Dövlət Tərcümə Mərkəzi ölkədə ədəbiyyata, mütaliəyə marağın artırılması, kitab, oxu mədəniyyətinin aşılanması, əhalinin müasir milli və dünyəvi ədəbi prosesdən məlumatlandırılması məramıyla “Kitabla görüş” adlanan yeni maarifləndirici layihəyə start verib. Ölkənin ayrı-ayrı regionlarında və mərkəzi şəhərlərində keçiriləcəyi planlaşdırılan layihənin ilk tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutub.
Tədbiri giriş sözü ilə Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid açaraq, layihənin məramı və məqsədi haqqında danışıb. Mərkəz tərəfindən ərsəyə gətirilmiş yerli və beynəlxalq nəşrlərdən söz açıb.
Mərkəzin idarə heyəti sədrinin müşaviri İlqar Rəsul, İnformasiya departamentinin baş redaktoru Qan Turalı bədii ədəbiyyatın cəmiyyətin inkişafında rolu, mütaliənin insan təfəkürünə təsiri barədə çıxış ediblər. Gənc şairlər – Rəbiqə Nazimqızı, Cəlil Cavanşir, Şəhriyar Del Gerani və Aqşin Evrən və region şairlərindən Ağa Ramazanlı şeirlərini oxuyublar. Şair, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi Vaqif Aslan, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Mərkəzinin direktoru Yusif Şükürlü çıxış edərək, Tərcümə Mərkəzinin fəaliyyəti, maarifləndirici layihələrin əhəmiyyəti haqqında danışıblar.
Tədbirdən sonra Şəkinin Kiş kəndində görkəmli alim, türkoloq, Azərbaycan Tərcümə Mərkəzinin ilk sədri Aydın Məmmədovun məzarı ziyarət edilib.
“Kitabla görüş” layihəsinin ölkənin digər şəhər və bölgələrində davam etdiriləcəyi nəzərdə tutulur.