Musa Əfəndi - Xoşbəxtlik axtarışında

 

Xoşbəxtlik axtarışında

 

Yəqin, insanlar öldükdən sonra onların kölgələri bu dünyada qalır və gecələr ölən insanların kölgələrindən yaranıb. Kölgələr yenə elə bil onun otağına yığışmışdı – gecə idi, kiçik və zəif buludlar böyük və güclü günəşi gizlətmişdi.

Dünən gecə olduğu kimi, bu gün də Murad öz səsinə ayıldı. Qorxmuşdu, tərin içində idi, ayılanda qorxduğunun fərqinə varmışdı, bir də onu anlamışdı ki, bu, onun sonuncu yuxusudur...

Saat altı olardı, durdu, pəncərəsinin pərdələrini yana çəkdi. Günəş işıqları onun otağına girib kölgələri öldürmək üçün bir-birilərini itələyirdilər. Görünür, Muradın səsindən buludlar da qorxmuş, günəşin qarşısından çəkilmişdilər.

Otağı çardaqda idi. Geyinib aşağı düşdü. Nənəsi namaza oyanmışdı.

– Nənə, xoşbəxtsən? – soruşdu.

Murad hələ də yuxusunun təsirində idi, başqa vaxt belə qəribə suallar verməzdi. Yuxuda inandığı mələklər və uydurmalarında canlandırdığı sevgililəri birləşib onu lənətləmişdilər. O, xoşbəxt olmamağa məhkum edilmişdi.

– Xoşbəxtəm, bala. Uşaqlarım, sənin kimi nəvələrim var.

Murad “niyə” sualını vermədi, amma bu cavabla qane olmaq istəmirdi, nədən belə qəribə sual verdiyini və nənəsinin bunu təəccüblə qarşıladığını da hiss etmədi. O yalnız xoşbəxt olmaq istəyirdi.

Evdən çıxdı, nənəsi isə təsbeh çevirirdi. Küçələrinin o biri tinində, qonşuluqda yaşayan əyyaş Vovanı gördü. O, arağın təsirindən hələ ayılmamışdı və deyəsən, buna görə də arvadı Mariyanın onu niyə evə buraxmadığını qavraya bilmirdi.

Murad yaxınlaşıb:

– Vova dayı, xoşbəxtlik necə olur?

Vova dayı:

– Xoşbəxtlik rənglidir, – dedi, – hə, hə, mən onu görmüşəm, rənglidir...

Rəngli, göyqurşağı, yağış...

Murad bu üç sözü beynində fırladıb gəzişməyə başladı. Qurbağanın suya atılanda çıxardığı səsdən ayılanda gördü ki, gəzə-gəzə evlərindən beş yüz metr aralıda olan kiçik gölün yanına gəlib. Rəngli, göyqurşağı, yağış... – bu üç söz hələ də beynində idi. Birdən sanki yuxudan ayıldı, qurbağaları daşlamağa başladı.

Uşaq vaxtı bu gölə gəlib qurbağaları öldürərdilər ki, yağış yağsın, göyqurşağı çıxsın. Onlara elə gələrdi ki, qurbağalar mələklər üçün şahzadələrdir və mələklər onları öpəndə şahzadəyə çevrilirlər, qurbağalar öləndə isə mələklər ağlayır və yağış yağır. Beşinci qurbağanı öldürəndə dayandı, öz xoşbəxtliyini başqalarının ölümü üstündə qurmaq ona xoş gəlmədi. Axı qurbağalar şahzadələrdir.

Evə qayıtdı. İçəri girəndə televizor açıq idi, ekranda film göstərilirdi. “Xoşbaxlıx... xoşbaxlıx” – Moşu hələ də xoşbəxtliyə qafiyə axtarırdı.

Moşu xoşbəxt şairdir. Bu film mən hələ uşaq olanda çəkilmişdi. Üstündən neçə il keçib. Moşu o vaxtdan xoşbəxtliyə qafiyə axtarırsa, deməli, xoşbəxtdir. Xoşbəxtliyin özünü tapıb, indi isə qafiyəsini axtarır. Mən hələ xoşbəxtliyin nə olduğunu bilmirəm. Bu düşüncələrlə otağına qalxdı. Yatağına uzandı. Kefsizliyinin səbəbini gündəliyində axtarmağa başladı. Bu gün babamın nənəmə yazdığı köhnə məktubları tapdım. “Saçların payız sarısı” adlı şeirdən başa düşdüm ki, nənəm gəncliyində sarışın olub. Mən gözümü açandan isə onun saçlarına qış çoxdan gəlmişdi və qarını da yağdırmışdı. Yəqin, babam hələ də sevir və onlar xoşbəxtdirlər”. Gündəliyində bundan maraqlı heç nə tapmadı, bir-iki səhifə də oxudu, yenə heç nə tapmadı – bir neçə tanış addan başqa. Gündəliyini silkələdi, bəlkə, xoşbəxtlik vərəqlərin arasından düşər deyə. Anası onu çağıranda gündəliyindən çarpayıya heç bir xoşbəxtliyin düşmədiyini başa düşdü.

