Əli Kərim
(1931-1969)
Şair. “İki sevgi” adlı ilk kitabı 1958-ci ildə Moskvada nəşr edilib. Sağlığında 1963-1965-ci illərdə “Həmişə səfərdə” və “Qızıl qanad” adlı şeir kitabları nəşr olunub. “Qayıt”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra”, “Gül və çörək” kitabları və ikicildlik “Seçilmiş əsərləri” şairin vəfatından sonra işıq üzü görüb. C.Rodarinin, A.Voznesenskinin, K.Simonovun əsərlərini dilimizə çevirib.
Atamın xatirəsi
O sərt idi.
Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Əməksevər, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı,
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi - təzə əkini
Hər bəladan hifz eləyən qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn kimi bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim,
O utanıb öz ölümündən.
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
***
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Məncə, bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər, ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki, lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!.
***
Nə bu dərd gərəkdir uşaqlar üçün,
Nə də aramızda bu narazılıq.
Biz dərdin, kədərin özündən belə,
Onlara səadət yaratmalıyıq.
Onlar uşaqdırlar, nə veclərinə,
Görüşdük harada, nə zaman, niyə?!
Nə üçün bir səhər mən aşiq oldum
Könlümü yandıran bir gözəlliyə.
Ayrılıq onlara bir məzuniyyət,
Gedərəm, dönərəm yenə də geri.
Amma məzuniyyət qurtarmayanda
Çəkilməz yollardan həsrət gözləri.
Çəkər məzuniyyət, qırılar ya da,
Haqlayar sizləri soyuq bir xəbər,
Ya da ki, onların toyuna bir gün
Toya çağrılmamış bir qoca gələr.
Baxıb tanıyarsan, gözünə o vaxt
İndidən dəyərsə xırda bir əsər.
Bəlkə də, qəlbinə yaylıq hənirli
Çox xəfif, çox zəif bir külək əsər.
Bir kəs də bilmədən oğurlayaram
Bir az uşaqların səadətindən.
Sonra yavaş-yavaş çıxıb gedərəm
Çox uzaq, çox uzaq qonaq kimi mən...
Babəkin qolları
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək.
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə,
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək.
Deyən Babək: - Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun.
***
Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı.
Hamıya dərd olur “cavan getməyi”
“Olduqca az görüb, az yaşamağı”.
Deyirlər: “Bilsəydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə qılardıq,
Nə bilək o belə az yaşayacaq...”
Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?!