Elektron ədəbiyyat və sənət portalı

İllər ayrısı

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 23.09.2019

 

Sərdar Əsəd

(1929-1975)

Şair, tərcüməçi. “Gənclik illəri”, “Səni axtarıram”, “Yanan memar”, “Cərrah ürəyi”, “Simlərin tufanı”, “Yer ulduzu” kitablarının müəllifidir. Vəfatından iki il sonra – 1977-ci ildə  seçilmiş əsərlərindən ibarət “Dağları aşdı sellər” kitabı nəşr olunub. C.Rodarinin “Hər sənətin ətri var” əsərini dilimizə çevirib.

 

 İllər ayrısı

Yenə eşidirəm həmin laylanı,

Yenə saçlarımda yumşaq əl gəzir.

Hanı keçirdiyim o günlər, hanı?

Tutub dikəlməyə uşaq, əl gəzir.

 

Ay illər, səninlə gəl qucaqlaşım,

Məsum körpəliyi yenə anırıq.

Nədənsə üstümdə durmayır başım,

Yenəmi beşikdə yırğalanırıq?!

 

Ana, nə deyirsən sən qulağıma,

Bəlkə, söyləyirdin yaman kürəm mən?..

Mənə deyərdin ki, qaç qucağıma –

Hələ də yanına yüyürürəm mən!

 

 Ağlayar

Ala gözlər kölgələnsə,

Qaş çatılar, göz ağlayar.

Yaz yağışı yağsa yerə,

Çəmən çimər, iz ağlayar!

 

Yada vermə ürəyini,

Dost gözləsin kürəyini!

Namərd yesə çörəyini,

Ocaq sönər, köz ağlayar!

 

Göyün hirsi çəkiləndə,

Yerlərə nur töküləndə,

Qış ötüşüb yaz gələndə,

Don açılar, buz ağlayar.

 

Sehrləyib məni masam,

Gərək qəlbə qulaq asam.

Hər gün onu oxşamasam,

Qələm küsər, söz ağlayar!

 

Könül, qəmə heç vermə can,

Məhəbbətin odunda yan.

Cavan getsək bu dünyadan,

Qarı gülər, qız ağlayar.

 

Şəlalə sevgisi

Zirvədən zirvəyə aşan dağların,

Üzü ömürlərə bozaran deyil!

İldırım nərəsi daşan dağların,

Şəlalə sevgisi qurtaran deyil!

 

Zərrələr çilənir nur boyalara,

İçib doyanacan gün işığından!

Dərələr söykənib o qayalara,

Asılıb şəlalə sarmaşığından!

 

Kahalar qışqırır ehtiyacını,

Bulaqlar durulub gözünü qırpır.

Şəlalə bir gözəl yolub saçını,

Zirvədən zirvəyə özünü çırpır.

 

Çayları çevirir axtarışlara,

Yoxdur şikayəti su yoxluğundan.

Qayçı qədəmlərə, buz baxışlara

Daşır əsrlərin soyuqluğundan.

 

Yaddaşdan yaddaşa oyanıb yatır,

Sevinir səsinə səs qoşanlara!

Əksini görməyə aynalar tutur

Sirli sıldırımı dırmaşanlara!

 

Qaçır bənövşəyə, uçur laləyə,

Çəmən cəhliminə toxuyur çələng!

Qovuşmaq istəsən o şəlaləyə –

Şəlalə qüvvəsi tapasan gərək!

 

Gecədən nə qaldı

Gün düşdü duyğular pəncərəsinə,

Səhər müjdəsinə açıldı qapı –

Qanadlı sorğular üstünü aldı!

Yuxusuz gecədən mənə nə qaldı;

Qızaran gözlərin rahat əzabı,

Razı vərəqlərə boşalan sinə,

Dolu külqabı.

 

Başdaşında gözəl

Yenə həmin gözəldimi,

Sevməli yaşda ağlayır.

Bəxti qayıtdı gəldimi,

Cığır da qaşda ağlayır.

 

Yorğun düşüb bölükləri,

Uşaqlaşıb böyükləri.

Uzaqlaşıb hörükləri,

Saçları başda ağlayır.

 

Yanağı gündən allanır,

Bir xəzəllə sığallanır.

Kirpiyindən şeh sallanır,

Buzları qışda ağlayır.

 

Donub görünməz qorxuya,

Susub cavabsız sorğuya,

Ayılmaz, gedib yuxuya,

Gözləri huşda ağlayır.

 

Görmür özü gündüzünü,

Döndərib dostdan izini.

Əliylə örtüb üzünü

Heykəli daşda ağlayır.