İsmayıl Qarayev
(1927-1989)

Yazıçı, publisist. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, “Gənclik” nəşriyyatında baş redaktor vəzifələrində çalışıb. Ümumittifaq tənqid və ədəbiyyatşü­naslıq şurasının üzvü seçilib. Ədəbi yaradıcılığa 50-ci illərdə yazdığı hekayələrlə başlayıb. “O və mənim anam ” adlı ilk kitabı 1964-cü ildə çapdan çıxıb. “Aydınlıq”, “Tər­tərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Gecə keçir”, “Dağlar dağımdır mənim” kimi ondan artıq nəsr kitabının, “Bir kəndin uşaqları”, “Bahar ötdü”, “Şirzad kişi” povestlərinin, “Ömür”, “Küçələr kəsişir, yollar kəsişir”, “İnsan var hələ”, “Qanlı məktub”, “Bir görüş, bir ayrılıq”, “Dərə çəkir adamı”, “Saralmışyarpaqlar”, “Söyüdlər quruyur”, “İntihar” romanlarının müəllifidir. V.B.Şklovskinin “Səyyah Marko Polo” əsərini dilimizə çe­virib.

Sınaq

Tutqun bir yaz səhəri idi. Göylərlə buludlar, dağların döşü ilə dumanlar sürünürdü. Gah sazaq əsir, gah da dalğa-dalğa gələn ilıq bahar nəsimi adamın ruhunu oxşayır, həyat eşqini, yaşamaq həvəsini şura gətirirdi. Qazın damların bacasından qalxan acı gərmə tüstüsü göylərə millənib buludlara qarışırdı. “Kürəkçay” yatağına sığmır, məcrasından çıxıb kəndin cənubundakı düzə dağılırdı. Kəndin hər tərəfindən hop- hopların həmahəng səsləri eşidilirdi. Dimdiklərində çöp aparan qaranquşlar lap alçaqdan şığıyıb adamın qulağının yanından ötürdü. Kürd toyuqlar, ayaqları yenicə yer tutan ala-bəzək balalarını başına yığıb həyətlərdə dənlənirdilər. Hər yanda baharın gəlişi, baharın nəfəsi duyulurdu.

Nağı bəy ikinci mərtəbənin eyvanından yaşıl düzlə əyri qara xətt kimi 261 şəhərə sarı uzanan yola baxırdı.

Qubernator Nağı bəyə qonaq gəlməli idi. Neçə gün idi ki, hazırlıq görülürdü. Xörəklər qazanlarda qalıb boyatıyır, nökər-qaravaşlara yem olur, itə-pişiyə atılırdı. Qubernatorun izi-tozu görünmürdü. Nağı bəy onsuz da dünya “qarışmağa” başlayandan Allahın “mömin” bəndəsi olmuşdu. Ədəb- ərkanla dəstəmaz alır, gündə beş dəfə namaz qılırdı. Qubernatorun gəlmək vaxtından keçdikcə qarmaqarışıq yuxular görürdü. Yel əsib yanğını şiddətləndirir, yanğın şəhəri ağzına alır. O, hər səhər yuxusunu suya söyləyib Allaha dua edərək işlərin ondan uzaq olmasını diləyirdisə də, fikir onu içəridən yeyirdi. Nökərlərin birini səbih xəbər dalınca şəhərə göndərə bilərdi. Ancaq qubernator cənablarının hüzuruna gədə-güdə göndərməyi ad-sanına yaraşdırmırdı. Həm də eləsə qubernator cənabları ona yaxşı nəzərlə baxmazdı.

Odur ki, özünü bir az da səxavətli göstərmək niyyətilə bu gün şəhərə getməyi düşünmürdü.

Mədət tövlədə Nağı bəyin yorğa kəhərini qaşovlayırdı. Hətəm isə tövləni kürüyüb peyini bacanın qabağına yığırdı.

- Çərçi qonağın getdimi? - deyə Hətəm gözlənilmədən astaca soruşdu.

- Yox hələ. Axşamtərəfi gedəcək. Nə almaq istəyirsən? - deyə Mədət də fərqinə varmadan düzünü dedi.

- Ərşdən-kürşdən danışırdı.

- Kim?

- Çərçi qonağın.

- Sayıqlayırsan nədir?!

