Borxes ədəbiyyat haqqında

 

Xorxe Luis Borxes

(Argentina)

(1899–1986)

 

“Mən bir yazıçı kimi Amerika ədəbiyyatına çox borcluyam. Yeni İngiltərə və onun dünyaya bəxş etdiyi xeyli sayda (çox güman ki, astroloqlar bu fenomenin izahını verə bilərlər) nadir insanlar barədə düşünürəm: Emerson, Melvill, Toro, Kenri Ceyms, Emili Dikinson və başqaları… Onlar olmasaydı, bizlər də olmazdıq. Axı bizlər haradasa o Yeni İngiltərə kəhkəşanının olsa-olsa əks-sədalarıyıq.

***

“Mütaliə etdiyim ilk roman Mark Tvenin “Heklberri Finn” romanı olub, sonra Preskottun “Meksika və Perunun fəthi” əsərini oxudum. Bu günəcən hər iki müəllifə minnətdaram. Məncə, bəşəriyyətin bütün keçmişi küll halında yazıçıya təsir edir. Yəni yalnız bir ölkənin mədəniyyəti, yaxud da hansısa bir dil yox, hətta oxumadığı yazıçılar da onun formalaşmasına xidmət edir. Çünki minlərlə insanın əsəri olan dil estetik faktdır”. 

***

“Skandinav ədəbiyyatı, saqalar, island folkloruyla da çox maraqlanmışam… Əslində, bütün ədəbiyyatlar gözəldir. Bir anlıq dünyanı, məsələn, Verlensiz, Hüqosuz təsəvvür edin. Çox kədərli olardı. Niyə axı özümüzü nələrdənsə məhrum edək? Bizlər nəyə görə kitabxana kahinləri olmalıyıq? Çünki kitabxanalar bizə daimi, əlçatan xoşbəxtlik bəxş edir. Əgər Robinzon Kruzo kimi kimsəsiz adada yaşamalı olsaydım, özümlə Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi” kitabını götürərdim və yəqin ki, bu mənə kifayət edərdi. Amma hansısa ensiklopediyanı da özümlə aparmağa imkan versəydilər, daha yaxşı olardı. Mənim kimi hər şeylə maraqlanan insan üçün ensiklopediya ən münasib mütaliə vasitəsidir. Fərq etməz, onlardan ən qədimi – Pliniya, ya da ən yenisi – Britaniya, yaxud Avropa ensiklopediyası olsun, hamısı çox dəyərlidir”.

***

“Adətən, roman janrıyla döyüşdən qaçıram. Bu məsələdə mənim üçün yalnız “Don Kixot”, Konrad və Dikkensin romanları istisnalıq təşkil edir. Deyim ki, hətta Tekkerey, yaxud Flober kimi müəlliflərin məşhur romanlarını da sonacan oxumağa tab gətirmədim. Amma təəssüf…”

***

“Mən indi yapon dilini öyrənməyə çalışıram. Amma bu dil o qədər qəlizdi ki… Bizim qərb dilləri ona ispancanın quarancadan geri qaldığı qədər uduzur. Yapon dili çalarlarla zəngindir. Bu mənada, bir hokkunun bir neçə tərcüməsini oxuyanda görürsən ki, eyni zamanda həm fərqli, həm də dəqiqdir. Səbəb orijinalın müdrikcəsinə birmənalı olmamasındadır (Henri Ceymsin nəsri kimi). Anın dəyəri hokkuda dərhal nəzərə çarpır. Sanki onun məqsədi anı saxlamaqdır. Həmçinin mən bu janrda metaforun olmamasına diqqət yetirdim. Belə təsəvvür yaranır ki, yaponlar üçün hər hadisə, hər əşya heç nəylə müqayisə olunmayacaq dərəcədə təkdir, nadirdir. Təzad isə nə qədər istəsən var”.

***

“Yazıdan soyumaq yazıçı üçün ən dəhşətli cəzadır. Mənim nümunəmdə bu, mümkün deyil. Həmişə hiss etmişəm ki, ədəbiyyat mənim taleyimdir. Bilmişəm ki, mütləq ədəbiyyatla bağlı olacağam – yazıçı, ya da oxucu kimi. Mən yalnız yazmaqdan və mütaliədən həzz almışam. Çap olunmağa gəlincə, bu heç vaxt mənə həzz yaşatmayıb. Bir dəfə Alfons  Reyesdən yazdıqlarımızı niyə çap etməyimizin səbəbini soruşanda cavabı belə olmuşdu: “Bütün ömrümüzü yazılarımızın qaralamaları üzərində işləməyə həsr etmək istəmədiyimizdən onları çap edirik”. Fikrimcə, o, haqlıdır. Hansısa bir kitabım işıq üzü görəndə onun taleyi ilə maraqlanmıram, haqqında yazılanları da qəti oxumuram, satılıb-satılmadığını da öyrənmirəm. Sadəcə, yeni, tamam fərqli bir kitabım barədə düşünürəm. Amma adətən, hər növbəti kitabım əvvəlkilərlə çox oxşar olur”.

***

“Son redaktə məsələsi məni həmişə təəccübləndirir. Məgər əvvəlcədən dəqiq bilmək olarmı ki, bir müddət sonra müəllif o vaxt yazdığı hansısa nöqtənin, yaxud təşbehin yerində olmadığı qənaətinə gəlməyəcək? Bu, absurddur. Mənə gəlincə, bu vaxtacan yazdıqlarımın hamısını yandırmaq istərdim. Amma bəlkə də, cəmi bir kitabımı – “Qum kitabı”nı, həm də, yəqin ki, “Gizli yazı”nı xilas etmək mənə xoş olardı. Digərləri isə unuda bilər və unudulmalıdır”.

***

“Fikrimcə, nəsr və nəzm arasındakı əsas fərqi mətn yox, oxucu müəyyənləşdirir. Belə ki, oxucu nəsrdən xəbər, məlumat, yaxud hökm gözlədiyi halda, şeirin, ilk növbədə, onun hisslərinə təsir edəcəyini düşünür. Bəli, mətndə heç bir fərq yoxdur, fərq yalnız oxucuda, onun düşüncə tərzindədir. Fikrimcə, bu mənada klassik əsərlər də xüsusi yazılmış yox, xüsusi oxunan əsərlər cərgəsinə aiddir. Yer üzündə nə qədər oxucu varsa, bir o qədər oxucu tipi var. Bununla yanaşı, həm də əminəm ki, yazılmış hər əsər – istər şeir, istər hekayə, təkrarolunmazdır. Bu gün kədərli də olsa, əsl oxucu zümrəsinə aid insanlar yox olmaq təhlükəsi ilə üzləşiblər.