Elektron ədəbiyyat və sənət portalı

Lyosanın hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 09.07.2019

 

Mario Varqas Lyosa

(Peru)

 

KİÇİK QARDAŞ

(hekayə)

 

Yolun qırağındakı iri daşın üstündə qurbağa oturmuşdu. David onu nişan almışdı.

Xuan:

– Atma, – dedi.

David tapançanı aşağı salıb təəccüblə qardaşına baxdı.

– Güllənin səsini eşidə bilər.

– Nə danışırsan, başına hava gəlib? Şəlalə burdan əlli kilometr uzaqdadır.

– Bəlkə, heç şəlalənin yanında deyil? – Xuan fikrindən dönmədi. – Kim bilir, bəlkə, mağaradadır.

Yorğun və xəstəhal görünən iri qurbağa yekə ağzıyla ağır-ağır nəfəs ala-ala hələ də daşın üstündə oturub bulanıq gözlərini Davidə zilləmişdi; David yenə tapançanı yuxarı qaldırdı, tələsmədən nişan alıb atəş açdı.

– Dəymədi, – Xuan dilləndi.

– Yox, dəydi.

Tez daşa yaxınlaşdılar. İndicə qurbağanın oturduğu yerdə yaşıl ləkə vardı.

– Deyirsən, vura bilmədim?

– Yox, – Xuan sakitcə dedi, – dəymədi.

Qardaşlar atların yanına getdilər. Yol boyu onları müşayiət edən sərt, soyuq külək səngiməmişdi, amma mənzərə dəyişməyə başlamışdı. Günəş təpələrin arxasına enmiş, dağların ətəyindəki əkin sahələrinin üzərinə kölgədən qalın örtük çəkilmişdi. Yaxınlıqdakı zirvələrin üzərini bürüyən buludların rəngi indi daha da bozarıb tündləşmişdi. 

David dincəlmək üçün yerə sərdiyi bürüncəyi götürüb çiyninə atdı, sonra tapançanın darağını gilizlə doldurdu. Xuan onun bütün hərəkətlərinə göz qoyur, darağı necə doldurmasına, tapançanı qobura necə qoymasına diqqətlə baxırdı – barmaqları sanki Davidin iradəsinə tabe olmadan öz-özünə hərəkət edirdi.

– Gedək? – David soruşdu.

Xuan başını tərpətdi.

Ensiz dağ çıxıntısından keçən yol nahamar idi, atlar son günlər ara vermədən yağan yağışların islatdığı yoxuşda, nəmi hələ də qurumamış sürüşkən daşların üzərində çətinliklə hərəkət edirdi. Qardaşlar susur, dinib-danışmırdılar. Burdan təzəcə aralanmışdılar ki, yağış çisələməyə başladı, amma tez də kəsdi. Onlar mağaranı və mağaraya bitişik təpəni görəndə hava artıq qaralmağa başlamışdı. Soxulcan kimi dartılıb uzanan təpənin adını camaat “Serro de los Oxos” qoymuşdu.

– İstəyirsən gedib mağaranı yoxlayaq, görək ordadı?

David:

– Lazım deyil, – dedi. – İnanmıram mağarada olsun. O, hələ də şəlalənin yanındadır. Bilir ki, burda gizlənsə, onu görərlər, yolda həmişə adam olur.

Xuan:

– Necə istəyirsən, – dedi. Dərhal da soruşdu: – Bəlkə, o, yalan deyir? Birdən bizi aldadar ha...

– Kim?

– Onu gördüyünü deyən.

– Hə, Leandro? Yox, məni aldatmağa cürət eləməz. Dedi ki, şəlalənin yanında gizlənir, bu dəqiqdir. Görəcəksən.

Gecə düşənəcən yollarına davam etdilər. Axırda havanı gecənin zülmət pərdəsi bürüdü. Nə bir ağac vardı, nə bir adam: əldən-ayaqdan uzaq bu yerin sonsuz sakitliyi sanki onun kimsəsizliyini daha qabarıq göstərirdi. Xuan atın yalınacan əyilib qaranlıqda cığırı tapmaq istəyirdi. Qəfildən hamar səthə çıxdığını görəndə başa düşdü ki, zirvəyə çatıblar.

