Elektron ədəbiyyat və sənət portalı

“Yuğ”un dünəni, bu günü və sabahı

Bölmə: Mədəniyyət 10.02.2016

Mədəniyyət və Turizm Nazirliyi teatrın kollektivinə müvəqqəti olaraq Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşmağı  tövsiyyə etdi və “YUĞ” rəhbərliyi də bu qərarla razılaşdı.

Mediada “YUĞ”un sökülməsi və onun yeni ünvanda fəaliyyət göstərməsi barədə xəbərlər müxtəlif reaksiyalarla qarşılandı. “Aydın Yol” ötən ayın bu hadisəsi ilə bağlı üç fərqli nəslin təmsilçisindən münasibət öyrəndi.

Sualımız isə belə oldu:

- “Yuğ”la tanışlığınız necə baş verdi? Teatrın Azərbaycan mədəniyyətindəki rolunu necə qiymətləndirirsiniz? “Yuğ”un bundan sonra fəaliyyətini Kukla Teatrının binasında davam etdirməsinə münasibətiniz necədir?

Ramiz Həsənoğlu - Xalq artisti, rejissor:

1970-ci illərin sonlarında Azərbaycan Teatr Xadimləri İttifaqında, indiki Aktyor Evində  Vaqif İbrahimoğluna imkan yaratdılar, o da öz “dəlilərini” başına topladı.  Həmin “dəlilərin” arasında indi hamımızın tanıdığımız aktyor Fəxrəddin Manafov da vardı. Səhv etmirəmsə, o zaman Manafov Aktyor evində kinomexanik işləyirdi, Vaqif onu da prosesə cəlb etdi. İbrahimoğlu aktyor evində ictimai əsaslarla bir neçə tamaşa qoydu. O, müxtəlif teatrlardan aktyorlar dəvət edir və novator rejissurasını nümayiş etdirirdi. Bu, mənim  də bir tamaşaçı kimi diqqətimi cəlb etdi və onun fəaliyyətini diqqətlə izləməyi qərara aldım. Vaqifi Tədris Teatrına baş rejissor dəvət etdilər və sonradan yaradacağı tamaşaların bünövrəsi orada qoyuldu. Tədris teatrında ərsəyə gələn tamaşalarda da Vaqifin individuallığı, bənzərsizliyi hamının diqqətini cəlb etdi. Daha sonra o, 1980-ci illərin əvvəllərindən başlayaraq bir müddət Musiqili Komediya Teatrında işlədi. Bundan əvvəl biz Vaqiflə Musiqili Komediya Teatrında müştərək bir tamaşanı - bəstəkar Ruhəngiz Qasımovanın “Məzəli əhvalat” əsərini səhnələşdirmişdik. Bu, Vaqifin professional səhnədə ilk işi idi. Bütün bunları deməkdə məqsədim var: Bəziləri hesab edir ki, Vaqif İbrahimoğlu kiçik məkanda çalışan rejissordur. Xeyr, Vaqif böyük səhnə üçün də gözəl əsərlər yarada bilirdi və istər Azərbaycanda, istərsə də ondan kənarda - Türkiyədə və Baltikyanı  ölkələrdə, - Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrındakı fəaliyyəti ilə bunu sübut etdi. Xaricdə tamaşalar qoydu və o tamaşaları sonra Azərbaycana da gətirdi. Eyni zamanda Vaqifin özünün tamam fərqli bir teatr yaratmaq arzusu vardı ki, bunu da həyata keçirdi.

O, aktyorluq fakültəsini bitirmişdi. Ümumiyyətlə, bizim teatrda aktyorluqdan rejissuraya gələn bir neçə uğurlu nümayəndəmiz var – Hüseynağa Atakişiyev, Oruc  Qurbanov da bu sıradadır. Bir məqamı da deyim ki, Vaqif İbrahimoğlu çox rahat şəkildə Musiqili Komediya teatrında qalıb işləyə bilərdi. Tamaşaları da çox uğurlu alınırdı. Amma Vaqif narahat adam idi. “Muzkomediya”da işləyən zaman o, böyük səhnədə əsərlərə quruluş verir, eyni zamanda məşq otağında eksperimental tamaşalar qoyurdu. Nəhayət, 90-cı illərdə  o, öz arzusunu reallaşdırdı – yaxın dostu, məslək yoldaşı Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov buna şərait yaratdı və Vaqif İbrahimoğlunun teatrı “Azdrama”nın 4-cü mərtəbəsində, böyük məşq otağında fəaliyyət göstərməyə başladı. Onun rəhbərlik etdiyi “YUĞ” teatrı dövlət statusu aldı və 2003-cü ildə truppa son günlərədək məskunlaşdığı binaya köçdü. Bu köhnə hamam binası da “Azdrama”nın nəzdindəydi, orada əvvəllər dülgər-xarrat sexi yerləşirdi. Vaqif İbrahimoğlu yeni tipli tamaşalara quruluş verməklə yanaşı, eyni zamanda çox gözəl rejissor və aktyor  nəsli yetişdirdi. Bu gün “YUĞ” teatrının başında duran rejissor Gümrah Ömər onun layiqli davamçısıdır.

