Fransuaza Saqan
(Fransa)
(1935–2004)
Romasayağı ayrılıq
(hekayə)
Bu axşam Luici İnqanı son dəfə kokteylə dəvət etmişdi. Qadın heç nədən şübhələnmirdi. Amma Luici bu sarışın qadını parçalamaq üçün öz dostlarının – o vəhşi heyvanların qabağına atacaqdı.
Bu gün, nəhayət, o darıxdırıcı, tələbkar, lovğa, qısası, onun üçün heç bir dəyəri olmayan, hissiyyatsız qadından canını qurtaracaqdı. Bu işi (belə bir fikrin beynində nə zaman yarandığını özü də bilmirdi. Hərçənd bu qərarı cütlük Romada çimərlikdə olarkən hirsli başla vermişdi, özü də tərəddüd etmədən) məhz indi, üstündən iki il keçəndən sonra həyata keçirəcəkdi. İçki məclislərinin, şənliklərin və avtomobil yarışlarının qəhrəmanı, istənilən qadının dalınca (bəzən sadəcə həvəs xatirinə) eyni ehtirasla düşən, bununla belə, bəzi hallarda görünməmiş dərəcədə cəsarətsizlik göstərən bu adam bu gün sevgilisinə ayrıldıqlarını elan edəcəkdi. Nə qədər gülməli olsa da, bu məqsədlə “dost” adlandırdığı bir dəstə adamı – laqeyd və qeyri-səmimi insanları bir yerə toplamağa qərar vermişdi.
Son üç ayda o, tamam yorulmuşdu. Hər xırda şeyə görə əsəbiləşir, sevgilisi ilə təmasdan qaçırdı. Bir sözlə, cansıxıcı İnqa ilə ayrılmaq üçün daxilən tam hazır idi.
Cansıxıcı İnqa artıq neçə illərdi ki, “gəlmələr” arasında ən gözəl qadınlardan sayılırdı. Dostlarının dediyinə görə, İnqa onun bu günə qədərki sevgililəri arasında ən gözəli idi.
İki il, dəbdən düşən libas kimi eləcə sürətlə gəlib-keçdi. Gərginliyin son həddində olan Luici yenə əvvəlki kimi cazibədar, amma artıq onu təngə gətirmiş sarışın İnqanı öz maşınında kokteylə (bu dəfə vida kokteylinə) aparırdı. Bu qadından çox, ətrafdakıların onun haqqında yaratdığı obrazdan qurtulmağa çalışması Luicinin özünə də qəribə görünürdü. Axı o heç də indi profildən baxdığı bu qadından, bir zamanlar ağlını başından alan, az qala ilahiləşdirdiyi (axı o çox ehtiraslı idi) bu dodaqlardan, bu çiyinlərdən, bu gözəl ayaqlardan qurtulmaq istəmirdi. Onun qurtulmaq istədiyi hansısa bir həyat tərzi, İnqanın hamı üçün yaratdığı (“İnqanı tanıyırsan? Hansı İnqanı, Luicinin sevgilisini deyirsən?”) obraz-simvol idi. İndi maşınla Roma küçələrindən şütüyüb keçən Luici nahaqdan özünə təlqin etməyə çalışırdı ki, İnqa da onun kimi insandı, əti ətindən, qanı qanındandı. Ona elə gəlirdi ki, müəmmalı şəkildə maşınında peyda olmuş hansısa şıq geyimli bir xanımın rəsmini aparır. Olan bu idi ki, bu axşam son nöqtəsini qoyacağı münasibətlərinin 2 illik tarixi vardı.
Bu İsveç gözəlini özündən uzaqlaşdırdıqca italyan dostlarının məclisi ürəyinə daha yaxın olurdu. Onların kiçik dünyasında hər xasiyyətdə adam vardı: həmfikirlər, davakarlar, ayrılmaz dostlar, əbədi cütlüklər. Qısası, o, indi öz sevgilisini tərk eləyəcək və bunun mümkün qədər səs-küylü, gurultulu olmasına çalışacaq ki, geri dönmək üçün əl yeri qalmasın. Luici qabiliyyətsiz adam deyildi, amma oturub-durduqları onda tənhalığa qarşı bir qorxu hissi aşılayırdı. O, ətrafında daim dostlarından kiminsə olmasına adət eləmişdi, onların təqdir və tərifləri Luici üçün mühüm idi.
