Elektron ədəbiyyat və sənət portalı

Ernest Heminqueyin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 04.09.2019

 

Ernest Heminquey
(ABŞ)

 

Bir günün nigaranlığı

(hekayə)

O, pəncərələri bağlamaq üçün otağa daxil olanda hələ yatağımızdan qalxmamışdıq. İçəri girən kimi, xəstə olduğunu hiss etdim. O titrəyirdi, sifəti ağappaq idi. Asta yerişindən ağrındığı hiss olunurdu və sanki hər addımdan sonra ağrısı daha da çoxalırdı.

– Nə olub sənə, Şatz?

– Heç nə, bir az başım ağrayır.

– İstəyirsən, get bir az uzan.

– Yox, yaxşıyam.

– Get, get uzan, paltarımı geyinim, mən də gəlirəm.

Amma aşağı düşəndə o hələ də uzanmamışdı. Onyaşlı oğlum buxarı qarşısında oturub büzüşmüşdü. Əlimi alnına qoyan kimi hərarətli olduğunu hiss elədim.

– Şatz, get otağına, bir az yat, xəstələnmisən.

– Yox, istəmirəm, yaxşıyam.

Həkim çağırdıq və gələn kimi ilk işi xəstənin hərarətini ölçmək oldu.

– Neçədi? – soruşdum.

– Yüz iki.

Həkim müxtəlif rəngli kapsullarda üç dərman verdi, gedərkən də onlardan necə istifadə etmək lazım olduğunu dedi. Dərmanlardan biri qızdırmanı salmaq, digəri turşuluğun artmasının qarşısını almaq üçün idi. Üçüncü dərman isə qarın işlətmə dərmanı idi. Həkim izah elədi ki, turşuluğun qarşısı alınmasa, xəstənin qripi ağırlaşa bilər. Deyəsən, həkim qriplə bağlı hər şeyi bilirdi. Onun fikrincə, qızdırması yüz dörd dərəcədən yuxarı qalxmasa və xəstə pnevmaniyadan qoruna bilsə, qorxulu heç nə yox idi.

Həkimi yola salandan sonra balaca kağızda Şatzın hərarətini və dərmanların verilmə vaxtlarını yazdım.

– Bəlkə, sənə nəsə oxuyum, qulaq asasan, Şatz?

– Bilmirəm, istəyirsən, oxu, – dedi.

Onun rəngi-ruhu hələ də ağappaq idi, gözlərinin altı qaralmışdı. Sakitcə çarpayıda uzanmış və sanki bütün ətrafından uzaqlaşaraq öz aləminə qapılmışdı.

Mən ucadan Hovard Paylın “Dəniz quldurlarının kitabı” əsərini oxumağa başladım. Amma az sonra gördüm ki, fikri başqa yerdədir.

– İndi necəsən? – soruşdum.

– Elə bayaqkı kimi, – dedi.

Çarpayının ayaq tərəfində oturub o biri dərmanı içməyin vaxtı çatanacan özüm üçün kitab oxumağa başladım. Bir neçə səhifə oxuduqdan sonra elə bildim, o artıq yuxuya gedib. Amma gözlərimi kitabdan qaldıranda onun oyaq olduğunu və çox qəribə nəzərlərlə çarpayının ayağına baxdığını gördüm.

– Niyə yatmırsan? Yum gözlərini, bir az yuxuya get. Dərman içməyin vaxtı gələndə səni oyadaram.

– Yox, yatmaq istəmirəm, oyaq qalmaq istəyirəm.

Bir neçə dəqiqədən sonra isə dedi:

– Ata, əgər darıxırsansa, get. Mən tək də qala bilərəm.

– Yox, narahat olma, darıxmıram.

– Yəni deyirəm getmək istəsən, get. Mənə görə narahat olma.

Mənə elə gəlirdi ki, o, qızdırmanın təsiri ilə belə danışır. Saat on birdə onun dərmanını verəndən sonra bir az təmiz havada gəzişmək üçün evdən çıxdım.

Hava günəşli olsa da, soyuq idi. Hər tərəfi örtmüş nazik qar donduqdan sonra elə təəssürat yaradırdı ki, sanki bütün çılpaq ağaclar, kol-kos, yerə tökülmüş çır-çırpı, otlar və torpaq ağ boya ilə rənglənib. İrland cinsindən olan balaca, qırmızı itimiz də yanımda idi.

