Elektron ədəbiyyat və sənət portalı

İmir Məmmədli

Bölmə: Mərkəz 11.06.2018

 

İmir Məmmədli

İmir Məmməd oğlu Məmmədov (ədəbi təxəllüsü- İmir Məmmədli) 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunda anadan olub. Tbilisi Dövlət Universitetinin filologiya fəkültəsini (ixtisası- bədii tərcümə)  bitirib. Müxtəlif illərdə bu ölkənin Dövlət Tele-Radio Komitəsində, “Sovet Gürcüstanı” qəzetində, Gürcüstan Yazıçılar Birliyində və Gürcüstan Prezident Aparatında çalışıb (Gürcüstan prezidentinin Regional siyasəti və idarə etmə xidmətinin rəis müavini vəzivəsinə gədər yüksəlib).

2005-ci ildən 2019 ilin yanvar ayına qədər Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətində Ədəbiyyat və İncəsənət Verilişləri Departamentinin direktoru vəzifəsində çalıışıb.

Hazırda Azərbaycan Dovlət Tərcümə Mərkəzində ekspert vəzifəsində işləyir.

Evlidir, iki oğlu, üç nəvəsi var.

 

KİTABLARI:

İstəsəm də istəməsəm də (Azərbaycan dilində)

Novellalar (azərbaycan dilində)

Kişilərə mesaj (azərbaycan dilində)

Qapı (azərbaycan dilində)

İmirə dediklərim (azərbaycan dilində)

Bir novella, bir pyes (azərbaycan dilində)

Qışda danışılan yay əhvalatları (azərbaycan dilində)

Günorta (azərbaycan dilində)

Aha (azərbaycan dilində)

Baş tutmayan bayram (gürcü dilində)

Fikir sayğacı (gürcü dilində)

Gürcüstan ozan nəğməsi (gürcü dilində)

Şairin yüz şeiri (gürcü dilində)

 

SƏHNƏLƏŞDİRİLMİŞ PYESLƏRİ:

Açar (komediya) – Gənclər teatrı

İşıq tozu (psixoloji komediya) İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Çarə (dramma) Bakı uşaq teatrı

Oğru doğru (komediya) İrəvan Dövlət Dram Teatrı

 

FİLMOQRAFİYA:

Koşk- eviniz abad (kinokomediya) Cəfər Cabbarlı adına Azərbaycan kinosdudiyası (Dövlət sifarişi)

Xoruz Bayram - (kinokomediya) Türkiyədə ekranlaşdırılıb

Azarkeş – (kinokomediya) Tammetrajlı televiziya filmi

Gəl təzədən evlənək – (kinokomediya) Tammetrajlı televiziya filmi

Qovğalı kəndinin gecələri (kinokomediya) Tammetrajlı televiziya filmi

Balqabaq – (kinokomediya) Qısametrajlı televiziya filmi

 

TƏRCÜMƏLƏRİ:

Şota Rustaveli – Rələngdərili cəngavər

Yunis İmrə - şeirləri

Məhəmməd peyğəmbərin kəlamları

Aşıq Ələsgər – şeirləri

Vaqif Səmədoğlu şeirləri

Nüsrət Kəsəmənli –şeirləri

Şağdaş azərbaycan nəsr antologiyası

Afaq Məsud – Azadlıq (Roman, hekayə və esselər)

Afaq Məsud – Qatarın altına atılan qadın (pyes)

Quram Pancikidze – Saf daş (roman)

Arçil Kikodze – Cənub fili (roman)

Aka Morçiladze – Yetim

Elquca Marğia – Rübailər

 

TƏLTİFLƏT:

Şərəf Ordeni kavaleri (2000 )

Gürcüstan Dövlət Mükafatı laureatı (2001)

Maşabeli Mükafatı laureatı (1997)

Azərbaycan Respublikası Prezident Mükafatçısı (2010)

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin xüsusi mükafatçısı(2011)

 

İmir Məmmədli

DAVAY

(Novella)

Namaz vəfasızcasına vəfat edən vəfalı həyat yoldaşını dəfn edəndən sonra bir il tənhalığın soyuq ağuşunda yaşadı. Qəsəbədə onun babı dul arvad qıtlığı olmasa da, evlənmədi, Qızdarbəyinin xatirəsini əziz tutdu.

