Elektron ədəbiyyat və sənət portalı

Tövbə qapısı

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 11.10.2023

 

Fikrət Sadıq

(1930-2016)

Şair, publisist. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət mükafatı laureatı. “Ömrün bir günü”, “Dəniz küçəmizə gəlir”, “Sevgi yağışı”, “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Yerdən göyə ümid”, “Məndən soruşsalar”, “Gəlin yuyaq dənizi”, “Dünya öz işindədir”, “Birparça vətən”, “Taleyin acığına” və bu kimi onlarla şeir kitabının müəllifidir. S.Marşakın və T.Fikrətin şeirlərini dilimizə çevirib.

 

Tövbə qapısı

Dünyada, təki bir fərd

               tövbə edən tapılsın.

Göyə baxsın, açıqdır

               göyün tövbə qapısı.

Bu məbəd gecə-gündüz

                heç vaxt qapanmır əsla.

Tövbə edən, yaxın gəl,

              Səni gözləyir Allah.

 

Bir yerdədir

Əsl dünya imiş bu!

Cənnət də, cəhənnəm də.

İnsan belə aldanır,

Cənnətdə, cəhənnəmdə.

 

İkisi bir yerdədir,

Cənnət də, cəhənnəm də.

Yaşayırıq yerdə biz –

Cənnətdə, cəhənnəmdə.

 

Məkr dağarcığı

Yaranışdan elə budur

Üzdədir iti qılçığı.

Heç nədən bəhanə tapır,

Divara yaxır palçığı.

 

Dilinə nə gəlsə deyər,

Boşdur ağzının çax-çaxı.

Fikirdən fikrə addayır,

Dolaşır məna saçağı.

“Srağagün” - nədir bilmir.

Qarışıq salır hacağı.

Sözün gözünə qum atır,

Örtülür sözün açığı.

 

Qarnı qurdlu, qəlbi soyuq,

Dil altında var bıçağı.

Dünən - ölü, sabah - nisyə,

Bəyənir yalnız bu çağı.

 

Sənətə meyli varsa da,

Yoxdur zərrə qanacağı.

Əyrini görəndə susar,

Düzə “hə” deməz, ha çığır!

 

Tanıtdım aləmə bunu,

Tutsa da mənə acığı.

Buna tək bir ad yaraşır,

Yalnız məkr dağarcığı.

 

Gecə yağış yağırdı

Gecə yağış yağırdı

Çox vaxt gecələr yağar

güclü-güclü yağışlar.

Görən nə hikmətdi bu?

Görən bunda nə sirr var?

Bir gilə yaş tökəndə

üzünü örtər insan.

Gündüz yağsa bu leysan

Utanmazmı buludlar,

bu qədər göz yaşından?!

 

Adamo

Adam sevməz adamdı o - adamo!

Bir kimsədən salam almaz,

salam verməz, bir kimsəyə yovuşmaz.

Yan-yana axan

qoşa arx olsa da, düzdə

qol uzadıb qonşusuna qovuşmaz.

Adam odur, adam odur, adam o!

Heç bir kəsi bəyənməz

Guya heç kəs adam deyil,

Bu dünyada yalnız-yalnız

Adam odur, adam odur, adam o!

 

Tarix elmi

Keçmişin o tayını görmək üçün

tarixin o başına, gedib-qayıtmaq üçün,

Çaş-baş qalmış milləti

qəflət yuxusundan ayıltmaq üçün

Ya dərə-təpə aşmalısan,

ya səhradan keçməlisən,

ya meşədən.

Kim bunu bacarmırsa

əl çəksin bu peşədən.

Minlərcə alim azıb bu yerdə.

bizi də azdırıblar.

Ya özləri bilə-bilə yazıblar,

ya onlara bu tarixi yazdırıblar.

 

Qoy başını çiynimə

Qoy başını çiynimə, gülüm,

Qoy uzansın bu qatarın yolu.

Çiynimdə daş daşıdığım olub,

Dərd daşımağım olub.

Bu da qismətimdə varmış:

Çiynimdə gözəllik də daşımalıyammış!

Qoy başını çiynimə, gülüm!

Qoy uzansın qatarın yolu.

 

Dön bax illərə, aylara

Dön bax illərə, aylara:

Nəyim varsa, para-para.

Qara günüm çoxdur, qara

Torpağı örtün üstümə.

 

Günəşə baxdım bu səhər,

Bir teli mənə bəs edər

Buluddan süzülən o zər

Saçağı örtün üstümə.

 

Tale niyə zalım olsun,

Göylər mənə zamin olsun,

Bir dərə məzarım olsun.

Bir dağı örtün üstümə.