Mədət şübhələnməyə başladı. Hətəm halını pozmadan: 

- Arvad axşam bir yanımı çürütdü ki, qonşulardan istəməkdən üzümün suyu tökülüb - dedi. - Get, çərçidən mənə bir baş darağı al. Həyətinizə girəndə gördüm işığınız gəlmir. Dala qayıdırdım ki, qulağıma səs dəydi. Elə bildim yerin içində ağızgapı eləyirsiniz. Bacadan baxanda ayağımın altında yer-yurd qaçdı. Kəndin adamlarının bir yarısı sizdə idi. Ocağın qırağında halay mərəkə qurmuşdunuz. Çərçinin də ağzından od tökülürdü. Sinəsi qalxa-qalxa bolşovoydan-molşovoydan danışırdı.

Hətəm o qədər də qorxulu adam deyildi. O, heç kimə yamanlıq eləməmişdi. Öz tükünün üstündə dolanan füqarənin biri idi. Mədət, Hətəmə ona görə arxa çevirmir, bel bağlamırdı ki, onun bir az ağızdan boşluğu vardı. Arada olan xəlvət söhbəti bilərəkdən xəbərçilik yolu ilə deyil, özünü unutduğundan bəyin, yaxud xanımın yanında ağzından qaçırırdı.

-  Nöyütümüz qurtarmışdı, qaranlıqda qalmışdıq. Sən də lap uşaq kimi danışırsan. Çərçinin yanına şey-şüy almağa gələrlər də. Bolşovoydan- molşovoydan kim danışmır ki? Çərçinin peşəsi kəndbəkənd gəzməkdir. Hərənin ağzından bir söz eşidir. O da eşitdiklərini deyir. Münəccim deyil ki, yerdə durub, yeddinci göydən xəbər verə.

Hər ikisi susdu. Mədət atın quyruğunu düyməyə, Hətəm isə peyini kürəkləyib bacadan çölə atmağa başladı. Aradan bir-iki dəqiqə keçdikdən sonra:

- Mənim ağzımı boza vermə, - deyə Hətəm burnunu çəkdi.

- Deyirdi ki, kəndlərdə düzəltdiyimiz özəklərin hamısı birdən şaban ayında ayağa qalxacaq. Sən niyə mənim başımı aldadırsan? Hələ sizə başının tükü getmiş bir kişi şəkli də göstərib deyirdi Lenindir. Bu kişi çıxaracaq xilqəti ağ günə.

Mədət dərk etdi ki, Hətəm söhbətə əvvəldən axıracan qulaq asıb. Eşitdiklərini onun hafizəsindən asanlıqla silə bilməyəcək. O, yəhəri atın belinə qoydu. Quşqunu keçirtdi. Qantarqanı bərkidə-bərkidə atılan daş onun diriliyinə düşməyirmiş kimi səsləndi:

- Şəkil?!

- Hə.

Mədət əlini-əlinə vurub elə güldü ki, yalnız yaşından yekə danışan uşağa elə gülərlər.

- O, on ikinci imam Sahibi Zamanın şəklidir. Canım fəda olmuş zühr eyləyən kimi ədalət divanını urusetdə qurub. Uruslar onun adını Lenin qoyublar. Lenin dedikləri o sahibi zaman elbəel gəzəcək, bütün günahkarlara divan eləyəcək.

Hətəm xeyli fikirləşdi... Gah küncə tıxanıb qalan peyini əli ilə kürəyin üstünə yığdı, gah da şübhə ilə qanrılıb Mədətin üzünə baxdı. 

- Özək-mözəyi ki, dana bilməzsən?! - deyə, nəhayət, dilləndi. - Adamı tanımaq olmazmış. Gündüz kəndin arasında gəzəndə acı alma kimi büzüşən çərçinin bütün bədəni oynağa gedirdi.

- Ə səsini kəs, - deyə Mədət ona acıqlandı. Məni it ağzına salarsan.

Hətəm kürəyi yerlə sürüyə-sürüyə onun yanına gəldi. Mədət barmaqlarını daraq eləyib atın uzun yalının dolaşığını açsa da, ürəyində Hətəmə cavab hazırlayırdı. Bilirdi ki, yaxasını Hətəmin əlindən asanlıqla qurtarmaq mümkün olmayacaqdır.

