Əlibala Hacızadə
(1935-2009)
Yazıçı, şair, alim. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində təhsil alıb. Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Çoxillik elmi fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. Bədii yaradıcılığa 1956-cı ildə dərc edilən “Mənim müəlliməm” adlı hekayə ilə başlayıb. “Heykəl gülür”, “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə”, “Cehiz”, “Pəhləvan”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Möcüzə”, “Ayrılığın sonu yoxmuş” kimi onlarla nəsr kitabının, “Sevəcəyəm” adlı şeirlər toplusunun müəllifidir. 2004-cü ildə bütün əsərləri daxil edilən 10 cildliyi nəşr olunub. “İtkin gəlin” romanının motivləri əsasında 12 seriyalı bədii televiziya filmi çəkilib.
Qara yun
Ayazlı bir gecə idi. Göy elə bil yerə yaxınlaşmışdı, ulduzlar iri və parlaq görünürdü. Nədənsə adama elə gəlirdi ki, yerdəki bu dodaq çatladan ayaz, qulaq qızardan soyuq o sarı ulduzlardan axıb-tökülürdü. Bu axşam sakitliyində çölün düzündə qıy vursaydın, qulaq tutulardı. Hər yanda bir qərib axşam səssizliyi vardı.
Lakin çox keçmədi, çölün lal sükutu pozuldu, kənddən xeyli aralı, köhnə əkin yerində bir traktor nərilti ilə işləməyə başladı. İki gur işıq yanır, traktorun səsi gah yaxınlaşır, gah da uzaqlaşırdı. Sükanın arxasında oturan adam, əyninə geydiyi qalın, mazutlu-nöyütlü sırıqlının içinə bağa qınına çəkilən kimi çəkilmiş, qulaqlı papağını başına bərk-bərk basıb boynunu azca yana əymişdi. Əlcəyi tək olduğundan sol əlini yan cibinə qoymuşdu, sağ əliylə sükandan yapışıb qabağa baxırdı.
Hərdənbir qanrılıb dalda kotana fikir verir, gavahının ağzına ilişib qalan çör-çöpü görüncə tənbəl-tənbəl yerə düşüb təmizləyir, kəndə, nənəsinin yanına qaçan bir kotançının qarasınca söylənir, təzədən qayıdıb maşına minir, işinə davam eləyirdi. Üşüdüyündən gah fit çalır, gah da ki, bildiyi mahnıların qol-qabırğasını qıra-qıra kal səslə oxuyurdu. Bəzən şumun qırağında işığa düşüb ürkək-ürkək dayanaraq, gözlərini par-par parıldadan tülkü, çaqqal, alamça dovşan görəndə boğazını arıdıb dikəlir, uca səslə “ay kafir” deyib gülürdü.
Traktor xəndəyin yanına çataçatda əyninə gödəkcə geymiş, uzun dimdikli kepka qoymuş arıq bir oğlan arxı adlayıb bu yana keçdi. Traktor fənərinin güclü işığından gözlərini qıydı, papağını gözünün üstünə endirdi, əlində tutduğu neft qabını yerə qoyub şırımın qırağında dayandı. Oğlan əl qaldırmamış, bir söz deməmiş traktor onun tuşuna çatıb dayandı.
Traktoru sürən kişi boynunu irəli uzatdı:
– Nə var, ə, Xuduş? – dedi. – Yenə şorcüllütü kimi boğazını nə uzadıbsan belə, xeyir ola?
Oğlan bir az irəli gəldi, uca səslə dilləndi:
– Nənəm dedi ki, get nöyütçü Əliyə deginən bir az nöyüt versin.
Əli ürəyində dedi: “Əcəb mənə ad qoyublar, nöyütçü Əli. Atalar yaxşı deyiblər ki, yaxşılıq eləyən öz evində ölmür. Mən yaxşılıq elədim – nöyüt üçün yanıma gələni boş geri qaytarmadım. Bir də necə qaytarım axı? Biri qohumdu, əqrəbədi, biri dostdu, tanışdı. Gəlir, boynunu bükür. Vermirsən olmur, verirsən də ki, belə. Adımı qoyurlar nöyütçü Əli. Müharibə qoymadı, yoxsa indi bizim kəndlərə çoxdan işıq çəkilmişdi. Camaatın da canı bu hisli çırağın əlindən qurtarmışdı.
