Peter Handke
- Məşhur Avstriya yazıçısı, dramaturq;
- 1942-ci ilin 6 dekabrında Avstriyanın Qriffen əyalətində doğulub;
- “Eşşək arıları” adlı ilk romanı 1965-ci ildə, “Ayaqçı” adlı digər romanı 1966-cı ildə nəşr edilib;
- “Solaxay qadın”, “Qapıçının penalti öncəsi təşvişi”, “Nasirin nahardan sonrakı vaxtı” kitablarının müəllifidir;
- 1990-cı ildən etibarən Fransada, Paris yaxınlığındakı Şavil şəhərciyində yaşayır.
NƏZARƏT ŞURASINA TƏBRİK SÖZÜ
(hekayə)
Bura çox soyuqdur, cənablar!
Bilmirəm, sizə necə anladım. Bir saat əvvəl şəhərdən zəng elədim ki, görüm iclasa hazırlıq nə yerdədir, amma dəstəyi götürən olmadı. Onda mən vaxt itirmədən özümü bura yetirdim, çatan kimi də gözətçini axtarmağa başladım. Di gəl onu heç yerdə tapmadım. Nəhayət, elə bu otaqdaca onun arvadıyla rastlaşdım. Arvad başını qucaqlayıb qapı ağzındakı balaca skamyada, zülmət qaranlıqda oturmuşdu. Soruşdum: nə olub? Cavab verdi ki, bəs kiminsə maşını onların xizəklə dağdan sürüşən kiçik oğullarını basıb öldürüb, əri də ora gedib.
Otaq bu səbəbdən qızdırılmayıb, cənablar, rica edirəm, buna bir az həssas yanaşasız. Vaxtınızı çox almayacam. Bəlkə, bir az yaxın oturasız ki, mən qışqırmayım? Siyasi nitq irad etmək fikrində deyiləm, istəyirəm Cəmiyyətin maliyyə vəziyyətinə dair məlumat verim. Çox təəssüf ki, külək otağın pəncərə şüşələrini çatladıb. Siz gəlib çıxanacan mən gözətçinin arvadıyla dəlmə-deşikləri tutmağa çalışdım ki, yel qarı otağa sovurmasın, ancaq gördüyünüz kimi, biz buna tam nail ola bilməmişik. Qoy bu səs-küy diqqətinizi balansın yekun yoxlaması barədə oxuyacağım məruzədən yayındırmasın; sizi əmin edirəm ki, təşvişə düşməyə heç bir əsas yoxdur, idarə hesabatı hüquqi baxımdan tam dürüstdür.
Səsim sizə çatmırsa, rica edirəm, bir az yaxın oturasınız. Sizi belə bir şəraitdə təbrik etməyə məcbur olduğum üçün son dərəcə mütəəssirəm. Heç şübhəsiz, xizəklə dağdan sürüşən oğlan maşının altına düşməsəydi, hər şey ayrı cür olacaqdı. Pəncərələrin dəlmə-deşiyini tutanda gözətçinin arvadı mənə hər şeyi danışdı. Belə ki, zirzəmidə kömür yığan gözətçi qəfildən bağırır. Bu zaman arvad bu otaqda iclas üçün stulları düzürmüş və ərinin qəfil hayqırtısını eşidib, dediyinə görə, yerindəcə quruyub qalıb. Sonra əlində kömür vedrəsi olan gözətçi özü qapıda görünüb, nə baş verdiyini astadan pıçıldayıb. Ona da bəd xəbəri böyük oğlu gətiribmiş. Nə qədər ki adlarınızın siyahısı gözətçidədir, sizi ümumilikdə təbrik edirəm və bu çovğunda iclasa gəlməyə cürət etdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Bilirəm ki, yuxarıya qalxan bu yol heç də ürəkaçan deyil.
