Elektron ədəbiyyat və sənət portalı

Hədis-ül Qüds

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 10.08.2019

 

Nəzərinizə təqdim olunanlar Uca Yaradan tərəfindən İnsana ünvanlanmış müraciətlərdir. Qurani-Kərimin ayrı-ayrı surələrində yer almış bu ilahi göndərişlərin mənası tərcümənin qüdrətsizliyi, yaxud dərgah sirlərinin toxunulmazlığı səbəbindən əsrlər boyu dərkedilməz, izaholunmaz “şifrə” kimi anlaşılmaz qalsa da, XI əsrin əvvəllərində böyük sufi, dövrünün “İslamın sütunu” adını qazanmış İmam Məhəmməd əl-Qəzali tərəfindən ilahiyyat mədrəsəsində oxunan moizələr zamanı açıqlanmışdır.

A.Məsud

 

Yazının əvvəli burada:

https://www.aydinyol.az/newsview/1659/Hedis-ul-Quds

https://www.aydinyol.az/newsview/1679/Hedis-ul-Quds

https://www.aydinyol.az/newsview/1746/Hedis-ul-Quds

 

İMAM ƏL-QƏZALİNİN MOİZƏLƏRİNDƏN

ÇIXARIŞLAR

Hədis ül-Qüds

Uca Yaradan tərəfindən Məhəmməd əleyhissəlama

nazil olunanlardan

Uca Yaradan belə buyurub

 

Ey Adəm övladı! Azuqəni bol et, yol,həqiqətən, uzundu!

Ey Adəm övladı! Azuqəni bol et, yol, həqiqətən, uzundu!

Çalış gecələri az yat, namaz qıl, dualar oxu, dərya, həqiqətən, dərindi!

(Digər mənbədə: “Gəmiləri dəyişin! Dərya, həqiqətən, dərindi!”)

Saleh əməllər sahibi ol, Sirat, həqiqətən, nazikdi!

Gördüyün işlərdə səmimi ol, səni müşahidə edən, həqiqətən, hər şeyi görəndi!

Mənə sarı, bu dünyanın olanlara ikrah, möminlərə sevginlə gəl!

Həqiqətən, Allah safqəlblilərin mükafatını əsirgəməz.

 

Ey Adəm övladı! Bütün bu nemətlər Mənim nemətlərimdi…

Ey Adəm övladı! Bütün bu nemətlər Mənim nemətlərimdi!

Bil ki, sənə verdiklərimdən – yeyib, içib, xərclədiklərindən, geyib-dağıtdıqlarından, yaxud kasıba verməklə qoruyub-saxladıqlarından savayı heç nəyin yoxdu!

Mənim qarşımda sən üç hissədən ibarətsən. Biri Mənə aiddi, o biri sənə, üçüncüsü ikimizin arasında (ümumi) olandı.

Mənim olan – sənin ruhun, sənin olan – əməllərindi.

Mənimlə sənin aranda olan – duaların və Mənim o dualara cavablarımdı.

Allahını tanı! Sənə verilənlə qane ol – Məni duyacaqsan!

Məni axtar – tapacaqsan!

 

Ey Adəm övladıHəqiqətənəmələ keçməyən bilik...

Ey Adəm övladı! Həqiqətən, əmələ keçməyən bilik – yağışlar yağdıra bilməyən şimşəyə, boş göy gurultusuna bənzər!

Biliksiz əməl barsız ağaca, biliyini həyata keçirməyən alim yaysız kamana, əmlakından zəkat verməyən insan qayalıqda duz əkənə bənzər!

Cahil kəslərə moizə oxuyan – ləl-cəvahiratı yem əvəzi heyvanların qabağına tökənə bənzər!

Bilikli insan suya salınmış daşa bənzər!

Eşitmək istəməyənlərə moizə oxumaq – qəbiristanlıqda tütək çalmağa bənzər!

Haram gəlirdən sədəqə verənlər paltarının çirkini sidiyi ilə yuyana bənzər!

Zəkatsız namaz ölü bədənə bənzər!

Tövbə etməyən alim özülsüz binaya bənzər!

Həqiqətənmi, bu kəslər özlərini Uca Yaradanın qəzəbindən qorunmuş bilir?

 

Ey Adəm övladı! Mənim sənə münasibətim…

Ey Adəm övladı! Mənim sənə münasibətim sənin bu dünyanın olanlara və Mənə olan münasibətin nisbətindədi!

Həqiqətən, Mən Mənə olan sevgi ilə bu dünyanın olanlara sevgini bir qəlbə yerləşdirmədim!

 

Ey Adəm övladı! Sənin qəlbində nələr varmış…

Ey Adəm övladı! Sənin qəlbində nələr varmış, tək bir Allahdan savayı?.. Ümidini isə Allaha bağlayırsan.

Nə vaxta qədər: “Uca Yaradan hamıdan yüksəkdədi” – deyəcəksən, özün isə o birilərdən ehtiyat edəcəksən?

