Elektron ədəbiyyat və sənət portalı

Vaqif İbrahimoğlu – 70

Bölmə: Azad ərazi 18.10.2019

 

 

Bu gün görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 yaşı tamam olur.

Vaqif İbrahimoğlu 1949-cu ilin 18 oktyabrında Bakıda anadan olub.

1976–1979-cu illərdə Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982–1989-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rejissor vəzifələrində çalışıb.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb.

1989-cu ildə “YUĞ” teatrını yaradıb və ömrünün sonuna qədər çalışdığı bu sənət ocağında 90-a yaxın (Şekspir – “Otello”,  Ekzüperi – “Balaca şahzadə”, Çexov – “Albalı bağı”, Afaq Məsud – “Can üstə”,  Kamal Abdulla – “Bir, iki, bizimki”, Frans Kafka – “Kafkadan salam”, Məhəmməd Füzuli – “Həqiqətüs-süəda”, Ramiz Rövşən – “Ağrı və s.) əsərlərə quruluş verib.

  

 

Afaq Məsud

Müəllim

 

Vaqif İbrahimoğluya mən “Müəllim” deyə müraciət edirdim. İşbirliyimiz zamanı yaxşı ovqatlarında “Uçitel”, bir qədər təlx ovqatlarında ehtiyatla “Vaqif müəllim”, fasilələrdə isə, sadəcə, “Müəllim”.

Vaqifə təkcə mən yox, onu tanıyanların, “Yuğ”a gəlib-gedənlərin, demək olar ki, hamısı belə müraciət edirdi.

Bu şərəfli statusu Vaqif orta, ya ali təhsil üzrə aldığı savadla, yaxud daha sonralar, az qala su kimi içdiyi qalaq-qalaq kitablardan əldə etdiyi biliyinə görə qazanmamışdı. Vaqifin biliyi ayrı bilik idi. Böyük süfi Qəzalinin az qala bütün traktatlarında xüsusi qeyd etdiyi – kamilliyə, İlahiyə can atan, əbədi Yolun yolçularına verilən “İlmi Laduni”, yəni İlahidən gəlmə Bilik idi.

Vaqifin müəllimliyi də bir ayrı müəllimlik idi. Bu, qədim qərinələrdə yüzlərlə müridi Yolun başlanğıcına qoşan qüdrətli Şeyx mürşidliyi, yaxud kosmik axıntıları şagirdlərinə Tibetin sakitliyindən ötürən Lama bəsirətliyi, yaxud İlahiyə, ölümlə aclıq arasında yaratdığı Ruhsal Körpüdən toxunan Budda səbirliyi ilə müqayisə oluna biləcək möcüzəli bir öyrətmənlik idi.

Vaqifin öyrətmənliyi – batini, mövcudluğun üst və alt qatlarını görmək və duymaq, o birilərə anlatmaq və ötürmək qabiliyyəti, kamilliyə uzanan yolu şərəf və dözümlə irəliləmək qüdrəti idi. Məhz bu səbəbdən Vaqifin teatrına daxil olan hər kəs burda – Vaqifin ruhsallığı hopmuş bu yığcam məbəddə müqəddəs Yolun yolçusuna çevrilir, ayağı bu dünyadan, gözləri dünya malından, tamahdan sivrilməyə başlayırdı...

***

– Bədii fikri, duyğunu əldə etməkdən ötrü məni tapdayıb keçmək gərəkdisə, bircə an belə tərəddüd etmə, – “Can üstə” üzərində işlədiyim dövrlər yazı prosesində büdrədiyim, “divara dirəndiyim” məqamlar Vaqif belə deyirdi.

Vaqifin müəllimlik qüdrətinin özəl mahiyyəti bu idi: bütün enerjisini və biliyini bilik əldə etmək istəyən kəsə əvəzsiz qaydada vermək, bu yolda qarşıya çıxan istənilən maneəni dəf etmək, əziyyət və dözüm, imtinalar və sinir enerjisi tələb edən bu yorucu mücadilələrdə səbir və rəhmdillilik ehtiyatını mümkünsüz həddə qədər qoruyub-saxlamaq.

