Qabil
(1926-2007)
Xalq şairi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qismət” və digər şeir kitablarının, irihəcmli “Nəsimi” poemasının müəllifidir.
Yarpaqlar tökülür
- Şeş-qoşa!
- Pənc-cahar!
Nərd atır qocalar
Bir şəhər bağında
Bir payız çağında.
- Bu du-bir!
- Bu sələr!
Çiskinli bir səhər...
Nərdtaxta yaş olur,
Daşları daş olur.
Vururlar səs salmır,
Güman ki həzz almır
Oyundan qocalar...
- Pənc-qoşa.
- Sə-cahar!
- Darıxdım, Ağabəy!
- Deyirsən dincələk?
Sükuta daldılar...
Beləcə qaldılar
Bir qədər.
Nurani üzlərdə,
Çeşməkli gözlərdə
Bir həsrət, bir kədər...
Yarpaqlar tökülür
Sapsarı.
Yarpaqlar tökülür
Cəzb edir onları.
- Xəzandır, Mirələm!
- Görürəm!
Yenə yaz gələcək,
Çöl-bayır güləcək.
- Biz necə?
- Biz çətin,
- Yetişib növbətim,
- Növbətin.
- Yüz şeş at, yüz beş at,
- Burda gəl baş aldat,
Hədərdir, Mirələm!
- Bilirəm.
Bir uşaq bu ara
Yanaşdı onlara:
Saatı soruşdu.
Baxdılar, gördülər
Saat da yatıbdır.
Susdular - sükutun
Məqamı çatıbdır...
Yarpaqlar tökülür
Sapsarı,
Yarpaqlar örtürlər
Zərləri, daşları...
Səhv düşəndə yerimiz
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa
Hey-hay gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korlaşıb...
Heyif... korlaşırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz.
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənərik biz,
Səhv düşəndə yerimiz.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Uzanır danışıqlar, imzalanır sənədlər,
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti, sözü var dəstəklərin,
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Diplomat cənabların hər biri hörmətlidir,
Bu məqamda ölkəmə təşrifi qiymətlidir,
Səyi təqdirəlayiq, rəyi ədalətlidir,
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız...
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Ali qonaqlar gəlir dünyanın hər yerindən,
Ürək yanır, göz dolur şəhid qəbirlərindən.
Düşünüb daşınıram, özlüyümdə dərindən;
İntiqam ala bilməz,
məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ,
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət,
Sazişlər, qətnamələr, bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!