Elektron ədəbiyyat və sənət portalı

Yol gedirəm

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 16.10.2019

 

Nurəngiz Gün

(1938-2014)

Şair, publisist. “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” kitabların müəllifidir. Əsərləri bir çox dillərə tərcümə edilib, Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq, eləcə də  keçmiş Yuqoslaviyada çap olunub.

 

Yol gedirəm

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm, yorulanadək.

 

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdir... varım-yoxum,

Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim,

Yol gedirəm, sinəm qaralanadək.

 

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz,

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

 

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm və titrəyişim...

Yol gedirəm, yol olanadək.

 

 

Ürəyimi eşit, dünya

Dünya çiyinlərimdə,

çiynim dünyadan ağır.

Endirdim başımı çiynimin üstə,

gördüm qollarım yoxdur.

İki qolum – iki budaq.

İki qolum ikisi də dirəndilər göy üzünə.

Baxdım bədən torpaq üstə,

 

iki qolum ikisi də

üzür keçir göy üzündən.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş,

Torpaq iki haçadır,

Körpu heyrət içində,

Məftillər qocalıbdır,

gör haçandır

iki yol arasında

qollar naçar qalıbdır!

Dünya! Mənə həyan ol,

Göyləri səksəndirmə,

qollarım yol gedəsidir,

Onu həsrət uçurub,

qollarıma ana ol,

qollarım yorulubdur,

qollarımı ovundur!

 

Dünya, mənə yiyə dur!

O sahilə... baxınca

ürəyim suya dönür,

Bədən qolsuz çırpınır,

yerə-göyə sığınmır,

Dağlar boy vermir mənə,

barı Allah göyündə

qollarıma yol eylə!

 

Dünya, özün cavab ver!

Mənim bədənsiz qollarım

gül-çiçək çələngini

görən, necə tutacaq?

Dönüb bir cüt quş olunca

ağarıb göy üzündə

bədənsiz necə uçacaq?

Ömrü darda, başı qalda,

o təklənən torpağımı...

 

görən, havax, hansı üzlə

hansı təşviş içində...

necə, nə cür qucacaq?!..

 

Mənə soyuqdur, günəş...

Günəş!..

Mənə soyuqdur.

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

...Günəşim!

Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!..

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

 

Dünya çıxıb yadımdan

Tanrım, bağışla məni,

dünya çıxıb yadımdan.

Heç bilmirəm səma harda, yer harda?

İnsanlar hardadır, mən harda?

Təkcə İsa Məsihin

Çarmıxda saralan çöhrəsi

Asılıb eyvanımdan, çökür bəbəklərimə,

Çəkilmir xəyalımdan.

 

Bir də ki, zavallının

ölümcül dərəcədə kədərlidir naləsi!

Nisgil təbili döyür mənim

mütəəssir... qulaqlarımda...

 

Apar məni, apar

Mən gedirəm axar çaya deyəm ki,

Mənim sadiq yarım ol,

Al məni də qoynuna,

apar get.

 

Mən gedirəm axar çaya deyəm ki,

Mən burda darıxıram,

ögey kimiyəm sanki.

Apar məni uzaqdakı məcrana,

Ört üstümü çınqıl-mərcanlarınla,

Apar, get.

Könül yaman sıxılır...

 

Apar get, ən dərin dəryaçana

O sözü də... pıçılda sən ona.

De ki, asimanla aranızda qalacaq

Mənim sənə sonuncu dediklərim.

 

Apar get...

Apar, apar,

Yadlardan yorulmuşam, aşiyan ol,

Sərinlik istəyir can...

Apar, məni də apar!

Daha könül qəhr edir.

Apar, apar!

Axar çay...