Elektron ədəbiyyat və sənət portalı

Ölümündən sonra məşhurlaşanlar

Bölmə: Art 10.10.2019

 

Frensis Skott Fitscerald

Amerika yazıçısı Skott Fitscerald yaradıcılığının ilk dövrlərində, əsasən, nüfuzlu jurnallarda çap olunan məqalələrdən aldığı yüksək qonorarla dolanırdı. Bu qazanc kübar həyat tərzi keçirmək və mətbuatın sevimli müəllifi kimi qəbul olunmaq üçün kifayət idi. O vaxt yazıçı, nə vaxtsa əsərlərinin belə şöhrət qazanacağını təsəvvürünə belə gətirə bilməzdi.

Yazıçının 1925-ci ildə Fransada nəşr etdirdiyi “Dahi Qetsbi” romanı geniş oxucu kütləsinin marağını qazansa da, əsər “Brodvey”də səhnəyə qoyulsa da, az sonra tamamilə unuduldu.

Romanın növbəti uğuru ötən əsrin 50-ci illərinə təsadüf etdi, hətta əsər məktəblərin tədris planına da daxil edildi. 2013-cü ildə rejissor Baz Lurmanın əsərin motivləri əsasında çəkdiyi eyniadlı film ekranlara çıxdıqdan sonra isə romana maraq daha da artdı. Nyu-Yorkda keçirilən hərracda romanın ilk nəşri 112.5 min dollara satıldı.

Qeyd edək ki, yazıçının məşhur romanını tamamladığı villa da satışa çıxarılıb. “Mavi sahilin mirvarisi” adlanan bu binanın ilkin qiyməti 27,5 milyon avrodur.
 

Edqar Allan Po

Detektiv və triller kimi ədəbi janrların yaradıcılarından olan şair-yazıçı Edqar Ponun həyatı müəmma və sirlərlə doludur. Qırx yaşında vəfat edən Amerika yazıçısının gördüyü işlərə – qəzetlərdə çap edilən tənqidi məqalələrinə və nadir hallarda çap olunan hekayələrinə görə aldığı cüzi qonorar yalnız yarıac-yarıtox yaşamasına kifayət edirdi.

Ponun erkən və sirli ölümündən sonra qatı düşməni Rufus Grisuold onun haqqında xatirələrini yazaraq yazıçını dəli obrazında oxuculara təqdim etdi. Məhz onun həyatından bəhs edən bu kitab oxucuları bu qəribə adamın əsərlərinin mütaliəsinə həvəsləndirdi.

Məşhur fransız şairi Bodlerin tərcüməsində Ponun “Qarğa” şeiri o dövrdə böyük şöhrət qazandı. Bu gün Amerika ədəbiyyatının nəhəng simalarından sayılan Edqar Po bütün dünyada tanınır.
 

Frans Kafka

Avstriya yazıçısı Frans Kafka da ölümündən sonra məşhurlaşdı. Onun bu gün milyonlarla oxucusu olan kitabları sağlığında nəzər-diqqətdən kənarda qalmışdı. Kafka xaraktercə insanlara yovuşmaz, zəif insan idi, xeyli xəstəliklər keçirmişdi. O, zəngin daxili dünyasını böyük həvəslə kağıza köçürsə də, naşirlər onun çapından imtina edirdilər.

Cəmi qırx bir il yaşayan yazıçı yaxın dostuna, ölümündən sonra bütün əsərlərini yandırmağı vəsiyyət etdi. Xoşbəxtlikdən, dostu, əksinə, həmin əlyazmaların nəşri üçün əlindən gələni etdi. Bu gün Kafka dünyanın ən məşhur yazıçılarından biridir. Əlyazmaların çox hissəsini özündə saxlayan sevgilisi isə, təəssüf ki, ölüm ayağında olan yazıçının xahişini yerinə yetirərək onda olan bütün əlyazmaları yandırmışdı.

 

Stendal

Bu gün fransız ədəbiyyatının klassiki hesab olunan Stendal həyatda ünsiyyətcil və intellektual insan kimi tanınıb. Lakin onun yazıçılıq karyerası uğurlu olmayıb. Stendalın böyük istedadını hiss etmiş Balzakın tərifli sözləri də vəziyyəti dəyişdirməmişdi.

“Qırmızı və qara” romanı işıq üzü görəndə Stendal depressiya içindəydi. O, əlyazmalarının kənarlarına tapança şəkilləri çəkir və vəsiyyətlərini qeyd edirdi. Stendal beyin qansızmasından dünyasını dəyişdi.

Sonralar Andre Jid və Maksim Qorki Stendalın əsərlərini “gələcəyə məktublar” kimi xarakterizə etmişdilər.

 

Stiq Larsson

Ölümündən sonra yarımçıq “Millenium” trilogiyasının müəllifi kimi bütün dünyada məşhurlaşan İsveç yazıçısı Stiq Larsson ömrü boyu “Stokholm” qəzetində jurnalist kimi çalışıb. On cildlik əsərlərinin nəşri üçün nəşriyyatla müqavilə bağlayan yazıçı sağlığında bu kitabların yalnız üç cildini görə bildi.

Yazıçı 50 yaşında ürək çatışmazlığından vəfat etdi.

Bir neçə il sonra isə onun “Əjdaha döyməli qız” detektiv romanı dünya şöhrəti qazandı. 2009-cu ildə Larsson Avropada ən çox oxunan müəllif elan edildi və Hollivudda onun kitabları əsasında bir neçə böyük büdcəli film çəkildi.