Elektron ədəbiyyat və sənət portalı

Acara yazıçıları ilə görüş

Bölmə: Xəbər 29.10.2019

 

Acara Yazıçılar Birliyində Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsudla görüş keçirilib. Tanınmış Acara yazıçı və şairlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Acara Yazıçılar Birliyinin sədri, Acara Ali Sovetinin millət vəkili Daviot Tedoradze açaraq, yazıçının yaradıcılığından, əsərlərinə xas olan mistik-psixoloji çalarlardan danışıb:

“Afaq Məsudun dərin mənalı yaradıcılığına xas olan başlıca xüsusiyyətlərdən biri də əsərlərindəki mistisizmdir. Bu, əksər hallarda gerçəkliklə yuxu ərazisinin bir-birini çox üzvi şəkildə tamamlaması, reallıqla irreallığın sərhədlərinin itirilməsidir. Bəzən bu aləmlərin kəsişdiyi nöqtələrin yerini müəyyənləşdirmək göründüyü qədər də asan olmur. Ümumiyyətlə, irreal aləmin real aləm qədər gerçək, yaxud gerçəkliyin bir hissəsi kimi təsviri, Afaq Məsudun, demək olar ki, bütün əsərlərində nəzərə çarpır. Bu əsərlərin qəhrəmanları, eyni zamanda hər iki aləmdə yaşayırlar. Yazıçının ustalıqla yaratdığı bu paralellikdə, bəzən yuxunun həqiqəti real həqiqətdən daha əhəmiyyətli rol oynayır. Bəzən bu qəhrəmanlar gerçəkdə törətdikləri günahların cəzasını yuxularında çəkirlər. Başqa sözlə desək, Afaq Məsudun yuxu dünyası elə bir məkandır ki, orada törədilən günahlar bütün ağırlığı ilə üzə çıxır. Yeri gəlmişkən, bu yanaşma “Azadlıq” romanında daha qabarıq görünür. Ümumiyyətlə, deməliyik ki, Afaq Məsudun nəsri istər Azərbaycan, istərsə də dünya ədəbi təfəkkürü və dünyagörüşü üçün yenidir. Bu sözləri yazıçının ədəbiyyata gətirdiyi yeni çalarlar, mistik baxış bucağı barədə də demək olar. Yazıçının bədii gücü, yazı magiyası əhatə etdiyi mövzularla da ölçülməlidir. Zənnimcə, bu, ədəbi əsərin dəyərləndirilməsində ilkin meyarlardan biridir. Bu baxımdan, Afaq Məsud yaradıcılığı, heç şübhəsiz, müasir dövr yazarlarından xeyli fərqlənir. Afaq xanım yazıçı kimi Bakıda, müsəlman mühitində püxtələşsə də, xristian dininə və dünyagörüşünə  yaxından bələddir və bu mövzulara xüsusi ehtiramla yanaşır. Yazıçının bu münasibəti “II İohann”, “Alman kilsəsi” kimi əsərlərində daha aydın hiss olunur.

Bir vaxtlar alman ədəbiyyatında belə bir yazılmamış qayda var idi: bu və ya digər yazarın əsərini çap edərkən mütləq müəllifin fotosu da nəşrə əlavə edilirdi. Qeyd olunurdu ki, övlad valideynlərinə oxşadığı kimi, əsər də müəllifinə oxşamalıdır. Bununla oxucuya da imkan yaradılırdı ki, mütaliə edəcəyi əsəri müəllifinə görə seçsin. Övlad və valideyn oxşarlığından bəhs edərkən onu da deməliyəm ki, genlər güclü olanda övlad öz valideyninə tən bölünmüş alma kimi oxşayır. Bu mənada, xüsusi qeyd etməliyəm ki, Afaq Məsudun əsərləri özünə çox, lap çox oxşayır. Onun xarakteri,  daxili yaradıcı siması, qəlbinin təlatümlərinə uyğun özünəməxsusluğu, psixologiyası əsərlərində açıq-aydın müşahidə edilir”.

Daha sonra tanınmış şair-publisist, Qalaktion Tabidze mükafatı laureatı Vaxtanq Qlonti, görkəmli Acara şairi, Gürcüstan Dövlət mükafatı laureatı Şota Zoidze, Acara Yazıçılar Evinin rəhbəri Lali Qontzelidze, Acara Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirinin müavini Akaki Dzneladze, tanınmış Acara şairi Bela Keburia, Acara Milli İncəsənət Məktəbinin direktoru Vaxtanq Beridze və digərləri çıxış edərək, bu yaradıcılığın özünəməxsusluğundan və əhəmiyyətindən söz açıblar.

Vaxtanq Beridze: Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesi üzərində işləyirəm. Bu pyes forma və üslub yeniliyi baxımından hədsiz müasirdir və əsl teatr dilində yazılıb. Yəni uzun-uzadı dialoq və monoloqlar səhnə həllini tapmış mizanlarla verilir. Mövzu və həll baxımından bu dramaturgiya məşhur Tamaz Çiladzenin dramaturgiyasını yada salır.

Tədbirdə Milli İncəsənət Məktəbinin tələbələrinin ifasında “Qatarın altına atılan qadın” pyesindən parçalar səsləndirilib, yazıçıya suallar ünvanlandırılıb. Görüşün sonunda Afaq Məsuda Acara Yazıçılar Birliyinin fəxri diplomu və Acaranın milli geyimi təqdim olunub.