Atası maşınla işə gedirdi, onu da yolüstü məktəbə aparacaqdı. Bu dəfə də elə oldu...

Yolda Murad atasından soruşdu:

– Ata, ən xoşbəxt adamlar kimlərdir?

– Varlılar, Murad, varlılar...

– Kasıblar niyə xoşbəxt deyil?

– O ağacları görürsən? – atası bir qədər susduqdan sonra barmağı ilə yol ayrıcında əkilmiş ağaclara işarə edib dedi, – bax, kasıb insanlar da o ağac kimidir. Onlar yolun ortasında əkilmiş ağaclara bənzəyirlər, biz irəli gedirik, onlar tərpənmirlər, yerlərində sayıb yoldan keçən bahalı maşınlara baxırlar. Baxıb tərpənə bilmədikləri üçün tozlanırlar, quruyurlar – bu ağaclar kimi.

Məktəbə çatanda ibtidai sinif uşaqlarının səsi aləmi götürmüşdü. Murad maşından düşüb siniflərinə getdi. Yanındakı partanın boş olması yalnız dərsin ortasında diqqətini çəkdi. Parta yoldaşının kim olduğunu xatırlamağa çalışsa da, alınmadı. Dərs qurtardı. Onların məktəbi dağın ətəyində idi. Hər gün olduğu kimi, bu gün də dağa çıxmağı və oradan kəndlərinə baxmağı qərara aldı.

Dağın bir tərəfi qayalıqlar idi. Həmişəki kimi uçurumun kənarında oturub ayaqlarını aşağı salladı. Səhərdən beynini məşğul edən “xoşbəxtlik nədir?” sualını bu dəfə dilinə gətirdi.

– Bir saatlıq xoşbəxtlik bir saatlıq dərddən daha qısadır... – bir qız səsi ilə bu sözlər havada uçuşdu.

Murad arxaya döndü, heç kəs yox idi. Birdən hiss etdi ki, kimsə sağ əlindən tutub. Sağa baxdı, heç kəs yox idi... Səs tanış idi. Kimin səsi olduğunu ayırd etməyə çalışdı, başa düşəndə artıq gözlərindəki yaş yanağından süzülüb axdı. Hər şey sanki gözündən düşən göz yaşı ilə yadına düşdü. Bir il bundan əvvəl sevdiyi qızı – Nərmini itirmişdi. Ağır gəldi ona. İlk əvvəl özünü öldürmək istədi, sonra beynində başqa qızları canlandırmağa başladı, onları sevməyə çalışdı. Hər gün Nərminin surətini beynində canlandırırdı, sevirdi, öldürürdü... Keçmişi xatırlamaq istəmirdi. Yenilərini canlandırırdı, yenilərini sevirdi. Tarix dərslərini sevmirdi, anlayırdı ki, hər tarix kiminsə keçmişidir və keçmişdə ağrıdan başqa heç nə yoxdur. Tarix dərslərinə də bu səbəbdən girməzdi. Murad onu da anlamışdı ki, həyat küləkli havalara bənzəyir. Həyat da küləkli havalarda olduğu kimi toz içindədir.

Və unutmağa başladı keçmişini. Nə etdisə, xoşbəxt ola bilmədi yenə. Sonra xoşbəxtliyini axtarmağa başladı.

Və bir il keçdi. Bu gün Nərminin ölümündən bir il keçib. Hər dəfə görüşdükləri yerdədir. Bir il sonra onu yenidən xatırladı, dəli küləyin Nərminin sözlərini onun üzünə vurması ilə... Və anladı ki, heç vaxt xoşbəxt ola bilməyəcək, yuxusunda gördükləri başına gəlmişdi. Deyəsən, hər gün beynində canlandırdığı və öldürdüyü mələklər onu lənətləmişdi və təbii ki, öldürdüyü qurbağalar da... Ayağa qalxdı, arxasını qayalıqlara tərəf çevirdi. Xoşbəxtlik! Bir duyğunun, bir sözün ki tələffüzü cəmi üç saniyə vaxt aparır, o duyğu nə qədər uzun ola bilər ki? Və gözünü yumub özünü atdı.

 

* * *

Külək otağının pəncərəsini döyəcləyirdi. Anası nəsə baş verdiyini hiss etdi. Külək onun çarpayısı üstündəki gündəliyini yerə atdı. Açılan səhifədə bu sözlər yazılmışdı: “O, bu gün məni tərk etdi. Əslində insanı yalnız sevdikləri tərk edir. Bu gün mənim üçün zaman dayandı. Axı mən də yaşamağı sevirdim...”

Artıq hər şeyi anlamışdı. Gündəliyində xoşbəxtliyini axtaranda tanış adlar arasında Nərminin adını görməmişdi. Axı ilk sevgilər ancaq gündəliyin solmuş vərəqlərində olur... Bəlkə də, Nərmin onun beynində yaratdığı mələklərdən sadəcə biri idi, bəlkə də, o, heç olmamışdı. Bəlkə, bunlar hamısı yuxudur...

Qəfil qışqırıb yuxudan ayıldı. Qorxdu, qan-tərin içində idi. Başa düşdü ki, səhv düşünüb, bu onun sonuncu yuxusu deyil...