Mübhəm tənhalıq və duyğu improvizələrimdə yaratdığım nəsrimin tam əksi olan, kütləviliyə və hadisəliyə əsaslanan dramaturgiyaya keçidin mənə hədsiz çətin və aşılmaz gəldiyini duymuş Vaqif istənilən ədəbiyyatın istənilən şəkildə səhnə üçün yararlı olduğunu, hətta dördsətirlik şeirdən belə baxımlı tamaşa düzəltməyin mümkünlüyünü mənə təlqin edir, bu prosesin incəliklərini və texnikasını izah etməkdən yorulmur, səhnənin yalnız ənənəvi teatrallıq tələblərinə cavab verən əsərləri yox, maraqlılığı və emosionallılığı ilə insan hisslərinə sirayət etmək gücündə olan istənilən materialı özününküləşdirə biləcəyini sübuta yetirməyə çalışır, tərəddüd etdiyimi, geriyə – öz nəsr ərazimə çəkilmək istəyimi duyduqca məni qələmimin qüdrətsizliyində, yazıçılıq acizliyində, əziyyətlərdən və zəhmətdən qorxub, işi yarımçıq buraxıb qaçan fərarilikdə suçlayır, bəzən günlərlə üzümə baxmırdı.

Vaqif məni beləcə, az qala döyə-döyə teatr sənətinə bağlayıb özü bu dünyadan köçdü və mən bundan sonra səhnə üçün yazacağım hər əsərimin, ümumiyyətlə, yazmaq həvəsimin bu əsərləri dərindən-dərin bir istəklə arzulayan və gözləyən Vaqifin zəhmətindən və sevgisindən qaynaqlanacağını anlayıram...

***

Vaqif və “Yuğ” mənim üçün – doğulub, böyüyüb başa çatdığım bu şəhərdə ən köməksiz, ən kimsəsiz və çıxılmaz məqamlarımda üz tutub gedə bildiyim, istisinə və rəhminə sığındığım, bəlkə də, yeganə Ünvan idi.

İlk səhnə əsərim olan “Can üstə” də məhz burda, qayğı və məhəbbət dolu bu məhrəm ünvanda yaşamaq hüququ əldə etdi. Yadıma gəlir, Vaqifin otağında keçirilən ilk oxunuş zamanı çölün soyuğunu, şaxtasını içəri buraxmayan bu balaca, rahat otağın məhrəmliyindən, ya Vaqifin müqəddəsliyindən, yoxsa içimi çulğayan nisgiləbənzər hansısa ayrı bir hissdən kövrəlib doluxsundum... gözlərimə dolan yaşı görməsinlər deyə üzümü pəncərəyə tərəf çevirdimsə də, Vaqifin gözündən yayına bilmədim. O həmin dəqiqə sözünü kəsib mənə baxdı, heyrət və çaşqınlıq dolu gözlərini üzümə zilləyib:

– Axı noldu?.. – dedisə də, söz tapıb cavab verə bilmədim.

Əslində, bu qəfil doluxsunmanın səbəbini onda mən özüm də bilmirdim.

Bunu, deyəsən, Vaqif də bilmirdi... odu ki məni sorğu-suala tutmadan işinə davam elədisə də, rənginin avazıdığından, üzünü bürüyən ləngərli kölgələrdən sarsıldığını duydum. Və çox keçmədi ki, dörd bir yandan məni ilıq, yumşaq örtük kimi ağuşuna alan rəhm dalğalarının ətrafımı bürüdüyünü hiss etdim. Bu, Vaqifin Rəhmi idi...

Həmin günün yersiz qəhərlənməsinin səbəbini isə mən çox-çox sonralar – Vaqifin hamı üçün ana bətni yaratdığı bu ilıq ocağa – “Yuğ”a daha tez-tez gəlib-getməyə başlayanda anladım. Bu, uzun illərin kimsəsizliyi və yadlığı içində yaşamış qərib bir kəsin öz doğma diyarlarına qovuşmağının qəhəri idi...

Hə, Vaqif mənim üçün Vətən idi. Öz burxulmuş duyğularımla, köndələn axan fikirlərimlə quş kimi azad süzə bildiyim, yorulanda enib, nəfəs dərib dincəldiyim yumşaq torpaqlı, ilıq küləkli Vətənim.

***

...Vaqifin sağalmaz xəstəliyə tutulmasını mənə Məryəm xanım dedi. Telefonun o biri başında qəhərini udub yaralı bir səslə:

– Vaqifi itiririk, – deyib dəstəyi asdı.