        Qızdarbəyi ona üç qız qoyub getmişdi, ancaq üçü də ərdə idi. Bir il ərzində tənhalıqdan cana yığılsa da, Namaz yad oğullarının qapısını döymədi. Qızları arada bir onun qapısını döydülər. Növbəylə gəlib palını-paltarını yudular, yorğan döşəyinin üzünü təzələdilər. Amma belə şeylər Qızdarbəyinin yerini vermədi.

         Yorğandan söz düşmüşkən, sidq ürəkdən etiraf edim ki, gündüzlər Namaz başını qatırdı, qapıda-bacada qurdalanır, qəsəbəyə çıxır, çayçıya baş çəkib çay, xəngəlxanaya keçib pivə içərdi, içə-içə də domino oynayıb, daşı daş ardınca düzərdi. Bir sözlə, gündüzün tənhalığına rəng qatıb bir təhər dözərdi.

        Amma gecələr dözülməz olurdu, ələxsus da Namaz yorğanın altına tək girəndə elə bil dünya daralırdı, nəfəsi boğulur, iki adamlıq çarpayıda gen yorğanın altında özünə yer tapa bilmirdi. Səhərə qədər o üzünə-bu üzünə fırlanır, ara-sıra yüngül mürgüyə gedirdi, mürgüdən səksəkəli oyanıb, əli ilə qeyri-ixtiyari yanını sinçiləyib Qızdarbəyini axtarırdı. Əli boşa çıxanda boğazına top kimi tıxanan qəhərini udub, böyrünü dəyişirdi.

         Bu cür yorğanaltı iztirablara görə, Namazı qınamaq olmazdı, çünki doğulandan ta gecələr xoş fısıltısı ilə böyrünü dəyişən Qızdarbəyi dünyasını dəyişənə qədər Namaz yorğan altında tək yatmamışdı, - erkən çağlarında anasının qoynunda yatardı, bir az böyüyüb əlini anasının ətəyindən üzəndən sonra böyük qardaşı ilə (ayaq-baş da olsa) bir çarpayını bölüşərdi. Daha sonra Namaz böyük qardaşını qabaqladı, vaxtından tez evləndi. Beləliklə, yorğan altında qardaş istisini köksünə sığındığı Qızdarbəyinin hərarəti əvəz etdi.

         Qəsəbə camaatı demişkən, Qızdarbəyi də getdi.

         Mən deməyim, siz deyin, bu cür qoşa uyumağa uymuş, vərdiş etmiş Namaz ömrünün bu çağında yorğan altda, özü də iki adamlıq çarpayıda tək yatmağa alışa bilərdimi?

         Alışa bilmədi. Bir ili, bu qəmli bir ili gecə əzabları içində qovrula-qovrula birtəhər başa vurdu. Qızdarbəyinin ilini el adəti ilə verib dedi: Neynim qadası, mən də insanam, məni də ana doğub, bundan oyana dözə bilmirəm!...

         Namazın bundan o yana nəyə dözə bilmədiyini hərə öz qəlbinə görə yozdu. Yozduqlarına görə də hərə bir məsləhət verdi. Biri dedi, qızlarından birinin evinə köç, biri dedi, evi sat başqa ev al, Qızdırbəyinin iyisidi səni sıxır, biri dedi, rəhmətliyin şəklini böyüt başının üstündən as... Uzun sözün qısası, çeşidli tövsiyyələr çox oldu.

         Deyilənlərin heç biri Namazın beyninə batmadı. Yalnız Pirverdinin sözü beyninə batdı.

         Pirverdi nə dedi?

