Elektron ədəbiyyat və sənət portalı

Günel Xəzəl - Berta

Bölmə: Yeni imzalar 15.10.2019

 

Berta

1.

“Bu qızın görkəmi evimin füsunkar dəbdəbəsinə uyğun gəlmir” – təsadüfən eşitdiyi bu cümlə rahatlığını əlindən aldı. Addım-addım pillələri endikcə o cümlənin vahiməsindən bədəni qızdırmalı kimi titrəməyə başladı. Özünü ələ almağa çalışdı. Düşündü ki, əlindəki sinidən bahalı qablar düşüb sınsa, ömrü boyu bu evdə işləsə də, ziyanı ödəyə bilməyəcək. Dayandı. Ömrü boyu... Bu evdə işləsə... Gülümsədi. Bayaq evin xanımı əriylə danışanda təsadüfən (təsadüfün zərurətin başlanğıc nöqtəsi olduğunu çox sonralar biləcəkdi) eşitdiyi cümlənin ürəyində açdığı yaranın göynərtisini qisasla azaltmaq istəyi ilə əlindəkiləri sini qarışıq aşağı atdı. Qabların pillələrə dəyib sındıqca ətrafa səpələnməsi sanki könlünün qırıqlarına məlhəm oldu. Həm də acı bir ümid yarandı bu evdə qalması üçün. Aşağıdan xadimələr, yuxarıdan ev sahibləri bura yığıldılar. O, əlləriylə üzünü tutdu ki, gülümsədiyini görən olmasın. Xanımın ona “Rədd ol bu evdən, özü də həmişəlik” dediyini eşitdi...

Nifrət etdiyin, amma qalmağa məcbur olduğun yerdən qovulmaq nə ağır, nə alçaldıcı imiş. Bir yandan da şorgöz sahibinin daimi təqiblərindən qurtulduğuna sevinmək istəyirdi. Amma hara gedəcəkdi? Bacılarından xəbəri yox idi, üz tutacağı kimsəsi qalmamışdı. Bu lənətə gəlmiş böyük şəhərdə on yeddi yaşlı, cılız bir qızcığaz təkbaşına nə edə bilərdi? Harda yaşayacaqdı? Nə ilə dolanacaqdı? Düşüncələri dönüb-dolanıb isti bir yuvadan kimsəsizliyə, ordan da bir parça çörəyə adlayanda çörəkçi oğlanı xatırladı. Bəlkə, o kömək edər? Heç olmasa, bir neçə gün qalmağa yer tapar?” Oğlan həmişə onunla mülayim danışar, yumşaq davranardı, üzü də elə hey gülərdi. Pis adama oxşamırdı. Ən qorxulusu qeyri-müəyyənlikdir. Hara gedəcəyini qətiləşdirəndən sonra elə bil azca rahatladı. Otağında əşyalarını toplayanda beynində fırlanan fikirlərdən biri ilişib qaldı: axı o bu evdəki bütün işçilərdən, lap evin xanımının özündən də gözəldir...

Dar, yarıqaranlıq, xırda pəncərəli otağının nəm divarındakı ləkəli, köhnə güzgüdə özünün badamı, mavi gözlərinə, ipək kimi yumşaq, uzun sarı saçlarına, boynunun, sinəsinin ağappaq dərisinə, çəhrayıya çalan yanaqlarına baxdı. Füsunkar dəbdəbəsinə uymurammış!.. Axmaq ifritə! Özünün gonbul, yöndəmsiz bədənindən, qurbağa gözlərindən, donqar belindən xəbəri yoxdu, yəqin! Sonra fikirlərini də boğçasındakı əşyaların arasına qoyurmuş kimi yığıb-sahmanlayıb darvazaya sarı yönəldi. 

Paxıllıq insanları ən azı pərəstiş qədər cılızlaşdırır. Bir xanımın qulluqçunun aşkar gözəlliyini danıb ona “eybəcər” deməsi qısqanclığın, həsədin aşkar sübutudur. Belə qısqanclıq istənilən adamın qiymətini bir anda heçə endirə bilər. Hətta bu evin Bertayla yola getməyən qulluqçuları da xanımın onun gözəlliyindən, daha doğrusu, ərinin bu gözəlliyə biganə qalmamasından qorxduğunu bilirdilər.

Həyət qapısına çatanda dönüb evə baxdı. Hamı pəncərələrdən onu izləyirdi. Kiminsə getməsini izləmək orada qalanlardan biri olmaqdan daha çətin gəlir bəzən... Xüsusən də birinci mərtəbədəki mətbəxin pəncərəsindən baxan, bu evdə yeganə himayədarı olan Stella xalanın – evin aşpazının məyusluğunu, üzüntüsünü öz canında hiss edirdi. Yazıq qadın ev yiyəsinin qorxusundan onunla sağollaşmağa da çıxa bilməmişdi.

