Uilyam Somerset Moemin (1874–1965) “Lambetli Liza” adlı romanının nəşr olunduğu ilk kitabı 1897-ci ilə, sağlığında işıq üzü görən “Keçmişə nəzər” adlı avtobioqrafik qeydlərdən ibarət son kitabı isə 1962-ci ilə təsadüf edir. Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin bu 65 illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr və s. ilə zəngin olub.
Moem birnəfəsə, rahat oxunur. Amma bu rahatlığın arxasında üslub üzərində ağır və cilalı iş, yüksək peşəkarlıq, söz və düşüncə mədəniyyəti dayanır.
XX əsr ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem 1874-cü ildə Parisdə Britaniya səfirliyi işçisinin ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb. Öz şəxsi tərcümeyi-halı yazıçının yaradıcılığına əsaslı təsir göstərib. Belə ki, Moem oxuduqlarından çox, eşitdiklərinə, gördüklərinə, duyduqlarına, daha doğrusu, kitabdan çox, həyata inanıb.
Somerset Moemin ədəbi taleyi, yazıçının özünün də etiraf etdiyi kimi, uğurlu alınıb. Artıq ilk qələm təcrübəsi yaradıcı mühitdə əks-səda doğurduğundan gələcək yazıçı tibb təhsili almasına baxmayaraq ömrünü ədəbiyyata həsr etmək qərarına gəlir. O, pyeslərinin səhnəyə yol açması üçün çox çətinliklərdən keçməli olur və onlar ilk təqdimatdaca özünə sabit mövqe, sadiq tamaşaçı qazanır. Doğrudur, bu gün həmin səhnə əsərləri yazıçının roman və hekayələri ilə müqayisədə bir qədər unudulsa da, Somerset Moem bir vaxtlar məhz həmin səhnə əsərlərinin hesabına özünü maddi cəhətdən təmin edərək nəsr əsərlərini yarada bilmişdi.
Yeri gəlmişkən, Moemin əsərlərində puldan tez-tez söhbət düşür, bəzən isə pul hətta bütün süjeti əhatə edir. Moem özü isə deyirdi ki, pul üçün deyil, onu narahat eləyən mövzuların, həyatda rastlaşdığı xarakterlərin, tiplərin, şəxsi düşüncələrinin əsirliyindən xilas olmaq üçün yazır, amma yaradıcı əməyi həm də ona pul gətirirsə, ürəyi istəyəni yazmaq üçün bu maddi təminatdan imtina etməzdi.
Elə bu səbəbdən də Moem digər sənətlər kimi yazıçılığa da gəlirli iş kimi baxmaqda qəbahət görmür, əksinə, bundan şərəf duyurdu. Eyni zamanda yazıçılığı heç də əlahiddə bir sənət, yazıçını isə əlahiddə sənət sahibi hesab etmirdi: “Sənətkar heç vaxt digər insanlara yuxarıdan aşağı baxa bilməz. Əgər o özünü daha vacib şəxs sayırsa, özünü başqalarından fərqləndirirsə, bu halda ona cəmiyyətdə yer yoxdur”.
Amma şəxsi mövqeyindən fərqli olaraq Moemin əksər əsərlərində adi insanla müqayisədə sənətkar daha üstün tutulur – “Teatr” romanının baş qəhrəmanı aktrisa Culiya Lembertin nümunəsində olduğu kimi. Çünki yazıçının qənaətincə, sənətkarın ömrünün mənası insan talelərinə işıq tutmaqdan ibarət olmalıdır. Çünki bəlkə, özü də bilmədən sənətkarın istedadından bütün insanlar hava-su kimi bəhrələnirlər.
Moem yaradıcılığının əvvəli Böyük Britaniya imperiyasının qüdrətli dövrünə təsadüf edir. Yazıçı dünyasını dəyişəndə isə imperiya faktik olaraq mövcudluğunu itirmişdi.
Moem təbiətən sırf sülh adamı olsa da, hərb işləri ondan da yan keçməyib. Burada söhbət döyüş əməliyyatlarından deyil, məxfi tapşırıqlardan gedir. İlk dəfə bu səpkili tapşırığı o, 1910-cu ildə alır. O vaxt Moem Britaniya kəşfiyyatından aldığı tapşırığı yerinə yetirməyə razılıq verir. Sonralar bu barədə yazıçı “Eşenden, yaxud Britaniya casusu” adlı hekayələr toplusunda, o cümlədən “Tüksüz meksikalı” novellasında bəhs edirdi. Moem müttəfiq dövlətlərlə məxfi danışıqlar aparmaq üçün bir sıra Avropa ölkəsinə də səfər etmişdi. Amma hansı işi görsə də, hansı tapşırığı yerinə yetirsə də, o, ilk növbədə, yazıçı olaraq qalırdı.
Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin təxminən bütün əsərlərində oxucu yazıçı peşəkarlığını hər kəlmədə, hər cümlədə hiss edir. Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır. Odur ki onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar bu qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı “əziyyət” tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı. Və bir də, əlbəttə ki, Moemi Moem edən, ən müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzolunmaz “Moem üslubu”dur.
Əsərin məzmununa olan münasibəti kimi, üslub və forma məsələlərinə də yazıçı çox həssas yanaşır. O, sözün yaxşı mənasında, qrafoman idi – hər gün saatlarla yazı masasının arxasında otururdu. İllərin tələbata çevirdiyi bu vərdişə yalnız yazıçını əldən-ayaqdan salan qocalıq son qoydu. O heç vaxt – hətta ustad kimi təsdiqlənəndən sonra da “çiy”, yaxud hansısa nöqteyi-nəzərdən onu təmin etməyən yazını üzə çıxarmağı özünə rəva görməyib, öz prinsiplərinə daim riayət edib: “Müəllifin nəql etdiyi süjet aydın və inandırıcı olmalıdır. Əvvəli, ortası, sonu öz axarıyla getməlidir. Yeri gəlmişkən, sonluq təbii şəkildə əvvəllə birləşməlidir...
Uzun düşüncələrdən sonra qərara aldım ki, yaradıcı insan əsərlərində yalnız aydınlığa, sadəliyə və xoş mərama can atmalıdır”. Son əsərlərindən olan, müəyyən mənada avtobioqrafik “Həyatımın yekununda” romanında Moem gəldiyi qənaəti oxucusuyla bölüşür. Yəqin, elə bu uzun düşüncələrin bəhrəsidir ki, Moem nəsri öz təbiiliyi, sadəliyi, üslub bər-bəzəklərindən xaliliyi ilə emosional həddə təsirli və həyatın özü qədər həyatidir.
Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib – dünən də, bu gün də mübahisələr doğurur. Somerset Moemə olan bu münasibət, çox güman, sabah da davam edəcək. Amma bir şey şəksizdi ki, oxucunun yazıçıya inamı heç vaxt itməyəcək, çünki Moem də öz obrazlarına inanır. Yazıçını nədə olsa da, yaratdıqlarına laqeydlikdə günahlandırmaq mümkün deyil. Moem ən xırda obrazlardan tutmuş baş qəhrəmanlarınacan hamıyla birgə yaşayır, danışır, yeriyir, nəfəs alır. Yəqin, Moemin əsərlərinin nəsildən-nəslə ötürülməsinin bir sirri də bundadır.
Yaşar