Dostları İnqanı bir əşya (özü də gözəl əşya) kimi qəbul etmişdilər. Bu qız ağappaq dərisi, mavi gözləri, uzun ayaqları, hər zaman şıq görünüşü ilə dərhal hamının diqqətini çəkmişdi. Yarışda qalib olmaq üçün birinciliyə can atan idmançılar kimi ona yaxınlaşmağa çalışmışdılar. Bu mükafat isə otuzyaşlı Roma sakini, memar (keçmişi də parlaq, gələcəyi də) Luici de Santoya qismət olmuşdu. Qızı evinə gətirmiş, onun sevgisini qazanmışdı. Bəzən hətta qadınından sevgi etirafları qoparmağı da bacarırdı. Nəhayət, bu şimallı qızın cənub həyat tərzinə tamamilə uyğunlaşmasına nail olmuşdu. Əslində, bir pis niyyəti yox idi. Luici həddən artıq həyatsevər idi və kimisə zorla iradəsinə tabe etdirməyi bir kişi kimi öz heysiyyətinə sığışdırmırdı. Amma artıq həmin heyrətamiz, çılğın zamanlar arxada qalmışdı və indi İnqa daha tez-tez küsür, “Stokholm” və “Höteborq” sözləri dilindən düşmürdü. Luici isə bütün bunları qulaqardına vururdu. Bu axşam İnqaya Yaqonun xəyanətkar baxışlarıyla nəzər salanda birdən ona qarşı yenidən hisslərinin yarandığını anladı, nəsə qanı qaraldı və özü də təəccübləndi, hətta narahat oldu. Bir-iki saatdan sonra bu qadından, onun gözəl simasından, bədənindən və ümumilikdə çox az tanıdığı taleyindən əbədi ayrılacaqdı. Luicini, şübhəsiz ki, İnqanın bu ayrılığı necə qəbul edəcəyi təlaşlandırmırdı. Çünki şən, nəcib, ümumilikdə isə yaxın ikən uzaq olan bir adamla yaşanmış iki il bir qadını intihara sövq edə bilməz. Xüsusən də o adamın özü qədər şən, alicənab, eyni zamanda heç vaxt onun məhrəmi olmağı bacarmayan bir qadın üçün... Çox güman ki, o, sadəcə İtaliyanın hansısa başqa bir şəhərinə yollanacaqdı.
Bəlkə də, Parisə köçəcək. Və çətin ki onlar bir-biri üçün darıxsınlar.
İnqa əsnəməyə başladı – Luiciyə sarı dönüb astadan və artıq Luicidə ikrah hissi yaradan ləhcəylə soruşdu:
– Bu axşam orda kimlər olacaq?
Luici üzündə təbəssümlə “həmişəkilər” deyəndə qadın qəfildən tutuldu. Bəlkə də, bu sevgi macərasının sona çatdığını anlamışdı, ya da, ola bilsin, özü də Luicidən soyumuşdu. Bu düşüncələr Luicinin qəlbində duyğular oyatdı. Fikirləşdi ki, istəsə, ona kefi istəyən hər şeyi eləyə bilər – yanında qalar, oğul-uşaq sahibi olar, dörd divarın arasında saxlayar, hətta onu sevə də (niyə də yox?) bilər. Bu zaman gülümsədi və İnqa yenidən ona baxıb bir qədər həyəcanlı tonla soruşdu:
– Səni belə sevindirən nədi?
Bu səs tonu Luicini təəccübləndirdi və maşın “İspaniya” prospektindən keçərkən ürəyində ağlına gələni təsdiqlədi: “Yəqin, şübhələnib”. Yarım saat əvvəl Karla, Cina və Umberto zəng etmişdilər. Düzdü, İnqa telefon danışıqlarına qulaq asan deyil. Amma zavallı bir şey başa düşməsə belə (hərçənd italyanca sürətlə danışa bilir), ona qarşı nəsə hazırlandığını hiss eləməliydi. Lənətə gəlmiş qadın intuisiyası... Hər halda, Qvido ilə Karla telefonda qışqıra-qışqıra bu qadından ayrılmağın əsl zamanı olduğunu deyirdilər. Lap başını itirmişdi. Onun kimi yaraşıqlı, gözəgəlimli kişi üç il sərasər bu isveçli manekenlə sürünməli deyildi. Dostları da buna əmin idilər. Onlar Luicini özündən yaxşı tanıyırdılar. Hər halda, düz on beş il idi ki, beləydi.
