Əliağa Kürçaylı
(1928-1980)
Şair, tərcüməçi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Salam, gələcək illər”, “Gözəllik”, “Cavabsız məktublar”, “Nargindən əsən külək”, “Səfərə çıxıram”, “Durnalar cənuba uçur”, “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır”, “Bütövlük” kitablarının müəllifidir. Dantenin “İlahi komediya” poemasını, Yeseninin şeir və poemalarını dilimizə çevirib.
Yadına düşürəmmi?
Qaldı arxada artıq ömrün xoşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə,
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir, görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Bakı
Uzaq elli əziz dostum soruşdu:
– Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: – Qardaş, mənim doğma şəhərim,
Yazılmamış, oxunmamış əsərdir.
Çiçək desən – könül açan çiçəyi,
Külək desən – ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.
Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.
Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.
Qu quşunun nəğməsi
Deyirsən: “Məhəbbət şeirlərinin
Hamısı qısadır – bir bənd, iki bənd”.
Deyirsən: “Deməli, şikəstdir sənin
Məhəbbət yolunda mindiyin səmənd”.
Əzizim, doğrudur, məhəbbətimdən
Uzun söz açdığım olmayıb hələ;
Sevgi söhbətində çox xəsisəm mən.
Neynim, təbiətim belədir, belə...
Dostum, bu məzəmmət, bu giley nədir?
Qoy mən söz açmayım sevgimdən daha.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..
İzlər
Dünən qarın üstündə mən
Gördüm ayaq izlərimi;
Bəs o izlər itdi nədən
Bu gün günəş doğan kimi?
Üzərində qarlı yerin
İz salmaq çox asan olur.
Asan düşən o izlərin
Ömrü, ey dost, bir an olur!
Çətin olsa belə, çalış –
İzin düşsün daş üstünə;
Min odlu yay, min qarlı qış
Poza bilməz onu yenə!
Yadıma sən düşürsən
Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.
Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.
Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.
Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları belə xoşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.
Lövhə
Səmada dövrələnirkən
buludların düzümü,
Zillədim göylərə həsrətlə
yol çəkən gözümü.
İldırımlar mənə göstərdi
nurlu gündüzümü.
Sübhədək mən belə süzdüm
bahar yağışlarını,
Saplı mirvaritək üzdüm
bahar yağışlarını,
Güllərin boynuna düzdüm
bahar yağışlarını.