“Nöyütçü Əli! – O, qımışdı – İndi öküz öldürsəm də, bu adı üstümdən götürə bilmərəm. Əşi, cəhənnəmə ki!..” Əli hoppanıb yerə düşdü:
– Yaxın gəl görüm, ə! Oğlan lap yaxına gəldi.
– Nöyütümüz qurtarıb, nənəm dedi...
– Ə, nə tez qurtardı, nöyüt içmirsiniz ki?
– Nə bilim, qurtardı də – deyə Xuduş mızıldandı.
Əli oturacağın altındakı dəmir qutudan uzun rezin şlanq çıxartdı, bir ucunu baka salıb:
– Bəri elə, qabı – dedi. Şlanqın o biri uçunu sümürüb tez qaba saldı, neft şırıltı ilə axmağa başladı. Qab dolandan sonra Xuduş, Əlinin sırıqlısının cibinə nəsə dürtdü.
Əli soruşdu:
– O nə idi, ə?
– Nənəm verdi, dedi papiros puludur.
– Ə, lazım deyil, götür... – Amma Xuduş götürmədi, getdi.
Xuduşun bu hərəkətindən narazı imiş kimi, Əli başını yırğaladı:
– Əcəb oğlandı, vallah!
II
Əligilin qonşuluğunda olan evlərin pəncərələrindən işıq gəlirdi. Eyvanda dayanıb dirəyə söykənərək papiros çəkən Əli işıq gələn həyətlərə baxır, gülümsəyir, özündə gizli bir fərəh də duyurdu. “Bu işıqları mən yandırıram. Mənim sayəmdə bu evlərdən işıq gəlir... Yoxsa hamısı qaranlıqda itib-batardı. Sağ olsunlar, elə onlar da mənim karıma pis gəlmirlər. Papiros pulundan-zaddan çıxır... – deyə düşünürdü. – Bunların hansı məndən nöyüt almır? Bu Məmişi deyirsən, məndən aparır, sonra canım sənə desin, Tamam arvad məndən aparır, köynəyi sətin Güləbətin də ki, heylə. Əldən-ayaqdan uzaq yerdi, dana. Bir də ki, kənd özü balacadır. Cəmi iyirmi-otuz evdi. Kolxoz idarəsindən də çox uzaqdı. Neçə ildi də, elə deyirlər ki, işıq çəkiləcək, nə bilim qaz çəkiləcək. Amma ki, hələ bir səs-soraq yoxdu. Allah mənə sarıdı. İşini gör, əşi. Ancaq bu Qurban kişi mənim günümü göy əskiyə düyüb, – “pay atonnan” deyə-deyə lap amanımı qırıb.
“Göz açmağa qoymur! Eybi yoxdur, heç bir şey edə bilməz, deyib-deyib oturacaq yerində!”.
Ancaq Əli bəzən “camaatın karına” o qədər gəlirdi ki, bir də görürdün “qara nər” çölün düzündə, şumun içində qarnını yerə söykəyib dayanıbdır. Traktor xarab olanda, bir yeri sınanda da hamı fikirləşirdi ki, yəqin, Əlinin nefti qurtarıb. Deyəsən, kişi neftin dibinə daş atıb, qalıb çölün düzündə.
