Sabir Süleymanov

(1937-1979)

Yazıçı, publisist. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini bitirib. “Maarif” nəşriyyatında və “Azərnəşr”də redaktor, “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə tələbəlik dövründə yazdığı kiçik hekayələrlə başlayıb. İlk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında dərc edilib. “Çay qırağında”, “Məhəbbət olmayanda”, “Qara yel”, “Çinar kəhrizin suyu”, “Dan qaranlığı” kitablarının müəllifidir.

Keçiddə

Gözətçi otağındakı xəbərdarlıq zəngi uzun-uzadı səsləndi. Çərkəz ayağa qalxıb qapını açdı. Tələsmədən, arxayın addımlarla şlaqbauma tərəf yeridi. Çarxın dəstəyindən yapışıb fırladı. Şlaqbaumun ala-bula qolları aşağıya endi. Sağ tərəfdən gələn  “QAZ-51” markalı yük maşını şlaqbaumun lap yaxınlığında yerə mıxlandı. Sürücünün böyründə əyləşən adam kabinədən çıxdı, maşının ayaqlığında dayanıb çağırdı:

– Qohum, yolumuzu kəsmə, qaldır bu dirəkləri. Onsuz da qatarın izi-tozu görünmür.

Çərkəz bu adamı o dəqiqə tanıdı. Əmrah kişi idi. Qonşu kənddə yaşayırdı. Çərkəz arıq, sısqa bədənini şax tutub maşına baxırdı. Elə bil heç Əmrah kişinin sözlərini eşitməmişdi.

– Yol ver, Çərkəz, yol ver! Ərəbzəngilik eləmə.

Çərkəz gözlərini dolandırıb onun üzünə baxdı.

– Əmrah kişi, bu, dəmiryol işidir. Şlaqbaum endi qurtardı. Bir də  qatar keçəndən sonra açılmalıdır.

Azacıq keçdi. Yük qatarının qulaqbatıran fiti eşidildi. Nərilti-gurultu ilə gəlib ötdü. Yer tərpəndi, parovozun tüstüsü bir anlığa payızın  tutqun havasını daha da qatılaşırdı. Yolun qıraqlarındakı kağız parçaları, qurumuş yarpaqlar qatarın getdiyi səmtə doğru uçuşdu. Şlaqbaumun zolaqlı qolları qalxdı.

Maşın dəmiryolunu keçib dayandı. Əmrah kişi kabinədən yerə düşdü. Ağır, iri addımlarla Çərkəzə doğru yeridi.

– Qohum, ayda-ildə bir söz dedik, onu da yerə saldın. Yəni çoxdan belə intizamı sevən olmusan?!

Çərkəz altdan-yuxarı ona baxdı. Başını buladı.

– Əmrah kişi, yenə deyirəm: dəmiryol işində möhkəm qayda-qanun var. Onu pozmaq olmaz.

Bir-birinin üzünə baxıb qaldılar.

– Daha nə sözün var, Əmrah kişi?

– Sözüm çoxdu, kişiqırığı.

Çərkəz bu sözdən alındı. Yaşca Əmrahdan kiçik olsa da, istədi ona tutarlı bir cavab versin. Ancaq hövsələsini basdı. Az-az görüşdüyü bu ağsaqqal adamla üz-göz olmaq istəmədi.

– Sözün nədir, əşi?

– Sözüm?

 – Bəli!

Əmrah kişi təzəcə təraş edilmiş ətli, qırışlı sifətini ovuşdurdu. Yol çəkən gözlərini hərləyib Çərkəzin düz bəbəklərinə zillədi. Elə baxdı ki, öz əksini də orada gördü.

– Deyirsən, sözüm nədir, hə?

– Bəli!

Əmrah kişi bir addım Çərkəzə yaxınlaşdı. Çərkəz isə geriyə çəkildi, əhənglə ağardılmış gözətçi otağının divarına söykəndi.

– Çərkəz, çəkilmə, yaxın dur. Sözüm var, özü də qulağına pıçıldayacam.

Hirsini güclə boğub özünü saxlayan Çərkəz zorla gülümsədi.

– Əmrah kişi, vallah, səndən baş aça bilmirəm. Bilmirəm, sənin başına hava gəlib, yoxsa mənim.

