Elektron ədəbiyyat və sənət portalı

Yasəmən işığında

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 29.10.2019

 

Məmməd Aslan

(1939-2015)

Şair, tərcüməçi. Əməkdar mədəniyyət işçisi. “Dağ ürəyi”, “Səsimə səs ver”, “Ürək möhlət verəydi”, “Ərzurumun gədiyinə varanda”, “Saxla izimi, dünya”, “Bir sultan yaşardı Sultantəpədə” və digər şeir kitablarının müəllifidir. Orta Asiya xalqları ədəbiyyatından, həmçinin Yunus Əmrə və Aşıq Veysəl yaradıcılığından tərcümələr edib.

 

Yasəmən işığında

Ürəklər titrədən bu nəva hardan,

Hələ cücərməmiş çöl-çəmən bu yaz.

Hardan gəlib çıxdın, binəva, hardan?!

Yaman tələsmisən, yasəmən, bu yaz!

 

Bu, necə büsatmış, bu, nə cəlalmış!

Bir dəliqanlımı könlünü çalmış?!

Bu sevdadan boyun artmış-ucalmış,

Nə şux bəzənmisən, ay sənəm, bu yaz!

 

Bir avaz vurnuxur könül simində,

Çox naçar qalmışam gül tilsimində.

Yarışa çıxmışıq yaz mövsümündə,

Ya sən yuxalmısan, ya sinəm bu yaz.

 

Biz iki damlatək göylərdən düşdük,

Tale rast gətirdi: burda görüşdük.

Bir qüdrət: – İç! – dedi. Biz də ki, içdik!..

Ya tonqal çatılam, ya sönəm bu yaz.

 

Əhsən bu şuxluğa, bu gözəlliyə!

Hər salxımın məlhəm bir təsəlliyə!

Yüklü budaqların sınmasın deyə,

Qəbul etsən, olum əsa mən bu yaz.

 

Bir də görüşərik nə zaman görüm,

Sənsiz nə göy görüm, asiman görüm!..

Ömrün uzun olsun, yasəmən, görüm!

Düyünə sən qənşər, yasa mən bu yaz...

 

O qış yön verdi ki, bu yaza döndüm.

Əngin fəzalarda pərvaza döndüm;

Fikirlər içində qəvvasa döndüm;

Bir özgə Məmmədəm, nəsə, mən bu yaz.

 

Bu da ki, belə... 

Bu bostanı necə əkib-becərim?!

Yağışı quruyub, su da ki, belə...

Kasadlıq afətdir; nə fərqi varmış:

Ya mişovul yesin, ya da ki, belə...

 

Kotan nədi, fil qaldırar bu qırğı!

Heç nədən yarılır dağların bağrı...

Kor quyudan nə səs bitər, nə qarğı:

Dibində boğulub səda ki, belə...

 

Laxlamış bir iman sağ qala, qalmaz!

Pozulmuş o hörmət saqqala qalmaz!

Bir budaq ucunda çaqqala qalmaz;

Nəylə gəlir-gəlsin, qada ki, belə...

 

Bu qaçqınlıq hardan soya, nəsilə?!.

Axşam nəslə gəlir, səhər nəs ilə.

Qorxuram bu torpaq şoran kəsilə:

Göz yaşıyla doyur cada ki, belə...

 

Sultanheydər zirvədəki pir idi!

Ağrıyla üzbəüz, qəlbi bir idi!..

Keytidağda “Qu gölü”müz qurudu;

O göl qudan getdi; qu da ki, belə...

 

Qaneyəm dünyanın azı-çoxuyla;

Uyuşum tapaydım, ey kaş, yuxuyla;

Aradım səbrimi “Yahu-Yahu!”yla,

Qəzəbnak olmayıb Xuda ki, belə...

 

Hər açan çiçəklə bir bahar səndim;

Bir qom bənövşəyə can dəyişərdim...

Ömrümün boyunu ölçdüm; üşəndim:

İndidən düşmürəm yada ki, belə...

  

Belə xor baxmazdı bəndə Allaha:

Ulduzlar daş kimi qorxuram yağa...

Bu ormanda palıd bitməz bir daha:

Hindilər tumunu uda ki, belə!..

 

Bu mövzu ağlıma gəldi ha sondan;

Dadanmışdım: qoşma yazam asandan.

Sonunu gözləmə Məmməd Aslandan!..

Yetər bu qədəri!... Bu da ki: Belə!!!

  

Qayadan qumacan

Dağın ayağından asılar daşlar;

Belə mənzil kəsər daş ağır-ağır...

Tükənmək bilməz ki, çılğın savaşlar;

Daşlaşmış canlardan kövrəklik yağır.

 

Soyumun daşını döşümə döydüm,

Döyə bilmədimsə, kimə nə borcu?!

Qayaya kök atıb, daşda böyüdüm;

Daş-daşla qovuşsa, daş qala bürcü!

 

Çiyninə baş əysək bir-birimizin;

O daş yastıq olar, baş yarmaz daha!

Boğmaz işığını gecə gündüzün;

Sağ-salamat çıxar axşam sabaha!..

 

Bir soy ki bir daşa baş qoysa əgər,

O daş millət üçün səcdəgah olar!

Kök özünü sevsə, Haqq onu sevər!

Bir soyun ayarı tam agah olar.

 

Qaya sədası var başın yasında:

Baş, daşın üstündə heykələ dönər!

Orxon-Yeniseyin daş-qayasında,

Hələ Türklüyümün nəbzi döyünər.

 

Ürəyə ismarıc

Cənnət Dəlidağda böyütdüm səni,

Çeşmələr başında, güllər içində.

Ulular ruhundan fışqırıb gələn

Bayatı mayalı dillər içində.

 

Çəmini tez qurdum ərşi-fələklə,

Pərvazın uyuşdu göydə mələklə,

Köksünə sığmayan bir dağ ürəklə

Necə bəxtəvərdim ellər içində.

 

Mənim dolub-daşan nəfəsim idin,

Ləşkərlər pozmağa sən bəsim idin!

Dünyam batar olsa, qəvvasım idin,

Naçar qoyma məni yollar içində...