Elektron ədəbiyyat və sənət portalı

Uilyam Folkner ədəbiyyat haqqında

Bölmə: Azad ərazi 22.10.2019

 

Fikrimcə, necə yazmağın, əsəri hansı şəkildə işləməyin mütləq qaydası yoxdur. Əsas budur ki, yazıçı, necə deyərlər, sənə­tinin divanəsi olsun. O, niyəsini özü də bilmə­dən, sadəcə, yazmağa borcludur, yazma­lıdır, vəssalam. Hərdən o bu zərurətdən xilas olmağa da can atır, ancaq bacarmır, bacara da bilməz. Bəs əsər nədən başlanır? Bəzən real hadisə­dən, bəzən hansısa obrazdan. Mən yazmağa başlayanda heç vaxt ideyanı əsas götürmürəm. Çünki müxtəlif səpkili ideyalardan o qədər də başım çıxmır, onlar məni heç maraqlandırmır da. Məni hər şeydən öncə adamlar – özüylə, özgələriylə, öz zəma­nə­siylə, mühitiylə münaqişədə olan insanlar cəlb edir.

***

         Kimsə kiməsə nəyisə öyrədə bilməz. Yazıçı hər şeyi özü öyrənir və əgər o, niyəsini özü də bilmədən yazıçılıq azarına tutulubsa və həqiqətən yazmaq istəyirsə, qarşısına çıxan hər şeyi yazmalıdır. Bunlar onun xeyrinədir. O, yaşca özündən böyüklərdən də, təzə başla­yan yazar­lardan da öyrənəcək. Bəli, məhz öyrənəcək, çünki öyrətmək mümkün deyil. Ona nələrin lazım olduğunu özü hamıdan yaxşı bilir, kimdən nəyi götürməyi isə qulağına instinkt pıçıldayacaq.

***

         Mən Konraddan və güman ki, cavanların tanı­madığı bir nəfərdən çox şey götürmüşəm. Tomas Birdən çox şey öyrənmişəm. Mənə elə gəlirdi ki, onun cilalanmış üslubu, dəqiq tapılmış sözləri, fakta düzgün yanaşma qaydası var. Bayaq dediyim kimi, yazıçı prinsipsiz şəxsiyyətdir. O özünə gərək olan hər şeyi alır, haradan kefi istəyirsə, oradan da götürür, özü də bu işi açıq-aşkar və vicdanla görür. Ümid edir ki, onun kitabı da başqalarının istifadəsi üçün eyni dərəcədə gərəkli və layiqli olacaq.

         Mənə elə gəlir ki, oxumağı öyrəndiyim gündən bütün ömrüm boyu yazmışam. Cavanlıqda şeir qoşurdum. Şeirlə­rimin zəif olduğunu və məndən heç vaxt yaxşı şair çıxmayacağımı anladığım günəcən bu işlə məşğul oldum. Sonra Yeni Orleana gəlib butleger üçün işləməyə başladım. Bu, 1921–23-cü illərdə olub. Sonra Yeni Orleanda yaşayan Şervud Andersonla rastlaşdım. Şervud dərhal ürəyimə yatdı, tez isinişdik, bir-birimizə rəğbətimiz var idi. Adətən, biz şəhəri gəzib-dolaşır, o danışır, mən dinləyirdim. Axşamlar bara gedib bir-iki saat oturub içirdik, o, yenə danışırdı, mən yenə qulaq asırdım. Gündüzlər onu görmürdüm, çünki işləyirdi. Sonra yenə görüşürdük və eyni şeylər təkrar olunurdu. Onda fikirləşdim ki, yazıçıların həyatı belə keçirsə, bu həyat məni qane edir. Sonra oturub kitab yazmağa başladım. Bu iş çox xoşuma gəldi, özü də yazdığım müddətdə Şervudla görüşmürdüm. Bir gün küçədə onun xanımına rast gəldim. Çoxdan görünməməyimin səbəbini soruşdu, cavab verdim ki, kitab yazıram. Soruşdu ki, Şervud sizə baş çəksinmi? Dedim, hələ yazıb qurtarmamışam. O zaman hələ yazdığımı kiməsə göstərmək barədə düşünməmişdim, mənə, sadəcə, yazı prosesinin özü maraqlı gəlirdi. Bir gün yenə həmin qadınla rastlaş­dım. “Sizin kitab yazdığınızı Şervuda xəbər verəndə başını tutub: “İlahi, özün kömək ol!” – dedi. Sonra əlavə etdi ki, bəs Şervud sizin qarşınızda belə bir şərt qoyur: kitabınızı oxumağı ondan xahiş etməsəniz, əvəzində öz naşiriylə danışacaq ki, bu kitabı çap eləsinlər. Dedim, razıyam. Bax mənim ilk kitabım belə çap olundu. Mən isə o vaxtacan artıq başa düşmüşdüm ki, yazmaq əsl mən istəyən işdir – həm maraqlı, həm rahat. O vaxtdan yazmaqla məşğu­lam və deyəsən, daha bu işin daşını atmalı olmayacağam.  

