NİZAMİ CƏFƏROV – 60

 

Nizami olmaq

 

Bu il dəyərli ziyalımız, görkəmli dilçi-ədəbiyyatşünas alim, əziz qardaşım Nizami Cəfərovun 60 yaşı tamam olur. 60 yaş, həyatın hansısa mərhələsinin yekunlaşdığı, irəlidə gələn növbəti, daha məsul dövrə adlanılacaq həlledici keçid məqamı – insanın, özü və yaşadığı cəmiyyət qarşısında verəcəyi ilk hesabat anıdır. Yəni bu yaşa qədər necə yaşayıb, hansı yolu tutub, hansı əməllər sahibi olub, vətəninə, xalqına nə kimi xeyir verib və sair və ilaxır. Düşünürəm, bu sarıdan Nizaminin deməyə, hesabat və əməl dəftərçəsini qürur və alınaçıqlığı ilə doldurmağa kifayət qədər sözü var.

      Bir həqiqətlə razılaşmalıyıq ki, bu gün ölkənin elm, mədəniyyət, təhsil sahəsində yaşananlar, dil, ədəbiyyat müstəvisində qarşılaşdığımız acı mənzərələr, tragikomik olaylar hər birimizi dərindən düşünməyə, düşdüyümüz bu qaranlıq quyudan çıxmaq üçün mümkün yollar axtarmağa vadar edir. Zənnimcə, təhsilimizin inkşafı, kitaba, mütaliəyə marağın artırılması, oxucu zövqünün formalaşdırılması və sair bu kimi tədbirlərlə uzun-uzadı uzanan bu xilas yollarının ən işlək və etibarlı olanlarından biri, çağdaş dövrümüzdə nadir rast gəlinən savadlı, bilikli İnsanımızın – Peşəkarın müstəsna dəyərini anlamaq, dediyi sözün əhəmiyyətini dərk etməkdir.

     Söhbət, bu il yubileyini qeyd etdiyimiz belə bir nadir simadan – şüurumuza, düşüncəmizə illər uzunu dirildici ziya, aydınladıcı təfəkkür axını ötürən, bu gərgin, müqəddəs və şərəfli işdən usanmayan savadlı, bilikli İnsanımızdan – akademik Nizami Cəfərovdan gedir.

      İndi, yubileyi ərəfəsində yazdığım bu yazıyla mən heç də alimin mükəmməl dil və ədəbiyyat bilgisindən, dilçilik və filologiya elminin nəzəri və praktik sahəsində xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə, klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi saysız-hesabsız töhfələrdən söz açıb oxucunu yormaq istəmirəm. Niyyətim, sadəcə, ömrünün əlamətdar mərhələsinə çatmış İnsanımızın özəl dəyərini anlatmaq, onunla bağlı təəssüratlarımı bölüşməkdir.

    İlk əvvəl ondan başlayaq ki, Nizami Cəfərov Azərbaycan ədəbi tənqid tarixinin parlaq yetirməsi, bu tarixi mütərəqqi fikir və ideyalarıyla qurub-yaratmış, onun formalaşması və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlər pleyadasının – Mirzə Fətəli Axundov, Əli Nazim, Firidun bəy Köçərli, Mir Cəlal, Məmmədkazım Ələkbərli, Mustafa Quliyev, Məmməd Cəfər, Arif Dadaşzadə, Kamal Talıbzadə, Məsud Əlioğlu, Yaşar Qarayevin layiqli davamçısı, eyni zamanda, bu mötəbər Fikir Müstəvisini bədii sözə sevgi və sədaqətlə zənginləşdirən, milli ədəbiyyatın yönləndirilməsi və dəyərləndirilməsi ənənəsini müstəsna baxışları, əsərə, ədəbi mətnə yeni, fərdi yanaşması ilə təzələyən novator-alimdir.

      Nizaminin bu yeni təhlil metodunu ənənəvi elmi-ədəbi tənqiddən fərqlənən mütərəqqi özəllik – predmetin özü vasitəsilə özünütəhlili, ayrı sözlə desək, yazılanın, yazanın yazdığıyla izahıdır ki, milli ədəbi tənqidimizdə yeni yanaşma – ədəbiyyatın, bədii əsərin gizli şifrəsini açmağa, yazıldığı anı öz hərarətində ötürməyə qadir yeni ədəbi tənqid mədəniyyəti kimi diqqət çəkir. Müfəssəl elmi araşdırmaya, dərin fəlsəfi izah və əsaslandırmalara ehtiyac duymayan, oxucunu qəliz, yorucu nəzəri baxışlardan azad edib, yazıçıyla məhrəm təmas, yaradıcı anlaşma mühiti yaradan bu yanaşma “yeni ədəbi tənqid” də  adlandırıla bilər.