Pilləkənlə qalxarkən İnqanın əlindən tutanda onu xoş olmayan bir hiss bürüdü. Sanki canlı adamı korridaya, daha doğrusu, öküzlərin döyüşdən əvvəl saxlandığı tövləyə aparırdı. Bu an özünü əclaf kimi hiss elədi və ona elə gəldi ki, İnqanı hansısa şərəfsiz bir oyuna çəkir.
İçəri təzəcə girmişdilər ki, Karla özünü onların üstünə atdı. O gülür və İnqaya baxırdı. Sanki indicə alacağı ləzzətin intizarını çəkirdi:
– Əzizlərim, – deyə sözə başladı, – axır ki, gəldiniz, mənsə narahat olmağa başlamışdım.
Luici də, İnqa da onu öpdülər. Qonaq otağına keçdilər. Ətrafda yaranmış mühit Luicidə belə bir qənaət yaratdı ki, hamı işdən xəbərdardır. Hamı onun bu axşam çox gözəl, amma həddən artıq birlikdə olduğu isveçli İnqa İnqeborqdan ayrılacağını və bunu açıq şəkildə elan edəcəyini gözləyirdi.
İnqa isə sanki heç nədən şübhələnmirdi. Əvvəlki kimi onun əlindən tutub köhnə dostlarla görüşürdü. Sonra onlarla birlikdə bufetə tərəf addımladı. Həmişəki kimi içməyə, rəqs etməyə, gecə evə qayıtdıqdan sonrasa özünü segilisinin çılğın nəvazişlərinin ixtiyarına verməyə hazır idi. Dostları bir göz qırpımında, yarımdairə şəklində onları əhatəyə aldılar. Hamı gözləyirdi, amma nəyi? Luici bu qadına nə deyəcək? Deyəcək ki, məni boğaza yığmısan, bir şillə çəkəcək və hamının gözü qabağında soyunduracaq? Əslində, indi Luici ayrılığın səbəbini dərk etməyə çətinlik çəkirdi. İnqa ilə mütləq ayrılmalı olduğunu bu soyuq, ildırımlı payız axşamı ona çox tanış, eyni zamanda biganə olan maskalara niyə izah eləməlidi? Yadına dostlarının İnqa haqqında dedikləri düşdü: “O bizim çevrənin adamı deyil”. Onların ad verdiyi “çevrəyə” – bu çaqqal sürüsünə, quzğunlara baxır və öz-özünə fikirləşirdi ki, qəti qənaətə gəlmək üçün, əslində, bu səhnə də kifayətdi. Bu sarışın, təbiətən azad olan şimallı gözəli tanıdığı vaxtdan ilk dəfə təəccüblə düşündü ki, bu qadın ona çevrəsindəki adamların hamısından daha yaxındı.
Cüzeppe həmişəki kimi təbəssümlə onlara yaxınlaşdı. Üzünə dramatik ifadə verib İnqanın əlini öpdü. Luici ona baxıb fikirləşdi ki, “bu lap ağını çıxardı”. Onun ardınca yenidən Karla yaxınlaşdı və İnqayla hal-əhval tutub kefini xəbər aldı, Viskontinin son filminə baxıb-baxmadığını soruşdu. Sonra Aldo üzündə hüznlü ifadəylə İnqaya dedi ki (ümumiyyətlə, Aldo hadisələri qabaqlamağı sevirdi), belə bir gözəl qadın onun Aostedəki bağ evinin ən qiymətli zinəti ola bilər. Sonra bu yerlərin kraliçası sayılan Marina qəfildən sağdan peyda oldu və bir əliylə Luicinin, o biri ilə İnqanın əfindən tutub dedi:
– Aman Tanrım, ikiniz də necə gözəlsiz. Yox, siz, doğrudan da, bir-biriniz üçün yaranmısız.