- Sən yaman qəlbiqara adamsan ha - deyə Mədət incimiş kimi başını buladı. - Əllaf Zahid tacirbaşı şaban ayında kəndlərdə qəpirətiv açmağa qubernatordan rüsxət alıb. Tacirlər qəpirətivə urusca özək deyirlər. Qandın?! Sən hərdən adamın üstünə yamanca qara yaxırsan ha. Bu xasiyyətin olmasaydı...

- Bəs arkdaşalar nə deməkdir? Deyirdi: “Gəncədə, Bəkidə, Şəkidə yatmırlar. Camaatı başa salırlar”.

- Canım qurban olmuş bayaq dediyim Sahibi Zaman var ha, uruslar adını Lenin qoyduqları?

-Hə.

- Onun əsabələridir. Lenin özü ordakı işini qurtarıb gələnə kimi onlar burda Məhəmməd hümmətlərinin günahını günaha, savabını savaba yazırlar ki, o yerin-göyün yiyəsi gələndə məəttəl qalmasın.

Atalar “keçəllər bic olar, onundan biri gic olar” - deyiblər. Hətəm tezcə inandı. Peşmançılıq, üzürxahlıq ifadəsi ilə utana-utana Mədətin üzünə boylanıb mızıldandı:

- Deyirəm axı, çərçi hara, belə cəncəlli işlər hara...

Mədət Nağı bəyin üzəngisini basıb şəhərə, çərçi qonağını isə məsələdən halı eləyib qonşu kəndə yola salandan sonra Hətəmlə şərikli bir cinayət işi tutma haqqında çox düşündü. Hətəmin fikrini hələlik dolaşıq salmışdısa da, vurduğu düyün açılana kimi hər ehtimala qarşı elə bir kələk qurmalı idi ki, o, nəinki çərçinin söhbətlərini, ümumiyyətlə, hər şeyi unudub, öz canının hayına qalsın. Açanda Mədətin əlində, yumanda ovcunda olsun. Əlbəttə, bu həqiqi cinayət olmamalı, üstü açılanda yeli nə Mədəti, nə də Hətəmi vurmalı idi. Belə bir möcüzə, xeyli ustalıq tələb edirdi. Öz əli ilə özünə müqəssir donu geydirməklə bərabər, onun qulu olmaqdan qeyri çarəsi qalmazdı.

Mədət nə fikirləşdisə, “qoy elə olsun, dəvə yaxında otlayıb uzağı gözlər” - deyə bir çuval götürüb evdən çıxdı. Kəndin üst yanındakı Narlı dərəyə endi. Təqribən bir saatdan sonra dala qayıdıb, Hətəmin qapısını döyəndə gecəyarı olardı. Narın yağış yağırdı. 

- Kimsən? - deyə Hətəm qapıda səs eşidib xırıldadı.

- Mənəm. Geyin, bəri çıx görək başımıza nə gəlir.

- Bu vədə xeyir ola, ay Mədət?

Hətəm qapını açanda Mədət dedi:

- Bir bel götür.

Mədət qabaqda, Hətəm isə onun dalısınca kənddən çıxıb Narlı dərəyə yol aldılar. Kənd arxada qalanda Hətəm xoflanmağa başladı. O, elə güman etmişdi ki, Nağı bəy şəhərə gedəndə Mədətə taxıl sulamağı tapşırıb. Mədət “bir bel götür” - deyəndə hələ ürəyində bəyin qarasına deyinmişdi də: “Zalım oğlu göydən yerə su yağandasa da qoymur xarabamızda oturaq”. Ancaq ki təsəvvürünə gətirəndə ki, Narlı dərə tərəfdə Nağı bəyin əkin-biçini yoxdur, Mədətdən soruşdu:

- Mədət, hara gedirik?

- Dalımca gəl.

- Axır bilməliyəm?!

Narlı dərənin ayağına çatanda Mədət addımlarını yavaşıtdı. Ağır-ağır geri çevrilərək Hətəmlə üz-üzə durdu:

- Bir məni agah elə görüm, bu nə işdir? - deyə Hətəm boğuq bir səslə xəbər aldı.