David əl hərəkətiylə işarə etdi ki, burdan o yana piyada getməlidirlər. Tələsirdilər, düşüb atları daşa bağladılar. Xuan atının yalına sığal çəkdi, belini tumarlayıb qulağına pıçıldadı:

– Bax ha, burda səhərəcən soyuqdan donma. – Sonra qardaşından soruşdu: – Aşağı enəcəyik?

David:

– Hə, – dedi. – Amma, deyəsən, üşüyürsən. Səhərəcən dərədə gözləsək yaxşıdır. Elə orda da dincimizi alarıq. Qaranlıqdan qorxmursan ki?

– Yox, qorxmuram. İstəyirsən, düşək.

Eniş elə durduqları yerdən başlayırdı. David qabaqda gedirdi, əlindəki fənər hər ikisinin topuğuna işıq salırdı. Qızılı halə bir anlığa kiçik qardaşın ayaq basacağı yeri işıqlandırdı. Bir azdan Xuan bərk tərlədi, əllərini yamacın sərt çıxıntısına dayadı. Qarşısında yalnız işıqlı çevrə görürdü, amma qardaşının nəfəsini duyur, hərəkətini təxmin edirdi. Xuan ayağını sürüşkən yarğana inamla, möhkəm basmalı və maneənin yanından ötməliydi, qardaşı isə əksinə, hər addımda, daha doğrusu, addım atmazdan qabaq yoxlayırdı ki, görsün ora ayaq basmaq olarmı və hardan yapışmalıdır. Bir neçə dəfə az qala yıxılacaqdı.

Uçurumun kənarına çatanda Xuan fikirləşdi ki, eniş azından bir neçə saat vaxt aparacaq. O, gücdən düşmüşdü, amma səsdən getdikcə şəlaləyə yaxınlaşdığını hiss edirdi. Şəlalə dağın zirvəsindən gurultuyla gölə tökülür, kiçik çayın suyuna qarışırdı. Gölün ətrafında ilboyu mamır və ot bitirdi. İyirmi kilometrlik ərazidə bitki yalnız bu idi.

David:

– Burda dincəlmək olar, – dedi.

Yanaşı oturdular. Gecənin zülmət havası soyuq idi, rütubət vardı, səmanı qara buludlar örtmüşdü.

Xuan siqaret çəkdi. Bərk yorulsa da, nəsə yuxusu gəlmirdi. O, qardaşının uzandığını, əsnədiyini hiss etdi. Sonra daha tərpənmədi, deyəsən, yuxuya getdi. İndi Davidin nəfəsi zəif eşidilirdi, amma hərdən anlaşılmaz səslər çıxarır, sanki donquldanırdı. Xuan da yatmağa çalışdı, daşın üstündə yerini rahatlamaq, yuxulamaq istəsə də, bir şey alınmadı. Yenidən siqaret alışdırdı...

O bu mülkə üç ay əvvəl gəlmişdi – ona qədər iki il idi bacısını və qardaşını görməmişdi. David dəyişməmişdi – onun uşaqlıqdan sevdiyi və nifrət etdiyi həminki adam idi. Leonor isə çox dəyişmişdi: La Muqrenin pəncərəsinə boylanan, oradakı hindu məhbuslara daş atan qızcığazdan əsər-əlamət qalmamışdı. İndi o, sadəliyi ilə seçilən qəşəng, boy-buxunlu qıza çevrilmişdi, hərçənd gözləri alışıb-yanan bacısının qüsursuz gözəlliyində onu əhatə edən təbiətin özü kimi anlaşılmaz kobudluq da vardı. Xuan hər dəfə qızın surətini xəyalındakı surətlə tutuşduranda başı hərlənir, gözləri qaralır, ürəyi sancırdı. Amma bu səhər Kamilonun atları yəhərləmək üçün tövləni malikanədən ayıran boş sahəni necə keçdiyini görəndə şübhəyə düşdü.

David:

– Gəl sakitcə gedək, – demişdi. – Balaca oyansa, yaxşı olmayacaq...

