Elektron ədəbiyyat və sənət portalı

Günel Şamilqızı - Məlikməmmədə

Bölmə: Yeni imzalar 28.07.2019

 

Paltar

Yad paltarda keçən ömür

Allah bilir, hara axır.

Bu bədən həminkidirmi? 

İçində ruhum darıxır.

 

Mən alanda təptəzəydi,

Bir-bir qırdım düymələri.

Öz ruhumun paltarına 

Özüm vurdum döymələri.

 

Əzdim, ütüyə gəlmədi

Sonra kimsə tapdaladı.

Ətəyindən tutdu divlər,

O tüpürdü, bu yaladı.

 

Düz sol döşümün altından

Sökülür, çürüyür indi.

Başdan-ayağaləkədi

Yuya bilmirəm mən pinti.

 

Hanı bu paltarın rəngi?

Yazdı, qışdı bomboz qalıb.

Mən tikirəm, o sökülür

Elə sapım da az qalıb.

 

Bu yaşda bu qədər yamaq.

Ağırdı, iynəm, ağırdı.

Bu gün də yamaq vururdum,

Bu gün də Allah baxırdı

 

 

Adsız

Dünən cibim cırılmışdı,

Bu gün ayağım burxuldu.

Onlar adımı səhv dedi,

Onlar gözümdən yıxıldı.

 

Bir də nələrsə də oldu,

Yadımdan çıxardım getdi.

Xalıma ürək düşmüşdü,

Qaraldı, qopartdım getdi. 

 

Bir də, bir də olmayacaq,

Yeni əvəzlik kəşf etmək.

"Mən"dən, "onlar"dan qurtulub

"Siz"i biryolluq ləğv etmək.

 

Bir də mənim adım yoxdu

Ad qoyanım lalmış, ağa.

Bir də burdan adsız keçir

Bütün cığırlar günaha.

 

Bir də bu yay ərimədi

Ötən qışın töhfə qarı.

Bir də məndən soruşmayın

Bu yol gedir kimə sarı?

 

 

Məlikməmmədə

Sən mənim quyuma xoş gəldin, oğlan,

Məni saçlarımdan asıb bu nağıl.

Alma axtarırdı sənə verməyə

Bir quyu dibində azıb bu nağıl.

 

Bir div saçlarıma toxunan gündən

Uzanıb, uzanır bu edam, oğlan.

Mən bu div oğlanla tükəndim, bitdim

Sənə külüm qaldı, ay adam oğlan.

 

Düşmən Məlikməmməd, dost Məlikməmməd,

Çıxart bu quyudan "sonra"larımı.

Sənin barmağında duz qalıb, oğlan,

Göynədir mənim də yaralarımı.

 

Alnımda yazılar yaman gündədir

Bu qara sözləri kim ağardacaq?

Bütün quyuların dərini mənəm –

Məni öz içimdən kim çıxardacaq?

 

Bu nə pis yuxudur, ayılmaq çətin,

Hər gün diri olmur sağ görünənlər.

Nolar, qoçların rənginə baxma,

Həmişə ağ olmur ağ görünənlər.

 

Bu yerin üstündə o qədər dərd var,

Quyu dərdlərimin izi itərmiş.

Bir simurq lələyi yandırıb yetiş,

Sənin qardaşların divdən betərmiş.

 

Sən mənim quyuma xoş gəldin, oğlan

Məni saçlarımdan asıb bu nağıl.

Alma axtarırdı sənə verməyə,

Bir quyu dibində azıb bu nağıl.