Elektron ədəbiyyat və sənət portalı

Nə qəribədir?!

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 26.09.2019

 

Nəriman Həsənzadə
(1931)

Xalq şairi, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifəsində çalışıb. “Yadına düşəcəyəm ”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Sən bağışladın”, “Kimin sualı var”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Gəlimli-gedimli dünya”, “Poylu beşiyim mənim” və sair kitabların, “Nəriman”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Şahid ol, günəş” kimi onlarla poemanın, “Nabat xalanın çörəyi” povestinin müəllifidir.

Nə qəribədir?!

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan,

Elə bil hardasa mən olmamışam.

 

Səni dostlarımla, tanışlarımla,

Mən tanış edərdim nə vaxtsa bir-bir.

İndi özgələri yad ehtiramla,

Deyirlər tanış ol...

Nə qəribədir?!

 

Yuxuda görərdin nə vaxtsa hər dəm  

Yolumu gözlərdin yollardan uzaq.

Mən sənin yuxundan çıxıb gəlmişəm,

Bu da bir yuxudur,

gəl tanış olaq.

 

Qoluna girərdim...

bu, yadındadır,

gedərdik...

yolumuz, arzumuz şərik.

 

Hayanda oldumsa

səhər, ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Hayanda durum ki, görəsən məni?

 

Tələbəlik

Durur ayrıldığım kölgəli çinar,

Durur Gəncədəki bizim institut.

Xəyalım bir yerdə tutmadı qərar,

İlləri andırdı bir anlıq sükut.

        

Neyləyim, unutmur insan ürəyi,

Yaşadım dünyadan könlü yanıqlı.

Düz dörd il geyindim köhnə pencəyi,

Qolu gödək oldu, boynu yamaqlı.

 

O pencək saxladı məni soyuqdan,

Doğru danışmağı çoxu ar bilir.

Əynindən çıxardıb vermişdi atan,

Heç kim bilməsə də qonşular bilir.

 

Bəzən ac da qaldım daha nə danmaq,

Danışıb gülməyə könlüm olmadı.

Şeirim qəzetdə çap oldu, ancaq

Bir qəzet almağa pulum olmadı.

 

Lakin bu dərdimi bilmədi heç kim,

Mən bildim qədrini sevincin, qəmin.

Arabir xəlvəti baxıb sevindim,

Təzə yamağına köhnə çəkməmin.

 

Gülmə, görməmisən o sevinci sən,

Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.

Bir də bilirsənmi mən o sevincdən

Dünyada heç kəsə arzulamıram.

 

Oldu sevincim də, oldu qəmim də.

Bir tələbə qıza könlümü verdim.

Onun hər sözünü öz aləmimdə

Seminar dərsitək əzbərləyirdim.

 

Deyirdim, nə qədər baha olsa da,

Gərək üzük alım, bu bir adətdir.

Ancaq avtobusun keçib yanından,

Piyada gedirdim dərsə arabir.

 

Qoy indi ağrısın vicdanın varsa –

Girdi aramıza onda bir nəfər.

Bir gəncin taleyi alt-üst olursa,

Ağırdır dağılan ailə qədər.

Fikir ver hökmünə sən misalların,

Deyir su quyunun dibində olur.

Hayıf ki, ürəyi bəzi qızların

Başqa oğlanların cibində olur.

 

Qoy bir söz də deyim, çıxarma yaddan,

Bu da, necə deyər, bir məsləhətdi.

Çalış ki, əvvəlcə yanılmayasan,

Təəssüf, ikinci məğlubiyyətdi.

 

Ömrün yolları da pilləkan kimi,

Gendən ucalara lap çox baxmışam.

Mən o pillələrlə bir insan kimi

Gör ki, necə gəlib, necə qalxmışam.

 

Nərdivan

Bu dünya nərdivandı.

Qalxanda mehribandı,

Enəndə nə yamandı.

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırırdı nərdivan,

Məni xatirələrə endirirdi.

Bu zaman,

Birimiz - günçıxana,

Birimiz - günbatana...

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

O da enə bilməzdi.

Haqlı-haqsız,

vermişdi öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

Bu görüş heç araya.

Ya o əvvəl gələydi,

Ya mən sonra dünyaya.

 

Qadına məktub

Sizin qızınızla görüşürük biz,

Gedirik gah yolla, gah kənar izlə.

Bunu mən bilirəm, siz bilmirsiniz,

O gəlir sizin öz icazənizlə.

 

Tələbə yoldaşı, rəfiqəsi var,

İşi də çox olur, bəzən dərsi də.

Mənəm qızınızın, necə deyərlər –

“tələbə yoldaşı”, “rəfiqəsi” də.

 

Mən başa düşürəm, siz anasınız,

Ürəyə sığışmır adi həyəcan.

O, evə dönüncə nigaransınız,

Evdə olanda da mənəm nigaran.

 

Bir ömür mənzili uzun, ya qısa...

Məhəbbət, doğmalıq - hansı qədimdir?

O sizin adicə qızınızdısa,

O mənim yeganə səadətimdir.

 

Siz də heyransınız, mən də bir qıza,

Kimin qapısından o girməlidir?

Dünya elədir ki, biri tapırsa,

Biri... təbiidir, itirməlidir.

 

Duruluq rəmzidir sizin qızınız,

Gözündən oxunur qəlbi, istəyi.

Sizin bu sevdada uduzmağınız,

Sizin borcunuzdur, mənim qismətim.

 

Sizin adınıza hörmət, ehtiram,

Qadın qarşısında baş əyir aləm.

Mən də baş əyirəm, vidalaşıram –

Qızınız gələcək, mən getməliyəm.