Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanım

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 05.09.2019

 

Hökumə Billuri
(1926-2000)

Şair, Əməkdar incəsənət xadimi. “Mənim arzum”, “Mübarizə illərində”, “Şairin yadi­garı”, “Səndən uzaqlarda”, “Səhər günəşi”, “İstərəm”, “Çinar gözləyir məni”, “Bir də bahar gəlsə” kimi, onlarla şeir kitabının müəl­lifidir. Şəhriyarın fars dilində qələmə aldığı şeir­ləri Azərbaycan dilinə, S.Vurğunun “Zəncinin arzuları”poemasını, C.Cabbarlı, M.Dilbazi və

N.Xəzrinin şeirlərini fars dilinə çevirib.

 

Azərbaycanım

Haraya getsəm də gözüm səndədir,

Şeirimin axarı, sözüm səndədir,

Gedəsi olarsam, izim səndədir

Əzəli, əbədi yurdum, məkanım.

Behiştim, cənnətim Azərbaycanım!

 

Doğmadan doğmasan, ey ana yurdum,

Yolunda başımla, canımla durdum.

Sinəndə əbədi bir yuva qurdum,

Dolanım başına, bir də dolanım.

Mənim ömrüm, günüm Azərbaycanım!

 

Nə qədər dünya var, bu kainat var,

Nə qədər ömür var, gün var, həyat var,

Nə qədər uçmağa məndə qanad var,

Bil, sənsən ilk yuvam, axır məkanım,

Eşqindən məşəltək alışım, ya-nım.

 

Səninlə bircanam, bir bədənəm,

Dənizsən, ümmansan, bir qətrənəm mən,

Günəşsən, ulduzsan, bir zərrənəm mən,

Məndən üz döndərmə, ey mehribanım,

Dolanım başına, hər gün dolanım.

 

Bütün məhəbbətlər uçsa qəlbimdən,

Yenə ömr edərəm xəyalınla mən.

Dünya düşmən olsa dostum ki sənsən,

Doğmadan doğmasan, arxam, gümanım,

Eşqindən səhər də, axşam da yanım.

 

Səndən yüz yazmışam, min yazsam da az,

Bir qolun Kürdürsə, bir qolun Araz.

Səninlə ömrümüz dönüb olub yaz,

Sənə, bircə sənə qaynayır qanım.

Ey ömrüm, həyatım Azərbaycanım!

 

Ümidim, arxamsan el bilir bunu,

Yolunda qoy gəlsin ömrümün sonu,

Sazım da, sözüm də ömrüm uzunu,

Səndən söz açmışdır, ey mehribanım,

Dolanım başına, hər gün dolanım.

 

Bir quşam ilk yurdun, yuvam da sənsən,

Mehriban elim də, obam da sənsən,

Nənəm də, anam da, babam da sənsən,

Köksünə sığınım ata məkanım,

Ümidim, sevincim, Azərbaycanım!

 

Eşqindən kükrəyən dağ seliyəm mən,

Dünənim, bu günüm, sabahım da sən.

Yaşa əsrlərcə, yaşa ey Vətən!

Ey mənim cahanda dünyam, cahanım!

Ey ömrüm, həyatım, Azərbaycanım!

 

Azadlıq yolunun yolçusuyam mən

Azadlıq yolunun yolçusuyam mən,

Səninçün ağ günlər gəzirəm, Vətən

Dünyanı gəzsəm də mən qarış-qarış,

Yenə səninləyəm, səninlə, bilsən.

 

Ayağım altında sənin torpağın,

Başımın üstündə sənin göyün var.

Könlümdə, ruhumda sənin növrağın,

Qəlbimi tərk etməz tanış arzular.

 

Hər gündə sinənə bir yara dəyir,

Sıxır ürəyimi qəm dalğaları,

Qəlbimi qurd kimi əzablar yeyir,

Gəzirəm səninçün ölməz baharı.

 

Mən tufan, fırtına axtarıram, bax,

Ürəyim nə vaxtdır intizardadır.

Çağırır hər zaman məni o torpaq,

Qəlbimin gözləri o diyardadır!

 

Deyirlər ağ günlər çəkər insanı,

İnsan səadətin sorağındadır.

Hanı o torpaqda ağ günlər, hanı?

Əsarət vətənin torpağındadır.

 

Gecə də, gündüz də gözləyir ürək,

Yormuşdur qəlbimi tənhalııq artıq.

Mən tufan gəzirəm, o tufan ki, tək

Versin ürəyimə mənim rahatlıq.

 

Mən elə bir tufan gəzirəm ondan,

Bir anda çaxnaşsın səmanın üzü.

Elə bir tufan ki, qurtarmasından,

Bulaqtək durulsun qəlbimin gözü...

 

Ey gözəl torpağım, ey gözəl Vətən!

Azadlıq dünyası quracağam mən,

Sənin torpağında öz əllərimlə,

Sənə həyat verən əməllərimlə!

 

Təbriz

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,

Doyunca baxaram gözünə, Təbriz.

 

Bulanıq suların axsın, durulsun,

Təzə günlərindən büsat qurulsun.

Səhənd camalına bir də vurulsun,

Bir qubar qonmasıın üzünə, Təbriz.

Həsrətin yandırar, pörşüdər məni,

Zərif çiçək kimi üşüdər məni.

Səsləsəm Savalan eşidər məni,

Qızınnam oduna, közünə, Təbriz.

 

Gülüstan bağının seyrinə gəlim,

Lalə yamacında bir də dincəlim,

Ötən günlərimə yetişməz əlim,

Düşüm heç olmazsa izinə, Təbriz.

 

Ana təbəssümün ay işığıdır,

Qolum qamətinin sarmaşığıdır.

Şeirin bu dünyanın yaraşığıdır,

İncisi tükənməz xəzinə, Təbriz.

 

Sən şair ömrümə vüqar vermisən,

Solub-saralmayan gülzar vermisən.

Etibar vermisən, ilqar vermisən,

Hər igid oğluna, qızına, Təbriz.

 

Səttarxan bayrağın göylərə ucalt!

Qara buludları od ağzına at.

Şair qızının da sözlərini qat

Şirin söhbətinə, sözünə, Təbriz.