Siqaret iyi gələn qadın
Siqaret iyi gələn qadın,
Bilirəm, bədbəxtsən
Kişilər yatağa canını qoyur, deyən adam,
Bilirəm, tənhasan
Gedirsənsə əgər
Həm də getdiyin yer çox yaxındadırsa,
Qayıtmaq ehtimalın yox demək
İnsanları yalnız uzaqlıqlar birləşdirir
Əlini-qolunu ölçüb danışan kişi,
Bilirəm borclusan dostuna
Sümüyə dirənib bıçaq
Amma eybi yox, sənin qadınından siqaret iyi gəlməz əsas olan bu
Boş ver pulu, boş ver dostu
***
suda boğulan adamın
saman çöpündən yapışdığını gördünmü heç?
mən yıxılan adamın havadan yapışdığını gördüm
evimizin dam örtüyünü vuran usta
bizim evimizi tikərkən, öz evini yıxmışdı,
yıxılmışdı və ölmüşdü...
onda ilk dəfə uçan adam görmüşdüm
həm də ölən adam...
gözlərini yummadan ölmüşdü, Şəhriyar, yummadan...
bütün ölən adamlar, yəni dönməmək üzərə gedən adamlar
samandan ağır olanlar, havasız qalanlar,
bıçağa tuş gələnlər
yananlar, itənlər, qəzaya düşənlər
mənə evimizin damından yıxılan adamı xatırladır, Şəhriyar...
lütfən, qov onları yuxularımdan
həmin evdə illərlə bayramları qutladıq,
doğum günlərimizi qeyd etdik
o damından adam yıxılıb ölən evdə böyüdüm mən
lütfən, qov uşaqlığımı gözümün önündən, Şəhriyar...
***
Rafiq Tağıya...
Biz üç dost içib-içib ağladıq gecədən bəri yemədik, yatmadıq
udum-udum hava diləndik, nəfəs diləndik boğazımıza sarılan əllərdən qopa bilmədik, bilmədik
evimizdəki bütün bıçaqları danladım səhərə qədər "olmaz, - dedim -
adamın ürəyinə batmaq olmaz", - dedim... bütün əllərə nifrət elədim...
biz üç dost udum-udum hava diləndik, nəfəs diləndik səhərə qədər içib-içib ağladıq...
əşyaları yerə çırpdıq, ortalığı dağıtdıq.
bağırdıq
yorulduq
gözümüzdən yaş əvəzinə, qəzəb damladı
kürəyimiz ağrıdı səhərə qədər
sənə dəyən bıçaqların soyuğunu hiss etdik canımızda.
bu gecə içkilər daha acı oldu, siqaretlər daha çəkilməz...
çəkilməz oldu, başımızdan ağrılar, çəkilməz...
***
Bir də baxıb görəm ki
Yayda küləyinə möhtac olduğum sərinkeş
Öz-özünə fırlanır eyvanda
Üzü küçəyə sarı
Üzü adamlara, küləyə sarı
Üşüyürəm, ana
Yaman soyuyub havalar burda
Qulağın radionu, gözün xəbərləri izləyir, bilirəm
Bütün qəzalardan,
Bütün partlayışlardan,
Bütün yağacaq yağışların proqnozlarından sonra
Gələn telefon zənginin sən olduğunu yaxşı bilirəm
Narahat olma, ana, yaxşıyam,
Hər şeyə rəğmən, yaxşıyam...