Və o, barmaqlarının ucunda artırmanın pillələrini enəndə, sonra da şumlanmış sahələrin dövrələdiyi bomboş yolda qəribə təngnəfəslik hiss etdi, sanki Kordilyerin ən yüksək nöqtəsində idi. Üstünə cumub paltarın açıq yerlərindən dərisinə daraşan, şəhərli sakinin qanını soran qara mığmığa topasını, demək olar, görmürdü. Amma yoxuş başlanan kimi təngnəfəslik ara verdi. At minməkdə usta deyildi, ensiz dağ yolunun kənarındakı qorxunc yarğan onu maqnit kimi özünə çəkirdi. Gərək sayıq olub atın hər addımına diqqət yetirsin. Bütün iradəsini toplamalıydı ki, yaxasından əl çəkməyən başgicəllənməni yaxına buraxmasın...

– Bax! Bir ora bax!

Xuan diksinib:

– Sən məni qorxutdun, – dedi. – Elə bilirdim yatmısan.

– Dinmə! Bax.

– Hara?

– Ora!

Şəlalənin səsi gələn yerdə, torpağın üstündə işıq sayrışırdı.

David:

– Ocaqdır, yəqin, tonqal qalayıb, – dedi. – And içərəm ki, odur. Gedək.

– Gəl səhərin açılmasını gözləyək, – Xuan pıçıldadı. Nəsə boğazı qurumuşdu. – Dabanına tüpürüb aşağı götürülsə, bu qaranlıqda ona heç cür çata bilmərik.

– Şəlalənin səsindən bizi eşitməz, – David əminliklə dilləndi və qardaşının əlindən yapışdı. – Gedək.

David yoxuşun çıxıntısına qısılıb sıçrayışa hazırlaşırmış kimi əyilərək ləng addımlarla, tələsmədən irəli addımladı. Xuan sanki kiminsə yelpiklədiyi gah gurlaşan, gah qaralan işıq topasında ayağı ilişə-ilişə onunla yanaşı addımlayırdı. Tonqala yaxınlaşana qədər alovun şöləsində boş torpaq sahəsini, iri daş parçalarını, kol-kos basmış cəngəlliyi, gölün sahilini seçə bildilər, insan silueti isə gözə dəymirdi. Amma indi Xuan əmin idi ki, axtardıqları adam burada, kölgənin gizlətdiyi işıq topasının yaxınlığındadır.

David:

– Odur, – dedi. – Görürsən?

Tonqalın alovu qızınmaq istəyən adamın tutqun və yayğın profilini bir anlığa işıqlandırdı.

– Neyləyəcəyik? – Xuan ayaq saxlayıb soruşdu.

Amma qardaşı yanında yox idi. David qaranlıqdakı sifətin ani görünüb yoxa çıxdığı yerə cummuşdu.

Xuan gözlərini yumub oturmuş hindunu, onun qızınmaq üçün alova uzanmış əllərini, tonqalın qığılcımından qamaşan gözlərini təsəvvür etdi. Kimsə yuxarıdan üstünə atılanda, yəqin, zavallı hindu bunun hansısa heyvan olduğunu düşünmüş, amma bir cüt əlin qəzəblə boğazından yapışıb onu boğduğunu hiss edəndə hər şeyi anlamışdı. O, kölgədən çıxan gözlənilməz həmlənin qarşısında, heç şübhəsiz, dəhşətli qorxu hiss etməliydi. Yəqin, müdafiə olunmağa cəhd də göstərməmiş, yalnız ilbiz kimi içinə qısılmışdı ki, qəfil zərbədən bədənini mümkün qədər yayındıra bilsin. Eyni zamanda hədəqədən çıxan gözləriylə qaranlıqda üstünə şığıyan adamı görməyə çalışmış və bu vaxt onu səsindən tanımışdı: “Sən nə qələt qarışdırmısan, yaramaz gədə?! Nə hoqqa çıxartmısan, ay köpək?!”

