Elektron ədəbiyyat və sənət portalı

Səməd Mərdanov – qısa ömrün uzun yolu

Bölmə: Art 24.08.2019

 

Azərbaycan kinosunun sütunlarından sayılan rejissor Səməd Mərdanovun yaradıcılığında, bütövlükdə 30-cu illər Azərbaycan kinosunda özünəməxsus yer tutan “Kəndlilər” filmi tarixi-inqilabi mövzuda lentə alınmış ən yaxşı ekran əsərlərindən sayılır. “Ölülər”i ekranlaşdırmaq arzusunda olan S.Mərdanov bu mövzunu məcburən işləməli olmuşdu. Bunu rejissorun özü də etiraf edirdi: “Mən “Ölülər”i çəkmək üçün mübarizə aparırdım. Mənə isə dedilər ki, “Ölülər” bir il sonraya qalsın, Azərbaycan və ya Rusiyanın bugünkü vəziyyətində XIX əsrin gənc adamlarının tarixçəsi ilə məşğul olmayın. İyirmi illik yubileyə (Sovet Azərbaycanı nəzərdə tutulur) lazım olan film çəkin. Ona görə də mən “Kəndlilər”i çəkmək qərarına gəldim”. Odur ki rejissor siyasi-ideoloji rəhbərliyin göstərişlərinə uyğun olaraq Azərbaycan Foto-Kino İdarəsinin (Az.FKİ) təklif etdiyi mövzu üzərində 1937-ci ilin əvvəllərindən işləməyə başlamış, ssenari müəllifi seçilmiş Georgi Mdivani ilə birgə çalışmaq üçün Tbilisiyə ezam olunmuşdu. Ssenarinin birinci variantı əsas kimi qəbul edilmiş, ikinci variantı az sonra SSRİ Xalq Komissarları Soveti (XKS) yanında Baş Kinematoqrafiya İdarəsinə (BKİ) göndərilmişdi. BKİ rəhbərliyinin “Azərfilm”ə göndərdiyi rəydə göstərilirdi ki, bu variant “...əvvəlki rəylərimizdə göstərdiyimiz səhvlərdən hələ tam azad olmamışdır. Belə bir göstərişi yenidən təkrar etməyimiz lazım gəlir ki, “Kəndlilər” ssenarisi (hətta yeni variantda belə) Azərbaycanda kəndli hərəkatını bədii cəhətdən kifayət qədər dolğun aça bilmir. Hadisələrin dar məqamda göstərilməsi, kəndli hərəkatı rəhbərlərinin yaddaqalan və parlaq obrazlarının olmaması hələ də onun başlıca çatışmazlıqlarındandır”.

Rəydə habelə müəlliflərin bir sıra səhvləri aradan qaldırdıqları, əşyaların ekspozisiyasının yaxşılaşdırıldığı, bir sıra obrazların təkmilləşdirildiyi, lakin ssenari müəllifinin əsas qüsurları aradan qaldırmadığı, Azərbaycanın sovetləşdirilməsi uğrunda kəndli inqilabının tarixi kimi məsuliyyətli siyasi mövzunun tələb edilən səviyyəyə yüksəlmədiyi vurğulanırdı. Nəhayət, BKİ-nin qeyd etdiyi çatışmazlıqlar 1938-ci ildə aradan qaldırıldı və ssenarinin üçüncü variantı təsdiq olundu. Bundan sonra quruluşçu-operator D.Feldman, ikinci operator Ə.İsmayılov, operatorlar Ə.İsmayılov, M.Dadaşov, quruluşçu rəssamlar V.Aden və G.Əliyev, bəstəkar Niyazi, səs operatoru A.Kərimov, qrim rəssamı G.Parisaşvili filmə dəvət olundu.