Vaqif teatr səhnəsində çalışmaqla kifayətlənmirdi. Ekran üçün də işlər görürdü. Dünya dramaturqlarının əsərlərini televiziya üçün səhnələşdirirdi. Mən də onun yanındaydım, ona yardımçı olurdum. O da ara-sıra mənim gördüyüm işlərə baxırdı, ürək-dirək verirdi, aralarında bəyəndikləri də olmuşdu. Mənim quruluş verdiyim bir neçə əsərə resenziyalar yazmışdı. Ümumiyyətlə, Vaqif çox geniş istedada malik sənət adamı idi.

Çox gözəl tərcüməçi idi, məsələn, Kamal Abdullanın məşhur “Yarımçıq əlyazma” əsərini rus dilinə uğurla tərcümə etmişdi...

Ənənə özü pis şey deyil. Amma mane olmasa belə, hər halda, bəzən bu ənənə irəli getməyə  kömək də eləmir. Sənət yenilənməni sevir. Hətta belə bir ifadə də var ki, irəli getmək üçün hərdən kəllə-mayallaq durmağı da bacarmalısan. Əlbəttə, mən bunu hərfi mənada “YUĞ”un fəaliyyətinə aid etmirəm. Demək istəyirəm ki, inkişaf üçün qeyri-adi yanaşma olmalıdır. “YUĞ” eksperimental teatrdır. Bunu alqışlamaq lazımdır. Bu eksperimental teatrın içərisindən neçə-neçə rejissor çıxdı. Onlar başqa teatrlarda, başqa ölkələrdə neçə-neçə tamaşalar qoydular. Bu mənada hesab edirəm ki, Vaqifin bu “balasının” bizim Azərbaycan teatr sənəti üçün gördüyü işlər əvəzsizdir.

Vaqif, doğrudan da, çevik düşünən, çox güclü fantaziyası olan bir rejissordur. Mən onun haqqında keçmiş zamanda danışmaq istəmirəm. “Əgər o dövrdə “YUĞ” teatrı üçün köhnə hamam binasını deyil, başqa bir yeri təklif etsəydilər və Vaqif İbrahimoğlu da buna razılaşsaydı, şübhəsiz ki, o, köçdüyü binanın arxitektur özəlliklərini, daxili konstruksiyanı nəzərə alıb, hansısa bədii yolla öz teatrının estetikasına uyğunlaşdıracaqdı. İndi Vaqifin tələbələri, onun sadiq davamçıları o teatrda qalıb işləyirlər. Əlbəttə, yəqin ki, bütün repertuarı Kukla Teatrının binasındakı yerə uyğunlaşdırmaq imkanı olmayacaq, çünki “YUĞ”un çoxlu tamaşaları var, amma mənə elə gəlir, əsas tamaşaları yeni məkana adaptasiya edə biləcəklər. Ola bilsin ki, yeni məkanda “YUĞ” səhnə-zal prinsipi ilə yox, foye prinsipi ilə işləyəcək.

Bilirsiniz ki, “YUĞ”un tamaşalarında səhnə ilə tamaşaçı arasında məsafə demək olar, yoxdur. “YUĞ”a Kukla Teatrında ayrılan məkanı görməmişəm, amma düşünürəm ki, tamaşaları hətta foyedə də oynamaq olar. Hər halda, “YUĞ”un potensialı var, istək var, niyyət var və deməli, biz hələ bu teatrın yeni-yeni uğurlarına sevinəcəyik”.

Lalə Əliyeva - jurnalist

Mən “Yuğ” la nə vaxt tanış oldum? Dəqiq deyə bilmərəm. Hər halda “Yuğ” teatrı yaranmazdan xeyli əvvəl... Müqəddəs kitablarda yazılır ki, öncə söz olub. Ondan da əvvəl niyyət gəlir. Vaqif İbrahimoğlu ilə (o vaxt hələ Vaqif Həsənov kimi tanınırdı) anam Mailə Muradxanlının radiodakı kiçik otağında tanış olduğum gündən bəri “Yuğ”la tanışam. Saçları çiyinlərinə düşən, eynəkli, arıq, ucaboy, rusdilli intellektualın qədim türk köklərindən qidalanacaq teatr qurmaq ideyası o zaman nə qədər əndrəbadi görünürdu...