Belə hallarda Əli öz-özünü danlayır, daha heç kəsə bir gilə də neft verməyəcəyinə and içir, ondan gəlib neft istəyənlərin dalınca söyür, hirsindən qızarmış gözlərini arabaçı Qurbanın yollarına dikir, onun gəlmədiyini görüncə əməlli-başlı dilxor olurdu. Lakin əli cibindəki “papiros pullarına” dəycək hirsi tezcə soyuyur, bayaqdan qəzəblənib ağzı köpüklənən Əli birdən-birə quzuya dönürdü. Elə bil şişirdilib üfürülmüş bir tuluğun köpü alınırdı. Bu əməli üstündə onu arabaçı Qurbandan çox danlayan yox idi. Di gəl ki, özünə yığışmırdı ki, yığışmırdı. Elə ki Qurban arabanı traktorun böyrünə çəkir, Əli onun sözlərinə fikir vermədən bakı doldurur, “yaxşı, ay Qurban, sən atanın goru bəsdir, daha heç kəsə bir damcı da nöyüt verməyəcəyəm”, – deyir, Qurban çıxıb gedəndən sonra isə hər şeyi unudur, yanına kim gəlsə qabını neftlə doldurub yola salırdı...
“Bəs neyləsin bu yazıq? Qaranlıqda otursun. Kolxoz sədri Məlik də bir nöyüt budkası açmır ki, mənim də canım qurtarsın, bu camaatın da” – deyə düşünürdü.
III
Qurban uzaqdan gördü ki, traktor şumun düz ortasında dayanıb, o saat barmağını dişlədi. Elə o dəqiqə sağ əlinin şəhadət barmağını (onun o biri üç barmağını müharibədə güllə aparmışdı) sol əlinin içinə şappıldadıb:
– Pay atonnan, – dedi, – yenə nöyütü qurtarıb. Ay sənin!..
Qatırlar qulaqlarını qırpa-qırpa, ağır-ağır irəliləyirdilər. Arabaların təkərləri çala-çuxura düşdükcə cırıldayır, daldakı boş dəmir çəllək gah sağa, gah sola diyirlənib səslənirdi. Araba traktorun yanına çatanda Əli pambıq çöpündən çatdığı ocağın yanında çömbəltmə oturub şişə çəkdiyi sığırçınları qızardır, gah papağı ilə, gah da sırıqlısının ətəyi ilə körük basırdı. O, payızda, qışda çöldə işləyəndə özünə əsla korluq verməzdi: yanında gəzdirdiyi qoşalülə ilə təzə şumun üstünə qonan sığırçından, sərçədən vurub kabab çəkər, toqqasının altını bərkidəndən sonra işinə başlardı. Qurbanın gəldiyini görən kimi, Əli ayağa durub güldü.
– Tez gəl, ə! Qayınanan səni nə çox istəyirmiş. Sığırçın kababına gəl, sığırçın kababına! – Şişdən çəkib çıxartdığı sığırçını dişinə çəkərək zərif sümüklərini şaqqıltı ilə əzib yedi, ağzını marçıldadıb: – əşi, sümüyü də məcumdu...
Onun dediklərinə fikir verməyən Qurban arabadan düşüb irəli gəldi.
–Yenə nöyütü qurtarıbsan?
– Əcəb oğlansan, vallah! – deyə Əli başını yırğaladı. – Ə, bir yanını yerə qoy, salam ver, hal-əhval soruş, ondan sonra de ki, nöyütü qurtarıbsan dayna. Evini Allah tiksin sənin, heç aman vermir ə!
– Ə, doğrudan, nöyütün qurtarıb, ya könlünə kabab düşüb?
– Yox, əşi, qurtarmayıb... – Əli başının dalını qaşıdı.
Qurban inanmadı, bakın ağzını açıb əlindəki çubuğu içəri saldı, ağacın ucu az-maz qaraldı. Qurban çubuğu yerə atdı, təəccüblü nəzərlərini Əliyə dikib həmişəki adəti üzrə şəhadət barmağını əlinin içinə vurdu:
– Pay atonnan, daha sənə sözüm yoxdur! – Qurban əvvəlcə bozardı, soyuqdan göyərmiş dodaqları səyridi, sonra acı bir təbəssümlə gülümsünüb əlavə etdi: – Ə, başın üçün, deyəsən, heç sənin arın-zadın yoxdur. İndicə uşaqların yanından gəlirəm. Görürəm Həsənalı bakı az doldurub, deyirəm ə, niyə belə eləyirsən? Nə desə yaxşıdır? Deyir ki, özü də gülə-gülə deyir ha, apar nöyütçü Əliyə, papiros pulu-zadı olmaz. Sonra da əlini-əlinə vurub gülür. Sənin əvəzinə mən tər tökdüm, başın üçün.
