Elektron ədəbiyyat və sənət portalı

Vüsalə Süleyman - Payız adam

Bölmə: Yeni imzalar 20.08.2019

Kimsə bilməyə

 

Bir ayrılıq mahnısına,

Süzəsən, kimsə bilməyə.

Yola salıb sevdiyini,

Küsəsən, kimsə bilməyə...

 

Yolları izsiz keçəsən,

Qəm içindən qəm seçəsən

Güzgüdən sor, gör necəsən,

Necəsən, kimsə bilməyə...

 

Tellər qıvrıla yanaqda,

Əlin quruya dodaqda.

Sakit, qaranlıq otaqda

Öləsən, kimsə bilməyə...

 

Payız adam...

 

Bahar-bahar çiçək açıb,

Payız-payız soluram mən.

Qaşlarından yol almışam,

Gözün kimi doluram mən.

 

Baxtım hey naxış dilənir,

Gözlərim baxış dilənir.

Saçlarıma qar ələnir,

Bircə-bircə yoluram mən.

 

Keçər dövran belə qalmaz,

Ümidlər cücərər, solmaz,

Tanrı, məndən adam olmaz,

Mələk kimi qalıram mən.

 

Yazıram...

 

Dərd yazıram, qəm yazıram,

Qələmimdə nəm, yazıram...

Ağla qara, xeyirlə şər,

Yerlə göyü cəm yazıram.

 

Burda kimin əli olub?

Göz yaşım dağ seli olub.

Məhəbbətdən "dəli" olub,

Getdi bəxtikəm, yazıram.

 

Ölümü tez dada bilsəm,

Qəhər gəlir, uda bilsəm...

Ruhumla vidalaşıram,

İçimdə sitəm, yazıram...