- Allahdan gizlətmədiyimi səndən necə gizlədim? - deyə Mədət ağır bir işə düşmüş adam kimi qeyd etdi: - Heç bilmirəm bu nə işdir mənim başıma gəldi. - Aradan üzüntülü bir sükut keçdi. - Sənə heç əziyyət verməzdim, burdan o yana aparmağa gücüm çatmadı. - Onun səsi qırıldı. - Görəcəyi gora aparmaq olmazmış. Bu sirri batırmaqda gümanım bir sənədir.

- Yoxsa, çərçi...

Mədət onu başa saldı ki, çərçi axşamüstü onlarla xudahafizləşib gedəndən sonra, gecə bir də kəndə qayıdıb. Özü də haradansa öyrənib ki, mən o gecə evdə olmayacağam. Gəlib bizim qapını döyür. Arvad qapını açmaq istəmir. Belinə ip bağlayıb bacadan içəri sallandığı vaxt içəri girdim, beli başına endirdim. Elə bil canı buna bənd imiş, bilsə evim yıxıldı - deyə Mədət sözünü tamamlayıb köksünü ötürdü.

- Aparaq onu elə yerdə quyulayaq ki, baratası tapılmasın, - deyə Hətəm Mədətin qolundan tutub dartdı.

Hərəsi çuvalın bir başından yapışıb meşəyə sarı üz tutdular.

Üç gündən sonra qubernator bir dəstə atlı ilə yolüstü Nağı bəyin evində gecələməyə dönmüşdü. O, səhər burdan belə Gəncə qubernatoruna təşrif aparacaq, nə xüsusda isə söhbət edəcəkdilər. Görünür, Gəncə qubernatorundan vacib təmənnası vardır. Onun üzünə ölüm sifəti çökmüşdü. Fikirdən başı açılmır, kef-damaq çəkmək, gözündə uçmurdu. Mütəkkəni dirsəyinin altında əsəbiliklə xəmir kimi yoğururdu.

Nağı bəy adəti üzrə iltifatını əsirgəməmişdi. Quş iliyi, can dərmanı ilə süfrəni bəzətdirmişdi. Qubernatorun kefini durultmaqdan ötrü Hətəmə balaban, Mədətə isə saz çalıb-oxumağı, arada qaravəlli danışmağı tapşırmışdı. Amma mənbəyindən bulanan su, deyəsən, sazla, söhbətlə durulana oxşamırdı. Mədət oynaq ovşarı havası ilə Koroğludan, Qaçaq Nəbidən özgə bir nəşə oxusa da, məclis yas yerinə oxşayırdı. Qubernatorun donuqluğu məclisi cana gəlməyə qoymurdu. Onun üzünə itaətkarlıqla baxan, qablardakı buğlanan xörəkləri görüb udqunaraq qarınları quruldadıqca yerlərində qurcalanan zabitlər və qorodovoylar üzdən özlərini ağasının kefsizliyindən bədbinləşən sədaqətli qul kimi aparırdılar. Nağı bəy istədi qubernatora yanaşıb ərkyana desin: “Cənab xudavəndi-aləmin qəzəbinə keçmişik. Dərdimiz böyükdür. Bu bişərəf nökər-naiblərin yanında qəlbinizi sıxmayın. Özünüzü şad-xürrəm göstərin. Onlar bizim qəm dəryasına qərq olduğumuzu görəndə sevinirlər”. Lakin buna cürəti çatmadı. Ona elə gəldi ki, qubernator pis üz göstərib, onu rəiyyətin yanında nüfuzdan salar.

Saray əhli dərdlər, ələmlər girdabında qalarkən rahiyyədar bir sənəmin nazu-qəmzəsi kifayətdir. Çiyinlərdən basan iztirablar yükü əriyər, buxarlanıb havaya uçar. Qədd düzələr. Üzdə təbəssüm oynar, gözdə məhəbbət parlayar. Hər şey unudulub, o gözəl məxluqla əylənməyə qurban verilər.

Nağı bəyin arvadı Mahizər xanımın gəlişi məclisə belə bir təsir bağış-ladı. Onun yaşıl darayı paltarından, torksin şalından, barmaqlarındakı firuzə qaşlı üzüklərdən, yaraşıqlı ağ üzündən, sürmə çəkilmiş gözlərindən sanki otaq işıqlandı. Qubernatorun tutqun siması o şamdan şölə çəkib ziyasını ətrafa yaydı. Qubernator Mahizər xanıma baş əyəndə zabitlər və qaradovoylar məsciddə seyidin arxasında namaza duran mollalar kimi ikiqat oldular. Mahizər xanımın:

- Buyurun, - deyib qonaqları yeməyə dəvət etməsi, qubernatorun yuxanı kəsib kələm dolmasını əzişdirməsi məclisə qeyri-adi şıqqıltı saldı. Acgöz zabitlərlə qarınqulu qarodovoylar yeməyin üstünə elə tökülüşdülər ki, elə bil küləşliyə bir sürü ac mal doldu.

