Tanınmış İsrail yazıçısı Tərcümə Mərkəzində

Bölmə: Xəbər 03.10.2019

 

Oktyabrın 3-də tanınmış İsrail yazıçısı, İsrailin Baş naziri Binyamin Netanyahunun qardaşı İdo Netanyahu və İsrail–Azərbaycan Beynəlxalq əlaqələri təşkilatının rəhbəri Arye Qut Dövlət Tərcümə Mərkəzində olublar. Görüşdə Azərbaycan və İsrail xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərin­dən, Azərbaycan–İsrail ədəbi-mədəni əlaqələrindən, hər iki xalqı bir-birinə doğmalaşdıran mənəvi dəyərlərdən söz açılıb. İsrailin tarixi, elmi-mədəni, ədəbi irsi ilə bağlı Azərbaycan oxucusuna maraqlı olacaq bir sıra əsərlərin tərcümə və nəşr layihələri, eləcə də Azərbaycan ədəbiyyatını İsrail oxucusuna yaxından tanıdacaq Azərbaycan ədəbiyyatı nümunələrinin ivrit dilində İsraildə nəşri və digər bu kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa, Mərkəz tərəfindən Azərbaycanda nəşr edilmiş, tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə çevrilmiş hissələri yer alan “Xəzər” dünya ədəbiyyatı jurnalının sayları hədiyyə edilib.