Elektron ədəbiyyat və sənət portalı

“QARABAĞ ŞİKƏSTƏSİ”

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 01.11.2019

 

Elçin

(1943)

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, dramaturq, tənqidçi, ədəbiyyatşünas alim. “İstiqlal” ordeni ilə təltif edilib, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə nəşr edilib. “Epitafiya”, “On ildən sonra”, “Baladadaşın ilk məhəbbəti”, “Qış nağılı”, “Talvar”, “Bülbülün nağılı”, “Parisdə avtomobil qəzası”, “Beş dəqiqə və əbədiyyət”, “Sarı gəlin”, “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Ölüm hökmü” kimi iyirmidən artıq nəsr kitabının, “Poçt şöbəsində xəyal”, “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Qatil”, “Qisas”, “Şekspir”, “Sənətkarın taleyi”, “Cəhənnəm sakinləri”, “Teleskop” pyeslərinin müəllifidir. “Şekspir” pyesi Nyu-York, London və İstanbul teatrlarının,  “Mənim sevimli dəlim” pyesi Türkiyə Dövlət Dram Teatrının, o cümlədən Ankara, Antalya,  Qars teatrlarının səhnəsində tamaşaya qoyulub. Ssenariləri əsasında “Ömrün səhifələri”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” kimi iyirmidən artıq bədii və sənədli film çəkilib. Əsərləri bir çox dillərə tərcümə olunub.

 

“QARABAĞ ŞİKƏSTƏSİ”

 

(Fransız ətri və Ağadadaş ilə Balacaxanımgilin Qırmızı

xoruzunun bəy axtarışı haqqında)

 

I

 

...sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...

Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə durub gedib haradansa araq tapıb içmək istəyirdi.

O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk dəfə səfərə çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə imtahan verməyə getdi.

Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsini sədası Şuşa dağlarından gələn bir “Qarabağ şikəstəsi” müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və əlbəttə, o zaman Cümü hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...

 

II

İzabel Xanukoff biləndə ki Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı. Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb-yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.

İllər keçirdi, amma o Ziba nostalgiyası eləcə İzabelin ürəyinin içində idi, hətta bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o nostalgiya lap dibə çökürdü və həmin məqamlarda İzabel birdən gözlənilməz bir təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünki artıq on dörd il idi ki, ürəyində gəzdirdiyi o hissiyyat da bu qızın gündəlik həyatının tərkib hissəsi idi.

İzabel özündən böyük qardaş və bacılarından fərqli olaraq, Azərbaycanı görməmişdi, İsraildə, Qüds ilə İordaniya sərhəddi arasında Eriha deyilən kiçik bir şəhərdə anadan olmuşdu, amma “Azərbaycan” sözü də o Ziba nostalgiyasının içində İzabelin ürəyində idi, çünki Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən – İsraildə yaşasa da, onun fikri-zikri, hissləri heç cürə bu ölkəyə sığışmırdı, əcdadlarının diyarı kimi İsrailə hörmət etsə də, hətta bu ölkəni sevsə də, düşüncəsi, hissiyyatı, xatirələri ilə bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb bitirdiyi, ərə getdiyi Qırmızı Qəsəbəyə qonurdu.

Əlbəttə, haçansa gözəl Qubada, Qubanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycandilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, İordaniyanın adını ilk dəfə elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü İordaniya sərhədlərində davam edib, orada da başa vuracaq.

Ziba qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə birlikdə İsrailə köçdü, Qırmızı Qəsəbədə nələri varıydısa, satdılar, qohum-əqrəbaya, tanış-bilişə bağışladılar və Zibanın əri elə fərz elədi ki, daha Qırmızı Qəsəbədə heç nələri qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı Qəsəbədə Zibanın (elə onun özünün də!) ürəyi qalıb. Ömür isə Qudyalçayın suları kimi axıb, gedirdi və o sular heç vəchlə geriyə axa bilməzdi.