Yəqin, elə düşünürdünüz ki, sobasının qırağında qızınacağınız bir mənzilə düşəcəksiz, ancaq siz masa arxasında hələ də paltolarınızı soyunmadan əyləşibsiz, çəkmələrinizin qarı belə əriməyib. Burada soba da yoxdur. Ancaq hər necə olsa, gəlmisiniz – buna görə sizə minnətdaram. Təbrik edirəm sizi.
Bax qapının girəcəyində oturmuş o hörmətli cənabı ürəkdən təbrik edir, dərin təşəkkürümü bildirirəm. İdarə hesabatının müzakirə ediləcəyi iclasa dəvət məktubu alanda o, bəlkə də bütün bu işləri gərəksiz sayırdı, xüsusən də qarın ara vermədən yağdığı bir vaxtda belə fikirlər təbii idi. Ancaq sonradan düşündü ki, deyəsən, Cəmiyyətin vəziyyəti yaxşı deyil, nəsə şübhəli hənirtilər eşidilir. Təkrar edirəm. Cənab fikirləşirdi ki, Cəmiyyət binasının dağılmaq qorxusu var. Xeyr, Cəmiyyətin binası dağılmayacaq.
Beləliklə, o, yola düzəldi, şaxta-ayaza məhəl qoymadan özünü iclasa yetirdi. Maşını aşağıda, kənddə saxlamağa məcbur idi, çünki bu evə yalnız dar bir cığır qalxır. Dincini almaq üçün bir az yeməkxanada oturub “İqtisadiyyat yenilikləri” qəzetini nəzərdən keçirdi. Bura qalxarkən isə meşədə iclasa gələn başqa bir cənabla qarşılaşdı. Həmin cənab yol üstündəki çarmıxa söykənib durmuşdu; onun bir əli başındakı papaqdan yapışmışdı, o biri əli don vurmuş almanı ağzına aparıb-gətirməklə məşğul idi. Cənabın alnı da, papağının altından çıxan saçları da qara batmışdı. Birinci cənab yaxınlaşarkən salamlaşdılar. İkinci cənab əlini paltosunun cibinə soxub birinci cənab üçün də alma çıxardı, bu vaxt külək onun papağını başından uçurdu və cənabların ikisi də gülməkdən uğunub getdi.
Rica edirəm, bir qədər də yaxın oturasınız. Görürsünüz ki, şaqqıltı ara vermir. Ancaq qətiyyən qorxub-eləməyin, Cəmiyyətin binası dağılan deyil, siz hamınız ötənilki qazanc payınızı alacaqsınız. Bu növbədənkənar iclasımızda məhz bunu sizə xəbər vermək istəyirdim.
Hə, deməli, cənablar çovğunda irəliyə can atarkən kəndin ortasında iclasın digər istirakçılarını gətirmiş üstüörtülü maşın dayandı. Küləkdən cənabların qara paltoları yelkən kimi şişmişdi və onlar maşının arxasında daldalanaraq müzakirə edirdilər ki, görəsən, yuxarı qalxmağa dəyər, ya yox? Heç şübhəsiz, qarşıdakı yol digər iki cənabı da bərk qorxudurdu, lakin axırda Cəmiyyətin vəziyyəti ilə bağlı yaranmış həyəcan hissi hər şeyi üstələdi.
Bir qədər yeməkxanada ləngiyib “İqtisadiyyat yenilikləri” qəzetini vərəqləyəndən sonra onlar da ayaqlarına güc verib yola düzəldilər. Yolda bir dəfə dayanıb arxaya, dərəyə baxdılar: tutqun səmadan başlarına topa-topa qar yağırdı. Sonra qarşıda ayaq izlərinin saldığı iki cığır görsəndi. Cığırlardan biri aşağı yönəlirdi – burda oğlunun ölümünü eşidən kəndçi yüyürmüşdü. Yəqin, o, dəfələrlə yerə yıxılıb qarda üzüqoylu qalmış, titrək əllərlə qarın içində özünə quyu qazmış, diliylə qar lopalarını yalamış, bağırtısı tufanın uğultusu içindən çöllərə yayılmışdı.
