Elektron ədəbiyyat və sənət portalı

Qurban verərdim

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 25.10.2019

 

Rəfiq Zəka Xəndan

(1939-1999)

Şair, ədəbiyyatşünas alim. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. “Çağlayan” “Səadət”, “Vətən kimlərindir”, “Meşədə”, “Baharın heykəli”, “Könlümün yadigarı”, “Əbədi saniyə”, “Ömür bitər, yol bitməz”, “Azərbaycanın səsi”, “Ocaqdaşlarım”, “Unudulmuş dahi” kimi, iyirmidən artıq şeir kitabının, “Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının müəllifidir.

 

Qurban verərdim

Mənə bircə kəlmə can söyləsəydin,

O bircə kəlmənə min can verərdim.

Ömrümü, günümü dərd eyləsəydin,

Ömrümü, günümü dərman verərdim.

 

O günlər necə də mənə haydılar,

Könlümə, gözümə şəfəq yaydılar.

Keçən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim.

 

Elə ayrıldıq ki, səninlə, ey gül,

Bir də ayrılıqdan ayrı düşmərik.

Ah, bu son hicranın vüsalı müşkül,

Dağ dağa rast gələr, biz görüşmərik.

 

Bezdirdim qəlbini sədaqətimlə,

Qaldım həsrətimlə, müsibətimlə,

Könlümü alsaydın, bu zülmətimlə,

Sənə bir işıqlı cahan verərdim.

 

Ürəkdən, candan

Azmı tufanlara üz çevirdiyim,

Quduz dalğalara göyüs gərdiyim,

Şeir dünyasına könül verdiyim

Dünyanı duyduğum andandır mənim.

 

Gözəllik önündə ruhum oynayıb,

Parlaq incilərdən gözüm doymayıb,

Ulu ustadlara qanım qaynayıb,

Onlara uymağım qandandır mənim.

 

Yerim yer üzündə qürbət olanda,

Bezməyin söhbətim qeybət olanda,

Neyləyim, yurduma həsrət olanda,

Kainat başıma zindandır mənim.

 

Mənim gizlilik yox təbiətimdə,

Açıqdır kinim də, məhəbbətim də,

Ürək xiffətim də, can möhnətim də,

Ürəkdəndir mənim, candandır mənim!

 

Varmı mənim qədər olan bağrı dağ,

Bağrımın başında bitməz ağrı, dağ,

Ulduzum Ağrıdağ, Ayım Ağrıdağ,

Amansız dumanım ondandır mənim.

 

Qartallar ucalan yerdə tülkü yox,

Sazımda, sözümdə yasaq türkü yox,

Könlümdə, gözümdə qorxu-hürkü yox,

Çünki ulu babam Vandandır mənim!

 

Olmaz yalan tarix, nəsil şöhrətim,

Ulu Oğuzxandır nəsil şöhrətim,

Uluslar bilir ki, əsl şöhrətim

Şərəfdəndir mənim, şandandır mənim!

 

Özgürlük özlədim mən ömrüm boyu,

Aradım havanı, torpağı, suyu,

Köküm Türk köküdür, soyum Xan soyu,

Adım Rəfiq Zəka Xəndandır mənim.

 

Qəhrəmanın hünəri

Adını şeirlə mən alqışladım,

Sərv ağacı kimi ucaldı başım.

Sənin dastanını belə başladım:

Sağ ol, Vətən oğlu, sağ ol, qardaşım!

 

O qara qaşların çatıldı birdən,

Gözündə oynadı bir odlu şimşək.

Cəbhə dostlarına üz tutaraq sən,

Dedin ki, körpünü düşmən keçəcək.

Bir hədəf olsa da bu gün sinəmiz,

Gəlin, yol verməyək quldurlara biz!

 

Hazır ol! Söyləyən o mərd səsindən

İgidlər yanında ayağa qalxdı.

Alovlar dağıdan xoş nəfəsindən,

Hər əsgər qəlbinə min qüvvət axdı.

 

Yayıldı şöhrətin Azərbaycana,

Dinlədi qəlbini dağlar, yamaclar.

Adını nəğməylə saldı dastana,

Muğan çöllərində uçan turaclar.

 

Çatdı yurdumuza şöhrətin sənin,

Çatdı səhər-səhər yellər əsəndə.

Adınla fəxr etdi böyük Vətənin,

İndi söz mənimdir, qulaq as sən də.

 

Güldü qəlbimizə hünərin sənin,

Gözəl yay gününün səhəri kimi.

Alqışa layiqdir o mərd əllərin,

Bizim Koroğlunun əlləri kimi.

 

Bildi şöhrətini ağsaçlı anan,

Köksünü dağ kimi verdi irəli.

Sənə alqış deyib, əl çaldı bu an,

Qafqaz dağlarının şəlalələri.

 

Səninlə fəxr edir mənim dövranım,

Sənsən ana yurdun eşqi, diləyi.

Sənə halal olsun, ey qəhrəmanım,

Babəklər yurdunun duzu, çörəyi.

 

Adını şeirlə mən alqışladım,

Sərv ağacı kimi ucaldı başım.

Sənin dastanını belə başladım:

Sağ ol, Vətən oğlu, sağ ol, qardaşım!