“Gözlərini yum və təsəvvür elə...” Müəllim özü də gözlərini yumur və gələcəkdə quracağı teatrı detallarına qədər təsvir edirdi. Nağıla bənzəyirdi onun söhbətləri, heç vaxt baş tutmayacaq xəyal kimi gəlirdi adama...

Amma xəyalı gerçəkləşdirmək asanmış demə. Bunu bizə müəllim öyrətdi. Güclü iradəsi olan adamlar üçün efirdə əriyib gedən boş xülya yoxdur. Belə insanlar üçün ideya – koordinatları bəlli olan hədəfdir. Müəllim arzuladığı teatrını yaratdı, poetikasını müəyyənləşdirdi, praktikasını nümayiş etdirdi. “Yuğ” – əsl laboratoriya oldu, daxilində və xaricində gedən prosesləri tənzimləmək gücü qazandı. Bu, qapalı, həyat vermək qüdrətinə malik bir layihə idi. Heç bilirsizmi, bu teatrda işləyən neçə cütlük birləşib ailə oldu?

Heç bilirsizmi, istedadı və yaratmaq istəyi olan hər kəs üçün əsas ünsiyyət məkanına çevrilmiş “Yuğ” çevrəsindəki mədəniyyətə nə qədər canlı impulslar göndərdi?

Ustad yaradıcı eksperimentlərə meydan verən teatrında səhnələdiyi əsərlərə “tamaşa” yox, “oyun” deyirdi. Bu, çox vacib məqamdır. Yaradıcılıq prosesi düz xətt üzrə hərəkət deyil, sıçrayışdır – beynin, düşüncənin, fantaziyanın məhz sıçrayışlarla əldə etdiyi nəticədədir bərəkət. Yalnız bu yolda irəliləyiş, dirçəliş, inkişaf var... Müəllim hamını – aktyorlarını, tamaşaçılarını oyuna dəvət edirdi. Aktyorların təbiətinə, temperamentinə meydan verir, tamaşaçının isə təbii reaksiyasına diqqət kəsilirdi. Psixosof tərcümədə - ruhun hikmətləri kimi anlaşılan poetikasının nəzəriyyəsini yazır, elmini yaradır, nailiyyətlərini qeydə alırdı. O, əsl oyunçu idi! Mədəniyyətin digər sahələrində özünə layiqli tərəf-müqabil tapmayanda, qürrələnmirdi, əksinə, hər kəsin əvəzinə gedişlər edirdi. Həm jurnalist, həm tərcüməçi, həm şair, həm sənətşünas, həm alim, həm dramaturq işi görürdü... Teatr tariximizdə öz məktəbi olan bir neçə məşhur rejissorun adını çəkmək mümkündür. Vaqif İbrahimoğlu onların öncüllərindən idi.

Vaqif İbrahimoğlunun qurduğu “Yuğ” teatrı sarsılmaz özül üzərində bərqərar olub. “Yuğ” ideyasının güclü enerjisidir bu teatrı qoruyan...

Bir rejissorun adına, məktəbinə bağlı olan teatrların “sahibsiz” qalib bağlandığını çox görmüşük. Məncə, son təlatümlər içində Vaqif İbrahimoğlunun “Yuğ” teatrı məhz bu enerji sayəsində ayaqda qaldı. Çünki “nəfəsli”, canlı teatrı dəfn etmək qeyri-mümkündür.    

Azərbaycan teatrının lokomotivi olan, dünyada gedən prosesləri intuitiv hiss edən, teatr düşüncəsini yeni ideyaları ilə qabaqlayan  ustadımız  hərdən yaradıcılığa nifrət edən nadanların agır zərbələrindən müvazinətini itirər, siqaretinin qatı dumanı içindən: “mən fiaskoya uğradım, gücüm boşa getdi, yenə sıfırdan başlayacağam” – deyə pıçıldayardı... İnsan nə qədər yenidən başlayar? İnsanda nə qədər güc olar?..  Hamımız şahidik buna: müəllimimiz  teatrının sarsılmaz özüllərini atmaq üçün neçə dəfə o dünyanı görüb gəldi, ölüb dirildi... Artıq bitdi. Artıq onun teatrını məmur imzası ilə bağlamaq mümkün olmayacaq. Vaqif İbrahimoğlu üslubunun, poetikasının qəbul edilib edilməməsindən asılı olmayaraq,  “Yuğ” fenomeninin rişələri mədəniyyətin dərin qatlarına işləyib çünki. Elə buna görədir ki, teatrın gələcəyi ilə bağlı təhlükə yaranınca bütün ictimaiyyət, mətbuat, ziyalılar, dünya sənətçiləri ayağa qalxdı... Bu dəfə müəllimimizin gücü boşa çıxmadı - yox, yaradıcılığa düşmən kəsilənlərin zərbəsi boşa çıxdı.