Xuan Davidin səsini eşidir və bilirdi ki, indi hindunu təpikləyir. Hərdən zərbələri hinduya yox, sahilin daş-kəsəyinə dəyirdi, bu isə onu özündən çıxarıb daha bərk qəzəbləndirirdi. Əvvəlcə Xuanın qulağına hindunun zəif xırıltıları gəlirdi, sanki oğlan boğazını yaxalayırdı, amma sonra yalnız Davidin kinli səsi, təhqirləri, söyüşləri eşidildi. Birdən Xuan əlindəki tapançanı hiss etdi, barmağı tətiyi yüngülcə sıxdı. Həmin andaca donub-qaldı, düşündü ki, atəş açsaydı, təsadüfən güllə qardaşına dəyə bilərdi. Bununla belə, silahı cibinə qoymadı, amma işığa çatanacan tam sakitləşdi.

– Bəsdi, David! Bəsdi, daha döymə! Güllələ getsin.

Cavab gəlmədi. İndi Xuan onları görmürdü – hindu ilə qardaşı bir-birinə sarılıb tonqalın işıq saldığı torpağın üstündə süpürləşirdilər. Özləri görünməsə də, boğuq zərbə səsləri, hərdən də söyüş, zarıltı, ah-uf eşidilirdi.

– David, – Xuan qışqırdı. – David, çıx ordan. Çəkil, atəş açacam.

Dərin həyəcan içində bir neçə saniyə gözləyib bir də təkrar etdi:

– Burax onu, David. Bu dəqiqə atəş açıram.

Yenə cavab gəlmədi.

İlk güllənin səsindən Xuan bir anlığa karıxıb sarsılsa da, darağın boşaldığını hiss edənəcən nişan almadan və ara vermədən qarasına atəş açmağa davam etdi. Donub-qalmışdı, tapançanın əlindən necə düşdüyünü də hiss etmədi. Şəlalənin səsi yoxa çıxdı, bədənini əsməcə tutdu, onu tər basdı, nəfəsi güclə çıxdı.

– David! – var gücüylə qışqırdı.

– Mən burdayam, ay heyvan, – Davidin həm qorxmuş, həm də  qəzəbli səsi lap yaxından gəldi. – Qanmırsan ki, məni vura bilərdin? Başına hava gəlib?

Xuan pəncəsi üstə geri fırlandı, qollarını uzadıb qardaşını qucaqladı, özünə sıxıb zarıya-zarıya nəsə mızıldadı, Davidin onu sakitləşdirmək üçün dediyi sözləri də, deyəsən, başa düşmədi.

Sakitləşəndən sonra birdən hindu yadına düşdü.

– Bəs o necə oldu, David?

– Necə oldu? Sən özün nə düşünürsən? – David yenə soyuqqanlı idi.

Tonqal yavaş-yavaş sönürdü. Xuan ocağın içindən ən iri odun parçasını götürüb hindunu axtarmağa getdi. Cansız bədəni görüb solğun işıqda düz bir dəqiqə ovsunlanmış kimi ona baxdı. Axırda əlindəki kösövü kənara atıb qardaşına dedi:

– Gördünmü, David?

– Hə, gördüm. Gedək burdan.

Xuan sanki ağac kimi qurumuşdu: qulaqları səs eşitmirdi, elə bil kar olmuşdu. Davidin onu sərt yamacın çıxıntısına tərəf necə dartdığını sanki yuxuda hiss edirdi.

Yoxuş xeyli vaxt apardı. David bir əlində fənər tutmuşdu, o biri əliylə Xuandan yapışmışdı. Xuan hətta ən möhkəm daşların üstündə də səndirləyir, addımbaşı yıxılırdı. Zirvədə ikisi də taqətsiz halda yerə sərildi. Xuan əliylə başını tutub ağır-ağır nəfəs alırdı. Dikələndə fənərin işığını üstünə salıb onu diqqətlə gözdən keçirən qardaşını gördü.

David:

– Yaralanmısan, – dedi. – Qoy qıçını sarıyım.

Dəsmalı ortadan iki bölüb Xuanın şalvarın cırıq dizindən görünən qana bulaşmış ayağını sarıdı.

– Daha bəsdir, qayıtmaq lazımdır. Yarana infeksiya düşə bilər. Dağa dırmaşmağa vərdiş eləməmisən. Leonor səni sağaldar.