İzabel bilirdi ki, Qırmızı Qəsəbə Azərbaycanda yaşayan dağ yəhudilərinin – yəhudi tatların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların arasında güney bir çöllükdədir və İzabel tez-tez bunun da şahidi olurdu ki, İsraildə yaşayan yəhudilər, hətta SSRİ-nin başqa respublikalarından, Rusiyanın özündən, Ukraynadan, Belorusiyadan İsrailə köçüb gəlmiş yəhudilər Qubanı tanımayanda, Avropadan köçüb gəlmiş yəhudilər isə bəzən Azərbaycanın da adını birinci dəfə eşidəndə, Ziba necə pərt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmədi, deyəndə ki, mən Qubadan gəlmişəm, bəzən adamlar elə başa düşürdülər ki, söhbət Kubadan gedir və təəccüb edirdilər: “Kubada da yəhudilər var?”, guya Fidel Kastro var idisə, orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar Quba kimi bir yerin heç adını da eşitməyiblər və belə vaxtlarda Ziba elə bil Qudyalçayın, Qəçrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında xəcalət çəkirdi və ağlamsına-ağlamsına İzabelə deyirdi:

– Sənin oğlun olanda adını Aydın qoyacam!..

Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyanda – 1959-cu ildə (keçən əsrin ortalarında!) – Qırmızı Qəsəbənin dram dərnəyində ilk dəfə azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və Aydın da Gültəkinin sevgilisi idi.

Anasının bütün bu söhbətlərinin hamısı İzabelin uşaqlıq xatirələrinə hopub qalmışdı və bir dəfə bu ad – Aydın – yenə onun yadına düşəndə İnternetə baxdı və təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydın Hətiboğlu adlı bir şair var, amma Zibanın, əlbəttə, Aydın Hətiboğlundan xəbəri yox idi və İzabel bəzən, az qala, cismani surətdə hiss edirdi ki, oğlu olsa və oğluna Aydın adı qoysa, Zibanın ruhu şad olacaq.

Amma İzabelin, hələ ki, ərə getmək fikri yox idi.

Düzdü, dünyada qaçqınlar çox idi, İzabelin də işi qaçqınlarla bağlı idi və qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma, həyat ki, təkcə qaçqınlardan və təkcə o nostalgiyadan ibarət deyildi...

 

III

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.

Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir elə bil həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.

Ağadadaş səksəkə içində yuxudan oyanıb yerində oturdu və rəngi solmuş göy maykasının altından arıq və tükü ağarmış sinəsini qaşıya-qaşıya filtrsiz siqaret çəkməkdən xırıldayan səsi ilə:

– Alə, bu nə axmaq oğlu axmaq xoruzdu belə, alə? – dedi.

Balacaxanım adyalın altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu:

– Fikir vermə, – dedi – yatginə...

Ağadadaş sövq-təbii əlini uzadıb yastığının yanında döşəməyə qoyduğu siqaretdən birini götürdü və:

– Necə fikir verməginə, ağəz, mənnəndi begəm? – dedi. – Bu əclafın bu boyda bannamağınnan sonra yatmaq olar?

Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün var gücü ilə təzədən banladı.

Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına:

– Şoqəribə qalasan səni!.. – dedi.

Ağadadaş qırx-qırx beş il idi Bakı – Binə aeroportu – Buzovna – Zuğulba – Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə də kənddə hamı onu Avtobus Ağadadaş kimi tanıyırdı), iki gün səhərin gözü açılmamışdan gecəyə qədər işdə olurdu, evə gecənin yarısı gəlib çıxırdı, üçüncü günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü idi, həm də, ümumiyyətlə, bazar günü idi və Balacaxanım da sidqi-ürəkdən istəyirdi ki, kişi doyunca yatıb dincəlsin, ona görə də indicə dediyi qarğışla kifayətlənməyib, yenə adyalın altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına:

– Öləsən elə!.. – deyə dübarə bir qarğış da əlavə etdi.

Ağadadaş siqareti yandırıb ayağa qalxdı və xırıltıyla öskürə-öskürə gedib həyətin yuxarı başındakı hinin qapısını açdı:

– Çıx bayıra, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyətin də küçə qapısını açdı və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-tələsə və qaqqıldaya-qaqqıldaya həyətdən çıxdılar.

 

IV

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir “3” aldı, sonra da “2” və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.

O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?

– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir  gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.

O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi, evlənmişdi, uşağı olmuşdu, Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idi, özünə yaxşı həyət-baca düzəltmişdi və o həyətdə bir armud varıydı ki, ağacdan dərib bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də, yəqin, o həyətdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər.

Heç o həyət də olmasaydı, o ev-eşik də olmasaydı, heç arvad-uşaq da olmasaydı, Şuşanın özü ki var idi və bu az idi bəyəm? Bunu fikirləşəndə, Cümü Şuşanın təkcə məhəllələrini, evlərini, bağlarını, düzlərini, sıldırım qayalarını yox, Topxana meşəsini, Cıdır düzünü, Ərimgəldini, İsa bulağını, Turşsuyu, Səkili bulağı, hətta özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın, az qala, bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta Şuşanın kənarlarındakı böyürtkən kolları da köhnə (və doğma!) tanışlar kimi yadına düşürdü və bəzən Cümü özü də heyrətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beyninə bu dəqiqliklə nə vaxt və necə həkk olub?

Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni gəlib Şuşanı alandan sonra ki qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu, başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sısqa vücudu ilə hiss edirdi ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni haçansa Şuşadan qovulmayacaq, ona görə ki, Cümü elə burada öləcək və onun mafəsini Buzovnadakı fəhlə yataqxanasının həyətindən qaldırıb, aparıb kənd qəbiristanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafın sümsük itləri də gəlib orda pislik edəcək.

 

V

Elə ki qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:

– Qəçrəşin havası lazımdı mənə... Qəçrəşin havası məni sağaldardı...

 

VI

Şuşa camaatı və o cümlədən Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, “Məmməd dayı, bizim çayımız nə oldu?”, Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərin qabağına düzə-düzə deyirdi: “Gözlə, gəlirəm!” və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə-Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.

Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.

Və bir dəfə – iki il bundan əvvəl – axşamüstü Cümü tır-tırı həyətdə saxlayıb axırıncı – beşinci mərtəbədəki otaqlarına qalxmaq istəyəndə, zeytun ağacının altında otura-otura özü də həmin ağac və həmin skamya, onlardan o tərəfdəki böyük həyət kranı və üç iydə ağacı, bir az aralıdakı hay-hayı gedib vay-vayı qalmış iki dəmir zibil yeşiyi, bir az da aralıdakı suyu qurumuş quyunun paslanmış mancanağı kimi bu həyətin daimi bir hissəsinə çevrilmiş Məmməd kişi Cümünü saxladı:

– Bura bax, – dedi, – adam dəli olanda özü bilmir ki, dəli olub? Hı?– Sonra, nəhayət ki, Cümünün adını yadına salıb: – Elədi, Cümü?– soruşdu. Cümü əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) ona söz atır, amma qocanın uzaqlara zillənmiş və rəngi tamam solub-itmiş gözlərinə baxanda başa düşdü ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) özündən nigarandı...

 

VII

O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı gün yalnız o demək deyil ki, günəş çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün – heç cürə gün sözünün içinə sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra nə illah edirdi, bu sualın cavabını tapa bilmirdi.

Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı nəfər – Cümü idi, anası Güllü arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi.

 

VIII

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – “EMPREİNTE” və onu hədiyyə kimi gözəl bağlatdırdı.

Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.

 

IX

Həmin sentyabr günündən bir müddət əvvəl məlum oldu ki, növbəti dəfə xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında dayanmışdı və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-birindən təzə xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını, əzab-əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini boşaltmağa fürsət tapırdılar.

Krantın arxa tərəfində üç dənə böyük iydə ağacı var idi və kəndin camaatı deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun iydə, innab, badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar qalıb.

Həmin sentyabr günündən bir müddət əvvəl o arvadlar it ləhlədən istinin və evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb söhbət edirdilər.

Kolxoz kişinin dul arvadı Xədicə dedi:

– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək...

– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? İndiyədək gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm Məmməd kişinin arvadı Sürəyya xala dedi.

Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı.

– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan sonrasına baxarıq!..

– Az, bunnar hamısı erməninin şipyonudu!..

Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə oturdu.

– Cümü bunu hara aparır, az?

– Teatra!.. Hara aparacaq? Bilmirsən?

– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də qəmisyədən danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı?

– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də Sürəyya xala dedi.

 

X

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çay-çörəyindən sonra onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pomidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:

– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...

Ağadadaş bütün Buzovnada ən gözəl çörəkbişirən Hacı Əliağanın təndirindən təzəcə çıxmış isti çörəyi kasanın içinə – bozbaşın suyuna doğraya-doğraya:

– Bəs toyuqlar?– soruşdu.

Balacaxanım:

– İkisi yoxdu... Qalanları hindədi, qeyidiblər... – dedi.

Ağadadaş elə bil bu bazar günündən o vaxtsız səhər banının, dalbadal uduzduğu o üç tasın hayıfını almaq üçün, ləzzətlə bozbaşdan bir qaşıq ağzına qoyub:

– Hara gedəcəklər?– dedi. – Avtobusa minməyəcəklər ki, qeyidib gələcəklər də...

 

XI

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.