“Yuğ” – bir daha sıfıra enmədi. Enməyəcək! Artıq bitdi!

Memarlıq incisi sayılan qədim hamamın söküləcəyi ilə bağlı xəbəri aldığımız gündən bəri çox çətin günlər yaşadıq. “”Yuğ” dağılmasın, abidə sökülməsin!”- dedik. Maddi maraq üçün yox,  mənəvi dəyərlər naminə mübarizədə birləşdik.  Nəinki mərkəzdən kənar edilib unudulmaq, hətta kuluarlarda bağlanmaq təhlükəsi ilə “hədələnən” “Yuğ” teatrı üzərindən təhlükə sovuşdu, truppa Kukla teatrı ilə bir damı bölüşdü... Bu qərarın nə qədər düzgün verildiyini zaman göstərər. Güman ki, illərdir baxımsız, təmirsiz məkanda tamaşalar qurub sevinən əsl ekstremallar - qışda qan donduran soyuğa, yayda dözülməz bürküyə öyrəncəli fədakar yuğçular yeni şəraitə uyğunlaşacaqlar. Hərgah böyük teatrları xarabazara çevirən səhnə arxası intriqalar olmasa... öz poetikası, məktəbi, güclü truppası, yaxşı repertuarı olan “Yuğ”a kim nə edə bilər?..

İndiki halımda bilirsizmi ən çox nəyə acıyıram? Bu gün artıq tamamilə sahibsiz qalmış memarlıq abidəsinə - suyu sovulmuş qədim hamama... Bu abidəni ustadımdan artıq kimsə sevmədi, kimsə onun qədər qorumadı, onun kimi sahib çıxmadı...

Hikmət Rəhimov – aktyor:

2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aktyorluq ixtisası üzrə daxil oldum. Mən rəhmətlik Əliabbas Qədirovun qrupuna düşdüm. Vaqif İbrahimoğlu o biri iki qrupdan birinə dərs deməli oldu. Əliabbas müəllim o zaman Akademik Milli Dram Teatrının direktoruydu, müntəzəm şəkildə dərslərə gələ bilmirdi. Amma o biri qrupdan olan tələbələrlə görüşüb söhbətləşirdim. Bir gün onlar təklif etdilər ki, bizim dərslərə gəl. Açığı, üzdən tanısam da, Vaqif müəllim, “Yuğ” teatrı və təbii ki, onun yeri barədə ətraflı məlumatım yox idi. Beləcə, gəldim, “Yuğ”da Vaqif müəllimin dərslərində iştirak etməyə başladım. Hərçənd, ilk görüşdəcə Vaqif müəllim mənim Əliabbas Qədirovun tələbəsi olduğumu biləndə demişdi: “Məni Hacı ilə üz-üzə qoyma. Yaxşı deyil, sonra eşidər, bilər, inciyər”. Dedim, narahat olmayın, elə edəcəm, bilməsin. Cədvəli tənzimləmişdim, bilirdim ki, məsələn, bu gün Əliabbas müəllim olmayacaq, dərsdən qaçıb “Yuğ”a gəlirdim. Qoy heç kəs məndən inciməsin, amma düşünürəm ki, heç bir müəllim pedaqogikanı Vaqif İbrahimoğlu qədər bilmirdi. İlk dəfə mənə etüd variantında hazırladığımız “Lənkəran xanının vəziri” tamaşasında ərizəçilərdən birinin rolunu verdi. Növbəti dəfə “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərində cadugər obrazını oynamağı tapşırdı. Sonra da “Yuğ”da iş təklif etdi. Açığı, maddi tərəfləri düşünüb razılaşmaq istəmədim. Dedi: “Get əsgərliyə, qayıt, fikrini dəyişsən, gələrsən, səni işə götürəcəm”. Əsgərlikdən gələndə işsiz idim, təsadüfən teatrın binasının yanından keçirdim. Keçdim içəri. Vaqif müəllim dedi ki, bir dəqiqə gözlə, içəridə hansısa mahnıyla bağlı məşq gedirdi, on dəqiqə gözlədim, sonra səbrim çatmadı. Təxminən on gün sonra yenə teatra getdim, gördüm foyedə dayanıb, məni xeyli danladı ki: “Hə, nədi, əsgərlikdən gəlmisən, hələ qazlısan. Özünə əskiklik bilirsən məni gözləməyi?” Bir az belə, özünəxas üslubda danladıqdan sonra soruşdu ki, fikrini dəyişməmisən ki? İşləmək istədiyimi dedim. Beləcə, müəllimlə bir yerdə çalışmağa başladım. “Don Kixot”u hazırladıq. Altı ay bir otaqda yalnız o danışdı, biz yazdıq. Bütün psixosof poetikasını izah etdi, teatr haqqında danışdı, sonra otaq şəraitində tamaşanın sxemini qurdu, 20 günə əsəri təhvil verdik. Sonra “Kafka”nı, “Albalı bağı”nı oynadıq.  Onu çox tələsdirirdim. Deyirdim, ara verməyək, bir tamaşanı bitirən kimi yenisini quraq. Soruşurdu, hara tələsirsən? Müəllimin xəstəliyi məlum olandan sonra görüşdük, mənə dedi ki, “zaraza”, sən bilirdin. Amma mən əlbəttə, ağlıma pis heç nə gətirmirdim, sadəcə, onun beynindən mümkün qədər çox yararlanmaq istəyirdim. Təəssüf ki, biz bu beyini itirdik...