***

         Müharibədən sonra uzun müd­dət yaşayanlar, ümumiyyətlə, istisna idilər. Yeni dövrə uyğunlaşmağı bacaranlara gəlincə, onları da barmaqla saymaq olar; məsələn: Rikenbaker. Bişon isə içkiyə qurşandı və ötən il canını tapşırdı, Viktor Yeyts heç on il də yaşamadı. Bəzi yazıçılar həm də ədəbiyyatçıdırlar, ancaq yazıçılıqdan ötrü ədəbiyyatçı olmaq mütləq şərt deyil. Belə düşü­nürəm ki, hər halda, ədəbiyyatçının dərəcəsi müəyyən təhsil tələb edir, ancaq elə yazıçılar var ki, belə təhsil almayıblar. Əlbəttə, təhsil alma­dan da ədəbiyyatçı olmaq müm­kündür, ancaq indi bir şeyə tam əminəm ki, nə Şervud Anderson, nə də mən, Edmund Uilson, yaxud Malkolm Kauli kimi ədəbiy­yatçı deyilik.

         Yadımda daha çox qalan sevdiyim heka­yələrin müəllifləri yox, personajlarıdır. Mənim şüurumda canlı obrazlar var, onların yaradıcı­larını isə heç də həmişə xatırlamıram. Cavan­lıqda mənə Tomas Birin güclü təsiri olub, bir də Çexovun. Başqaları yadımda qalmayıb.

***

Təqribən ona yaxın kitab yazdıqdan sonra özüm üçün aydınlaşdırdım ki, təhkiyəni lazımi yöndə inkişaf etdirmək üçün mənə xarakterin məhz hansı tərəfi lazımdır. Ona görə də insanın hansısa xarakterik cizgisini bir hekayəm, başqa cizgisini digər heka­yəm üçün götürə bilərəm. Mənim üçün bu, eyni bir obrazdır – hərçənd oxucu xarak­terin dəyişdiyini düşünə bilər.

***

Yazıçı adamlara dərindən bələd olmalıdır. Yazıçı nə istəsən ola bilər – əyyaş da, qumarbaz da... Və bu onun yaradıcılığına qəti təsir göstərmir. Mən lal və şöhrətsiz Miltona inanmıram. Əgər adamın istedadı və deməyə sözü varsa, mütləq yaza­caq. Amma niyə filankəs yazıçı olmadı bəhanəsi həmişə mümkündür. Tez-tez deyilən bir söz var: evli olmasaydım, uşaqla­rım olmasaydı, yazıçı ola bilərdim, yaxud əgər filankəs filan işlərdən əl çəksəydi, o da yazıçı ola bilərdi. Razılaşmıram. Mənə elə gəlir ki, yazmaq istəyirsənsə, yazacaqsan və səni heç nə saxlaya bilməz. Bəzən olur ki, həyat səni öz girdabına salır və bu nə qədər dərindirsə, bir elə yaxşıdır.

İnanmıram ki, yazıçı özünü öz personajlarında nə dərəcədə təcəssüm etdirə bildiyini dəqiq söyləyə bilsin. Həqiqətən, tez-tez olur ki, cavan adam özü haqqında yazır, sadəcə, ona görə ki ən yaxşı tanıdığı adam məhz özüdür. Lakin zaman ötdükcə, daha çox işlədikcə nəyi yazmalı olduğunu da bir o qədər aydın başa düşürsən və yazı vasitəsilə nə qədər çox şey öyrənirsənsə, özünü hansısa qəh­rə­manın obrazında təcəssüm etdirməyin qay­ğı­sına da bir o qədər az qalırsan. Məncə, yazıçı öz ideyalarını qəhrə­manı vasitəsilə yaymır, o, sadəcə, insanlar haqqında yazmaqla məşğuldur.