Həmişə nökər-naibi kef məclisinə buraxmayan qubernatorun bu axşamkı rəftarı mühakimə gününə kimi ittihamçıların ürəyini yumşaltmaq, qəzəbini soyutmaq canfəşanlığını xatırladırdı. O, arabir yerindən qalxıb məclisin ayağına, başına keçdi: 

- Kosalar qaravəllisini başla - deyə barmağının çırtması ilə Mədətin burnuna vurdu.

Xoruzlar çırpınıb ilk dəfə banlaşanda külkün rəngli şərab qonaqların kefini ala buludlara qaldırmışdı. Xanım məclisə can verib, can ala-ala bir qədər oturduqdan sonra öz otağına çəkilib yatmışdı. Mədət qarı tayfasının qaravəllisini danışırdı.

- Qarı var şap-şap qarı, qarı var gup-gup qarı, qarı var...

- Onu yox, - deyə qubernator söhbətin arasına girdi. - Başqasını danış!

- Ayrısınımı? - deyə Mədət öz-özündən soruşurmuş kimi dilləndi. - Axı inciyib küsən olar.

- Aşığın ağzından kərə də çıxar, kürə də. De gəlsin!

Mədət istəyirdi ki, qubernator onu keçəllər qaravəllisini danışmağa məcbur etsin. O, həmin qaravəllini qubernatorun təkidi olmadan da başlaya bilərdi. Lakin belə eləsə, məclisdəkilər bunu şəxsiqərəzlik kimi başa düşərdilər. Məclisin şən keçməsi xatirinə aşıq balabançı ilə döşləşər, bir- birinə hərbə-zorba gəlib camaatı güldürər. Ancaq aşığın məzhəkəni təhqirlə nəticələndirməyə çalışması sənət yoldaşına qarşı ədəbsizlik olardı. Qubernator bir balaca inad göstərsə, Mədət boyun qaçırmaz, qaravəllini istədiyi şəklə salar, söhbətə bacardığı rəngi vurardı. Hətəmi sınaqdan keçirmək üçün bundan sərfəli məqam ələ düşməzdi. Onun ağzının bəndini yoxlamağın vaxtı çatmışdı. “Axı, inciyib küsən olar” - deyə Mədətin özünü çəkməkdə məqsədi ayının yadına daş salmaq, qubernatoru qeyzə gətirib şitəndirmək idi. Qubernator da sanki nüfuzunu göstərməyə hazır imiş:

- Keçəlləri bəzə! - deyə gülə-gülə hökm verdi.

Mədət aşıqlara məxsus bir əda ilə içini arıtladı. Sazın çömçəsini qoltuğunun altından arxaya keçirdi. Böyründən çaxmaq-bıçaq qoburu sal-lanan kəmərini dala sığadı. Orta ilə o baş-bu başa gedib gəldi. Çərkəzi papağını gözünün üstünə basdı. “Keçəllər” qaravəllisini danışmağa başladı. O, əvvəlcə keçəlləri növlərə ayırdı. Aşıq dili ilə onları bəzədi.

Hətəmin görkəmi onsuz da gülməli idi. Nağı bəyin köhnə yamaqlı çuxası, tükü getdiyindən dərisi ağaran papağı onu oyuğa oxşadırdı. Qonaqlar bir-birini dümsükləyərək gözlərinin işarəsi ilə Hətəmi göstərib pıqqıldaşanda Hətəmin bədəni istilənirdi. Acığından bilmirdi neynəsin. Gecəki əhvalatı xatırlayıb ürəyində Mədətə məzəmmət yağdırır, onu qəzəblə yamsılayırdı: “Arsız oğlu arsız. Dünən əlindən xəta çıxıb, onun dərdini çəkmir, keçəllərə desələr yüz sayana kimi tərpənmə, başının qaşınması tutar, nə bilim nə. Mənim qarnıma burğu düşüb ki, iş ağaracaq, bizi qazamata salacaqlar, bunun içini kef alıb!”