Atlar ayaqlarının birini götürüb o birini qoyurdu, heyvanların sifəti göyümtül köpük içində idi. David atın başını sildi, belinə sığal çəkdi, ağzını qulağına dirəyib nəvazişlə pıçıldadı: “İndi qızınarıq...”

Onlar atlarına minəndə səhər açılırdı. Hava artıq işıqlaşmışdı. David yola götürdüyü sudan doyunca içib suqabını qardaşına uzatdı, amma Xuan içmək istəmədi. Yola düzəldilər. Bütün səhəri dinib-danışmadan at sürdülər. Ətrafda ürəkaçan mənzərə yox idi, hər yan cansıxıcı tutqunluğa bürünmüşdü.  Günortaüstü dayanıb qəhvə dəmlədilər. David Kamilonun yol üçün qoyduğu pendiri və paxlanı heybədən çıxarıb yedi. Qürubçağı onlar bir-birinə çəpəki bağlanmış iki şüvül gördülər. Şüvüllərin üzərindən lövhə asılmışdı: “La Aurora”. Atlar kişnədi. Heyvanlar ağalıq yerinin sərhəd nişanını tanımışdılar.

David:

– Şükür ki, gəlib çatdıq, – dedi. – Dizin necədi, ağrıyır?

Xuan cavab vermədi.

– Ağrıyır? – David əl çəkmədi.

Xuan:

– Sabah Limaya gedəcəm, – dedi.

– Niyə?

– Bir də bu xarabaya qayıdan deyiləm. Dağlardan cana doymuşam. İndən belə şəhərdə yaşayacam. Kəndə tüpürmək də istəmirəm.

Xuan qardaşıyla göz-gözə gəlməmək üçün qabağa baxırdı.

David:

– Sən hirslisən, – dedi. – Olan şeydi. Sonra danışarıq.

– Yox, – Xuan dirəşdi. – Gəl elə indi danışaq.

– Yaxşı, – David sakitcə dedi. – Sənə nolub belə?

Xuan qardaşına tərəf döndü. Bu dəqiqə onun sifəti üzgün idi, səsi xırıldayırdı.

– Mənə nə olub deyirsən? Nə danışdığını, heç olmasa, özün bilirsən? Şəlalənin yanındakı o gədəni yaddan çıxartmısan? Əgər mən bu xarabada qalsam, axırda düşünəcəm ki, bunlar hamısı normal hərəkətdir.

– O qotur köpəyə görə? – David yenə soyuqqanlı idi. – Beynini boş şeylərlə yorma. O, adam deyildi, it idi, qotur it. Yoxsa bacının başına nə oyun açdığını unutmusan?

Xuanın atı gah şahə qalxır, gah şıllaq atır, gah da dal ayaqlarını yerə çırpırdı.

David:

– Cilovu burax, – dedi. – Atı boğarsan.

Xuan yüyəni boşaltdı və heyvan sakitləşdi.

– Mənə cavab vermədin. Onu niyə axtarmağımız yadından çıxıb?

Xuan:

– Yox, – dedi. – Yadımdan çıxmayıb.

İki saatdan sonra onlar Kamilonun malikanə ilə at tövləsi arasında, təpənin üstündə qaralan komasına çatdılar. Atlar hələ hərəkətdə olarkən komanın qapısı açıldı və Kamilo kandarda göründü. Əlində tutduğu həsir şlyapası ilə onların pişvazına çıxıb aralıdan hörmətlə təzim etdi, sonra cəld yaxınlaşıb atların arasında dayandı və hər ikisinin yüyənindən yapışdı.

David:

– Hər şey qaydasındadır? – soruşdu.

– Balaca Leonor...

– Leonora nolub? – Xuan üzəngidə dikəlib onun sözünü kəsdi.

