Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzində «Nəsimi poeziyası» mövzusunda dəyirmi masa keçirilib

Bölmə: Xəbər 29.08.2019

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib.

Filologiya elmləri doktoru, prof. Bədirxan Əhmədli, filologiya elmləri doktoru, prof. Rüstəm Kamal, Vilayət Hacıyev, Yaşar Əliyev, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Salam Sarvan, Püstə Axundova və Tərcümə Mərkəzinin digər əməkdaşlarının iştirakıyla keçirilən dəyirmi masada  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamının ölkəmizin mədəni həyatında çox əlamətdar hadisə olduğu qeyd edilib.

Etimad Başkeçidin moderatorluğu ilə aparılan müzakirələrdə Nəsimi şəxsiyyətinin və yaradıcılığının ən müxtəlif aspektləri, tarixi konteksti, nəsimişünaslığın aktual problemləri ilə bağlı məsələlərdən danışılıb.

Hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapmış sənətkarın poetik irsi, fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələrinin bütün dünyada tanıdılması və təbliğ edilməsinin perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.