Deyirlər, yetimin bəxti olsaydı, yetim qalmazdı. Megi həmişə deyərdi ki, hər dərdin arxasında bir sevinc var. Sadəcə o an bunu anlaya, daha doğrusu, buna inana bilmirik. Tanrının sınaqları önümüzə niyə çıxardığının səbəbini çox sonralar anlayırıq.

“Evdən qovulmağımın yaxşı tərəfi nə ola bilər? Ən azı o axmaq mister Consun hər addımda mənə toxunmaq cəhdlərindən qurtulmuşam, alçaldılmaqdan, həsəddən uzağam. Hə, bir də, yaxşı ki indi yaydı, lap uzağı – bir ağac altında da yatmaq olar. Əlim-ayağım salamatdı, heç yanım ağrımır, baxmalı olduğum xəstəm yoxdu...” Bu fikirlərlə canındakı narahatlığı səngitməyə çalışırdı. Özünü ovundura-ovundura bir də baxdı ki, ayaqları onu çörək dükanına gətirib. Bred onu sezən kimi yanına gəldi. Əlindəki boğçanı görəndə gülümsər üzündəki həlimliyə təəccüb dolu ifadə də qarışdı.

– Məni qovdular... Qalmağa yerim yoxdu. Sizin dükanda qala bilərəmmi?.. Özümə yeni iş tapana qədər?..

Hər cümlə fərqli bir rəng kimi oğlanın simasına yeni ifadə, gözlərinə təzə işıq dalğası yaydı. Berta danışdıqca oğlan onun təsəvvüründə məsum məxluqdan yırtıcıya, dovşandan pələngə çevrilirdi. Sonra da o təbəssüm. O tanış təbəssüm. Hə, xatırladı... Əmisi də camaat arasında insan maskası taxır, ara seyrəlib təklikdə qalanda bu cür murdar baxışların, iyrənc təbəssümün müşayiəti ilə yırtıcıya dönürdü.

2.

Bütün kənd onların ailəsinə hörmətlə, hətta aşkar qibtəylə yanaşırdı. Atası zadəgan, anası da zəngin, nüfuzlu nəsildən idi. İki böyük bacısı, yenicə doğulmuş bir qardaşı vardı. Üçmərtəbəli, divarlarına ağ-qırmızı qızılgüllər sarmaşan, geniş pəncərələri olan səliqəli, sadə, ancaq çox zövqlə bəzədilmiş mülkdə yaşayırdılar. Valideynləri olmayanda bacıları ilə birgə dayələrin əlindən sivişib qaçmağı, ucsuz- bucaqsız meyvə bağlarından keçib evin arxa səmtindəki meşədə oynamağı çox sevirdilər. O meşə bəxtəvərliyin, qayğısızlığın unudulmaz anları ilə yadında qalmışdı: bir də, hələ də ruhunda dolaşan xoş ətri ilə. Bağçalarındakı sünilik meşədə yoxdu. Səliqəylə biçilmiş yaşıl ot əvəzinə nəm, orda-burda tapdalanıb bir az soluxmuş otların, çiçəklərin, payızda isə xəzəllərin üzərində qaçmaq, oynamaq başqa aləm idi! Dayələri onları azmaqla, itməklə qorxutsalar da, meşədəki sərbəstlik, xoş ətir durmadan ora çəkirdi balacaları. Həm də meşə onların “kiçik xanım”a yox, adicə uşağa çevrildikləri yeganə yer idi. Burda bərkdən danışmalarına, bildikləri mahnıları qışqıra-qışqıra oxumalarına, yerdə oturmalarına görə kimsə onları danlamırdı. Üstəlik də yaxınlıqdakı kənddən gələn, onların yaşıdı olan əkiz qardaşlardan maraqlı şeylər öyrənirdilər. Zəhərli göbələyi yeməlisindən ayırmağı öyrənmək dayəsi Meginin saatlarla haqqında söz açdığı antik dövr miflərindən qat-qat maraqlı idi.

...Bir gün meşədə xeyli əylənəndən sonra evə qayıdanda həyətdə yad adamların toplaşdığını gördülər... Kübarlar məclisdən qayıdarkən at yoldan çıxıb dərəyə yuvarlanmışdı... Berta yetimliyin necə ağır olduğunu, uşağı bir gündəcə imtiyazsız, diqqətdən, nəvazişdən uzaq, həyatın sərt üzü ilə qarşı-qarşıya qoyduğunu hələ dərk etmirdi. Onda cəmi 15 yaşı vardı. O gündən Berta ilə bacıları “kiçik xanım”dan yetimə, qəddar əmisi onlara qalmış var-dövləti mənimsəyəndən sonra isə qulluqçuya çevrildilər. Əmiləri şərt kəsmişdi: əgər körpə qardaşınıza qəyyumluq etməyimi istəyirsinizsə, evlərdə qulluqçu olmağa razılıq verməlisiniz!

 

3.