         Pirverdi dedi, özünü damın altında tənhalığa yedirtmə, evlən, sənə nə olub, şükür Allaha, əl eyləsən əllisi gələr!

         Pirverdi də bir vaxt dul qalmışdı. Necə deyərlər, başına gələn başmaqçı olar... Arvadın duluna nə var!... Kişinin dulu müsibətdir!..

         Namaz, düz deyirsən, deyəndə, Pirverdi sözünü davam etdi, dedi, bir gözünü aç, qəsəbəyə boylan, barmağını kimə bassan, gələr, yox deməz! 

         Namazın üzünün gün kimi açıldığını görən Pirverdi bığaltı qımışaraq əlavə etdi:

  • Birini sənin üçün gözaltılamışam...
  • Kimi deyirsən?
  • Qurbanın dulunu, Tükəzbanı...
  • Tələsmə, qoy hələ, sən demişkən, qəsəbəyə boylanım, ərlik

qadınları nəzərdən keçirim, bəlkə ondan da münasibini tapdım.

     Namaz bunu Pirverdini yalansıtmaq üçün dedi. Boylanmışdı da, tapmışdı da.

     Nə vaxt boylanıb tapmışdı?

     Sözün düzünü bilmək istəyirsinizsə, deyim:

     Hələ Qizdarbəyinin yeddisində qadınlar rəhmətliyin şəklini ortalığa qoyub ətrafında cərgə ilə oturub gah ağlayıb, gah da xosunlaşanda, Namaz onların arasından birini, ta söz ki açıldı deyim, rus qızı Tanyanı seçmişdi.

     Bu sarışın gəlini əvvəllər də dəfələrlə görmüşdü. Amma ədalət xətrinə deyim ki, Qızdarbəyinin sağlığında ona müştəri gözü ilə baxmamışdı. Ancaq öz evində, arvadının hüzurunda qadınların arasında gün kimi parlayan Tanyanı görən kimi gözaltılamışdı, Allah günaha yazmasın, hətta bir anlığına onu Qızdarbəyinin qızdırdığı, hələ tam soyumamış yorğanaltında da təsəvvür etmişdi.

     Tanya bu qəsəbəyə bir neçə il öncə əri ilə birgə gəlmişdi. Əri ilk baxışda ciddi adama oxşayırdı. Fəqət qısa zaman ərzində yerli vuranlara qoşulub əyyaşlaşdı. Günlərin bir günü isə yoxa çıxdı. Bilmədilər öldü, bilmədilər qaldı. Sonradan məlum oldu ki, Tanyadan xəbərsiz Rusiyaya qayıdıb, orada spirt içib ölüb.

     Ancaq bu xəbərdən sonra bir müddət yas saxlayan Tanya getmədi, qəsəbədə qaldı. Məktəbdə xadimə işləyirdi, işindən razı idi, qəsəbədə təkəm-seyrək, bir-iki kəlmə rusca kəkələyənlərə demişdi, hara gedim, vətəndə də məni gözləyən yoxdur.

     Belə hallarda necə deyərlər, qəsəbə sakinlərinə toyda-vayda qaynayıb qarışsa da, başıbatmış bir kəlmə belə Azərbaycan dilində öyrənə bilməmişdi. Bəlkə də bu ətrafda rusca qırıldadanların təqsiri idi, Tanya onların hesabına başını girləyə bilirdisə, əlavə dilə nə ehtiyac?

     Namaz da rus dilini bilmirdi, daha doğrusu, bildiyi yeganə sözü çıxmaq şərtilə, heç bilmirdi. Məhz həmin o söz də sonradan Namazın karına yetdi.

     Tanya qəsəbə arvadlarına qoşulub ilə də gəlmişdi. Qızdarbəyinin yeddisində və qırxında olduğu kimi, ildə də Namazla Tanyanın göz baxışları ani olaraq bir-birinə sataşdı. Tanya gördü, Namaz qırmızılığına salıb gözünü çəkmir, odur ki, yeddidə və qırxda olduğu kimi qadın başını aşağı saldı.