Sən həqiqəti dərk etsəydin, Allahdan savayı heç nə barədə düşünməzdin. Ondan savayı bir kəsdən çəkinməzdin. Və dilin Allahı yad etməkdən yorulmazdı.

Həqiqətən, günahları saxta peşmanlıqla yuyub-aparmaq mümkün deyil!

Cəhənnəmin odundan kasıblıqdan qorxantək qorxsaydın əgər, sənə gözləmədiyin tale yazardım.

Cənnəti bu dünyanın olanlarını arzuladığıntək arzulasaydın əgər, səni hər iki dünyada xoşbəxt edərdim.

İbadəti bu dünyanın olanlarını sevdiyiniz qədər sevsəydiniz, sizlərə elçilərimə verdiyim dəyəri verərdim.

Ey insanlar! Qəlblərinizi bu dünyanın olanlarla doyurmayın!

Axıra az qalıb!

Xırda günahlardan səbirlə çəkinmək – bitib-tükənməz Cəhənnəm iztirablarına dözməkdən asandı. O yerin əzabı, həqiqətən, qaçılmazdı!

Səbir və ibadət sənə əbədi səadət, dinclik və rahatlıq gətirəcək.

 

Ey Adəm övladı! Nə qədər ki cənə ayrı bir şey bəxş etməmişəm…

Ey Adəm övladı! Nə qədər ki sənə ayrı bir şey bəxş etməmişəm, əmanət verdiyimdən arxayın ol!

Nə qədər ki səndən imtina etməmişəm, gəl bu dünyanın olanlardan əl çək!

Qorxunc Qiyamət Gününə alnıaçıq, üzüağ çıxmağına əngəl törədəcəklərdən uzaq dur!

Qəlbini Axirət həyatının xatırlamalarıyla zinətləndir!

Sənin ki qəbir evindən savayı ayrı mənzilin yoxdu?!

 

Ey Adəm övladı! Cənnəti arzulayanlar…

Ey Adəm övladı! Cənnəti arzulayanlar saleh əməllər sahibi olmağa tələsərlər.

Allahdan qorxanlar pis əməllərdən çəkinər, ehtiraslarına qalib gələr, ən yüksək pillələrə ucalarlar.

Ey Musa ibn İmran! Əgər bəla səni natəmiz məqamında yaxalayarsa, özündən küs!

Ey Musa! Ən böyük ölüm – saleh əməllərin azlığıdı!

Allahından kömək diləyənlər peşman olmazlar.

 

Əməlinə görə şöhrət axtaranlar...

Əməlinə görə şöhrət axtaranlar içi su dolu ağır kuzəni bellərinə şəlləyib dağ zirvəsində dərya yaratmaqdan ötrü ora dırmaşana bənzərlər. Kürəklərində daşıdıqları su dağı yumşalda bilmədiyi kimi, onların əməlləri də Allahın qəlbini yumşaltmaz!

Ey Adəm övladı! Bil ki, Mənim naminə sidq-ürəklə etdiklərindən savayı heç bir əməlin qəbul olunmayacaq!

Həqiqətən, saf qəlbli, səmimi insanları qarşıda böyük səadət gözləyir!

 

Ey Adəm övladı! Əgər qapını kasıblıq döyərsə…

Ey Adəm övladı! Əgər qapını kasıblıq döyərsə, ona: “Xoş gəldin, möminlik müjdəsi” de. Yox, əgər qapını var-dövlət döyərsə: “Bu gələn – iztirablarımı artıracaq günahlarımdı” de!

Qapına xoşagəlməz qonaq gələrsə, ona: “Mən, lənətə gəlmiş İblisdən Allaha tapınıram” de.

Ey Adəm övladı! Bütün dünya nemətləri tək bir Mənə məxsusdu! Sən isə Mənim qulumsan! Qonaq – Mənim rəsulumdu!

Taleyi sənə Mən yazdım! Mənə minnətdar ol! Şükür et ki, yazılanın faydasını görəsən!

Və bil – boynuna üç vəzifə düşür:

– əmlakından zəkat vermək;

– qohumlarla xoş münasibət qurmaq;

– ailənin və qapına gələn qonaqların qarşısında vacib borcları yerinə yetirmək!

 

Ey Adəm övladı! Özünəbənzərlərə tapınma…

Ey Adəm övladı! Özünəbənzərlərə tapınma! Yoxsa Mənim himayəmdən çıxıb onların himayəsinə düşərsən!

Yaratdıqlarıma yuxarıdan-aşağı baxma! Həqiqətən, sənin özülün bir qətrə nütfə toxumasından qoyulub!

Yasaq etdiklərimə baxma! Bil ki, əvvəl-axır, həmin o baxdıqlarına, meyil salıb bağlandıqlarına görə hesabat verəcəksən!

Hüzurumda dayanacağın sabahkı gününü düşün! Həqiqətən, Mən sənin gizli fikirlərindən, bir anlığa da olsa, xəbərsiz qalmıram!

Mən – sizlərin qəlbindən Agah Olanam!