacan oyaq qalmışdı. Fikir götürmüşdü onu, demək indən belə bir il də məngənədə sıxılacaqdı və yenə də qalacaqdı rayon mərkəzi ilə Buludlu kəndi arasında. Hər gün o baş, bu başlı otuz üç kilometrlik yolu gedib geri qayıtmaq onu təngə gətirmişdi.

Yaxında bişirilən kabab iyinə tamsınan ac adam kimi Cəbi ötən firavan günlərinin həsrətilə köks ötürdü. Bir vaxt vardı ki, rayonda sayılan, böyük yığıncaqlarda rəyasət heyətində Xəlfə Hatəmzadənin sağında, solunda əyləşən on-on beş kişidən biriydi. Rayonda maarifə başçılıq edirdi.

Ötən payız bir axşam cavan bir müəllimin toy məclisində keflənib artıq-əskik nəsə demişdi. Məclisdəkilərdən kimsə onun sözlərinin üstünə beş-altısını da qoyub səhər aparıb yazmışdı birinci katibin ovcuna. Xəlfə Hatəmzadə bərk qəzəblənib demişdi ki, Cəbi Dərvişov yaman harınlayıb, bəsdi, ona yerini “göstərmək məqamı yetişib”. Birinci katibin bu sözündən sonra Cəbini şöbə müdirliyindən çıxarıb, rayonun ucqar kəndlərindən birinə adi ədəbiyyat müəllimi göndərmişdilər. Özü də yarımştat maaşla. O vaxtdan Cəbi boynubükülü qapı dalında qalmışdı.

Rayonlarına gələn neçə birinci katibin dövründə həmişə göz qabağında olmağa alışan Cəbi indi kənara atılmasını özünə ağır dərd eləmişdi. Daha dözə bilmirdi, hiss eləyirdi ki, bu fikir, bu xiffət tez-gec axırına çıxacaq, nəsə eləməlidir. Fikrinə gəldi ki, əla fürsətdir, yenidən katib seçilən Xəlfə Hatəmzadəyə tutarlı bir teleqram vurub təbrik eləmək yerinə düşər. Belə keyfi kök vaxtında Hatəmzadə teleqramını alsa, ona olan qəzəbi bir az soyuyar. Üç-dörd gün keçəndən sonra da qəbuluna gedib vəziyyətini danışar və ondan babat bir iş xahiş eləyər. Bu fikri arvadına da danışdı. O da bəyəndi və həvəslənib təsirli sözlər seçə-seçə teleqramı yazmağa başladı.

İş gününün axırı idi. Raykomun binasında şirin plenum gedirdi. Cəbi qabaqcadan yazdığı teleqramın hazır mətni ilə poçta gəldi. Yaxşı ki, poçt rəisi yerində yox idi. O, ağzıcırıq adamdı. Cəbi istəmirdi ki, Xəlfə Hatəmzadə göndərdiyi teleqram barədə kənar adamlar da bilsinlər. Poçtda işləyən tanış qıza artıq pul verib xahiş etdi ki, bunu heç kimə deməsin və teleqram sahibinə sabah səhər çatdırılsın. Poçtalyon kasıb Nəcəf kişini də könlünü aldı. Tapşırdı ki, teleqramını özü ilə evlərinə aparsın və səhər tezdən Xəlfə Hatəmzadəyə versin.

Cəbi keyfi saz, özündən razı halda evlərinə qayıtdı.

Ovuclarını başının altına qoyub arxası üstə çarpayıda uzanan Cəbi fikirləşdi: “Plenum çoxdan qurtarıb, Xəlfə Hatəmzadə evində rahat, asudə yatır özüyçün, niyə də yatmasın. Mən də onun yerinə olsaydım indi şirin yuxudaydım. Xoşbəxt adamdı, hələ bir il də rayonun cilovunu saxlayacaq əlində. Keyfi nə istəsə, eləyəcək, ona gözün üstündə qaşın var deyən olmayacaq. Vay mənim kimi qəzəbə gələnlərin halına... Görək də... Ümidim teleqramadı. Allahın köməkliyi ilə o mənim dadıma çatmalıdı”.

Bu ümidlə Cəbi təskinlik tapıb səhərə yaxın yuxuya getdi, bir də arvadı onu silkələyib səsləyəndə gözlərini açdı:

- Nolub?

Arvadı xoş əhvalla dedi:

- Tez dur ayağa, yoldaş Xəlfə Hatəmzadə zəng vurub səni telefonda gözləyir.

Cəbi yerindən dik qalxdı. Heç şalvarını geyməmiş cumub dəstəyi qamarladı və Hatəmzadə onu kabinetinə çığırıbmış kimi itaətlə dedi:

- Sabahınız xeyir, yoldaş Hatəmzadə, mənəm, buyurun!

- Sluşay, dərviş törəməsi... nanəcib...