Taleyin qəribə dönüşləri olur. Megi həmişə deyərdi ki, qəza ilə qədəri qarışdırmaq olmaz. Əgər qəzadan yayınmırsansa, buna qədər neyləsin?! Bred üstünə cumanda Berta zorla onun əlindən qurtuldu. Hara qaçdığını bilmirdi. Yüyürə-yüyürə küçələri keçirdi. Qəflətən sinəsində küt ağrı hiss etdi. Gözü qızmış çörəkçiylə əlbəyaxa olanda da əlindən buraxmadığı boğçasını indi bu ağrının təsiriylə yerə saldı. Anasının tək yadigarı – saxsı qu quşu düşüb sındı... Səsindən bildi bunu...

Pilləkəndə sındırdığı qabların qisası alındı ondan. Fikir vermişdi: nədənsə kiçik səhvlər tez cəzalandırılır, böyük günahlarsa nə qədər ağır olsa da, çox gec qarşılığını alır. Qəza... qədər... Bred onu zorlamaq istəməsəydi, Berta qaçmasaydı, bəlkə, heç vaxt Stefanla qarşılaşmayacaqdı. Hər gün minlərlə insan toqquşur yolla gedəndə, əşyaları düşüb sınanlar da nə qədər desən... Bunda qəribə nə var ki? Ancaq yox, qəribəlik vardı bunda. Qəribə burasıydı ki, yolda toqquşduğu adam başqa birisi yox, onu evdən qovan xanımın yeganə, sevimli qardaşı Stefan idi. O qədər də yaraşıqlı deyildi. Kürən saçları, iri qəhvəyi gözləri, buğdayı dərisi vardı. Bəstəboy, ortayaşlı bir kişiydi. Səyyah kimi şəhərdə ad çıxarmışdı. Dünyanın dörd bir tərəfini gəzib-dolaşmışdı. Gəncliyindən ömrü yollarda keçmişdi. Qəribə deyilmi ki, dörd ildən bəri bacısını görməyən Stefan məhz madam Elza hirslənib Bertanı evdən qovduğu gün şəhərə qayıtmış, bacısı ilə görüşmək üçün birinci onlara yollanmışdı. Yolda arabanı saxlatdırıb düşmüş, Temza sahilində dayanıb doğma yerlərin seyrinə dalmaq, sonra da dəniz səyahətinin ardınca – ayaqları açılışsın deyə yaxşıca gəzişmək üçün bacısıgilin malikanəsinə piyada yollanmışdı. Madam Elzagilin evinə çataçatda isə indicə evdən qovulan, ilahə Venera qədər gözəl bir qızla toqquşmuşdu.

Stefan Bertanın qulluqçu olduğunu biləndə duyğuları bir az ayazımışdı, ancaq sonradan öyrənəndə ki zadəgan ailəsindən çıxıb, tərəddüd etmədən ona evlənmə təklif etmişdi. Bacısının sərt müqavimətinə, təhdidlərinə, lap axırda isə yalvarışlarına məhəl qoymayıb Bertadan “hə” cavabı aldıqdan sonra ailə qurmuşdu.

4.

Stefan Bertaya az qala bütün dünyanı göstərdi. Övladları oldu, uzun zaman xoşbəxt yaşadılar. Əri öləndən bir müddət sonra Elza var-dövlətinin axırına çıxdı, səfil hala düşdü. O biri qardaş-bacıları yaxın qoymadılar, o da məcbur olub Stefanla Bertanın evinə sığındı.

Elza çox sevinirdi ki, Berta keçmişdə olanları unudub. Bertanın xoş rəftarı Elzanı utandırırdı.

Sərin bir yay axşamında Elza Bertanın kiçik oğlunu gəzməyə çıxarmışdı. Berta isə neçə il əvvəl əmisinin əclaflığı üzündən itirdiyi, amma sonralar sevimli ərinin nüfuzlu tanışlarının köməyi ilə axtarıb tapdığı ortancıl bacısı ilə həyətdə söhbətləşirdi. Elzanı uzaqdan görüb etdiyi söhbətə dəxli olmayan sözlər deməyə başladı, həyətdəki kolların o tayındakı baldızının eşidəcəyi səslə: 

– Onun görkəmi mənim evimin füsunkar dəbdəbəsinə uyğun gəlməsə də, Stefan inciməsin deyə o ifritəyə dözürəm, burda qalmasına icazə verirəm. Elə bilirdi, yetimi çörəksiz qoymağın, qəlbini sındırmağın cəzasını çəkməyəcək. Görürsən, indi it kimi saxlayıram onu qapımda...

Axşam Elzanın intihar xəbərini eşidən hər kəs buna təəccüb etdi.

 

5.

Son günlərini qocalar evində keçirən Berta öz xoşbəxtliyinin Elza ölən gündən yox olmasının səbəbini bir səhər yeməyi zamanı qəfildən anladı. O, ailəsinin dağılmasında Stefanın məşuqəsini, uşaqlarının nankorluğunda isə dayələri günahlandırırdı. Nəhayət, əsl səbəbi anlamışdı.