      İlk baxışda kimlərəsə sadə və asan görünən bu təhlil üsulu əsərin məziyyətlərinə və qüsurlarına varmayan, heç bir elmi-nəzəri əsaslara, düstur və ehkamlara söykənməyən ötəri baxış bucağı təsiri bağışlasa da, bir qədər dərinə varsaq, bunun, əslində, ciddi elmi-yaradıcı iş, fitri ədəbi duyum və istedad tələb edən çətin bir yol – mətnlə mükəmməl işləmək bacarığı, dərdi çarədən ayırmaq, səbəb və nəticə paralelliyini dəqiq aparmaq qabiliyyəti, bir sözlə, xüsusi peşəkarlıq və ustalıq tələb edən əlahiddə Yozum Yolu olduğunu anlayarıq.

      Əsərin alt qatında gizlənənlərin dəyilib-toxunulmadan, şərhsiz və əlavəsiz, üst qatıyla açılması, oxucuya sirr qalanların, ədibin nə vaxtsa, haradasa səsləndirdiyi fikir və qeydləri ilə izahı – yaradıcı fərd və onun müstəsna dərdi olan yaradıcılığı üzərində aparılmış ciddi diaqnostik araşdırma əməliyyatından xəbər verir, müəllifin, əksər hallarda özünə də məlum olmayan gizli niyyətinin, şüuraltı qatlarda yaşanan sirli nəsnələrin asanlıqla qavranılmasına geniş imkanlar yaradır, bu təhlilin ideya müəllifinə isə “analitik düşüncə sahibi” adı qazandırır.  

    Nizaminin nailiyyətlərini, təkcə bu yeni təhlil modeli ilə – elmi-nəzəri fikrin sadələşdirilib, aydınlaşdırılıb, oxucu üçün əlçatan şəklə salınması, oxucu-yazıçı münasibətlərindəki yarıqaranlıq, keçilməz sədlərin, örtük və pərdələrin “qəribə bir rahatlıqla” aradan qaldırılmasıyla məhdudlaşdırmaq olmaz. Alimin özəl uğurları sırasında onun, zamanın axarıyla mövzu və məzmun çalarları üzrə daim hərəkətdə olan Ədəbiyyat və onun adamlarıyla birgə, necəsə dəyişib-yenilənmək, yaxud özü özünü yeniləmək qabiliyyəti, yazıçı baxışını, eyni yaradıcı nəfəslə, şair uçuşlarını, eyni ruhsal çəkisizliklə davam etdirmək bacarığı da dayanır ki, bu keyfiyyətlər alimin, həm də bədii istedadından, fərqli yaradıcı potensialından xəbər verir.

     Bu müstəsna fərqliliyi eynilə, işıqlı ziyalımızın dilçilik fəaliyyətinə, bu sahəyə verdiyi töhfələrə də şamil etmək olar. Nizami burada da fitri istedad sahibi, yaradıcı-novatordur. Sanki sözü, onun yaranışı, qaynağı, ömür yolu, tarixi inkişaf mərhələləri, istifadə mədəniyyətilə bağlı aldığı bilgilərdən daha əvvəl, lap qədimlərdən tanıyır, dili, onun norma və qaydalarının fövqündə, gizli şüuraltı yaddaşla duyur, əslini saxtasından zərgər dəqiqliyi ilə seçib ayırır.

      Beləcə, alimin insan, müəllim, dost, natiq və digər fərqliliklərindən də söz açmaq, bəlkə də, bir kitaba yerləşəcək uzun-uzun təhlillər aparmaq olar. Qısaca olaraq, keçilən bu altmışillik həyat və yaradıcılıq yoluna nəzər salanda bu dəyərli İnsanımız  – milli ədəbi fikrin keşiyində duran fədakar alim, haqqı nahaqqa verməyən vicdanlı vətəndaş, fikrini sərbəst ifadə edən səmimi siyasi xadim, qələmə, sözə tapınan əhli-qələmi də bəzən qanadı altına alıb, rəhmli yazılarıyla ovudan böyük mərhəmət sahibi, ən çətin məqamlarda dostunu darda qoymayan cəfakeş dost kimi nizamlı və şərəfli bir ömür yaşadığının şahidi oluruq.

    İslamda, eləcə də qədim sufi baxışlarında dost – insanlıq tarixində bütün mövcud dəyərlərin zirvəsi, arxa, dayaq, qoruyucu, anlayan, xilaskar mənasının daşıyıcısıdır. Bu baxımdan Nizami, ilk növbədə, Azərbaycan dilinin və ədəbiyyatının böyük dostu, arxa-dayağı, qoruyucusudur.

   Son illərin “Orfoqrafiya lüğəti savaşlarında” – dilimizin saflığı uğrunda gedən söz döyüşlərində sona qədər bizimlə çiyin-çiyinə dayanan, qarşı tərəfdən atılan zərbələri sərrast cavab atəşləriylə havadaca susduran bu qüdrətli Söz Sərkərdəsini, elə bilirəm, qarşıda hələ daha böyük qələbələr gözləyir.

     Var ol, əziz qardaşım! Adın kimi Nizami olmaq hünəri hər kəsə nəsib olan xoşbəxtlik deyil. Şükür ki, varsan! Dilimizə arxa oldun, onun uğrunda savaşlarda bizi meydanda tək qoymadın. Millətin ziyası, maariflənməsi yolunda bütün etdiklərinə və edəcəklərinə görə yüz yaşa!

Afaq Məsud