Həmin günün axşamı Milli Akademik Dram Teatrının kiçik zalında Məryəm xanımın mərhum rejissor Tofiq Kazımovun yaradıcılığını tədqiq edən “Dördüncü rəng” kitabının təqdimat mərasimi keçirilirdi və Vaqif də ora gəlmişdi.

Vaqifin hələ yaydan bəri qolunda yaranan şiddətli ağrılardan əziyyət çəkdiyini, hədsiz zəiflədiyindən işə ara-sıra gəldiyini, bir neçə saat əvvəl Məryəm xanımdan eşitdiyim sağalmaz xəstəliyə düçar olduğunu bildiyimdən onu adamla dolu salonda görəndə çaşıb-qaldım...

Vaqif sevimli müəlliminin xatirəsinə olan borcunu qaytarmağa gəlmişdi.

Vaqifin çiyninin sarğısından asılmış ağrılı qolu ilə, neçə vaxtın şiddətli ağrılarından üzgün vücudu ilə tədbirə qatılması, orda səhnəyə keçib sevgi və təəssüb dolu işıqlı bir mətnlə çıxış etməsi çoxları kimi mənim üçün də gözlənilməz idi. Vaqifi dinlədikcə, bu qüdrətli İnsanın ağrılarını içinə sıxıb, xəstə bədənini, ağrılarını unudub, daha doğrusu, bədənindən, dənizin dibindən təkan alantək təkan alıb bədən və ağrı olmayan bir qata ucalmağını, üzünün sevgi və işıq seli ilə dolmağını müşahidə etdikcə bu yenilməz iradəyə, bu usanmaz əqidə və məslək sədaqətinə heyran qalırdım...

Dostluq, sədaqət, mənəvi borc anlayışlarının səngiyib öləzidiyi, yaşam dəyərləri sırasından sıxışdırılıb heçə endirildiyi bir vaxtda gözümün qabağında baş verən bu hadisə məni hədsiz sarsıtmışdı. Hələ onda, mən bir qədər sonra daha dərindən sarsılacağım növbəti İnsanlıq Qələbəsindən – Məryəm xanımın Vaqifin yolunda göstərəcəyi cihaddan xəbərsiz idim...

...Məryəm xanım Vaqifə həmin təqdimat mərasimindən ağlamağa başlamışdı. İçi həyat eşqi ilə dolu gözləri ağlamaqdan şişmiş, dost itkisi kədərinin qaranlığından sönmüşdü... Lakin bu batman dərd, kürəkdən alınmış bu qəfil zərbə Məryəm xanıma mərasimdə kitabın müəllifi qismində çıxış eləməyə mane olmadı. Məryəm xanım səhnəyə çıxır, danışır, dünyasını bir neçə il bundan əvvəl dəyişmiş unudulmaz Tofiq müəllimi xatırlayır, xatirələrin havasıyla ağlamaqdan qapaqları şişmiş sönük gözlərinin dərinliklərindən adda-budda sevgi qığılcımları işarmağa başlayırdı...

Ölümlər və xəstəliklər arasında deyilən bu nitqi dinlədikcə mən Ölümün, xəstəliyin üzünə gülümsəyən bu Sevgi İşartılarını heç nəyin sarsıda bilməyəcəyini, bunun hüdudsuz, sərhədsiz Rəhm olduğunu və bu yenilməz hissin Ölümün və xəstəliklərin içindən də cücərib qol-budaq atmağa qadir olduğunu anlamağa başlayırdım...

***

Sonuncu günə qədər Vaqifin yanından çəkilməyən tələbəlik dostu, onun fikir və əqidə qardaşı Məryəm Əlizadə bu dost sevgisiylə bizlərə bir insanın o biri insan üçün nə isə edə bilmək istəyinin hədsiz təsirli bir məqam olduğunu, görünməz, ələgəlməz hisslər və duyğular əsnasında yaranan dostluğun, dost yolunda fədakarlığın dünyanın ən uca Ali İnsanlıq Aktı olduğunu anlatdı.

– Bilirsiz bu nə böyük xoşbəxtlik, nə böyük rahatlıqdır?!. – Məryəm xanım ordan – Ankaradan, onkoloji xəstələrlə dolu ölüm havalı, yad məkanda aylarla qaldığı müddətdə telefonla deyirdi. – Nə yaxşı ki mən burdayam. Nə yaxşı ki burda olmağa gücüm çatır...