S.Mərdanov əsas rollara M.Mərdanovu (Təhməz), T.İsgəndərovanı (Təhməzin qızı Ülfət), Ə.Ələkbərovu (Aşıq Göydəmir), B.Baykovu (dəmiryolçu Petro), R.Darablını (qolçomaq Hacı Həsən), A.Rzayevi (Hacı Həsənin oğlu), X.Əmirzadəni (Mehmandar bəy), R.Əfqanlını (Abbas), S.Ruhullanı (Pristav), M.Sənanini (Eldar), M.Mikayılovu (Bəyoğlu), Ə.Məlikovu (Rəhim), İ.Osmanlını (müsavatçı), Ə.Qurbanovu (Ağsaçlı), A.Voloxovu (polkovnik), F.Fətullayevi, M.Kazımovskini, T.Zeynalovanı, M.Şeyxzamanovu dəvət etmişdi. Qısa müddət ərzində peşəkar çəkiliş qrupu yaradan S.Mərdanov özünün böyük əzmi, parlaq fərdi xüsusiyyətləri, təşkilatçılıq qabiliyyəti ilə çətin bir işin öhdəsindən bacarıqla gəldi.

Təbii ki, filmin mövzusu mövcud ideoloji xətlə səsləşir və təbliğat-təşviqat xarakteri daşıyırdı. Ekrandakı hadisələr “Bakı komissarları ilə haqq-hesab çəkiləndən, qanlı “Müsavat” hakimiyyətə gələndən sonra 1919–1920-ci illərdə Bakı bolşevik təşkilatının rəhbərliyi altında fəhlə və kəndlilərin birgə mübarizəsindən” bəhs edir. Əlbəttə, tarixin saxtalaşdırılması sovet quruluşunun, siyasi-ideoloji rəhbərliyin yeritdiyi xəttin mahiyyətindən irəli gəlirdi. Hər vasitə ilə kütlələrə tarixin milli oyanışla bağlı səhifələrini unutdurmağa can atan hakimiyyət sosialist inqilabının “ədalətli” obrazını yaratmağa cəhd göstərirdi: “Kəndlilər” filmi də məhz bu missiyanı yerinə yetirən ekran əsərlərindən idi.

Filmin süjeti bu yönümlü lentlərə xas olan tanış sxem üzərində qurulmuşdu: mülkədarların və müsavatçıların qaniçənliyi, zəhmətkeş kəndlilərin narazılığının böyüyüb inqilabi çıxışlara çevrilməsi, nəticədə mövcud quruluşun dəyişdirilməsi. Bu sxemə görə, Gəncə qəzasında yaşayan kəndli Təhməz dincəlmədən çalışır, öz vəziyyətini düzəltmək üçün qızı Ülfəti mülkədar Hacı Həsənin oğluna verməyə məcbur olur. Lakin qız razı deyil, o, Aşıq Göydəmiri sevir. “Kəndli əməyinin ağırlığı, mülkədarların qəddarlığı və zalımlığı haqqında mahnılar qoşan, kəndliləri qəti mübarizəyə səsləyən” Aşıq Göydəmir Bakı bolşevik təşkilatının Gəncədəki nümayəndəsi Petro ilə əlaqə yaradır. Etirazlardan ehtiyatlanıb Bakıda kəndlilərin qurultayını çağıran “Müsavat” hökumətinin təzyiqlərinə baxmayaraq Gəncə qəzasından nümayəndə kimi Aşıq Göydəmir seçilir. Qurultay baş tutmayanda kəndlilər proletariatla daha da sıx birləşirlər. Bakı bolşevik təşkilatı Gəncəyə silahlı dəstələr göndərir.

Ülfətin toyu olan gün Aşıq Göydəmir kəndlilərə silah paylayır, onlar Mehmandar bəyin malikanəsini ələ keçirirlər. Nəticədə kəndlilərin silahlı üsyanı mülkədarların qovulması və onların torpaqlarının ələ keçirilməsi ilə nəticələnir.