Siz həm də yuxarıya, köhnə kəndçi daxmasına yönələn izləri gördünüz – bu cığırı iclasa gələn o iki cənabın ayaqları açmışdı. Onlar Cəmiyyətin vəziyyəti və yeni aksiya buraxılışı sayəsində dövri kapitalın artmasından danışa-danışa, göy almaların soyuq dişləmlərini uda-uda dayanmadan irəli yeriyirdilər. Nəhayət, gecəyarısı hamınız gəlib yetişdiniz və taybatay açıq qapılardan içəri daxil oldunuz.
Beləliklə, mən hamınızı təbrik edirəm. Mən sürətlə kəndə girən və bu zaman gözətçinin balasını basan üstüörtülü maşında iclasa təşrif gətirmiş şura üzvlərinə dərin təşəkkürümü bildirirəm. İclasımız naminə çəkdiyi zəhmətə görə mən həm də gözətçiyə öz salamlarımı çatdırıram. Bu otağı ağartmaq üçün o bir neçə gün qabaq əl nərdivanını da götürüb öz daxmasından bura gəlmişdi. Nərdivanı sağ çiyninə almışdı, sol əlində isə əhəng vedrəsi vardı. Vedrədən fırçanın sınıq sapı görsənirdi. Küləkdə şərfləri yellənən uşaqlar odunu aşağı daşıyandan sonra o, sapısınıq fırçasıyla divarları ağardası idi; tez-tez nərdivandan düşüb yerini dəyişdiyi əhəng vedrəsinin çevrələri döşəmədə indiyəcən də qalır. Qapının girəcəyində qaralan dairələr isə nahar vaxtı ərinə və balalarına qaynar şorba gətirmiş sahibənin saxsı qazançasının yeridir. Onlar şorbanı elə döşəmədəcə bardaş qurub hortuldadırdılar. Sahibə əllərini sinəsində çarpazlayaraq qar haqqında nəğmə oxuyur, uşaqlar da ahəngi tutub başlarını yelləyə-yelləyə qaşıqlarını qabın qırağına döyürdülər.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, qəti narahat olmayasınız: Cəmiyyətin taleyi üçün təşvişə düşməyə heç bir əsas yoxdur. Bu, sadəcə, qarın ağırlığından çatlayan çatının şaqqıltısıdır, rahat oturun. Mən Cəmiyyətdən ötrü gördüyü işlərə, göstərdiyi xidmətlərə görə gözətçiyə ürəkdən minnətdaram. Əgər o, maşın basmış oğlunun yanında deyil, burda olsaydı, onu böyük məmnuniyyətlə təbrik edərdim. Mən gözətçinin arvadını da təbrik edər, öz təşəkkürümü bildirərdim. Uşaqları da salamlayar, çəkdikləri zəhmətə görə hamısına ürəkdən minnətdar olardım.
Ümumiyyətlə, sizin hər birinizi təbrik edir, hamınıza minnətdar olduğumu bildirirəm. Addımlarınızın zərbindən dam uçulmasın deyə, rica edirəm, yerinizdən tərpənməyəsiniz. Bədbəxtlik orasındadır ki, tirlər dözməyib çatlayır. Dedim ki, tirlər çatlayır. Deyirəm yerinizdə sakit oturun ki, dam uçulub-dağılmasın. Mən axı sizə dedim: hərə öz yerində oturmalıdır. Bəli, mən dedim ki, yerinizdə sakitcə oturub tərpənməyəsiz!
Təbrik edirəm sizi! Dedim ki, hamınızı təbrik edirəm, mənfəət dalınca bura gəlmiş hamınızı! Mən sizi ölümünüz münasibətilə təbrik edirəm! Mən sizi təbrik edirəm. Təbrik edirəm, təbrik edirəm...
Çevirəni: Mahir N.Qarayev