Söhrab Tahir
(1926-2016)
Xalq şairi, Əməkdar incəsənət xadimi. Azərbaycan Yazıçılar Birliyi Şeir Şurasının sədri (1986-1991) olub. “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət”, “Lirika” kimi şeir kitablarının müəllifidir. 2010-cu ildə Rusiyanın beynəlxalq “V.V.Mayakovski Ordeni”nə layiq görülüb.
Daha
Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha.
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.
Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır,
Görüşsəm ayrılıq bilmərəm daha.
Mənim səadətim hardasa itdi,
O, asan gəlmişdi, asan da getdi,
Mənə nə etdisə səadət etdi,
Bədbəxt səadətə gülmərəm daha.
Öləndə
Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir dəli çayda.
Tabutum üstündə oynasın xəzan,
Bölünsün bir xalqın şairi iki.
Ayrı bacıların göz yaşlarından
Mənə iki tayda bir qəbir tikin.
İkili yaşadım həyatımı mən,
İkili səsimdə birləşdi xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.
Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağına quylanacağam.
Vətən birləşəndə, xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.
Saz
Aşıq, mizrabını asta vur bir az,
Qırılar sazının telləri bir-bir.
Üstündə ötdüyün o sədəfli saz,
Dəmirdən, poladdan yonulub, nədir?
Onun nəğmələnən telləri sim-sim,
Üstündə pərdələr qayım çəkilib.
Yox, onlar Arazım, Kürümdür mənim,
Sədəfin üstündə tarım çəkilib.
Çaldın yollarımı – yollar arası,
Çaldın çaylarımı, çaylarımda səs.
Yoxsa ki, bir quru məftil parçası
Bu qədər ağlamaz, bu qədər gülməz.
Araz insan səsi eşidən zaman
Kövrəlib içindən dillənəcəkdir.
Arazdan götürüb daşı da çalsan,
Daş da insan kimi dillənəcəkdir!
Sazın bu ellərdən dil açdı tel-tel,
Sevgisiz, vətənsiz bir nəğmə hanı?
Sən öz mizrabında simləri deyil,
Çaldın öz ömrünün cığırlarını.
Qoşa gedək!
Kəmərinin gümüşünü
Ver çaylara, kəhrizlərə.
Ağ əlinin işığını
Əmdir mavi dənizlərə.
Xislətinin ipəyini
Sər dağların ətəyinə.
Öpüşünün ətrini bük
Qonçaların ləçəyinə.
Gülüşünü gül-gül çilə
Dərələrin ürəyinə.
Pıçıltını qoy bulağın dodağına.
Saçlarının dalğasını
Tök dənizin qucağına.
Hər baxışda göz qırpmağı
Öyrət uzaq ulduzlara.
Nəfəsinin ətrini çək
Həsrət çəkən yarpızlara.
Səp səsinin şüşəsini
Çiliklənən şəlaləyə.
Qoşa gedək gileylərin
Sinəsində cığır salaq.
Cığır kimi qoşalaşıb
Dağ döşündə qoşa qalaq.
Tənək
Bir quş yuva tikir arakəsmədə,
O da öz işində, qurğusundadır.
Tənəyi qaldırdım, gördüm kölgədə
Salxımlar mirvari yuxusundadır.
Şanı öz fəslini vurubdur başa,
Qarışqa daşıyır yarpaqlarını.
Tənək dirsəklənib çopur bir daşa,
Qumluğa uzadıb ayaqlarını.
Bağda bircə salxım üzümlə doydum,
Doymadım tənəyin gözəlliyindən.
Bir gilə şanını ağzıma qoydum,
Üzümü turşutdum şirinliyindən.
Quşlar dəstə ilə bağa dolubdur,
Bürüyüb quşları üzüm yanğısı.
Abşeron bir yaşıl gəlin olubdur,
Üzüm salxımları boyunbağısı.
Tələsdir məni
Nə soyuqdur ayrılığın tənha nəfəsi,
Nə ötəri hicran, vüsal, sevgi həvəsi,
Nə acıdır, nə qarlıdır ömrün zirvəsi,
Dünya baba, ölməzliyə tələsdir məni.
Mey ver mənə, dünya kimi qartım, qocalım,
Od ver mənə, taleyimdən qızıl bac alım,
Elə yanım, öz əslimə qalxım, ucalım,
Dünya baba, ölməzliyə tələsdir məni.
Məndən sonra bərk yağışlar yağacaq hələ,
Gün bu gündən daha parlaq doğacaq hələ,
Ümidlərim ulduz-ulduz axacaq hələ,
Dünya baba, ölməzliyə tələsdir məni.
Güldüm hər gün “o tay, bu tay” lətifəsinə,
Taleyimin iki rəngli xəritəsinə,
Döndüm arzu gələcəyin firiştəsinə,
Dünya baba, ölməzliyə tələsdir məni.
Mən gedirəm, gedişimlə dünya şən olsun,
Bizdən güclü nəsillərin yeri gen olsun,
Məndən başqa bölünənlər barı tən olsun,
Dünya baba, ölməzliyə tələsdir məni.