Təbrik teleqramına görə Hatəmzadənin dilindən xoş sözlər eşidəcəyinə əmin olan Cəbi birinci katibin qəzəbli səsindən özünü elə itirdi ki, sanki ağır əllə qulaqlarına möhkəm yumruq vurdular, bundan sonra dəstəkdən hökmlü səs eşitsə də, deyiləndən heç nə anlamadı, şaxta vurmuş kimi donub-qaldı.

Böyürdə dayanaraq dinməz Cəbiyə baxa-baxa maraqlanıb danışığa qulaq asan arvadı ərinin neyçünsə birdən süs-məst olmasına və Hatəmzadənin dediklərinə heç olmasa nəzakət naminə arabir “bəli” deyə hay verməməsinə təəccübləndi.

Qulaqlıqdan aramsız eşidilən “du... du... du...” səsindən, nəhayət, özünə gələn Cəbi bildi ki, Hətəmzadə dəstəyi asıb. O da dəstəyi asdı və arvadına bir söz demədən gedib təzədən yerində uzandı. Nigaran qalan arvadı gəlib çarpayının qırağında əyləşdi.

- Hatəmzadə sənə nə dedi ki, belə oldun?

Cəbi hirsli-hirsli dedi:

- Zəhər tuluğundan yaxşı nə gözləmək olar?

- Nə dedi axı?

- Yenə seçilib. Quyruğu qapı arasından çıxıb. Gözü ayağının altını görmür. Onu təbrik eləmişəm, ayrısı olsaydı buna görə mənə “sağ ol” deyərdi. Hatəmzadə mənimlə elə tonda danışır ki, elə bil hansısa bir cinayət eləmişəm. Bu da mənim yaxşılığımın əvəzi... Balam, bu Hatəmzadə çox mürəkkəb adamdı. Onu da başa düşmək olmur.

Cəbinin əli hər yerdən üzülmüşdü. Fikirləşirdi ki, təbrik teleqramı Hatəmzadəni bir az yumşaldar. Onun telefonda “dərviş törəməsi, nanəcib!” deyib təhqir eləməsi Cəbini cin atına mindirmişdi.

Ac olsa da, Cəbinin boğazından tikə keçmədi. Əsəbilikdən dili-dodağı qurumuşdu, bir stəkan çay içib şəhərə çıxdı, görsün ki, nə var, nə yox? Camaat plenumdan nə danışır. Yanından neçəsi gəlib-keçsə də onlarla salamlaşıb sovuşdu. Bu tanışlardan birini saxlayıb plenumun necə keçməsini soruşmaq istəsə də, çəkindi, düşündü ki, qoy elə bilsinlər ki, Cəbidən ötrü kimin birinci katib olmasının elə bir əhəmiyyəti yoxdur. Yolda orda-burda üç-dörd nəfər yığışıb nə barədəsə danışırdı, baş qoşmadı. Qəzet köşkündən təzə qəzet almaq üçün şəhər bağının qabağından keçəndə onun Xəlfə Hatəmzadə ilə münasibətini bilən müəllim yoldaşı qabağına çıxdı. O, hərarətlə Cəbinin əlini sıxıb dedi:

- Gözün aydın, Hatəmzadənin dalından dəydilər.

Cəbi eşitdiyinə inanmadı.

- Zarafata salma, Alı. Eşidib eləyən olar, xataya düşərik.

- Ə... nə zarafat, doğru sözümdü... qoy eşitsinlər, day nədən qorxursan, Hatəmzadənin şələ-şüləsini dalına yükləyib saldılar yola.

Cəbiyə indi aydın oldu ki, Xəlfə Hatəmzadə nə üçün teleqramını alan kimi elə qəzəblənib. Birinci dəfə idi ki, Cəbi səhv eləməsinə belə ürəkdən sevinirdi: “Nə yerinə düşüb... qoy zalım törəməsi elə bilsin ki, mən qəsdən, lağla ona belə bir teleqram göndərmişəm, yanıb tökülsün...”

Sevincdən südü daşan Cəbi Alını qucaqlayıb marça-marçla öpdü.

- Şad xəbər olasan, qardaş. Bəs Hatəmzadənin yerinə kimi qoydular, gəlmədi, ya özümüzünkü?

Bakıdan gəlsə də, özümüzünküdü, buralıdı, qabaq müəllim olub.

- Müəllim? Nə yaxşı!

- Hə, sən onu tanımamış olmazsan, tarix müəllimiydi. Mehman Vəlişov.

- Mehman Vəlişov?!

Cəbi duruxdu.

Mehman Vəlişov neçə il öncə universitetin tarix fakültəsini bitirib rayonlarına təyinat almışdı. Şəhər məktəbində yuxarı sinif şagirdlərinə dərs deyirdi. Dikbaşlığına görə Cəbi onu işdən qovmuşdu. Mehman rayondan o gedən idi.