Elektron ədəbiyyat və sənət portalı

Son səadətim

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 30.09.2019

 

Xəlil Rza Ulutürk

(1932-1994)

Xalq şairi, Əməkdar incəsənət xadimi. “Mənimgünəşim”, “Yenizirvələrə”, “Ömürdən uzun gecələr”, “Məndən başlanır vətənim”, “Qəhrəman Təbrizim”, “Türkün dünyası”, “Lefortovo zindanında” və digər şeir kitablarının müəllifidir. N. Gəncəvinin “İskəndərnamə”, Y.Balasaqunlunun “Qutadqu-bilig”, İ.Selvinskinin “Babək”poemasını dilimizə çevirib.

 

Son səadətim

Bütün səadətlər çıxdı əlimdən,

Gecə Ay nuruna boyanmağım da.

Başımın üstündə dəftər-qələmim,

İlham “Oyan!” desə, oyanmağım da.

 

Bütün səadətlər çıxdı əlimdən,

Bağımda, alnımı silən çağımda

Çənəmi söykəyib belin sapına

Azca nəfəs dərib dayanmağım da.

 

Bütün səadətlər çıxdı əlimdən,

O “Baba!” deyəndə, mən “can!” deyəndə

Gözləri əlimə baxan balama

Bir naringi verib əylənməyim də.

 

Bütün səadətlər çıxdı əlimdən,

Xalqımın haqq sözə möhtac günündə

Ən uca dağ başı - söz kürsüsündən

Növ-növ düşmənləri faş etməyim də.

 

Bütün səadətlər çıxdı əlimdən,

O əziz çağları kim unudur, kim?

Alıb göy Xəzəri qanadlarıma,

Altunsuya qədər üzüb getməyim...

 

Bir misqal, bir gilə səadət üçün

Mən nələr çəkmişəm, bilirsən, Allah!

Bircə qələmimə çatır son gücüm,

Bu son səadəti əlimdən alma!

 

Adil, mərhəmətli, ədalətlisən,

Bu son səadəti əlimdən alma! 

 

Mənim ömrüm

Mənim gözlərimdə qəm görmək olar,

Mənim gözlərimi nəm görmək olar,

Ancaq peşmanlıqdan bir kölgə, bir iz

Heç vaxt gözlərimdə görməyəcəksiz.

 

Gözəl yaşamışam mən öz ömrümü,

Onu zərgər kimi naxışlamışam.

Gül-çiçək kimi yox, duz-çörək kimi

Möhtac olanlara bağışlamışam.

 

Dəftərim, qələmim döyüş bayrağı,

Masamın ardında səngər qurmuşam.

Çırmayıb qolumu bağban sayağı

Ömrümü yüz ömrə calaq vurmuşam.

 

Dünya od tutardı, bulaq ömrümü

Ona damcı-damcı içirməsəydim.

Sönərdi kəhkəşan, çıraq ömrümü

Onun gözlərinə köçürməsəydim.

 

Gözəl yaşamışam bahar ömrümü,

Demişəm: sıxılma, qısılma, şığı!

Üzən donanmalar yelkən istəyir,

Döyüşən kişilər ruh azadlığı.

 

Ocaq ol, atəş ol boranda, qarda,

Od görən qurdların gözləri sönsün.

Bircə çınqı boyda işaranlar da

Sənin nəfəsinlə atəşə dönsün.

 

Mənim qaynar ömrüm, sal qayalardan

Dənizə can atan daş şəlaləsi,

Şərin ortasından dəmir paz qoyan

Odunçu baltası, kişi qüvvəsi. 

           

Gözlərim dünyanı min dəfə öpmüş,

Çətinlik çəkəcək əzrayıl, yəqin.

Gənclik toxumunu hər yana səpmiş

Palıd ağacını məhv etmək çətin.

 

Qalx ayağa, Azərbaycan!

Sürünmüsən iki əsr,

Övladların əsir-yesir,

Nə qəm, adın çəkiləndə

Yad hələ də zağ-zağ əsir?..