– Ə, Həsənalı nə qanır? Əcəb oğlansan, vallah! Sən elə hər şeyə fikir verirsən.
– Pay atonnan, daha sənə sözüm yoxdur. Yox, düzəlmədin, qağa, düzəlmədin! Demək, bundan çox olmaz, danlamaq bundan çox olmaz. İclasda abrını tökdülər, düzəlmədin, əmək günündən tutdular, yenə bu əməlindən əl çəkmədin. Yox, sənnən, deyəsən, bacarmaq olmayacaq. Canındadır ey! Sümüyündədir! Qara yunu nə qədər yusan ağarmaz, istəyirsən sıxcala, qaynat, neyləyirsən elə qaradı ki, qaradı. Ağarmaz ki, ağarmaz!
Əli sığırçından birini də dişinə çəkib:
– Əcəb oğlansan, vallah, – dedi. – Qurtardın moizəni? Ya hələ yenə var? Qurtardınsa ala bu sığırçını çək dişinə, canına qüvvət gəlsin. Ona-buna moizə oxuya-oxuya quruyub qaxaca dönübsən, evi tikilmişin oğlu.
Qurban dediyi sözlərin Əliyə əsər edəcəyini gözləyirdi. Lakin elə bil Əli heç bu sözləri eşitməmişdi. O gülür, kabab yeyir, hələ üstəlik Qurbanı da qonaq eləyirdi. Bu laqeydliyi, saymamazlığı görən Qurbanın şəhadət barmağı yenə sol əlinin içinə dəydi:
– Pay atonnan, daha sənə sözüm yoxdur!
IV
Həsənalı arxadan fışdırıq səsi eşidib geri baxdı. Əli iki barmağını ağzına salıb fit verə-verə qaçır, papağının qulaqları dovşan qulaqları kimi enib-qalxır, o biri əlindəki vedrənin qulpunun səsi uzaqdan eşidilirdi: yırtılsın, yəqin, nöyüt üçün gəlir, ölsən də verməyəcəyəm, – deyə Həsənalı ayağını əyləcə basdı. Traktor xırıldayıb yerində dayandı. Əli özünü yetirdi. Tövşüyürdü.
– Ə, insafın olsun, ciyərim ağzımdan çıxdı, bilirsən nə qədər qaçmışam dalınca?! Əcəb oğlansan, vallah, adam bir dala baxar, bəlkə, elə kotanının altından qızıl küpü zad çıxdı, başı xeyirlinin oğlu.
Həsənalı güldü:
– Daha denən elə sənin gözün kotanın ağzındadı ki! Elə, yəqin, ona görə çevirdiyin yerlər ala-bula olur də. Mən ölüm, düzünü de. İndiyəcən neçə küp qızıl tapıbsan, hə?
Əli nəfəsini dərib:
– Əcəb oğlansan, vallah – dedi. – Məndə elə bəxt hardaydı, ay kişi!
Həsənalı yerə düşdü:
– Hə, xeyir ola, nöyütə gəlibsən? – Əcəb oğlansan, vallah. Bəs nöyütə gəlməyib suya gəlməyəcəyəm ki! – Bu sözü deyəndən sonra Əli nədənsə başını yana çevirdi, səsini alçaldıb: – Yaman yerdə qurtardı. Şoğərib... – dedi.
– Qurtarıb, ya satıbsan? – deyə Həsənalı Əlini əyri-əyri süzdü.
– Əcəb oğlansan, vallah. Mən demədim ki, sən məndən haqq-hesab istə, yoldaşıq, gəlmişəm yanına, bir vedrə nöyüt ver. Başlayıbsan...
