Ceyms Coys – “Uliss” İrland yazıçısının bu romanı ədəbiyyatda modernizmin zirvəsi hesab olunur. Romanda yəhudi əsilli Dublin sakini Leopold Blumun bir günü (hazırda bu tarix – 1904-cü ilin 16 iyunu əsərin pərəstişkarları tərəfindən “Blum günü” kimi qeyd olunur) təsvir edilir. Romanda əsas intriqa arvadının Bluma xəyanətindən qaynaqlanır. O, bunu bilsə də ona qarşı heç bir ölçü götürmür. Qeyd edək ki, antik yunan şairi Homerin “Odisseya” poemasının romana böyük təsiri olub. |
|
Marsel Prust – “İtmiş zamanın sorağında” Hələ qələmə alınmazdan əvvəl fransız yazıçısının bu əsərinin əksər ideyaları, motivləri, hadisələri onun yarımçıq qalmış “Jan Santey” (1896–1899) romanı, həmçinin tam yekunlaşmamış “Sent-Bövə qarşı” (1908–1909) fəlsəfi essesiylə bağlı etdiyi qeydlərdə təsvir olunub. Təxminən 3200 səhifəlik romanda 2 mindən artıq obraz canlandırılıb. |
|
Uilyam Folkner – “Hay-küy və hiddət” Amerika yazıçısının 1929-cu ildə nəşr etdiyi bu roman uzun müddət diqqətdən kənarda qaldı. Əsər yalnız müəllifin növbəti “Məbəd” (1931) romanının uğuru dalğasında məşhurlaşdı. Romanda müxtəlif üslublardan, o cümlədən şüur axınından geniş istifadə olunub. |
|
Mixail Bulqakov – “Master və Marqarita” Rus yazıçısı 1920-ci ilin sonlarında başladığı bu roman üzərində ömrünün sonunacan işləsə də, əsəri tam yekunlaşdıra bilməyib. Ölümündən sonra həyat yoldaşı yazıçının qaralama qeydlərini tutuşduraraq roman üzərində müəyyən redaktə işləri aparıb. Romanın “Mühəndisin dırnağı”, “Qara ovsunçu” kimi müxtəlif adlarla yazılmış ilkin versiyasını yazıçı 1930-cu ildə yandırıb. Əsər yalnız 1937-ci ildə “Master və Marqarita” adını alıb. |
|
Devid Lourens – “Ledi Çatterleyin məşuqu” İngilis yazıçısının 1928-ci ildə çap olunan bu romanı ilk vaxtlar seksual xarakterli təsvirlərə görə böyük qalmaqala səbəb olaraq nəşrinə müxtəlif ölkələrdə qadağa qoyulmuşdu. Müəllif üç variantda yazdığı bu romanın sonuncu versiyasına üstünlük vermişdi. Romanda klassik məhəbbət üçbucağı – gənc gözəl arvad, əlil ər, onların malikanəsinə nəzarət edən sakit, amma həm də bir qədər qəzəbli meşəbəyi – təsvir olunur. |
|
Cerom Selincer – “Çovdarlıqda uçurumdan qoruyan” Amerika yazıçısının 1951-ci ildə 17 yaşlı yeniyetmə Holdenin dilindən qələmə aldığı bu roman qəhrəmanın müasir Amerika cəmiyyətindəki daşlaşmış ehkamlara qarşı daxili qiyamından bəhs edir. Dünya mədəniyyətinə dərin təsir göstərmiş bu əsər həm gənc, həm də yaşlı nəsil arasında böyük şöhrət qazandı. Hətta məşhur “Bitlz” rok qrupunun aparıcı üzvü Con Lennonun qatili həbs olunarkən üstündə bu kitab tapılmışdı. |
|
Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı” Kolumbiya yazıçısının magik realizmin şah əsərlərindən sayılan bu romanı 35 dilə tərcümə olunub. İlk dəfə 1967-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə nəşr olunan roman 1965–1966-cı illərdə 18 ay ərzində Mexikoda qələmə alınıb. Müəllif ilk öncə əsərini “Ev” adıyla çap etmək istəsə də,onun qələm dostu Alvaro Samudionun 1954-cü ildə nəşr olunan “Böyük ev” romanıyla üst-üstə düşəcəyindən ehtiyatlanaraq fikrindən daşınıb. |
|
Corc Oruell – “1984” İngilis yazıçısının antiutopiya janrında yazdığı və 1949-cu ildə nəşr etdirdiyi bu romanda totalitar rejimlərin mahiyyəti tam çılpaqlığı ilə təsvir olunur. Naşirinə ünvanladığı məktubda müəllif bu mövzuda roman yazmaq ideyasının onda 1943-cü ildə yarandığını qeyd edir. Romanın ilk adı “Avropanın sonuncu adamı” olub. Amma kitabın naşiri daha artıq oxucu cəlb etmək məqsədilə müəllifə əsərin adını dəyişməyi təklif edib. Yazıçının nəyə görə məhz “1984”-ün üzərində dayanmasına gəlincə, ən yayğın mülahizələrə görə, sadəcə əsərdə baş verən hadisələr onun qələmə alındığı ilin iki son rəqəminin (1948–1984) yerini dəyişməklə müəyyən olunub və roman da məhz bu adı alıb. |
|
Alber Kamyu – “Yad” Fransız yazıçısının 1940-cı ildə qələmə aldığı bu ilk romanı tənqidçilər tərəfindən ekzistensializm fəlsəfəsinin şah əsəri kimi qəbul olunur. Romanda keçmiş zamanı əhatə edən hadisələr qısa cümlələrlə birinci şəxsin dilindən nəql olunur. Bu səbəbdən oxucu baş verənlərə əsərin qəhrəmanı olan müttəhim Mersonun gözləri ilə baxaraq sanki onunla birgə hadisələrin canlı iştirakçısına çevrilir. Yazıçının bu quru, təmkinli təhkiyəsinin sonralar Fransanın və dünyanın bir çox yazıçılarına böyük təsiri olmuşdu. |
|
Frans Kafka – “Məhkəmə” Praqada doğulmuş yəhudi əsilli Avstriya yazıçısının bu romanı ölümündən bir il sonra 1925-ci ildə nəşr olunub. 1914-cü ildə yazıçı öz şəxsi mənzilinə köçərək həyatında ilk dəfə valideynlərindən ayrı yaşayır. Romanın yazılma tarixi də məhz bu dönəmlərdə başlayır. İlk əvvəl əsər birnəfəsə yazılır – cəmi ikicə aya 200 səhifəlik əlyazma hazır olur. Amma buna baxmayaraq yazıçı bu işi dayandıraraq başqa əsərlər üzərində çalışır. Əsər nizamsız şəkildə ərsəyə gəlib. Müəllif öncə romanın birinci və sonuncu fəsillərini yazıb, digər fəsillər üzərində isə paralel işləyib. Tənqidçilər müəllifin bu məşhur romanında, demək olar ki, bütün janr və cərəyanların – modernizm, magik realizm, ekzistensializm, hətta marksizm və s. – olduğunu qeyd edirlər. |