Əmrah kişi cavabında ləngimədi:

– Hava, nə hava? Hə, o havadan. Sənin başına bir dəfə gəlib. Arvadını, uşağını atıb təzə eşqə düşən vaxt, on beş il qabaq... Bilirəm. Mənimkinə isə çox çətin, çətin ağlım kəsir gələ. Çalışmışam, camaata cavab verə bilmərəm.

Çərkəz sözünü deyə bilməyən gileyli adam kimi başını tərpətdi. Gözətçi otağına girib azacıq ləngidi. Qayıdıb yenə də bayaqkı yerində dayandı. Əllərini döşünün üstündə çarpazladı.

– Deyəsən, bayaq tələsiyirdin, əşi?!

– Sənin yanına tələsirdim.

– Eh, Əmrah kişi, vallah, yüz dərənin suyunu bir dərədən axıtdıq, ancaq mətləbə gəlib çıxmadıq. İnan ki, çıxmadıq.

Əmrah kişi cibindən siqaret çıxarıb kəhrəba müştüyünə taxdı. Müştüyü damağına alıb siqareti alışdırdı.

– Daha uzatmayacağam, Çərkəz, kəsməqarabağı eliyəcəyəm... Hamı bilir, ikinci dəfə evləndiyin on beş ilə yaxındır. Öz işindir, sözümüz yox. Amma bir məsələ var...

Çərkəz daha dözə bilmədi, hirslə dilləndi:

 – Köhnə ölüləri diriltmə, Əmrah kişi.

– Sözümü kəsmə, səbrin  olsun. Hə, bir məsələ var. Əgər lazım olsan, çağırsalar, öz köhnə evinə baş çəkə bilərsənmi? Çəmənliyə gedərsənmi? Axı sənin orada bir övladın da var. İllərlə itirib-axtarmadığın, dərdindən, odundan xəbər tutmaq istəmədiyin bir qızın. Axı sən, necə olsa, yenə də atasan. Bir dəfə köhnə yurduna baş çək, balanın xatirinə. Söhbətləşək. Mən olum, sən ol, bir də istədiyimiz qohum-qardaş. Gələrsənmi?

Birtaylı açıq pəncərədən xəbərdarlıq zəngi eşidildi. Çərkəz narahat baxışlarla ətrafa boylandı. Bayaqdan susub cavab gözləyən Əmrah kişiyə baxdı:

– Heç vaxt, Əmrah kişi, heç vaxt! Heç kəs məni gözləməsin. Mümkün deyil...

– Yenə də fikirləş, kişi oğlu. Səni sayıb ayağına gəlmişəm. Başa düş ki, sənin Çəmənliyə, qızının yanına gəlməyin qızın üçün başucalığıdır.

– Fikirləşmişəm, özü də çox, lap çox. Qurtardıq.

O, Çərkəzə çox dərin bir nəzər saldı:

– Buna daha nə deyim?.. Evin yıxılmasın, məni qınayan, – deyib maşına tərəf getdi.

Maşın səmtini dəyişmədi, şose yolunda uzaqlaşaraq gözdən itdi. Neft dolu sisternləri çəkən parovoz da tövşüyərək gəlib-keçdi. Şlaqbaum göyə tuşlandı.

Çərkəz könülsüz addımlarla qapını açıb bir çarpayı güclə sığışan otağa girdi. Kətili çəkib oturdu. Ayağa qalxmadan əyilib elektrik pilətəsini cərəyana qoşdu. Mis çaydanı pilətənin üstünə qoyub qəddini düzəltdi. İndi onu yalnız bir şey düşündürürdü, Əmrah kişinin dedikləri. “Axı Əmrah hara, mən hara? Ayda, ildə bir dəfə görüşürük, onda da ayaqüstü, ötəri. Ona nə düşüb ki, mənimlə bu avazla danışır? On beş il qabaq arvadımı boşadığıma görə mənə dəli deyir. İndi ayılıb?”

İstər-istəməz xəyalı ötən günlərə qayıtdı.

