Məmməd Araz
(1933-2004)
Xalq şairi, Əməkdar mədəniyyət işçisi. “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktor müavini vəzifələrində çalışıb. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru işləyib. “Sevgi nəğməsi”, “Araz axır”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Oxucuya məktub”, “Qayalara yazılan səs”, “Yol ayrıcında söhbət” kimi iyirmidən artıq şeir kitabının müəllifidir. A.S.Puşkinin, M.Y.Lermontovun, Y.Yevtuşenkonun, M.Svetlovun əsərlərini dilimizə çevirib.
Məndən ötdü, qardaşıma dəydi
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhumla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən!
Sənə gələn, səndən ötən
Nəydi belə? –
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram.
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Ey Xan Eyvaz,
Giziroğlu Mustafa bəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi.
Məndən ötdü!..
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs,
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəhqəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü…
Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrabim xan,
Fətəli xan, Kəlbəli xan…
Qəza ötsün məndən, – dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, əkiz qardaşmla –
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü…
Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyin məsəlinin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi.
Azərbaycan – dünyam mənim
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
Tariximə qara xətli hicri, miladı
Qılıncların qan ağzıyla yazılmadımı?!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı?!
İllər olub – kürrələrdə dəmir olmuşuq.
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Əlvida, dağlar
Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal!
Dalımca su səpir yoxsa, buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey, qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax, salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal...
* * *
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.