Yollar buzlu olduğundan, it yeriməkdə çətinlik çəkir, tez-tez sürüşüb yıxılırdı. Mən özüm də iki dəfə yıxıldım. İkinci dəfə yıxılanda ov üçün götürdüyüm tüfəng də əlimdən düşdü.

İlk hədəfim ətrafını kol-kos basmış təpənin aşağısındakı kəkliklər oldu. Onlardan ikisini vura bildim. Sonra kəkliklər havaya qalxıb təpənin arxasına uçdular. Amma bəziləri ağacların budaqlarına qondu, bəziləri isə sıx kolluqların arasında görünməz oldular. Oradan çıxmaları üçün qarla örtülü kolların üstünə tullanıb onları hürkütmək lazım idi. Bu vəziyyətdə də dəqiq nişan almaq mümkün deyildi. Ona görə də cəmi ikisini vura bildim, beş gülləm hədəfdən yayındı. Sonra vurduğum kəklikləri də götürüb, yenə burada ov edəcəyimi düşünərək kefi kök halda evə qayıtdım.

Evdə dedilər ki, Şatz heç kimi otağına buraxmır.

– Gəlməyin, istəmirəm, – deyirdi, – istəmirəm, siz də mənim kimi xəstələnəsiz.

Otağına qalxdım. Buradan çıxanda onu necə qoymuşdumsa, eləcə qalmışdı. Sifəti yenə ağappaq idi və yenə baxışlarını çarpayının ayağına zilləmişdi. Qızdırması olduğundan, yanaqlarında xəfif bir qızartı da vardı.

Onun hərarətini ölçdüm.

– Neçədi?

– Yüzə yaxın, – cavab verdim.

Amma əslində, yüz iki yarım idi.

– Səhər yüz iki idi, – dedi.

– Sən hardan bildin?

– Həkim deyəndə eşitdim.

– Hərarətin çox da yüksək deyil, narahat olma.

– Narahat deyiləm, – dedi – amma fikirliyəm.

– Fikirli olma, nə fikirləşirsən? Bir az rahat ol.

– Rahatam, – dedi və başını qaldırıb irəli baxdı.

Deyəsən, o nəyisə özünə əməlli-başlı dərd eləmişdi.

– Al, bu dərmanı da iç.

– Səncə, bunların bir xeyri olacaq? – soruşdu.

– Əlbəttə, olacaq.

Bir azdan dəniz quldurları haqqında olan kitabı ucadan oxumağa başladım. Amma o yenə məni dinləmirdi. Ona görə də dayandım.

– Ata, səncə, mən nə vaxt öləcəm?

– Nə?

– Deyirəm, səncə, ölməyimə nə qədər qalıb?

– Nə ölmək? Nə danışırsan?

– Mən bilirəm. Həkim deyəndə eşitdim ki, istiliyim yüz ikidir.

– Yüz iki dərəcədən adam ölmür. Nə boş-boş danışırsan?

– Məni aldatma, ata! Fransada oxuyanda uşaqlar deyirdilər ki, adamın qızdırması qırx dörddən yuxarı qalxanda ölür. Mənimki yüz ikidir.

Sən demə, o, səhərdən bəri ölümünü gözləyirmiş.

– Ay səni, səfeh Şatz, – dedim – Allah sənə ağıl versin. Bunlar başqa-başqa şeylərdir – kilometrlə mil kimi. Ölüb eləməyəcəksən, qorxma. Bu termometr başqadır. Burada doxsan səkkiz dərəcə normaldır. Sən dediyində isə otuz yeddi dərəcəyə qədər normaldır.

– Düz deyirsən?

– Hə, düz deyirəm. Bunlar kilometrlə mil kimi fərqli şeylərdir. Bax, məsələn, biz maşınla yetmiş mil gedəndə neçə kilometr olur?

– Hə, başa düşdüm – dedi və çarpayının ayağına zillənmiş baxışlarındakı narahatlıq yavaş-yavaş yox oldu. Elə bil çiyinlərindən dağ boyda yük götürüldü. Səhəri gün o ən xırda şeyə görə ağlayıb axşamacan yatağından qalxmadı.

Tərcümə edən: Təvəkkül ZEYNALLI