O zaman ki Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında motorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, “Şuşa – Stepanakert – Şuşa” marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində, Cümü o qızıl dişi Sonaya görə saldırdı.

Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdu və Sonanın gözəlliyi get-gedə – qız gözgörəti ətə-qana dolduqca – elə bil Ağadədəli məhəlləsində cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi. Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki, xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı, yəni taksi tuta bilən müştərilərin biri Azərbaycanın bu başında, o biri də o biri başında yaşayırdı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib-qayıdırdı, hətta neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə Rostovacan gedib çıxmışdı və o vaxt Sona da Cümünü – Qızıldiş Cümşüdü seçdi; Cümünün qara “Volqa”nı (taksini) silib par-par işıldadaraq Ağadədəli məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işıltısı qızın gözünü qamaşdırdı, hər halda, onların toyu Ağadədəli məhəlləsində yaddaqalan toylardan biri oldu və o toyda Malıbəyli Köhnə Qaval İsgəndər Nuh Nəbidən qalma qavalını qulağının dibinə sıxıb bir “Qarabağ şikəstəsi” oxudu ki, o şikəstə “İsgəndər daha qocalıb...” – deyənlərin birdəfəlik cavabını verdi və sübut elədi ki, qızıl qaldıqca, qiyməti artır.

– İsgəndər kişi, o tərəflərdə nə var, nə yox? – bunu axşam Bolelşik Bufetçi İbadullanın bufetində araq dümləyib və indi tək gəlib dəniz kənarındakı qayalıqda oturaraq dənizə baxan Cümü qışqırırdı, guya Malbəyli Köhnə Qaval İsgəndər ona cavab verəcəkdi ki, o tərəflərdə, yəni o biri dünyada nə var, nə yox, orda işləri yaxşı gedir, ya pis?

Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin “Kolaşnikov”u Malıbəyli Köhnə Qaval İsgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli Köhnə Qaval İsgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir tərəfdə idi, aşağısı o biri tərəfdə və həmişəki göy çexollu qaval da eləcə əlində qalmışdı.

Cümünün axşamlar Bolelşik Bufetçi İbadullanın bufetindəki araqdan sonra hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa, bundan heç kimin xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırdan başqa, çünki hərdən Cümüyə elə gəlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin sahibsiz itləri, pişikləri kimi bir şeydi.

– Ə, sən öl, bir dəfə səni götürüb dənizə atacam! – bunu da Cümü Bolelşik Bufetçi İbadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən motorollerə (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında nəsə bir günahı var idi.

Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan öpəydi, çünki Buzovnadakı fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü arvadı, Sonanı, Cəmiləni, Qalibi, Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elə ki Bakıya gəlib çıxdılar, bu fəhlə yataqxanasında məskunlaşdılar, elə ki Cümü Bakı taksilərində özünə bir iş tapa bilmədi, elə ki bir müddət profilaktoriyada, bir müddət də benzindoldurma məntəqəsində günəmuzd işləməyindən bir şey çıxmadı, onda Bolelşik Bufetçi İbadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri aldı, təmir etdi və fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar – qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsinə yuxudan oyanmağa başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı, sonra işə düşürdü.

Cümü, adətən, Maştağaya sürürdü, həyətdə heyvan saxlayan ətraf kəndlərin camaatı üçün saman, quru çörək, cürbəcür yemlər, toyuq-cücə saxlayanlar üçün buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də yem, arpa və başqa bu kimi şeylər, amma elə ki yay gəlirdi və imkanlı adamlar öz bağlarına köçürdü, kimsə, haranısa təmir etməyə, harasa bər-bəzək vurmağa başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və kəsə yolla Maştağadan Nardarana sürürdü, oradan dənizqırağı yolla Bilgəhə gəlirdi, Bilgəhdən Zuğulbaya, oradn da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal qalırdısa, Şağana, Mərdəkana, Şüvəlana sürürdü, axşam təzədən Buzovnaya qayıdırdı və əvvəllər Buzovna bazarında ayın-oyun alıb fəhlə yataqxanasındakı evinə (otağa) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, “Allah qoysa, sabah qayıdacağıq Şuşaya, birsigün qayıdacağıq Şuşaya!..”, o illər ki, Qalib anadan oldu və Cümü onun adını gələcək Şuşa və ümumiyyətlə, Qarabağ qələbəsi şərəfinə Qalib qoydu, amma sonra yavaş-yavaş əvvəlcə Bolelşik Bufetçi İbadullanın bufetinə dəyməyə başladı, sonra fəhlə yataqxanasındakı evə (otağa) getdi və Qızıldiş Cümşüd hamı üçün Cümü oldu.

