Adil Babayev
(1925-1977)
Şair, dramaturq, tərcüməçi. “Ürək nəğməsi”, “İlk addımlar”, “Xəzər sahillərində”, “Gənclik illəri”, “Döyüşyollarında”, “Ana ürəyi”, “Unudulmuş yasəmən”, “Anamın üzüyü”, “Gecikmiş bahar”, “Qılınclar arasında”, “Şəhidlərin üsyanı” və bu kimi, onlarla şeir kitabının müəllifi. “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri səhnələşdirilib. Şekspirin sonetlərini, Vişnevskinin, Dumbadzenin əsərlərini dilimizə çevirib.
Sözlərin kökü
Bəzən iş otağıma çəkilib bütün günü,
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Öyrənmək istəyirəm diqqət ilə, səy ilə,
Sözlər necə yaranıb, hardan gəlibdir dilə.
Lüğətlər kömək etmir, qamuslar gəlmir kara,
Deyirəm öz-özümə: ürəkləri sən ara.
Talelər kitabında mənası var hər sözün,
Hər həsrətin, vüsalın, hər gecənin-gündüzün.
Düşünürəm: zindanda azadlıq boğulanda,
Körpələrlə gözəllik bir yerdə doğulanda,
Azadlıq həsrətiylə yanan zaman Vətənim,
Yəqin, “azadlıq” sözü dilimə gəlmiş mənim.
İnsanlar sürüləndə yurdundan diyar-diyar,
Yəqin, “Vətən” sözünü qürbətdə yaratdılar.
Vətən oldu onların arzusu, düşüncəsi,
Meyvələrin nübarı, çiçəklərin qönçəsi.
Ocaqların tüstüsü,
Təndirlərin istisi,
Çinarların vüqarı xəyala gələn zaman
Yarandı “Vətən” sözü qəriblərin ahından.
Bilirəm torpağımın sevinci var, yası var,
Onun gözünün dağı hicranlı Arazı var.
“Həsrət” sözü Arazın yaranıb sularından,
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz əvvəl çay idi
İndi həsrət olubdur, qəlbləri odlayıbdır.
Nə qədər yol getmişik Günəşin sorağında?
Bir vaxt oda sığınan yurdumun torpağında
İşığa həsrət qalıb illər boyu nəsillər,
Səmum nəfəsli aylar, ölüm nəfəsli illər.
Söndürüb evlərdəki neçə odu, ocağı,
İnsan olub cansıxan qaranlığın dustağı.
Kim bilir, bəlkə, onda
Ürəklər bir çırağın həsrətiylə yananda
“İşıq” sözünü ilkin dilə gətirmişik biz,
Arzunun işığıyla “işıq” gəzib nəslimiz?
Bəlkə, “ümid” sözü də uzaq bir çıraq kimi,
Elə o vaxtlar yanıb,
Ya zülmətdə doğulub, ya zindanda yaranıb?
Ayaqlar buxovlanıb, əllər zəncirlənəndə,
Fəlakət üstümüzdə bayquştək hərlənəndə,
Ölüm dayanan zaman qaşla-göz arasında,
Bəlkə, bir cəngavərin ümidsiz yarasında,
Bəlkə, ölüm anında ümid gözləyən gözdə
Ümid də yaranıbdır “ümid” ünvanlı sözdə?
Bəzən iş otağıma çəkilib bütün günü
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Məncə, hər söz yaranıb bir arzudan, diləkdən,
Sözlər də məcrasını alır yanan ürəkdən!
***
Açıb ürəyini demirsən mənə:
Gəncliyin boş keçir, eyib deyilmi?
Çoxları məhəbbət bəsləyir sənə...
Aydındır, sevmirsən, demək, heç kimi.
Düşməntək məhv edib hər ötən anı,
Nə üçün özünə ziyan edirsən?
Sənə miras qalmış gözəl binanı
Uçurub, dağıdıb, viran edirsən.
Sən hökmünü dəyiş, mən də rəyimi,
Silinsin könlündən nifrət, ədavət.
Qəlbin gözəl olsun zahirin kimi,
Əzizim, özünə eylə mərhəmət.
Yarat surətini, qalsın hər vədə,
Gülsün gözəlliyin gələcəkdə də.
***
Bizi ölüm ilə qorxudur zaman,
Şeirim tab edərmi bu ağır dərdə?
Nə üçün ömrünü qorumayırsan,
Daha etibarlı, möhkəm bir yerdə?
Görürsən, nə qədər bakirə gül var,
Gəncliyin bahardır, qoru ruhunu.
Qəlbini, hüsnünü sevgi yaşadar,
Nə fırça, nə qələm bacarmaz bunu.
Hər şeyi yenidən yaradır həyat,
Gəl öz gəncliyini ver məhəbbətə.
Sevgiylə, sevdayla aç ki qol-qanad,
Səni qovuşdursun əbədiyyətə.
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür sürərsən.
***
Gül kimi solsan da, öz övladının
Üzündə gül kimi açılacaqsan.
İtməz bir zərrəsi gənclik odunun,
Gözlərdə nur olub saçılacaqsan.
Budur gözəlliyin, əqlin qanunu,
Bunsuz hökm edərdi süstlük, qocalıq.
Bəşər həyatının çatardı sonu,
Dünya altmış ildən çəkməzdi artıq.
Təbiət kimə ki verməyib nemət,
Səhradır, qurusun dərd-möhnət ilə.
Sənə verilib ki, bu qədər sərvət,
Onu qaytarasan səxavət ilə.
Gözəllik möhrüsən sən təbiətin,
Əks olun, əbədi qalsın surətin.