Fikrət Qoca
(1935)
Xalq şairi, Əməkdar incəsənət xadimi. Azərbaycan Yazıçılar Birliyinin katibi. “Qağayı”, “Dənizdə ay çiməndə”, “Günlərin bir günü”, “Ömürdən səhifələr”, “Taleyin ağır taleyi” kimi, onlarla kitabın müəllifidir. M.Y.Lermontovun, T.Şevçenkonun, E.Mejelaytisin, İ.Volkerin, İ.Tauferin əsərlərindən nümunələri dilimizə çevirib.
Sevgi gözəl bəladı
Sevgi gözəl bəladı,
Bəlası mənə gəlsin.
Onsuz həyat zülmətdi,
Zülmətli günə gəlsin.
Yazığı gəlsin mənə,
Dolansın, yenə gəlsin.
Ən qədim dindi sevgi,
Bu dünya dinə gəlsin.
İnsandan bu dərd qalır,
Ömür gəldi-gedərdi…
Yarəb, heç vaxt nadana
Qıyma bu gözəl dərdi.
Ulu vətən sevgisi
Sevgilərin tacıdı.
Şirinlərdən şirindi,
Acılardan acıdı.
Onun zülmünü çəkmək
Ruhun ehtiyacıdı.
Bu sevginin töhvəsi
Zindan, həsrət, ölümdü.
Ölümə hazır olmaq
Özü dərin elmdi,
Bunu sevənlər bilir.
Azadlığın sevgisi
Varlığın əzəlidi,
Bu azadlıq deyilən
Gözəllər gözəlidi.
Azadlıq ulu tanrı,
Tanrı bəşərin yarı…
Vətənimin bayrağı
Xalqımın başı üstə
Ulu tanrı əlidi.
Məcnunam desəm azdı,
Könül bu məhəbbətdən
Divanədi-dəlidi.
Xoşbəxtlikdən uludu.
Mənim bu əziz dərdim.
Heyif bircə canım var,
Bu sevginin yolunda
Yüz min dəfə ölərdim.
* * *
Gecə yaman uzundur
Gözümün işığına
hər kirpik bir yük olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə böyük olur,
Gecə yaman uzundur.
Xəyallar şirin-şirin,
Xəyallar acı-acı,
Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi, yəqin, yuxuda
Xumar-xumar gülürsən,
Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.
Babalarım
Biri qaçaq olub,
mərd olub,
biri qoçaq olub,
mərd olub
biri kasıb olub,
mərd olub.
Bəs bu namərdlər hardandı?! –
bax bu mənə dərd olub.
Eynilik
Sənin əlin qabar-qabar,
Mənim ürəyim,
Onun beyni;
Hamımız
eyni cür fəhləyik, qardaş,
Eyniyik, eyni.
Bir vaxt
Gələcəyik üz-üzə küçələrin birində,
Sənin üzündə qırış, mənim saçlarımda dən;
Bir soruşan da olmaz donub qalmışıq nədən.
Adamlar gəlir, gedir, kimi vədə gözləyir,
Gözləyənə nə var ki, lap küçədə gözləyir.
Bizim rəngimiz qaçar gözlənilməz görüşdən.
Ayaqlar öz işində, onlar bənzər zamana,
Çəkib aparar bizim hərəmizi bir yana,
Sənin üzündə qırış, mənim saçlarımda dən.
Nəyim varsa
Niyə sirrin olur ki,
Sirr saxlamaq dərdi də olsun.
Niyə dar günə tədarük görürəm,
Hələ bir dar gün də olsun.
Gördüyüm işi maraqlı bilməsəm,
Əl atmaram o işə.
Niyə gedirəm gizli görüşə.
Sonra görünməyindən
Qorxa-qorxa gəzəm.
Niyə adam dalınca axmaq söz
deyirəm,
Sonra amandı eşidilməsin deyə
Canımı üzürəm.
Niyə eldən, evdən gizlənəsi iş
tuturam,
Sonra da sirr saxlamaq
Əzabına dözürəm.
Gəzirəm gün altında
Könlüaçıq, gözüaçıq,
Üzüaçıq, sözüaçıq,
Mən göz qabağındayam.
Bu əllərim,
Bu da əməllərim.
Mən ellər bağındayam,
Barlı ağac kimi
Başdan-ayağa
Göz qabağındayam.
Mən toyuq kimi
Başımı qanadımın altında
gizləməmişəm.
Mən sözümü demək üçün
Kiminsə getməyini gözləməmişəm.
Nə bilirəm onu deyirəm,
Nəyim var onu yeyirəm.
Acamsa, acam, susuzamsa, susuzam…
Neyləyirəm qızıl teşti
İçinə qan qusam.