...Toy edib evləndi. Bir qızı oldu, adını da Nərgiz qoydu. Nərgiz altı yaşına çatana qədər arvadı ilə arasında xoşagəlməz söz-söhbəti olmadı. Lakin kəndlərində feldşer işləyən dul qadınla tanışlığından sonra evdən soyudu. Çəmənlinin ayıq camaatı da bu işdən xəbər tutdu. Danışıqlar arvadının da qulağına çatdı. Amma o açıb-ağartmadı, səbir etdi. Dul qadın onu əsir eləmişdi. Arvadını, qızını atıb evdən çıxdı. Çəmənlidən köçüb indi yaşadığı kəndə gəldilər. Daha heç vaxt Çəmənliyə qayıtmadı. Qohumları ondan üz döndərdi. O, yalnız üç il qızına aliment verdi. Sonralar isə iş yerini tez-tez dəyişdiyindən və bəzən də bekar qaldığından alimentin arası kəsildi. Arvadı da bunu tələb eləmədi. Çərkəz o vaxtdan qızı barədə düşünmədi. Qızı yaşlaşdı. Ancaq hərdən o, qınaqlı sözləri, tənbehləri eşitməli olurdu. Bəzən dost da, tanış da söhbəti hərləyib qızının üstə gətirirdi. Çərkəz isə qaya kimi susub dururdu. Bu gün də ki, Əmrah onun qanını qaraltdı.

Çərkəzin pilətənin  qıpqırmızı qızarmış tellərinə zillənmiş gözləri yol çəkdi. Əmrah kişi gəlib onunla üzbəsürət dayandı.

“Sözüm çoxdu, kişiqırığı”.

Əmrah kişinin xəyalı çəkilib getməmiş Çərkəz ürəyində dedi: “Axı nə sözün var, ay Əmrah kişi? Dost-tanış o vaxt çox dedi. Dedilər də, eşitdilər də. Başqası ilə həyat qurmuşam. Yaşayışımdan, güzəranımdan razıyam. Məni köhnə söhbətlərə nə üçün çəkirsən?”

O, aram olmadı, qəlbi narahatlıqla çırpındı. İndi də öz-özü ilə danışmağa başladı: “Dost, qohum öz yerində, nə qədər gec olsa da, onların bu məsələni yada salmağa haqqı var. Bəs Əmrah kişiyə nə düşüb? O ki kənar, uzaq bir adamdır”.

Qapı açıldı. Çərkəzin arvadı girdi, xörək gətirmişdi. Çərkəz onun ikicə addım belə atmasına macal vermədi. Tez dilləndi:

– Əmrahı tanıyırsan, Əmrah kişini?

– Hansı Əmrahı?

– Çoban Əmrahı, aşağı kənddəndir.

– Gendən-genə tanıyıram. Çobandır, ordeni var, təzəlikcə də onu kənd sovetinə deputat seçiblər. Nə olub ki?

Çərkəzin sifətindəki bütün qırışlar hamarlandı. Baxışları duruldu. Tərs düyünlü bir ipi açıbmış kimi rahat nəfəs aldı.

– Deyirəm axı... Deputat seçiblər. Demək, ona görə canfəşanlıq edirmiş. Ay Əmrah kişi, tez yatıb, gec oyanan kişi...

Mis çaydan qaynayıb daşdı. Közərmiş tellərin arasına tökülən qaynar su cızıldayıb buğlandı. Hər şey yaddan çıxdı.

 

***

Həmin gündən sonra Çərkəzin gözü dörd olmuşdu. Axtarırdı. Baxışları Əmrah kişini gəzirdi. Şlaqbaumun altından keçən maşınlara diqqət yetirirdi. Ancaq kişi görünmürdü ki, görünmürdü. O, Əmrah kişiyə bir-iki söz deyəcəkdi. Deyəcəkdi ki, ay ordenli çoban, ay deputat qardaş; mənə dəyibdolaşma. Mən qoyun deyiləm ki, tütəklə bayatı çalanda mələyə-mələyə geri qayıdam.

Axşamın toranı çoxdan düşmüşdü. Hava dumanlı idi. Yağış çisələyirdi. Çərkəz yenə  də gözətçi otağında oturub gözlərini pilətəsinin qızarmış tellərinə zilləmişdi. Çaydan səslənmirdi, elə bil altından daş asılmışdı.

O oturmaqdan bezikib qalxdı. Çarpayıda uzandı. Əllərini başının altında daraqlayıb tavana baxdı. Orada hörümçəklər tor qurmuşdu. Qalxıb torları təmizləmək istədi. Ərindi. Uzandığı yerdəcə qaldı.