 

XII

Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu nə səsdi? Nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübhçağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o “Qarabağ şikəstəsi” idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil o “Qarabağ şikəstəsi” də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, “Qarabağ şikəstəsi”ni də yeyib adda-budda dəlik-deşik etmişdi.

Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:

– Niyə onda evlənib o qızı da bədbəxt elədin, ay zaraza? – dedi.

 

XIII

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefikök idi, çünki dünən axşam “Neftçi” Finlandiyadan gəlmiş bir komandanı 3:1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün işə getməmiş məhəllə kişilərini, hətta məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən, xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.

Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə “Bufet” deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə “Neftçi”, yaxud respublikanın yığma komandası oynayanda, nə olursa-olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

Həmin sentyabr günü Sovet İttifaqı dağıldıqdan sonra özəlləşdirdiyi bufetində qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarpızını Moskva bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə, Bolelşik Bufetçi İbadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyət qapısı ağzında, builki meyvəsi də dərilib qurtarmış qoca xartut ağacının kölgəsində nərd oynamaqla məşğul idi və elə ki Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun itməyi xəbəri gəlib ona da çatdı, gonbul barmaqları arasında tutduğu balaca sədəf zərləri xüsusi bir həvəslə atıb:

– Alə, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Və zərlərin gətirdiyi növbəti “şeş qoşa”nı görüb gülə-gülə: – Bir evdə neçə xoruz olar?.. İki xoruzun başı bir qazanda qeyniyər begəm? – deyə zarafat etdi.

 

XIV

Bir dəfə, səfeh gilavar əsən bir payız axşamı idi və o səfeh gilavara baxmayaraq, Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:

– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qahmar çıxacaqdılar?

XV

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.

Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb, hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.

Dəniz sakit, qayalıq bürkü idi. Cümü tır-tırı həmişəki kimi bir kənarda saxlayıb qayalığa çıxdı və əlində tutduğu dəmir pivə bankası kimi araq bankasının ağzını açıb isti araqdan beş-altı qurtum içdi. Bu araqları təzə buraxmağa başlamışdılar və qiyməti də su qiyməti kimi bir şey idi, Bolelşik Bufetçi İbadullanın bufetindəki 200 qram arağın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər ki, bu araq zəhərdi.

Bu dəfə Cümü bankadakı arağın hamısını içdi və öz-özünə:

– Zəhərdi? – dedi. – Bəs niyə səni öldürmür, ay it oğlu?

 

XVI

Şuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:

– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..

Salman ona təskinlik vermək istəyirdi:

– Helə demə, ə, niyə özünü söyürsən? Dərdimiz böyükdü də, bə nədi, əlbəttə, dərddən içirik!..

Cümü qəhərdən boğula-boğula:

– Ə, sən kəs səsini! – deyirdi. – Spirt oğrusu!

Sonra Salman xəstəxanadan oğurladığı spirti satmağa başladı və daha içməyə vermədi.

 

XVII

Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:

– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..

Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı və kuzova minib hönkürə-hönkürə çığırdı:

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..

Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə üçün, əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan, taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi. Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi...

 

XVIII

Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki ermənilər Şuşaya hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən vertolyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt Solmaz da itdi və Cümügil min bir məşəqqətlə gəlib Ağdama yığışanda Solmazı “gördüm” deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.

Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaqlıq vermək istədi:

– Az, özünü üzmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!..

Sona burnunun suyunu çəkə-çəkə:

– Allahın üzü dönüb də bizdən, ay nənə!.. – dedi. – Görmürsən?

Güllü arvad içini çəkdi:

– Boy-y-y, ay qız, əstəğfürullah de!

Sona:

– Demirəm! – dedi.

Güllü arvad elə bil elə bu dəqiqəcə, indikindən də pis günə qalacaqlarından qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla:

– Əstəğfürullah!.. – dedi.

Amma Güllü arvadın o “əstəğfürullah”ının nəticəsiydi, ya nə idisə, onun özünün də inanmadığı o möcüzə, həqiqətən, baş verdi – Şuşadan qaçdıqları vaxtdan düz on üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı kəndinin yaxınlığında tapıldı – huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyin-başı cırılıb dağılmışdı, arıqlayıb təkcə sümükdən və dəridən ibarət baldırları adda-budda gömgöy göyərmişdi, yalın ayaqları qan içində idi, amma özü sağ idi.

Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayınıb Ağdamacan gəlib çıxmışdı və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir söz dedi:

– Allah əlimdən tutub aparırdı məni...

Kor bacısının bu sözü Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox, Allahın üzü hələ onlardan dönməyib, pis günün ömrü az olar, yenə Şuşaya qayıdacaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıldiş Cümşüdün) qara “Volqa” taksisi yenə gəlib məhəllədə, həyət darvazalarının qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı fəhlə yataqxanasında məskunlaşdılar, illər keçdi və Sonanın beyninə sahib olan o hisslər də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam yox olmadı, çünki o ümid axıracan ovulub tökülsəydi, tamam yox olsaydı, o zaman, ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi.

 

XIX

Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün düşmüşdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu olmayan bir hadisə idi.

İzabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox görüşsə də, növbəti hər görüşün ağır təəssüratı qətiyyən azalmırdı. Azərbaycanda ezamiyyətdə olduğu bu üç gündə də İzabel ölkənin bir neçə bölgəsində qaçqınların çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün sahilindəki o sakit, arxayın yaşayış İzabel üçün Corc Lukasın filmləri kimi bir şey idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi.

Həmin sentyabr günü bazar günü olsa da, İzabel əvvəldən planlaşdırdığı kimi, Bakının 35 kilometrliyindəki Buzovna kəndində qaçqınlarla bu səfərinin son görüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu:

– Bu gün bazardı... Onları narahat etməyəcəyik?

Məmur İzabelə baxdı və heç nə demədi, daha doğrusu, İzabel hiss etdi ki, məmur – gödəkboylu, arıq və yəqin ki, qaçqınlarla belə görüşləri çox keçirdiyinə görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünün də yanaqlarını qızardır...

İzabel ertəsi gün səhər tezdən Cenevrəyə qayıdacaqdı, ona görə də bu son görüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı Qəsəbəyə getmək istəyirdi, çünki İzabel, az qala, cismani surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan inciyəcək, hətta küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındakı görüş çox çəkmədi.

Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü qalmamışdı, çünki nə qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər, amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər, başlarını bulayırdılar, hətta eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, bloknotlarında nəsə yazırdılar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi?

Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun, kürən qızın – İzabel Xanukoffun qabağını kəsib və qaçqınların işləri ilə məşğul olan bəzi məmurların: “Xaricdən gələnlərlə nəzakətli olun” xahişini də bir tərəfə tullayıb:

– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! – Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli çəkdi. – Bax, bu, Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar? – Sonra da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil Şuşanı erməni yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı!

Və daha da bərkdən qışqırdı:

– Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!..

Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu:

– Nolub Şuşaya?

Sürəyya xala:

– Heç nə olmayıb Şuşaya!

– dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə qonaqlardan ayrılıb yaşadıqları otağa girdi.

İzabel Cenevrədə aldığı şəxsi hədiyyəsini – fransız ətrini – son görüşə saxlamışdı və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və onlar beşinci mərtəbəyə gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir hadisə yox, ani bir hissiyyat idi, bəlkə də, haqq dünyasındakı Ziba ilə İzabel Xanukoff arasındakı hansısa bir biobağda, bioteldə yaranan informasiya kimi bir şey idi – İzabel bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap dərinlərinəcən kədər içində olan cavan bir qadını görəndə, elə həmin an qıza elə gəldi ki, Ziba bu qadını tanıyır, daha doğrusu, tanıyıb-tanımamağından asılı olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sifətinin gözəlliyi, elə bil iri və ala gözlərindəki o kədərlə heç cürə barışa bilmirdi, o kədəri heç cürə qəbul etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da görümlü edirdi.

İzabel Xanukoff Cenevrədən alıb gətirdiyi hədiyyəni Sonaya – həmin cavan qadına bağışladı.

 

XX

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.

Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:

– Az, aç görək onun içində nə var elə? – dedi.

Sona əlində tutduğu o balaca bağlamaya taxılmış lentə baxanda uşaq vaxtı hərdənbir axşamlar Cıdır düzünə, ya Ərimgəldiyə, ya İstirahət Evinə gəzməyə gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı qırmızı lentlər birdən-birə gəlib gözlərinin qabağında dayandı və Sona bağlamanı Solmaza tərəf uzatdı və elə bil ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə də bağlamanı Cəmiləyə tərəf uzatdı:

– Al, aç...

Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş yaşı tamam olmamışdı və Cəmilə indiyə qədər əlində belə gözəl balaca bağlama tutmamışdı.

Güllü arvad nəvəsinə:

– Az, aç də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların güzəranını görməyə gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi üçün əlavə etdi: – İçindən indi səfeh bir şey çıxacaq...

Cəmilə:

– Bantı mənimdi! – dedi və Qalibə baxdı.

Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünki o gözəl balaca bantın oğlanlara yüz faiz dəxli yox idi.

Güllü arvad:

– Yaxşı, ay qız... – dedi. – Aç!..

Cəmilə yavaş-yavaş və ehtiyatla bağlamanı açmağa başladı və nəhayət ki, açdı, əlində tutdutu qutunun o tərəf-bu tərəfinə baxdı.

Güllü arvad:

– Az, onu da aç... – dedi.

Sona:

– Day onun nəyini açsın? Ətirdi də... – dedi və gülümsədi, sonra da çayniki götürüb otaqdan çıxdı ki, həyətə düşüb krantdan su doldursun. Sona elə gülümsədi ki, elə bil ətirə yox, fəhlə yataqxanasında məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi...

Cəmilə bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çaşdı ki, qutu ilə bərabər, bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı. Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyətdə krantdan çaydana su dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə doldurmuşdu ki, Güllü arvadın ətirqabını ona tərəf uzadıb nə dediyini, əvvəlcə heç başa düşmədi.

– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Al bunu, apar yarmarkada sat, o qıza, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir...

Cümü ətiri anasından alıb otaqdan çıxdı.

Güllü arvad onun ardınca:

– Sən dədəyin goru, – dedi. – Pulu arağa vermə!

Cümü:

– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə başladı, elə bil təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.

 

XXI

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.

Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

Sonuncu anda qəzadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü hədələdi və hiddətlə nəsə dedi, Allah bilir, nə söyüş söydü, amma Cümü bunun fərqində deyildi, içindən qopub gələn bir “niyə?” onun bütün sısqa vücudunu, elə bil bir çəkisizlik içinə soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən ona baxmalı idi, fransız ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə vurmasın və niyə, niyə, niyə axı hansı bir oynaşsa bunu alıb öz qəhbəsinə verə bilər, amma Cümü həmin pula Sonaya don almalıdı ki, əynindəki süzülüb didilmiş dondan canı qurtarsın?

Niyə?

Niyə?

Niyə axı?

Və elə bil o tır-tır öz-özünə dövrə vurub geri qayıtdı və həmin sentyabr gününün o axşamçağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındakı o sahilə – qayalığa gətirib çıxardı.

 

Yüngül bir xəzri əsdiyi üçün dənizin ləpələri qayalığa çırpılır, köpüklənə-köpüklənə geri çəkilirdi və elə bil ləpələrin o ardıcıllığı həmin axşam bu yerlərə çökmüş havasızlığı təsdiq edirdi. Cümü birinci dəfə idi ki, bu qayalığa tamam ayıq gəlmişdi və elə bil dəniz də, bu qayalar da əvvəlkindən də qat-qat artıq dərəcədə yad bir yer idi və qayalıqda oturmuş Cümü bir də onu gördü ki, zır-zır ağlayır, elə ağlaya-ağlaya da əlindəki fransız ətrinin bantını dartıb açmaq, kağızını cırıb tullamaq, şüşəni qutusundan çıxarıb ətirlə bərabər qayalığa çırpmaq istədi və öz-özünə:

– Nə zırıldayırsan, ə, əclaf oğlu əclaf?! – dedi.

Görünür, bir az əvvəl bu yerlərdən mal-qara keçmişdi, çünki dənizin iyinə bir təzək iyi də qarışmışdı. Cümü burnunun suyunu çəkə-çəkə əlində tutduğu ətir qutusuna baxırdı və həmin sentyabr gününün axşamı qəribə bir hadisə oldu: birdən-birə, elə bil o dəniz və təzək iyinə fransız ətrinin də iyi qarışdı (elə bil Cümü, doğrudan da, o ətri qayaya çırpmışdı) və güman ki, dünya yaranandan bəri indiyədək Abşeronda heç kimin heç vaxt hiss etmədiyi qarışıq və iyrənc bir qoxu Cümünün burnuna gəldi...