     Arvadın ilindən üç gün, Pirverdi ilə söhbətindən bir gün keçmiş Namz qəsəbəyə çıxdı, gəzə-gəzə məktəbin qabağına gəldi. Tanya sinif otaqlarını təzəcə süpürüb, süpürgəni süpürgəliyə ataraq, üst-başının tozunu çırpa-çırpa bayıra çıxmışdı ki, Namaza tuş oldu.

     Onların göz baxışları yenə görüşdü.

     Namaz həyacanını gizlədərək bir növ əmranə tərzdə “Davay!” - dedi.

     Tanya dinib-danışmadan onun yanına düşüb, halal-hümmət arvadı kimi Namazgilə gəldi.

     Evə çatanda Namaz bir də “Davay!” – dedi.

     Tanya onun üzünə gülümsünüb astanadan keçdi.

     Evdə Namaz üçüncü dəfə “Davay!” - deyəndə Tanya qollarını çərməyib soyuducunun qapısını açdı, olan şeylərdən götürüb qaz sobasının üstündə bir göz qırpımında xörək bişirdi. Qazanı masanın üstünə qoyub xörəkdən nimçələrə çəkib Namazın üzünə şirin-şirin irişdi. Üz-üzə, diz-dizə oturub yedilər. Namaz, arvad öləli belə dadlı yemək yeməmişdi.

     Həmin gün Namaz iki dəfə də “Davay!” deməli oldu. Bir şam yeməyindən qabaq, bir də şam yeməyindən sonra.

     Bu minvalla Namazla Tanya bir söz üstə qurulan ailədə şad-xürrəm yaşamağa başladılar. Insafən deməliyəm ki, bu mehriban ailəyə başqa söz və ya kəlmə lazım olmurdu.

     Bu izdivacı eşidib-bilən qonum-qonşu, tanış-biliş, elə yeri gələndə Namazın qızları ilə kürəkənləri də heyrətlə soruşurdular: Necə dil tapırsınız? O sənin dilini bilmir, sən də - onun.

     Namaz belələrinin cavabında mənalı-mənalı gülümsünüb deyirdi:

Arifə bir işarə bəsdir. Əgər qadın “Davay!” sözünün bütün mənalarını anlayırsa, əlavə sözə nə zərurət? Arvad var, min söz desən də birini qanmaz... arvad da var ki, “davay!” deyən kimi işini bilər.

     Etiraf edim ki, bayaq deyəndə, Namaz rusca cəmi bircə söz bilirdi,  bir az qeyri-dəqiqliyə yol verdim. Namaz bu dildə bir söz də (əgər ona söz demək olarsa) bilirdi. Onu dar ayaq üçün, çətin məqamlar üçün saxlayırdı. Çox nadir hallarda istifadə edirdi. Bu söz “Nu” sözü idi.

     Bəzən şam yeməyindən sonra Tanya “Davay!” sözünə məhəl qoymurdu, onda Namaz tədarük sözünə əl atmalı olurdu. Məsələn, “Nu davay!”. Hərdən də Namaz “Nu” sözünü “davay!”dan sonra gətirirdi. “Davay nu!” onda görürdün, Tanya könüllü-könülsüz tərpəndi, kişinin şamdan sonrakı istəyinə əməl etdi. (Bəlkə də bu yerdə “tabe oldu” desəm daha da yerinə düşərdi).

     Amma onu da hökmən qeyd etməliyəm ki, min bir sınaqdan keçən həmin “davay!” sözü bir-iki dəfə özünü doğrultmamışdı, daha doğrusu, doğrultmuşdu, ancaq məqamın hökmünə uyğun olmamışdı.