Gecə-gündüz səngərdəsən,

Sən yaralı, sən yarımcan.

Ovamla sıx yaranı sən,

Qalx ayağa, Azərbaycan!

 

Sən can dedin, çor dedilər.

Haqqını basıb yedilər.

Pak, müqəddəs torpağını

Parçalayıb çeynədilər.

O qurdlara sən vermə can,

Qalx ayağa, Azərbaycan!

 

Səngəri gen, ürəyi dar

Gör nə qədər düşmənin var.

Mini gizli, beşi aşkar

Dişi qanlı canavarlar

Əl çəkəcək səndən haçan?

Qalx ayağa, Azərbaycan!

 

Qaranlığın bağrında xal –

Od kürəsi necə tonqal.

Bəsdir hava uddun... indi

Alovlarla sən nəfəs al.

Gecələrin laləzarı

Odlar təki qalxıb ucal!

Çınqılarmı, tüstülərmi,

Ya özünsən qanad açan?

Səməndərsən, Prometeysən –

Qalx ayağa, Azərbaycan!

 

Bu meydanın dörd yanı tank,

Sən tank ara qocaman dağ.

O eybəcər tırtılları,

O zirehi... alovvarı

Pak nəfəsin yandıracaq!

Bu gün bəxtin öz əlində,

Eraların özülündə

Ey əbədi yanar ocaq!

Şumerəcən, Oderəcən

Ey şöləsi göynən uçan!

Qalx ayağa, Azərbaycan!

 

Kim çağırdı o tankları,           

Tanı yurdu satanları!

Atıb yurdu, alıb xalqı

Yalnız rütbə tutanları!

Hüzuruna çıxa bilmir

Kömürdən də üzüqara.

Papağını təhvil versin

Kişi ruhlu qadınlara.

Ey dostundan uzaq düşüb,

Düşmənini bəzən qucan,

Seç qaradan ağı, ayır,

Qalx ayağa, Azərbaycan!

 

Aləm bilir, sən nə qədər

İstiqanlı, mehribansan.

Güllərini dosta, yada

Bəxş eləyən gülüstansan.

Bu sahildə Odlar yurdu,

O sahildə Türküstansan.

Müsəlmanlıq sədlərinə

Sığışmayan müsəlmansan.

Xaçpərəst də, buddaçı da

Üzündəki nura heyran.

Sevir türkü altı qitə,

Sevməyənlər türkə qurban.

Ey qaranlıq gecələrdə

Ülkər kimi oyaq qalan,

 

Daş asfaltdan, yaş asfaltdan

Antey kimi qüvvət alan,

İldırımdan sürət alan,

Qasırğadan cürət alan,

Yandırdığı ocaqlartək

Bu dünyaya şölə saçan!

Qalx ayağa, Azərbaycan!

 

Neçin şeirim sona yetmir?

Çünki qanlı bir ümmansan.

Əsrlərin arxasında

Tomris - dişi bir aslansan.

Keyxosrovlar qılıncını

Qırıb atan pəhləvansan.

Günəş dadı, Şah Xətayi,

Ulu Babək, Cavidansan,

Yazıb inək dərisinə

“Avesta”nı, yaşadansan.

Qoşqarından ayrı düşən

Qaflankuhsan, Savalansan.

Asimanlar genişlənər,

Bir gün qalxıb havalansan.

Əvvəl-axır susacaqdır

Zingildəyən, donquldayan.

Karvanını saxlayammaz

Nə “ov”, “zadə”, nə “pur”, nə “yan”

Beş qitəyə nurun əyan,

Haqqın özü sənə hayan.

Suyu şərbət, daşı mərcan –

Qalx ayağa, Azərbaycan!

 

Dəmir-beton qapıları

Tay-tay açan, şölə saçan,

Yer titrədən, göy gurladan,

Ulduzları öpüb qucan,

Nə yaralı, nə yarımcan,

Bizə nəfəs, bəşərə can –

Qalx ayağa, AZƏRBAYCAN!