Bu vaxt yüngül xəzrinin qayalığa çırpdığı o yeknəsəq ləpə ardıcıllığı içində qart və hirsli bir qaqqıltı eşidildi – hoppanıb qayalığa çıxmış bir xoruz (Qırmızı xoruz!), ardıyca da iki anac toyuq, elə bil bu kimsəsiz sahildə çoxdan bəri adam görmədiyi üçün düz Cümünün üstünə gəlirdi. Cümü ayağa qalxıb fransız ətrini pencəyinin cibinə qoydu, əli ilə burnunun pərələrini tutub bərkdən fınxırdı, burnunun suyunu qayalığa çırpdı və aşağı enib tır-tıra tərəf getdi.

O iyrənc iy hələ də Cümünün burnundan getməmişdi və Cümüyə elə gəldi ki, elə bil pencəyinin cibindəki o fransız ətri də iylənmiş qurbağa ölüsü kimi bir şeydi.

Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb onun ardınca getdi.

Motor isti olduğu üçün tır-tır bir-iki dəfə nərə çəkib tez işə düşdü və o nərələr də Qırmızı xoruzu, toyuqları kənara qaçırmadı, əksinə, daha da bərkdən və daha artıq bir narazılıqla qaqqıldamağa başladılar, elə bil haray-həşir salırdılar ki, ey insan, bizi burda qoyub hara gedirsən, istəyirsən ki, qurda-quşa yem olaq?

Bu quşlar hardan azıb gəlib bura çıxmışdılar?

Bu boyda Buzovnada onların yiyəsini tapmaq, əlbəttə, müşkül məsələ idi. Son vaxtlar Abşeronda siçovullar çoxaldığı üçün kol-koslu quru çöllərdə, dəniz kənarındakı qamışlıqlarda tülkü çoxalmışdı, bəzən gecələr buralardan çaqqalların vaqqıldaşması eşidilirdi və bu heyvanlar bir neçə dəfə gecə bu yerlərdən keçib evə gedən tır-tırın da yolunun üstünə çıxmışdı.

Şübhəsiz ki, səhər açılanda bu özündənrazı xoruzdan da, onun o toyuqlarından da bu əbləh dünyada ancaq tükləri qalacaqdı. Cümü sağ əlinin barmaqları arasındakı siqaretin tüstüsünü ciyərinə çəkə-çəkə, sol əlini uzadıb quşları qovmaq istədi, amma Qırmızı xoruz elə bil elə buna bənd imiş kimi hoppanıb qanadlarını yelləyə-yelləyə tır-tırın adda-budda quru ot tökülmüş kuzovuna qondu, toyuqlar da eləcə Qırmızı xoruzun ardınca kuzova atıldılar və qaqqıldaya-qaqqıldaya, elə bil taksi müştəriləri idi – tır-tırın tərpənməyini gözləməyə başladılar.

Cümü yenə fınxıraraq burnunun hələ də qurumamış suyunu bu dəfə asfaltın üstünə çırpıb:

– Yaxşı, – dedi, – sizi çaqqal yeyənəcən elə bizimkilər yeyər. – Sonra elə bil özünə bəraət qazandırmaq üçün: – Çaqqallar yeməyə şey tapacaq! – dedi və tır-tırı sürüb dünyanın çox cansıxan yerlərindən biri olan bu qayalıqdan uzaqlaşdı.

 

XXII

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi. Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu “gördüm” deyən olmadı.

Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq! Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib:

– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!..

Ağadadaş:

– O xoruzu ki mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarır...

 

XXIII

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.

Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

Sonra o cavan və yaraşıqlı (hündürboylu!) oğlan İzabeli Qubanın Qəçrəş meşəsindəki məşhur kababxanada əsl Qafqaz kababı yeməyə dəvət etdi. 32 yaşına çatdığına baxmayaraq, İzabelin indiyə qədər hələ heç bir azərbaycanlı, ümumiyyətlə, heç bir qafqazlı ilə heç bir məhəbbət macərası olmamışdı və Quba, doğrudan da, gözəl bir yer idi, sabah səhər Cenevrəyə yola düşməsinə də hələ bütöv, azad və sərbəst bir gecə qalırdı, ona görə də İzabel Xanukoff o cavan oğlanın dəvətini məmnuniyyətlə qəbul etdi.

 

XXIV

...çox-çox illər bundan əvvəl Yevlaxdan Bakıya gedən qatar on yeddi yaşlı bir oğlanı işıqlı, hərarətli, sirli-sevincli bir Gələcəyə aparırdı...

...və o qatarın dəmir çarxlarının çakka-çukunu sədası uzaqlardan gələn bir “Qarabağ şikəstəsi” müşayiət edirdi...

 

13 avqust 2003. Zuğulba.