     Bir gecə Namazla Tanya təzəcə şam yeməklərini yeyib yorğan altına girmişdilər ki, Namaz bayırdan nəsə taqqıltı eşitdi. Niyəsə həmin səs Tanyanın qulağına gəlmədi. Namaz pencəyini çiyninə salıb elə alt paltardaca həyətə çıxdı, o yan – bu yana boylanıb səsləndi.

     Sol çəpərin dibindən taqqıltı təkrarlandı.

     Namaz hövləng içəri qayıdıb üzütanyaya  “davay!” deyə pıçıldadı, yəni başaltımızdakı baltanı mənə uzat dedi.

     Qadın istəmirəm, pıxmışam mənasında etiraz dolu baxışlarla baxdı.

     Kişi, “Nu davay!” -  yarıpıçıltılı səslə fısıldadı.

     Qadın tərpənmədi.

     “Davay nu!”. Namaz əmr və hiddət qarışıq səslə deyəndə, Tanya yorğanın altındaca alt paltarını soyundu.

     Bunu görən Namazın gözləmədən eşqi dombaldı, bayırdakı səs də yaddan çıxdı, balta da...

     Axırıncı dəfə belə oldu: Hadisə yenə şam yeməyindən sonra baş verdi. Əvvəlcə onu deyim ki, Namaz ara-sıra ürəyində kəsgin ağrılar hiss etməyə başlamışdı. Bu barədə Tanyaya demirdi ki, qadın qorxmasın, - bunu özü belə yozurdu. Əslində demək istəsə də, deyə bilməzdi: “Davay!” sözüylə ürəkdəki ağrıları, sancıları, güman ki, çətin izah etmək olar, qadın nə qədər anlaqlı, qanacaqlı, mərifətli olsa da, bu cəfakeş sözün həmin anda verdiyi mənanı başa düşməyə bilər. – Buna görə də Namaz ürəyindəki ağrıları Tanyaya bildirməmişdi, daha doğrusu, “Davay!”  deməmişdi.

     Tanyadan xəbərsiz həkimə getmişdi, dərman almışdı, paltar dolabının yuxarı gözünə qoymuşdu, sinəsində ağrı hiss edəndə, oradan götürüb dilinin altına qoyurdu.

     Belə ki: şam yeməyindən qabaq Namaz “Davay!” deyib, bu sehrli sözdən sonra bir göz qırpımında süfrəyə gələn xörəkdən yeyib, üstündən pürrəngi çay içib yerinə uzanmışdı ki, (üstünüzə sağlıq) ürəyinin başında həmin kəskin ağrını hiss etdi, özü də bu dəfə elə hiss etdi, elə bildi, ülgüclə kəsdilər. Gördü, durub dolabın yuxarı gözündəki dərmanı götürə bilməyəcək. Odur ki, üzünü Tanyaya tutub dolabın yuxarı gözündəki dərmanı mənə ver mənasında “Davay!” dedi.

     Tanyanın yenə tərsliyi tutdu. Üz-gözünü turşudub, rusca nəsə mıdıldadı.

     Belə olduqda Namaz “Nu davay!” – dedi.

     Qadın etiraz əlaməti olaraq başını buladı.

     “Davay nu!” – namaz həm çəmkirdi, həm də inildədi.

     Tanya işığı keçirib, yorğanı qaldırıb Namazın yanına girdi.

     Könülsüz də olsa, qadın üzütavana uzanan Namazı qucaqlayıb özünə tərəf çəkdi.

     “Davay!” – Namaz dərmanımı ver mənasında pıçıldadı.

     Tanya isə bu sözü zamanına və məqamına uyğun anlayıb onu bağrına basıb öpdü!

    “Nu davay!” “Davay nu!” – Namaz son nəfəsini toplayıb, ölürəm, ay insafsız, nəfəsimi darıxdıma mənasında zarıdı.

     Qadın var bədəniylə kişiyə yapışıb onu daha da sıxdı.

    “Davay!” “Davay nu!” – namaz xırıltıqarışıq zarıyıb Tanyanın sarmaşıq kimi sarılan qollarının arasında keçindi.