Ankarada keçirilən uzunmüddətli ağır müalicə kursları zamanı Vaqifə xəstəxanada baş çəkənlər Məryəm xanımın orda – Vaqifin yerləşdirildiyi kiçicik palatada, xəstə çarpayısının böyrünə sıxışdırılmış kresloda aylarla yatdığını görərkən sarsılır, bu fədailiyin, bu görünməz dost sevgisinin nədən qaynaqlandığını anlamağa çalışırdılar.

Mənə isə aydın olan bu idi ki, bu da – hər insan övladına nəsib olmayan Böyük və Sonsuz İlahi Rəhmdir. Və Hamıdan Uca Tanrı bu Rəhmi, bu yenilməz dost sevgisini, hər kişinin qadir ola bilmədiyi bu mətinliyi hər kəsə o səbəbdən qıymır ki, bu ağırlığa tab gətirməyəcəyi halda kimsəni utandırmasın. Bir də onu anladım ki, İnsanlıq, Bəşəriyyət – Məryəm kimi yetirmələrinə görə, həqiqətən, günahlarının bağışlanılmasına və mələklərin fövqündə durmağa layiqdir.

***

– Vaqif yalnız bir söz deyir: “Sən bilmirsən, mən nə qədər xoşbəxtəm?!.” –  Məryəm xanım kədər və tərəddüd dolu üzü ilə deyirdi. Vaqifin ən ağrılı, ən əzablı məqamlarda da – ölüm yatağında belə xoşbəxt ola bilmək, bədəndə ola-ola ruh fövqünə qalxmaq qabiliyyəti o günlər Məryəm xanıma sanki təskinlik verirdi.

Mənsə bunun Vaqifin ölüm yatağında da, ömrünü həsr etdiyi özünüdərk tədqiqatlarının davamı olduğunu anlayır, onun xəstəliyin bədənini necə ərazi-ərazi zəbt etdiyinin, ruhunun necə bədənindən toxuma-toxuma ayrıldığının, Ölümün necə tədricən yaxınlaşdığının, bədənini hissə-hissə özünə ram etdiyinin tədqiqatını apardığını dərk edirdim.

Vaqif bu məqamında da anlamaqdan, kəşf eləməkdən yorulmurdu...

***

Artıq bir neçə gündür ki, Vaqif aramızda yoxdur. Biz Müəllimsiz qalmışıq. Amma hər birimiz bu yoxluğun, sadəcə, fiziki yoxluq olduğunu duyuruq. Vaqifin yaratdığı teatr, illər uzunu sevgi və qayğıyla yetişdirib ərsəyə gətirdiyi neçə-neçə gənc aktyorlar, rejissorlar, teatrşünaslar, rəssamlar, yazıçılar, dramaturqlar, teatr işinin özəlliklərini mənimsəmiş administratorlar, işıqçılar, səs rejissorları – Vaqif nəfəsi, Vaqif əqidəsi ilə yaşamağa davam edirlər. Onların varlığı Vaqif saflığını, Vaqif maarifçiliyini, Vaqif rəhmini, Vaqif dostluğunu, Vaqif  sənət atəşini, Vaqif fədakarlığını, Vaqif zəhmətsevərliyini, Vaqif dözümlülüyünü, Vaqif xoşbəxtliyini, Vaqif kamilliyini, Vaqif ucalığını Azərbaycandan, bizlərdən əskilməyə qoymayacaq. Vaqif heç vaxt azalmayacaq...

 

P.S. Vaqif dünyasını dəyişən gündən “Yuğ”un tamaşa salonunun tavanında – ucu göylərə uzanan yarıqaranlıq günbəzin dərinliyində ara-sıra qəribə bir işıq seli axmaqdadır... Məncə, toparlanıb bu selin axıntısına diqqət kəsilsək, ordan Vaqifin məmnun təbəssümlə dediyi:

– Siz bilmirsiz, mən nə qədər xoşbəxtəm?!. – sözlərini eşidəcəyik...

Vaqif, həqiqətən, xoşbəxtdir. Çünki ölümsüzdür. Bu ölümsüzlüyü onun timsalında biz də duyuruq. Vaqifin ömrü boyu arzuladığı və nəhayət, qovuşduğu azad ənginlikləri də onun köməyi ilə artıq ən yaxın məsafələrdə hiss etməyə başlayırıq.

Vaqif orda da müəllimliyindən qalmır. Ölümü ilə də bizə nəyisə başa salmağa, izah etməyə, anlatmağa çalışır. Və anladır.