Eyvaz Borçalı
(1938)
Şair, tərcüməçi. Əməkdar incəsənət xadimi. “Üfüq yananda”, “Sevgi radiusu”, “Qızıl anlar”, “İllər... pillələr”, “Dünya, məni tərkinə al”, “Dünyanın tərkində”, “Durnalı göylər” kimi, onlarla şeir kitabının müəllifidir. A.S.Puşkinin, M.Y.Lermontovun, A.Blokun, N.Barataşvilinin, M.Kərimin şeir və poemalarını dilimizə çevirib.
Tərs düşüb könlümdə qəmin düyünü
Yağışsız buludam, buludsuz yağış,
Nə yerə gərəyəm, nə göyə, bəlkə.
Taleyin üstümə tökdüyü qarğış
Könlümdə alqıştək göyərə, bəlkə!
Bir közsüz ocağam, ocaqsız közəm,
Təklikdə heç biri alışmır, neynim.
Bir sözsüz nəğməyəm, nəğməsiz sözəm,
Təklikdə heç biri danışmır, neynim.
Tərs düşüb könlümdə qəmin düyünü,
Kölgəsi gözümdən silinməz olub.
Fəsillər dəyişib sabitliyini,
Növbə hansınındır, bilinməz olub.
Son baharda mənəm, ilk mayısda sən,
Ulduzlu səma da eşqimdən izdi.
Hicranın payızdı, bu payızda sən
Ay kimi soyuqsan, Gün kimi isti.
Baxıram qol-boyun bəxtəvərlərə,
Ayağım yerimir, sanki çolağam.
Səsləmir könlümü heç nə heç yerə,
Bu səsli dünyada batmış qulağam.
Büllur qədəminin səsindən özgə
Heç nə eşitmirəm, heç nə dünyada.
Həsrət cığırında ləngimə, tez gəl,
Bir də səhv eləsəm, keçmə dünyada!
İki mən
Özümün özümdən yoxmuş xəbərim –
İki “Mən” yaşayır mənim içimdə.
İki “Mən” yaşayır... lakin hər biri
Bir özgə xislətdə, özgə biçimdə.
Bir tük də yayınmır qırğı gözümdən.
Bir nöqsan görəndə coşub-daşıram.
Axırda nəyinsə xatirinə mən,
Güzəştə gedirəm, razılaşıram.
İki “Mən” yaşayır mənim içimdə –
Biri barışmazlıq, biri mütilik.
İki “Mən” yaşayır mənim içimdə –
Biri inamsızlıq, biri qətilik.
Bir alçaq kürsüyə sinə gərəndə,
Axına qoşulub mən əl çalıram.
Vicdanım önündə hesab verəndə,
O alçaq ucalır, mən alçalıram.
İki “Mən” vuruşur mənim içimdə,
Biri haqqın qulu, biri zinətin.
İkiyə bölünür qüvvəm, gücüm də
Sanki saxlamaqçün müvazinəti.
Bir heçə dönürəm ikiliyimlə,
İki “Mən”dən biri yıxılmalıdır!
Vuruşur “Mən”, mənim mütiliyimlə,
Mütilik hər yanda yox olmalıdır!!!
Borçalı torpağı
Borçalı torpağı – əzəli sevdam,
Adımı adına yaraşdırmışam.
Könlüm alışanda bir misra qovdan,
Odumu oduna yaraşdırmışam.
Bir yanın Babəkər, bir yanın Ləlvər,
Dərədə bəzəkli xonça kimisən.
Solunda Yağlıca, sağında Qazax,
Quşçu qalasına bağlı gəmisən.
Sükançın olmağa çatmaz qüdrətim,
Sərnişin olaram göyərtəndə mən.
Üzək, könlümüzdə gəzmək həsrəti,
Keçək axşam-axşam Sınıq körpüdən.
Xramdan adlayıb qovuşaq Kürə,
Mavigöz Xəzərə yetirsin bizi.
Səfər yelkənini açaq yellərə,
Xəzər ümmanlara ötürsün bizi.
Borçalı torpağı – saz-söz ovlağı,
Sazında, sözündə yaşayan diyar!
Boş çalı, Borc Alı adlarını da
Nəsildən-nəsilə daşıyan diyar!
Borçalı torpağı – bağçalı, bağlı
Böyük Vətənimin kiçik guşəsi.
Xatirə keçmişli, ümid soraqlı,
Gözlərim işığı, könlüm şüşəsi...
Axır nəfəsimdə, özgə diyarda
Dünyanı təzədən versələr mənə,
İnan istəmərəm, soyuq məzarda
Üç arşın torpağın bəs elər mənə!!!
Axı hər işarən bir tikə qovdan,
Odumu oduna qarışdırmışam.
Borçalı torpağı – əzəli sevdam,
Adımı adına yaraşdırmışam.
Dağlar söz istədi
Dağlar məndən söz istədi,
Nə deyirəm? Gözüm üstə!
Qoy oturum bir qayada,
Yazım elə dizim üstə.
Köklənmişəm, köklü sazam,
Həm kövrəyəm, həm həssasam;
Ustad aşıq, mahir ozan
Səs yetirsin səsim üstə.
Çən-dumanı qovsun külək,
Göydən yerə ensin fələk;
Söz danışsın, baxaq görək
Sözü varmı sözüm üstə.
Zaman dönüb, vaxt dolanıb,
Sol talanıb, sağ talanıb;
İçimdə təndir qalanıb,
Ocaq çatın közüm üstə.
Nə görübsə balıq suda –
Mən eləyəm Armudluda;
Bir taledi, bəlkə, bu da
Ömür keçir dözüm üstə.