Kamilo çaşa-çaşa, kəkələyə-kəkələyə danışmağa başladı. Dedi ki, sübh tezdən Leonor öz otağının pəncərəsindən qardaşların ata minib getdiklərini görüb, onlar evdən heç bircə kilometr aralanmamış at sürdüyü çəkmə-şalvarda otaqdan çıxaraq qışqırıb ki, tez onun köhlənini yəhərləsinlər. Əlbəttə, Kamilo Davidin göstərişinə əsasən balacaya qulaq asmayıb. İşi belə görəndə qız birbaşa tövləyə gedib, “La Aurora”dakı atların ən cavanı, ən şıltağı olan sevimli El Koloradosuna çulu da, qoşqunu da, yəhər-qayışı da kişi kimi özü taxıb. Görəndə ki qız artıq atlanmağa hazırlaşır, Kamilo qulluqçularla köməkləşərək onu güclə tutub saxlayıb, balacanı fikrindən daşındırmaq istəyiblər, amma bu vaxt qız hirsini onların üstünə töküb. Hamısını o ki var söyüb, təhqir edib, dişinin dibindən çıxanı deyib: şillə-yumruq da öz yerində. Bir sözlə, balaca özündən çıxıbmış, onları söyür, döyür, yalvarırmış ki, qardaşlarının dalınca getməsinə icazə versinlər.

David:

– Mən onun dərsini verərəm! – dedi. – Bilirəm, bu kimin işdir! Xasinta deyib ona. Hə, Xasinta! Bu gecə süfrəyə Xasinta baxırdı, Leandro ilə nə danışdığımızı da eşidib. Bu onun işidir.

Kamilo sözünə davam edib dedi ki, qız çox həyəcanlı idi, onu da, qulluqçuları da bəs deyincə cırmaqlayıb təhqir edəndən sonra ağlaya-ağlaya evə qayıdıb, öz otağına girəndən sonra qapını arxadan bağlayıb, indiyəcən də ordan çıxmayıb.

Atları Kamiloya verib evə yönələndə Xuan qardaşına dedi:

– Leonora heç nə demək lazım deyil. 

– Aydın məsələdir. Bir kəlmə də.

 

* * *

Leonor qardaşlarının qayıtmasından itlər hürüşəndə xəbər tutdu. Xırıltılar gecənin sükutunu pozanda və ağır-ağır nəfəs alan heyvan pəncərənin altından ox kimi sürətlə keçəndə o mürgüləyirdi. Spoki idi. Leonor onu sürətindən və ulartısından tanıdı. Sonra boğaz itin – tənbəl və qorxaq Domitilanın boğuq zingiltisi eşidildi. Amma qəzəbli canfəşanlıq qəfildən səngidi, qəzəbli hürüşlərin ardınca nəvaziş dolu həlim fınxırtılar eşidildi. Adətən, itlər Davidi həmişə bu cür sevincək qarşılayırdılar. Leonor dəlikdən baxıb qardaşlarının evə necə gəldiklərini gördü, giriş qapısının necə açılıb-örtüldüyünü eşitdı. Pilləkəni qalxana qədər onları içəridə gözlədi. Xuan qapını tıqqıldatmaq üçün əlini qaldıranda otağın qapısını özü açdı.

David:

– Salam, balaca, – dedi.

Leonor qardaşlarının onu qucaqlamasına icazə verdi, öpmələri üçün alnını irəli uzatdı, ancaq özü heç birini öpmədi. Xuan lampanı yandırdı.

– Gedəndə niyə mənə xəbər vermədiniz? Axı mənə deməliydiniz. Gəlib sizə çatmaq istəyirdim, amma Kamilo qoymadı. David, sən onu cəzalandırmalısan. Kaş görəydin məni necə tutub saxlamışdı. O çox kobud adamdır, qanmazın yekəsidir. Yalvardım ki, buraxsın, sözümə məhəl qoymadı, məni eşitmədi.

Qız əvvəlcə inamla danışırdı, az sonra səsi titrədi və o ağladı. Ayaqyalın idi, saçı daranmamışdı. Qardaşlar onu sakitləşdirməyə çalışdılar, üzünə gülümsəyib başını sığalladılar, “balaca” deyə-deyə əzizlədilər.

– Səni narahat eləmək istəmədik, – David qızı inandırmaq istədi. – Həm də getmək fikrimiz yox idi, son məqamda bu qərara gəldik. Sən yatmışdın.

– Nə baş verdi? – Leonor soruşdu.

Xuan çarpayının üstündən adyalı götürüb bacısının çiyninə saldı. Leonor ağlamağını kəsib sakitləşdi. Bənizi ağarmışdı, ağzını açıb həyəcanla qardaşına baxırdı.

