Elektron ədəbiyyat və sənət portalı

Elbəy Rzaquliyevin sənət dünyası

Bölmə: Art 20.09.2019

 

Azərbaycan təsviri sənətinin gör­kəmli nümayəndəsi, professional kino rəssamı, yaradıcılığında kino rəssamlığı, rəngkarlıq və qrafika sa­hələrinin özəlliklərini və incəliklərini xüsusi məharətlə birləşdirməyi, həmçinin kamil sənət nümu­nələri yaratmağı bacaran rəssam barədə söz açmaq istəyirik. Bu şəxs Azərbaycanın Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevdir (1926–2007).

Elbəy Rzaquliyev Bakı şəhərində anadan olub. Atasının sənət adamları ilə tanış­lığı və münasibətləri balaca Elbəydə hələ kiçik yaşlarından bu sahəyə xüsusi maraq oyadıb. E.Rzaquliyev 1946-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra təhsilini Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib (1946–1953). Orada dövrü­nün tanınmış rəssamları və pedaqoqları olan Q.Şeqal, E.Pimenov, M.Boqdanov və A.Dixtiyardan kino rəssamlığı sənətinin incəliklərini öyrənib. Təhsilini başa vu­rub vətənə dönən gənc rəssam 1953-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Rəssam həmçinin ic­timai sahədə də çalışıb. Belə ki, o, Azərbaycan Rəssamlar İtti­faqının İdarə Heyətinin katibi vəzifəsinə seçilərək on ildən artıq (1977–1987-ci illər) bu vəzifəni şərəflə daşıyıb.

Rəssamın çoxşaxəli yara­dıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətlən­dirilib. Belə ki, rəssam Əmək­dar incəsənət xadimi (1964) və Xalq rəssamı (1977) fəxri ad­larına, eləcə də SSRİ Rəssam­lıq Akademiyasının diplomu (1974), Dövlət Mükafatı (1986) və müstəqillik illərində Ulu öndər Heydər Əliyevin Sə­rəncamı ilə “Şöhrət” ordeninə (1998) layiq görülüb.

E.Rzaquliyevin yaratdığı sə­nət tabloları bir çox muzey, qalereya və şəxsi kolleksiya­larda saxlanılır. Onun 1960-cı ildə “Meksikada” adı ilə Bakıda və Moskvada, 1965-ci ildə “Şərq ölkələrində” adı ilə Bakıda və Moskvada, 1967-ci ildə Moskvada və Kaunasda, 1989-cu ildə Moskvada, 2006-cı ildə isə Bakıda fərdi sərgiləri təşkil olunub. Rəssam dəfələr­lə xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub: Mek­sika (1959), Rumıniya, İtaliya (1960), Hindistan, Tailand, Ya­poniya (1962), ABŞ (1963), Tür­kiyə, Suriya, Yəmən, Küveyt, İordaniya (1965), İsveçrə (1980), Nepal (1983), Lüksemburq (1984), Almaniya (1995) və s.

İstedadlı kino rəssamı kimi E.Rzaquliyev bir çox filmlərə bədii quruluş verib, obrazların geyim eskizlərini hazırlayıb. Nə qədər qəribə görünsə də, hazırda sevə-sevə izlədiyimiz filmləri seyr edən tama­şaçı, nədənsə, onların daha maraqla baxılması, filmin süjet xəttinin açılmasına xid­mət edən məkanın seçilməsi və ya hazırlanması, həmçinin obrazların filmin ideya qayəsi ilə səsləşən geyim eskizləri və s. cəhətdən dolğun alınmasın­da rəssamların gərgin əməyinə bir o qədər də diqqət ayırmır. Təbii ki, E.Rzaquliyev ilk öncə kino rəssamı idi. Onun əsa­sən bədii filmlərdəki yaradıcı­lıq uğurları və bir çox filmlərə vermiş olduğu bədii quruluş həlli rəssamın hərtərəfli elmi-bədii yaradıcılıq potensialına və güclü fəhmə malik olmasından irəli gəlirdi.

 

Rəssamın, üzərində çalışdığı filmlər sırasında “Onun böyük ürəyi” (1958), Ögey ana” (1958) (Məmməd Hüseynovla birgə), “Telefonçu qız” (1962), “Möcü­zələr adası” (1963), “Arşın mal alan” (1965), “Uşaqlığın son ge­cəsi” (1968), “Sevil” (1970), “Fit­nə” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” və s. xüsusilə seçilir.

E.Rzaquliyev kino rəssamlığı ilə yanaşı, zövqümüzü oxşayan çox­saylı rəng­karlıq və qrafika nümu­nələ­ri ya­radıb. Rəssamın əsərlərinin bir çoxu ideolo­ji mövzuda olsa da, həmin əsərlər texniki işlənilmə xüsusiyyət­ləri və ustalıq baxımından bu gün də yüksək sənət nümunəsi kimi qəbul edilir.

E.Rzaquliyev İçərişəhərdə dünyaya göz açıb, Abşeronda böyüyüb, boya-başa çatıb. Yaddaşına hopmuş İçərişəhərin nostalji xatirələri və Abşeron təbiətinin füsunkar mənzərələri rəssamın yaradıcılığından qırmızı xətt kimi keçir. Hətta rəssam natürmortlarında da bu incəlikləri xüsusi məhəbbətlə tərənnüm edib. Onun yaradıcılığında natürmort janrı xüsusi yer tutur. Buna misal kimi “Qumlar fonunda kuzə” (1977), “Qırmızı və ağ qızılgüllər” (1978), “Ağ qızılgüllər” (1978), “Qərənfillər” (1978), “Bənövşələr və qərənfillər” (1978), “Şərq natürmortu” (1983), “Şərq silahları” (1985), “Qızılgüllər” (1986) və başqalarını göstərmək olar.

E.Rzaquliyevin əsərləri dünyanın bir çox ölkələrində əsl sənət nümunəsi kimi qəbul edilir. Qeyd etdiyimiz kimi o, yaradıcılıq ezamiyyətlərində olmuş və səfərlərinin nəticəsi olaraq rəsmlər, eskizlər, etüdlərlə vətənə dönüb sonradan təəssüratlarını kətana köçürərək tamaşaçı və sənətsevərlərin yüksək marağına səbəb olan sənət nümunələri yaratmışdır. Rəssam səfər etdiyi məkanın mədəniyyətini dərindən müşahidə edərək həmin ölkənin təsviri sənətinin ənənələrinə uyğun əsərlər yaratmağa çalışmışdır. Rəssamın “Meksika silsiləsindən” (1959-1960) “Meksikalı qızlar” “Meksikalı”, “Meydanda”, “Meksikalılar kilsə önündə”, “Meksika insanları”, “Ərəb silsiləsindən” (1965-1966), “Məscid”, “Yəmənli əsgər”, “Suriyada kənd”, “Ömər məscidi önündə”, “Qırmızı çalmalı ərəb”, “Ədəndə səhər namazı”, “Yerusəlimdə məscid”, “Hindistan silsiləsindən” (1977-1978), “Hindistan memarlıq abidəsi”, “Dehli”, “Tac-Mahal”, “Yaponiya silsiləsindən” (1695), “Fudzyama dağı”, “Atelyedə”, “Çətirlər. Nikkedə yağış” və s. kimi rəngkarlıq və qrafika əsərlərini xüsusi qeyd etmək olar. Sadalanan əsərlərin hər biri yüksək bədii estetik mahiyyəti, texniki işlənilmə xüsusiyyətləri və mükəmməlliyi ilə diqqəti cəlb edir.

Əsəd QULİYEV

sənətşünas