Həsənalı əllərini şalvar ciblərinə salıb gəzindi:
– Yoldaşıq?.. Yox, biz yoldaş deyilik. Sən biznən yoldaş olsaydın adımızı belə batırmazdın. Hamımızı başıaşağı eləyibsən el içində...
Əli gözlərini döyüb gülümsündü.
– Əcəb oğlansan, vallah, qurtardın?
– Hə, qurtardım. Gedə bilərsən – deyə Həsənalı sərt-sərt cavab verdi. Traktora minmək istəyəndə Əli onu saxladı.
– Canın üçün, nöyüt verməsən, əl çəkən deyiləm. Çöldə qalmışam.
Həsənalı ona baxıb fikrə getdi, özünü saxlaya bilməyib qımışdı və nə düşündüsə:
– Yaxşı, – dedi, – ancaq pulunu bəri başdan qoy ovcuma.
Əlinin gözləri böyüdü:
– Əcəb oğlansan, vallah. Nə pul, ə Həsənalı?
– Elə qazanırsan, bir dəfə də maya qoysan dünya qopmaz ki.
Əvvəlcə Əli elə bildi ki, Həsənalı zarafat eləyir. Sonra gördü ki, kişinin ciddi sözüdür.
– Neynək, puluynan olsun, Həsənalı. Deyir, keçəl halva yeyər, puluna minnət. Neynək, – əli əsə-əsə cəmi ikicə saat bundan qabaq köynəyi sətin Güləbətindən aldığı manatı çıxarıb Həsənalıya verdi.
Yenə inanmırdı ki, Həsənalı ondan pul alacaq. Amma aldı, sonra vedrəni nöyüt ilə doldurdu. Əli kinayəli bir tərzdə:
– Sağ ol, – dedi. Ancaq gözünü Həsənalının əlindəki puldan çəkmədi. “İndi qaytaracaq ey” – deyə düşündü. Bayaqdan Əlinin bütün hərəkətlərini izləyən, onun necə incidiyinə, yarı canının manatın yanında qaldığına fikir verən Həsənalı gözlənilməz bir şey etdi. Pulu gücü çatdıqca qolayladı.
– Ə, neynəyirsən? – deyə, Əli irəli cumdu. Elə bil bədəninin bir parçasını kəsib atmışdılar. O, üz-gözünü qırışdırıb: – Əcəb oğlansan, vallah, – dedi – heyif o puldan...
Əli iki ay qonşu kənddə işləyib geri dönəndə, ucqardakı evin böyründə basdırılmış qara şalbanın ucunda bir adam görüb ayaq saxladı, altdan yuxarı boylanıb əlini gözünun üstünə qoydu və diqqəqlə baxdı:
–Vay, ə Tamamın oğlu, orda nə qayırırsan elə? Qarğa kimi nə qonubsan o dirəyin başına?
Ayaqlarını dəmir qarmağa keçirib, belindəki enli kəmərlə özünü dirəyə bağlayan Xuduş, iri gövdəsini bir az yana əyib aşağı baxdı.
– Paho, nöyütçü Əli, sənsən? Salam əleyküm. Xoş gəlmisən! Neçə aydır yoxsan?
– Ə, orda nə qayırdığındı?
– Necə nə qayırdığındır? Görmürsənmi işıq çəkirəm?
Əlinin üzündə qəribə bir ifadə gəzdi.
– Əcəb oğlansan, vallah. Ə, işıq nədi? Hardan çəkirsən onu?
Xuduş güldü.
– Qorxma, nöyütçü Əli, sənin qara nərindən deyil. İşıqlar bulağındandı. Axır ki, gəlib bizim də kəndə çatdı.
– Yox bir ə! Lap əməlli-başlı işıqdı, ya elə-belə zarafat eləyirsən, radiodan-zaddan deyil ki?
– Əməlli-başlı da sözdü?
– Əcəb oğlansan, vallah, – deyib, Əli yola düzəldi.
O, küçələrdən keçib getdikcə gözlərinə inanmırdı. Sıra ilə uca dirəklər basdırılmış, əyri dəmirlərin ucuna ağ aşıqlar keçirilmiş, uzun məftillər bağlanmışdı. Dirəklərdən evlərə tellər uzanırdı.