Keçəllərin arvadlarının iki əri olar. Biri cəfa çəkər, digəri səfa sürər. Axı keçəllərlə bir yastığa baş qoyulmalıdır ki? Yazıq arvadlar neyləsinlər. Keçəllərin başının iyinə yayda arandan dağa milçək uçub-gedir.

- Bu da arvadının iki müştərisi olan keçəllərdəndir? - deyə gözləri axan qubernator başının hərəkəti ilə Hətəmi göstərdi.

Hətəmin canına od qoyub səbir kasasını qaynatmağın məqamı çatmışdı. Qoy o özündən çıxsın, qubernatora ərz eləsin ki, Mədət çərçini öldürüb, meyitini də meşənin filan yerində basdırıb. Axı onların o gecə çuvala bir yerdə meşədə basdırdıqları Narlı dərədə qaraçı eşşəyinin canavar dağıtmış leşi idi.

- Bu da arvadı oynaş saxlayan keçəllərdəndir? - deyə qubernator qəti cavab tələb edən amiranə bir ahənglə təkrar soruşdu.

- Hə!

Gülmək də var, gülmək də. Hərə qarnını tutub bir tərəfə yıxıldı.

Hətəm bayaqdan duymuşdu ki, qaravəllinin bir tərəfi də onu tutacaq. Ancaq qərəzlə başlanan məzhəkənin bu şəkildə qurtaracağını heç gözləməzdi. Mədəti təəssübkeş, öz kəndlisini yad adamların ayağına verməyən, öz el-obasının namusunu çəkən bir kişi kimi tanıyırdı. Eşitdiklərinə heç vəchlə inana bilmirdi. O, Mədətə nə yamanlıq eləmişdi?! Əlindən başqa iş gəlməsə də, o gecə Mədətin dadına çatmamışdımı?! “Nəsə başqa məramı var, o, belə ağılın yiyəsi deyildi” - deyə Hətəm dumanlı təsəvvürlərin ağırlığı altında qapıya sarı addımladı.

- Balabançı küsdü, - deyə qubernator qəhqəhə çəkəndə zabitlər və qaradovoylar yenidən hırıldaşdılar. Gülüş səslərindən divarlar titrəyəndə qapılar taybatay açıldı. Qara şinelli, beli toqqalı, sinəsi çal-çarpaz patron qatarlı altı adam əldə tüfəng içəri doluşdu.

- Heç kim tərpənməsin!

Qonaqların əlləri göyə qalxdı. Gələnlərin beşi keşik çəkdi, biri onları tərkisilah elədi. Meşin pencəkli, meşin şapqalı, şapqanın uzun günlüyü altından güclə görünən, gözlərindən alov saçılan bir kişi içəri girdikdə Nağı bəy:

- Məni çevir balalarının başına - dedi. Mənim günahım yoxdur. Səni and verirəm o xudavəndi-aləmin birliyinə evimə qan salma. Mən həmişə fəqir-füqərənin tərəfində olmuşam.

Bu çərçi olmaya?! Ayaqlarını sürüyərək qapı-qapı düşüb iynə, daraq, düymə, cövhər satan, hər alıcının qabağında neçə dəfə baş əyən yazıqdan belə fərasət!?

Qubernator tir-tir əsirdi. İndi yüz Mahizər xanım da olsa, onun əvvəlki halını, əvvəlki mövqeyini özünə qaytara bilməzdi.

Nağı bəy çərçiyə yalvardıqca Hətəm ürəyində deyirdi: “Ay dönüm başına, onun zarıltısına məhəl qoyma!” Hətəm üzünü qubernatora tutdu, onun gözləri belə bir fikir ifadə edirdi. “Kasıbın xoruzu, qoçağın fərəsi, halın necədir? Mən sənin lağ yerin olmuşdum?” Sonra o yönünü Mədətə çevirdi:

- Sən məni niyə biabır elədin, başına qaravəlli qəhətliyi idi?!

Mədət gülə-gülə irəli gəlib əlini onun kürəyinə vurdu.

- Ay dəli, səni bax bu gün üçün sınayırdım.

Şəhər tərəfdən atışma səsi gəlirdi.