Haradasa uzaqda musiqi səsi eşidildi. Qulaqları bu səsi tez aldı. Dikəlib oturdu. Dinlədi. Səs sol tərəfdən gəlirdi. Özü də şlaqbauma yaxınlaşırdı... Dirsəkləndi. Qulağını yağış damcıları süzülən soyuq şüşəyə yapışdırdı. Səs yaxınlaşırdı. Deyəsən, gəlin köçürürdülər. Qara zurna zilə qalxmışdı, nağaranın səsi o qədər də eşidilmirdi. Çərkəzin beynindən bir fikir keçdi: “Bu toyun qabağını kəsib, xələt istəyəcəyəm?” Tez də fikrindən daşındı: “Eh, bir dəfə kəsmişəm, iki manat veriblər. Bayıra çıxmağa dəyməz”. Lakin az keçməmiş yenə də əvvəlki fikrinin üstünə qayıtdı: “Kəsəcəyəm, özü də şlaqbaumla. Xələt istəyəcəyəm”.

O, bayıra çıxıb yolu bağladı. Yağış güclənmişdi. Çərkəz islanmamaq üçün divarın dibinə qısıldı. Maşınlar şlaqbauma çatıb dayandı. Siqnal verdilər dönə-dönə...

Zurnalar eşqlə, həvəslə çalır, nağaraçı nağaranı döyəcləyir, maşınlar siqnalı siqnala calayırdı.

Qabaqda dayanan “Volqa”nın arxa oturacağında gəlin əyləşmişdi. Başına zərli yaylıq örtmüşdü, hər yanında da bir qadın vardı, əllərində şam. Deyəsən, sürücünün yanındakı da bəy idi.

“Volqa”nın sürücüsü dözə bilməyib yerə düşdü. Çərkəzə tərəf yeriyib dilləndi:

– Eloğlu, qatar gec gəlib keçər?

Çərkəz çiyinlərini çəkdi:

– Deyə bilmərəm.

Sürücü geri qayıtdı. Gözlədilər. Yol açılmır, Çərkəz də dayandığı yerdən tərpənmirdi. “Volqa”nın sürücüsü, yenidən ona yanaşdı:

– Eloğlu, bu qatarın gəlməyi nə yaman uzun çəkdi?

– Qatarla nə işin var. Şlaqbaumun ixtiyarı məndədir. Xələtinizi verin, yolu açım.

Sürücü onun məqsədini indi anladı. Geri boylandı. Sonra əlini cibinə salıb pul çıxardı. Çərkəzə verdi:

– Yolu tez aç, yağış bərkiyir.

Çərkəz pulu işığa tutdu. Beş manat idi. Narazılıqla başını buladı.

– Elə bu, beş manat? Bəh-bəh! Bu da eloğlumun səxavəti. Qardaşoğlu, qabaqlar bilirsən adət necə idi? Bilmirsən ki?

Sürücü başını buladı.

– Hə, bilməzsən. Axı xeyrinə deyil. Qabaqlar toyun qabağını kəsənə yaxşı xələt verərdilər. Qiymətli şal, pal-paltar.

Nə sürücü, nə də Çərkəz üçüncü adamın gəlib onlara qulaq asdığını görmədi.

– Qohum, düz deyirsən, biz bunu fikirləşməmişik. Nə olar, borclu qalarıq. Yaxşı bir papaq tikdirib sənə bağışlamaq mənim boynumda. Görürəm, başın yalındır, – deyə Əmrah kişi dillənəndə Çərkəzi od götürdü. O, neçə gündən bəri ürəyini deşən sözləri ona demək istədi. Ancaq gördü ki, onun yeri deyil.

– Əmrah kişi, papağıma nə gəlib?! Bir dəmiryolçu papağım var ki, qoyanda ayrı aləm oluram.

Əmrah kişi əlini onun çiyninə qoydu. Gülə-gülə:

– O, səni dəmiryolçuya oxşadır, qohum, – dedi. – Amma mən verdiyim papaq səni əsl kişiyə oxşadacaq. Di salamat qal.

Əmrah kişi sürünün qoluna girib apardı. Şlaqbaum qalxdı. Maşınlar hərəkətə gəldi. Axırıncı – gəlinin cehizini aparan maşın Çərkəzin qarşısından keçərkən kim isə çağırdı:

 – Çərkəz, halal elə, Nərgizi Əmrah kişinin oğlu apardı...