Tofiq Bayram

(1934-1991)

Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi. “Sizi düşünürəm”, “Gərək elə yanım”, “Azərbaycan deyəndə”, “Səninlə görüşəndə”, “Ərin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” kimi onlarla şeir kitabının müəllifidir. A.S.Puşkinin şeirlərini, “Motsart və Salyeri” poemasını dilimizə çevirib. A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

 

 

Qadın urəyi

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

...Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

 

Bəzən gültək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən,

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz –  sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!

 

Azərbaycan deyəndə

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

 

Hər ölkəyə, hər elə,

Olsun hörmət deyirəm,

Vətənimdir vətənim

İlk məhəbbət deyirəm.

Onun şöhrət tacıdır

Şeir-sənət deyirəm,

Mən Vətənə Füzuli,

Abbas Səhhət deyirəm.

Mən Vətənə Sabiri

Doğan qeyrət deyirəm.

Mən Vətənə Üzeyir,

Müşfiq, Səməd deyirəm.

Günəş kimi müqəddəs

Bir həqiqət deyirəm

Azərbaycan deyəndə.

Dünya məni dinləsin:

Diqqət! Diqqət! – deyirəm

Azərbaycan deyəndə...

Dostdan sovqat, muştuluq,

Düşməndən bac alaram

Azərbaycan deyəndə.

İşıq sütunu kimi

Sabaha ucalaram

Azərbaycan deyəndə.

 

Körpüləri, sədləri

Sinəmlə parçalaram,

Sərhəd məftillərində

Bu kobud əllərimlə

Bir muğamat çalaram

Azərbaycan deyəndə.

Azərbaycan! Bu nida

Qayaları silkələr,

Sal daşların köksündə

Çiçək bitər, gül bitər

Azərbaycan deyəndə.

 

Təbim coşar, sel gələr,

Sanma şöhrət pərdəsi

Ürəyimi kölgələr

Azərbaycan deyəndə.

Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr

Azərbaycan deyəndə.

  

Görüş

Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydı!

Mənim gözlərimdə eşqin həsrəti,

Sənin gözlərində yaş olmayaydı!

 

Mən də bəxtiyaram, sən də bəxtiyar,

Bəs bu həsrət nədir, bu məlal nədir?

Saxlama qoy gedim, gözləyənim var,

Gedimmi? Bir “hə” de, o sual nədir?

 

Dayanma qarşımda günahkar kimi,

Mən ki günahını bağışlamışam.

Hələ qəlbigeniş adamlar kimi

Sənin toyunu da alqışlamışam.

 

Bil ki sevgilimdən sənə salam var,

İstəsən ərinlə qonaq gəl bizə.

Mənim ciyərparam bircə balam var,

Açar qapımızı əlbəəl sizə.

 

Niyə zilləmisən gözlərini sən?

Mənə əvvəlkitək baxma, amandır!

Mən ki əl çəkmişəm məhəbbətimdən,

Qəlbimi odlara yaxma, amandır!

 

Peşiman olmağın nədir əlacı?

Yüz fikir bir borcu ödəməz indi.

Mən sənə qardaşam, sən mənə bacı,

İlk eşqə tapmısan bir əlac indi.

 

Yanmasın, ulduzum tez yanıb sönsə,

Vədəsiz şadlığı istəmərəm mən.

Özgənin eşqinə göz dikməkdənsə,

Həsrətin qoynunda can verərəm mən.

 

Sevin, əzizləyin, bir-birinizi,

Ayrılıq diləsəm dilim lal olsun.

Qolboyun, mehriban görəndə sizi

Mənim şair könlüm qoy xoşhal olsun.

 

Şirin söz eşitsəm dodağınızdan,

Bilin ki, sədası ürəyimdədir.

Gəlsə körpə səsi otağınızdan,

Hər xeyir-duası ürəyimdədir.

 

Pozmaram bir evin birliyini mən,

Görsəm ev yıxılır, gedib quraram.

Əl əldən soyusa, ürək ürəkdən,

Sizi eşqinizə qovuşduraram.

 

Gəl nə peşiman ol, nə qəlbini sıx,

Çətindir o günə qayıtmaq, çətin.

Əvvəli sevincdir, sonu ayrılıq,

Taleyi gətirmir ilk məhəbbətin.

 

Qoy bu ürək sözüm getməsin hədər:

Məni sevirsənsə ismətini sev.

Mən öz sevgilimi sevdiyim qədər,

Sən də öz ərini, qismətini sev!

 

Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydi.

Mənim gözlərimdə eşqin həsrəti,

Sənin gözlərində yaş olmayaydı...

 

Axtaracaqsan

Hələ qulağına çatmır harayım,

Bir vaxt məni gülüm, axtaracaqsan.

Görsən viran olub könül sarayım,

Uçulub özülüm, axtaracaqsan.

 

Dağ yarar sel selə qarışmaq üçün,

Qəm dilə hökm edər danışmaq üçün,

Mənimlə görüşüb barışmaq üçün,

Ay məndən küsülüm, axtaracaqsan.

 

Yandırdı ay üzlü mələklər məni,

Aldatdı qurduğun kələklər məni.

Silib sovuracaq küləklər məni,

Qalmayacaq gülüm, axtaracaqsan.

 

Daş olub yoluna düzüləcəyəm,

Yaş olub gözündən süzüləcəyəm,

Sənə yanıq verib tez öləcəyəm,

Məni zülüm-zülüm axtaracaqsan.

 

Qəmin yox olacaq bir gün dəmindən,

Yelkənin qopacaq tale gəmindən.

Ürəyin deyəcək öz həmdəmindən

Qoymaram üzülüm, axtaracaqsan.

 

Yüz nalə çəkirəm bir simin üstə,

Çəkmə qılıncını səbrimin üstə,

Elə ki ot bitdi qəbrimin üstə,

Rahlandı mənzilim, axtaracaqsan.

 

Yar da axtarmasa məni yar kimi,

İtmərəm əlindən uçan şar kimi,

Məni oğul kimi, sənətkar kimi,

Ay mənim öz elim, axtaracaqsan!