David:

– Heç nə, – dedi. – Heç nə baş vermədi. Biz onu tapmadıq.

Leonorun üzündəki gərginlik keçib-getdi, rahatlanıb yüngülcə ah çəkdi.

– Amma tapacağıq, sən qəti narahat olma, – David əlini çarpayıya uzadıb işarə etdi ki, Leonor gedib yatsın. Sonra otaqdan çıxmaq üçün geri döndü. 

– Bir dəqiqə dayanın, getməyin...

Xuan onsuz da yerindən tərpənməmişdi.

– Hə, nədi, balaca? – David soruşdu. – Nə deyirsən?

– Daha onu axtarmayın...

David:

– Sən narahat olma, – dedi. – Yaddan çıxart, unut getsin. Bu, kişi işidir. Sən bu işi bizim öhdəmizə burax.

Leonor təzədən hönkürdü, amma bu dəfə ürəkdən ağlamırdı. Qız başını tutub cərəyan vurmuş kimi çırpınmağa başladı. Çığırtısından təşvişə düşən itlər pəncərənin altında səs-səsə verib ulaşdılar. David əl hərəkəti ilə Xuana işarə etdi ki, işə qarışsın, amma kiçik qardaş hələ də susur, yerindən tərpənmirdi.

David:

– Di bəsdi, balaca, – dedi. – Ağlama. Yaxşı, biz onu axtarmarıq.

– Yalan deyirsən. Sən onu tapıb öldürəcəksən. Mən səni tanıyıram.

David:

– Öldürmərəm, – dedi. – Əgər hesab edirsənsə ki, bu cındır gədə cəzaya layiq deyil...

– O gədə mənə heç nə eləməyib, – Leonor dodağını dişləyib tələsik dilləndi.

– Dedim axı, sən bu barədə düşünmə, – David israr elədi. – Unut getsin. Sakit ol, balaca...

 Leonor sakitləşmədi. Üzü də, dodağı da göz yaşından islanmış, adyal çiynindən sürüşüb döşəməyə düşmüşdü.

– O mənə heç nə eləməyib, – qız bir də dedi. – Yalan demişəm, doğru deyil.

– Sən nə danışdığını bilirsən? – David bozardı.

– O, dalımca sürünə-sürünə qalmışdı, mən də buna dözə bilmirdim, – Leonor mızıldadı. – Bütün gün kölgə kimi arxamda dayanmışdı.

– Bax bu mənim səhvimdir, – David peşman halda dedi. – Balaca qız uşağını çöldə tək buraxmaq təhlükəlidir. Tapşırmışdım ki, sənə göz qoysun. Gərək hinduya etibar etməyəydim. Onların hamısı eyni zibildir.

– David, o mənə heç nə eləməyib, – Leonor qışqırdı. – Sənə düzünü deyirəm, o mənə toxunmayıb. İnanmırsan, Kamilodan soruş. O bilir ki, heç nə olmayıb. Buna görə Kamilo onun gizlənməyinə kömək eləyib. Bəyəm bilmirdin? Hə, Kamilo ona kömək eləyib. Mən sadəcə ondan yaxa qurtarmaq istəyirdim, ona görə bu əhvalatı uydurmuşam. Kamilo hamısını bilir, get ondan soruş.

Leonor əlinin arxasıyla yanaqlarını sildi, sonra adyalı döşəmədən qaldırıb çiyninə atdı. Qız sanki hansısa ağlasığmaz dəhşətdən xilas olmuşdu.

David:

– Bu barədə sabah danışarıq, – dedi. – İndi biz yorulmuşuq. Yatmaq lazımdır.

Xuan:

– Yox, – dedi.

Leonor başını qaldırıb qardaşını yanında gördü: onun da otaqda olduğunu qız az qala unutmuşdu. Xuan qaşqabaqlıydı, burun pərələri eynən Spokininki kimi şişib enlənmişdi. Səsi də nəsə birtəhər çıxdı.

– İndi sən dediklərini bir də təkrar edəcəksən, bizi necə aldatdığını təzədən dilə gətirəcəksən. 