Bir dirək də Əligilin evinin yanında var idi. Bir tel də onların həyətinə çəkilmişdi. Əlinin ürəyində anlaşılmaz hisslər baş qaldırmışdı.
Xuduş axşam evə gələndə Tamam arvad bir küncdə çoxdan qalıb pas atmış dəstəkli qara qabı göstərib dedi:
– A bala, başına dolanım, apar bu nöyüt qabını at dama, qoy qalsın, gərək olar.
– Nəyə gərək olar, ay arvad? – deyə Xuduş əlindəki açar-uçarı, ağ aşıqları, işıq düymələrini balaca çamadanına qoydu.
– Boy, necə nəyə gərək olar, ədə? Deyir saxla samanı, gələr zamanı. Birdən olmadı belə, oldu elə. Sənin bu işıqların beqafıl söndü. Sonra? Yenə nöyütçü Əlinin üstünə qaçacaqsan dana.
– Qorxma ay ana, – deyə Xuduş cavab verdi. – Gümanın Əlinin nöyütü ilə yanan çıraqlara getməsin.
Tamam arvad nurdan düşməkdə olan gözlərini geniş açaraq dərisi qırış-qırış olmuş barmaqları ilə ağ birçəklərinin dibini qaşıdı və inamsızlıq andıran bir ifadə ilə:
– Nə bilim, ay bala, təki sən deyən olsun. İstəməyənin gözləri ovcuna tökülsün.
İşıqlar yanır, Tamam arvadın gözləri qamaşırdı.
V
– Salam, nöyütçü Əli!
– Ay əleyküməssalam, Xuduş. Daha bala, saqqala salam vermirsiniz. Bir sən yox ey, elə bütün Əskərabad camaatı. Deyir, bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk də qurtardı.
–Yox, ay nöyütçü Əli – deyə Xuduş gümrahlıqla güldü. – Sənin bağında yenə ərik var, ancaq daha bizə lazım deyil. Qaldı ki, salaməleyk, ona nə söz ola bilər?
Doğrudan, işıqlar yanandan bəri nöyütçü Əli yaddan çıxmışdı. Heç kəs onun yanına gəlmir, “qara nərini” şumun ortasında əylədib nöyüt istəmir, papiros pulu vermirdi. Qurban da daha onu danlamırdı.
– Ə, a Qurban, bir papiros ver çəkim, ciyərim yandı.
Qurban Əliyə bir papiros verdi. O yandırıb acgözlüklə sümürdü.
– Qurban.
– Nə var?
– Yadındadır, məni elə hey danlayırdın. Deyirdin, nə bilim, düzəlmədin, nə bilim, nə qayırdın?
– Hə, deyirdim. Necə bəyəm, yalan deyirdim?
– Yox, doğru deyirdin. Amma düzəlmirdim.
– Yəni demək istəyirsən ki, indi düzəlmisən, hə?
– Hə, düzəlmişəm, Qurban. İndi nə nöyüt alan var, nə də nöyüt satan. Onda ehtiyac vardı. Gəlirdilər, istəyirdilər, mən də... – O, bir an nə isə fikirləşdi. – Mən də öyrəşmişdim, verirdim, satırdım. Boş qaytara bilmirdim. Ehtiyac vardı, ehtiyac. – O, kədərli bir ah çəkdi. – Tək mənim adımdan başqa hər şey dəyişdi...
Elə bil bu sözlər Qurbanı silkələdi. O diqqətlə Əlinin gözlərinin içinə baxdı, baxdı, sonra bir papiros alışdırıb damağına qoydu.
Əli başını mənalı-mənalı yırğaladı:
– Deyirdin qara yunu yumaqla ağarmaz. – O, sözünə xeyli ara verdi, papirosuna dərin bir qullab vurdu, haçandan-haçana yenə başını tərpətdi. –Yox, Qurban, ağarar, zamana yusa, qara yun da ağarar – dedi.