İspanlar demişkən, kütlə nəfəsini içinə çəkdi və korrida başladı. Amma öküz (indi bu rolda zavallı İnqa idi) sakitcə gülümsəyirdi. Hamı açıq-aşkar Luicidən nəsə bir işarə, ya bir kəlmə, qısası, nəsə maraqlı, bir az da əyləncəli hərəkət gözləyirdi. O isə italyanlara xas bir jest elədi – əlini havada yellədi. Bu hərəkətiylə ya nəyisə inkar eləyir, ya da minnətdarlığını bildirirdi. Ovqatı təlx olmuş Karla (sevgilisindən məhz bu axşam ayrılacağını ona Luici özü demişdi, hərçənd, tragikomediyanın oynanılacağı yeri dəqiq bildirməmişdi) yenidən hücuma keçdi.
– Dəhşətli boğanaqdı! Məncə, əziz İnqa, sizdə yay aylarında bizdəki qədər isti olmur. Yanılmıramsa, İsveç şimal tərəfdədi.
Cüzeppe, Marina, Qvido uğunub getdilər. Hərçənd Luici burada gülməli bir şey görmədi. Axı İsveçin şimalda yerləşməsində gülməli nə vardı ki? Hətta bir anlıq düşündü ki, Karla heç də jurnalda yazıldığı kimi, ağıl dəryası deyil.
– Mən də düşünürəm, İsveç İtaliyadan şimalda yerləşir, – İnqa tamamilə sakit tərzdə cavab verdi.
Ləhcəsi sözlərinə qəribə, soyuq bir etinasızlıq qatırdı. Bu soyuqluq onun bütün simasında da əks olunmuşdu. Onun bu etinasızlığına rəğmən hamı gülməkdən uğunurdu.
“Səbəb odur ki, hamının əsəbləri tarıma çəkilib, – Luici ürəyində fikirləşdi. – Hamı mənim İnqanı söyməyimi gözləyir. Deməli, bunu eləməliyəm” .
Elə bu zaman İnqa bənövşəyi gözlərini ona zillədi. Gözlərinin rəngində, doğrudan da, qeyri-adi bənövşəyi çalar vardı. Romada ilk dəfə peyda olduğu gündən böyük uğur qazanmasının əsas səbəbi də məhz bu idi. Ətrafında toplanmış adamlara fikir vermədən İnqa meydan oxuyurmuş kimi dedi:
– Luici, bura çox darıxdırıcı oldu. Məni başqa yerə apara bilərsən?
Birdən ildırım çaxdı, büllur qədəhlər cingildədi. Bu gurultunun fonunda səslərin əmələ gətirdiyi uğultu eşidilməz oldu və Luici sanki yuxudan ayıldı. İndi bu iki nəfərin arasında adına “qarşılıqlı anlaşma” dediyimiz bir şey yaranmışdı. Baxışları bir-birinə zillənmişdi. Bu gözəl qadının tünd-bənövşəyi, səmimi baxışlarında artıq heç bir sual yox idi. Əksinə, bu baxışlar sanki birmənalı şəkildə deyirdi: “Axmaq, axı mən səni sevirəm”. Bu sözlərə cavab olaraq romalı Luicinin zil qara gözlərində sadəlövh, bir az kişi, bir az da uşaqsayağı sual yaranmışdı: “Doğru deyirsən?”
Hər şey bir-birinə qarışdı: insanlar, ideyalar, düşüncələr, bu gecənin əvvəlcədən düşünülmüş sonluğu – hamısı bir andaca yox olub getdi. “Dostları” elə bil qışın soyuğunda büzüşən yarasalar kimi birdən-birə tavandan başıaşağı asılı qaldılar. Onlar cütlüyün maşına tərəf qürurlu yerişinə mane olmamaq üçün kənara çəkildilər. Roma əvvəlki kimi gözəl, ruha, cana daha yaxın idi. Və Roma küçələri sevginin təntənəsini yaşayırdı...
Tərcümə edən: GÜLDƏSTƏ