David:

– Xuan, – dedi. – Güman edirəm ki, sən onun sözünə inanmayacaqsan. O bizi məhz indi aldadır.

– Mən sizə düzünü dedim, – Leonor zarıdı; indi qız gah Xuanın, gah Davidin üzünə baxırdı. – Həmin gün üstünə çığırdım, təpindim ki, məndən əl çəksin, o isə qulaq asmadı. Çaya çimməyə getdim, o da arxamca düşüb gəldi. Heç rahat çimə də bilmədim. Qıraqda dayanıb heyvan kimi, altdan-altdan, xəlvəti göz qoyurdu. Mən də hirsləndim, gəlib olmayan şeyi danışdım.

David:

– Dayan, Xuan, – dedi. – Hara gedirsən? Gözlə!

Xuan dönüb qapıya sarı getdi; David onu dayandırmaq istəyəndə dözmədi, hirsindən çatladı. Cinni adamlar kimi söyüş-təhqiri sağa-sola yağdırmağa başladı. Bacısını fahişə, qardaşını əclaf adlandırdı, yolunu kəsmək istəyən Davidi var gücüylə kənara itələdi və hamını söyə-söyə evdən güllə kimi çıxdı. Leonorla David onun dəli kimi çığıra-çığıra necə qaçdığını, boş sahədən keçib at tövləsinə cumduğunu, dərhal da El Koloradonun – bu dəlisov atın belində bayıra hansı vəziyyətdə çıxdığını pəncərədən gördülər. Leonorun şıltaq atı cilovdan yapışmış naşı əlin yönəltdiyi istiqamətdə çapmağa başladı – ağ quyruğunu yelpik kimi yellədə-yellədə dağ-dərəni adlayıb keçdi, nəhəng qumluğu arxada qoyaraq şəhərə uzanan yolun kənarınacan qaçdı. Amma orda tərsliyi tutdu, sahibinə ram olmayıb əməlli-başlı coşdu, qəfildən şahə qalxıb kişnədi və balerina sayaq dövrə vurub geri götürüldü.

Leonor:

– At yıxacaq onu, – dedi.

– Yox, – David dedi. – Diqqətlə bax. Xuan onu tutub saxlayır.

Tövlənin qapısına xeyli hindu yığılmışdı. Onlar təəccüblə yəhərsiz atın belində oturub çəkmələrinin dabanıyla heyvanın qarnına, yumruğuyla başına vuran kiçik qardaşın hərəkətlərinə tamaşa edirdilər. Zərbələrdən sinirlənmiş El Kolorado şahə qalxıb gah o tərəfə, gah bu tərəfə qaçır, atılıb-düşür, bir anlığa başgicəlləndirici sürətlə qəfil dayanırdı. Amma atlı onun belindən bərk yapışmışdı.

Pəncərənin qabağında donub-qalan Leonorla David qardaşlarının təcrübəli təlimçi kimi gah qəfil peyda olduğuna, gah yoxa çıxdığına kirimişcə baxırdılar. El Kolorado birdən yoruldu, incə boynunu yerə əydi, utanırmış kimi ağır-ağır nəfəs alaraq sustaldı. Bu məqamda elə göründü ki, Xuan artıq evə qayıdır, amma o, qapının ağzında dayansa da, atdan düşmədi. Sanki nəyisə yada salıb atın başını geri döndərdi və ağır yerişlə La Muqre adlanan tikiliyə tərəf sürdü. Ora çatanda bir sıçrayışla atın belindən yerə tullandı, binanın bağlı qapısını təpiklə vurub qırdı və içəridəki hindulara qışqırdı ki, çıxsınlar, cəza müddətləri başa çatıb.

Sonra ağır addımlarla evə qayıtdı. David onu qapının ağzında gözləyirdi. Xuan sakit görünürdü – tərdən büsbütün islanmışdı, gözlərindən isə qürur oxunurdu. David qardaşına yaxınlaşdı, əlini onun çiyninə qoyub evə gətirdi: 

– Gedək, – dedi. – Leonor sənin dizin üçün məlhəm hazırlayana qədər bir az içək.

 

Tərcümə edən: Mahir N.Qarayev