Mən bu gün iki fərqli teatrda çalışıram - “Yuğ”da və “Azdrama”da. Təbii ki, “Azdrama” ölkənin bir nömrəli teatrıdır və zəngin ənənəsi var. Dünyanın hər yerində ənənəvi teatrla bərabər, kiçik və fərqli teatrlar mövcuddur. Fərqli teatr fərqli düşüncə, seçim imkanı deməkdir. Bizdə fərqli teatr yoxdur. Mən hələ “Yuğ”un psixosof poetikası barədə danışmıram. Pantomim teatrına gəlincə, bu janr özü fərqlidir. Mən çox istərdim ki, Azərbaycanda on fərqli teatr olsun. Eybi yox, qoy mən aktyor kimi də gedib baxım, heç nə başa düşməyim. Orada da on beş-iyirmi nəfərin arasından, heç olmasa, üç aktyor yetişəcək...

Kukla teatrında bizə ayrılan yeri hələ görməmişəm. Məkan barədə anlayışım yoxdur. Təbii, adaptasiya müəyyən zaman aparacaq. Yaxşı olar ki, hər teatrın öz binası olsun. Amma teatr rəhbərliyi hələlik oranı bəyənibsə, deməli, fəaliyyətimizi də orada davam etdirəcəyik.

Rəbiqə NAZİMQIZI

 

 

“Xanuma” yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində gürcü dramaturqu A. Saqarelinin “Xanuma” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, iki hissəli musiqli parodiya Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun quruluşunda təqdim edilib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Xalq artisti Tofiq Quliyevdir.

Səhnə əsərində rolları Xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Zemfira Nərimanova, Əməkdar artistlər Mətanət Atakişiyeva, Cəfər Namiq Kamal, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa ediblər.

Dramaturqun 1882-ci ildə yazdığı əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.

Qeyd edək ki, tamaşanın premyerası 2011-ci ildə baş tutub.

Opera və Balet Teatrında ilin ilk premyerası

Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera tamaşası – görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin “Françeska da Rimini” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Françeska da Rimini” bəstəkarın eyniadlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulacaq. Baletin süjet xəttini Dantenin məşhur “İlahi komediya”sı adlı poeması təşkil edir.

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Səhnə əsərində əsas partiyaları Azərbaycanın Əməkdar artisti Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri - Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.

Qeyd edək ki, musiqi əsəri ilk dəfə 1877-ci il fevralın 25-də dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 1878-ci il martın 11-də isə Peterburqda ifa olunaraq böyük uğur qazanıb . “Françeska da Rimini” baletində ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.

Musiqili Teatrda həftəsonu

5 tamaşa

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlar fevralın 5, 6 və 7-də tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı”, “Yatmış gözəl və cırtdanlar”, “www.ferzeli-kef.com”, “Düyməcik” və “Ər və arvad” tamaşalarıdır.

Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, fevralın 5-də “Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, fevralın 7-də isə “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin fevralın 6-da “Yatmış gözəl və cırtdanlar” əsərini Azərbaycan dilində izləyəcəklər.

Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, Emma Məlikova, aktyorlar Emil Heydərov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, böyüklər üçün olan tamaşalar 19:00-da, balacalar üçün olanlar isə 12:00-da başlanır.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.