Filmin süjet xətti süni mövzu üzərində qurulsa da, kinematoqrafik baxımdan yüksək peşəkarlıqla çəkilmişdi. Böyük enerji, həvəs və ehtirasla işləyən S.Mərdanov öz nəfəsi, çılğınlığı, çevikliyi və lirizmiylə bir-birindən fərqlənən obrazlar yaratmağa can atırdı. Özünəməxsus yaradıcılıq üslubunu formalaşdıran rejissor ritm, lirika və hiss ölçülərinin vəhdətini milli koloritlə birləşdirməyə çalışır, əksər epizodlarda buna nail olurdu. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (ÜİDKİ) qazandığı bilikləri və dövrünün məşhur kino ustalarından mənimsədiyi müsbət cəhətləri öz yaradıcılığında məharətlə tətbiq edirdi; məsələn, toy və döyüş səhnələri ayrı-ayrı ritmlərdə çəkilmişdi ki, bu da daxili dramatizminə görə bir-birini tamamlayırdı.

S.Mərdanov aktyorların ifasındakı həyatiliyə, ifadəliliyə və obrazlılığa xüsusi diqqət yetirirdi. Onun uğurlu aktyor seçimi rejissor görümünü tamamlayan komponentlərdən idi.

M.Mərdanov, Ə.Ələkbərov, X.Əmirzadə, R.Darablının ifası siyasi çalarlarına baxmayaraq yetərincə təsirli alınmışdı. S.Mərdanov filmdə özünəxas kino dili və montaj üslubu tapmağa, ayrı-ayrı epizodların və kadrların bitkin kompozisiyasını yaratmağa nail olmuşdu. O, bir çox epizodların montajına (bu barədə B.Barnetlə tez-tez məsləhətləşirdi) dönə-dönə qayıtmış, onları cilalamışdı. Musiqisini Niyazi, sözlərini R.Rzanın yazdığı mahnılar filmə xüsusi kolorit verirdi. Bunun nəticəsi idi ki, “Kəndlilər” filmi 30-cu illərin ən baxımlı ekran əsərləri sırasına daxil edildi. Müəllimi B.Barnet rejissora yazırdı:         “...İndicə sənin istedadlı və səmimi filminə tamaşa etdim. Ürəkdən sevinirəm. Ayrı-ayrı epizodlar adamı valeh edir...” Görkəmli kino ustaları S.Eyzenşteyn, M.Romm, Q.Aleksandrov, İ.Savçenko da film haqqında müsbət fikirlər söyləmişdilər.

1939-cu il avqustun 6-da 29 yaşında xəstəlikdən vəfat edən S.Mərdanov kinoya böyük arzular və yaradıcılıq potensialı ilə gəlmişdi. Hələ tələbəlik illərində “Köçərilər” və “Mavi dənizin sahilində” filmlərinin çəkilişlərində iştirak etməklə yanaşı, dövrünün böyük sənətkarlarından olan Vsevolod Meyerhold onu quruluş verməyə hazırlaşdığı “Sonuncu, həlledici” tamaşasında işləməyə dəvət etmişdi. Bu barədə Səməd qardaşı M.Mərdanova yazırdı: “...hər gün səhərdən dördə kimi təcrübədə olur, axşam yeddinin yarısından on ikiyə kimi isə Meyerholdun yanında işləyirəm. Onun yeni tamaşası üçün səhnələr quraşdırıram. Eyni zamanda qapalı məşqlərə baxıram. Bu çox vacibdir. Mən çox şey öyrənə bilərəm...”

O, S.Vurğunun “Xanlar” pyesi və M.F.Axundovun “Aldanmış kəvakib” povestini ekranlaşdırmaq niyyətində idi. Eyni zamanda 1937–1938-ci illərdə Bakı Teatr Texnikumunun kino şöbəsində dərs deyir, aktyor kadrların yetişdirilməsinə xüsusi diqqət göstərirdi. O deyirdi: “...Kino aktyorlarını təcrübədə yetişdirmək lazımdır. Aktyora milli cizgiləri təkcə kostyum və qrimdə yox, əsasən, xarakterində görməyi və axtarmağı öyrətmək lazımdır. Yalnız bu zaman filmlərimizdə milli obrazlar yarada bilərik”.

Nəriman

ƏBDÜLRƏHMANLI